Konstitusiya Məhkəməsinin mühüm səlahiyyətlərindən biri Konstitusiya və qanunların şərh edilməsidir

17:55 - 31 May 2020 - KİVDF

Əsas məqsəd bu və ya digər normanın məzmununu aydınlaşdırmaqla, onun vahid tətbiqi qaydasını müəyyən etməkdir

Azərbaycan Konstitusiyada müasir sivil vətəndaş cəmiyyətinin inkişaf istiqamətlərini müəyyənləşdirən, hüquqi dövlət quruculuğuna imkan verən mütərəqqi ideya və dəyərlər geniş şəkildə öz əksini tapıb. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edib. Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunması kimi təməl prinsiplər təsbit olunub, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi isə dövlət siyasətinin əsas istiqaməti, bütün dövlət orqanlarının fəaliyyətinin əsas məqsədi kimi müəyyən edilib.

Qeyd edək ki, Konstitusiyanın hüquqi qüvvəsi Azərbaycan Respublikasının qanunvericilik sistemində ən yüksəkdir. Bu səbəbdən digər qanunvericilik aktlarının Konstitusiyaya zidd olmaması, onda əks olunan normaları, prinsipləri inkar edən müdəaların qanunvericilikdən təmizlənməsi, Konstitusiyanın hakimiyyətin yeganə mənbəyi olan xalqın iradəsi əsasında qəbul olunmuş qaydalara əks olan aktlardan mühafizə olunması zərurət kəsb edir. Çünki zaman keçdikcə qəbul edilən normativ sənədlərin sayı hədsiz dərəcədə artdığından onların qeyrikonstitusion olma riski xeyli çoxalır. Həmçinin konstitusiya nəzarəti digər hakimiyyət qollarının ehtimal edilən pozuntulara yol verməsinin qarşısını alır.

Konstitusiya nəzarəti orqanının fəaliyyəti vasitəsilə hüququn aliliyini təmin etmək, qanunvericilik sistemində olan kolliziyaları aradan qaldırmaq, dövlət orqanları arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələri istisnasız olaraq hüquqi vasitələrlə həll etmək, konstitusiya ilə nəzərdə tutulmuş insan hüquqlarını və azadlıqlarını tam və dayanıqlı müdafiə etmək, pozulmuş hüquq və azadlıqları bərpa etmək imkanı yaranır, hüququn tətbiqi təcrübəsində ahəngdar, məntiqi inkişaf təmin olunur. Təsadüfi deyildir ki, müasir dünyada konstitusiya nəzarəti institutu hakimiyyət sisteminin demokratikləşdirilməsinin, insan hüquq və azadlıqlarının müdafiə edilməsinin və hüququn aliliyinin təmin edilməsinin əvəzedilməz mexanizmlərindən biri kimi qəbul edilir. Belə ki, tarixən uzun inkişaf yolu keçərək müasir dövrdə demokratik, hüquqi dövlət quruculuğunun ayrılmaz atributlarından birinə çevrilmiş konstitusiya ədalət mühakiməsi bütövlükdə cəmiyyətə və onun inkişafı prosesinə keyfiyyət baxımından əhəmiyyətli təsir göstərir, bu və ya digər dövlətin ərazisində ictimai münasibətlərin bütün subyektlərinin fəaliyyətində konstitusiyanın aliliyinin, habelə birbaşa qüvvəsinin təmin edilməsinə, hüquq qaydasının gözlənilməsinə xidmət edir.

Bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərindən çıxış edilərək, ölkəmizin hüquq sistemi üçün tamamilə yeni təsisatın - konstitusiya ədalət mühakiməsi orqanının yaradılmasının nəzərdə tutulması, bu təsisatın dövlət hakimiyyəti sistemində yerinin və rolunun müəyyənləşdirilməsi çox əhəmiyyətli hadisə olub. 1997-ci il oktyabrın 21-də "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin mühüm səlahiyyətlərindən biri Konstitusiya və qanunların şərh edilməsidir. Burada əsas məqsəd bu və ya digər normanın məzmununu aydınlaşdırmaqla, onun vahid tətbiqi qaydasını müəyyən etməkdir. İnsan hüquq və azadlıqlarının həyata keçirilməsi ilə bağlı qanunvericilik müddəlarının bəzən birmənalı dərk edilməməsi mübahisəli hüquq məsələlərinin məhkəmələr tərəfindən həlli zamanı müxtəlif kolliziyaların ortaya çıxmasına səbəb olur. Bu isə son nəticədə vətəndaşların hüquqlarının və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən hüquqtətbiqetmə təcrübəsinin yaranmasına gətirib çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılması da yuxarıdakı məqsədə xidmət edir.

Konstitusiyanın 66-cı maddəsində göstərilir ki, heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı qanunla müəyyən edilir. Özünə qarşı ifadə verməyə məcbur edilə bilməməsinə dair konstitusiya norması ədalətli məhkəmə baxışını, fərdin azadlıq konstitusiya hüququnu, təqsirsizlik prezumpsiyasını, şəxsi toxunulmazlığı təmin edən mühüm təminatlardan biridir.

Göstərilən konstitusiya norması cinayət təqibi üzrə müvafiq standartları müəyyən edən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktların normaları ilə eynilik təşkil edir. Belə ki, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinə görə hər kəs ona qarşı irəli sürülən hər hansı bir ittihama baxılması zamanı tam bərabərlik əsasında digər təminatlarla yanaşı, özünə qarşı ifadə verməyə və ya təqsirini boynuna almağa məcbur edilməməlidir.

Göründüyü kimi həm konstitusiya həm də beynəlxalq-hüquq normaları cinayət prosesində əmələ gələn münasibətlərə şamil edilir. Ona görə, təsadüfü deyildir ki, Konstitusiyanın 66-cı maddəsində nəzərdə tutulmuş təminat, cinayət-prosesual qanunvericiliyində də öz əksini tapmışdır. CPM-nin 20-ci maddəsində nəzərdə tutulur ki, heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. İbtidai araşdırma və ya məhkəmə baxışı zamanı özünü, yaxud yaxın qohumlarını cinayət törətməkdə ifşa edən məlumatları verməsi təklif olunan şəxs bunun özü üçün hər hansı mənfi hüquqi nəticə verə biləcəyindən qorxmadan ifadə verməkdən imtina etməyə haqlıdır.

Özünə qarşı ifadə verməyə məcbur edilməmək hüququ şübhəli və ya təqsirləndirilən şəxsin öz təqsirini etiraf etməyə məcbur edilməsinin qarşısını almağın mühüm təminatıdır. Lakin bu hüquq mütləq deyil, onun hədləri hər bir konkret halda fərdin, cəmiyyətin və dövlətin maraqları arasında dəqiq və ədalətli balans əsasında müəyyənləşdirilməlidir.

Belə yanaşma konstitusiya tələblərindən irəli gəlir. Konstitusiyanın 24-cü maddəsinin II hissəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. III hissəsinə əsasən, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir Konstitusiyanın 72-ci maddəsinin II hissəsində qeyd edilir ki, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 80-cı maddəsinə görə isə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə  dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.


Tahirə
(ardı var)

Xəbər xətti