“Hansı tələbatdan danışırıq? Damla filmdə baş rola çəkildi”

16:39 - 26 May 2020 - Müsahibə

Azər Aydəmir: “Aktyorlarımız Biləcəridən o tərəfə çıxacaqlar”

“Aktyorluq sənətini tam qəlbinlə sevirsənsə, çətin peşə deyil. Çətin peşə mədənçidir, qaynaqçıdır, həkimlikdir, müəllimlikdir və s. Aktyorluq əyləncəli peşədir. Aktyorluq çətin adam üçün çətindir”. “Üç nöqtə” qəzetinin qonağı istedadlı aktyor Azər Aydəmirdir.

-Başlayaq uşaqlıq illərinizdən. Necə bir uşaq olmusunuz?
-Ailənin tək uşaqı olmuşam. 8 yaşım olanda atamı itirmişəm. Bir tək mən və anam olmuşuq. Anam ömrünü işinə sərf edib. Mən demək olar ki, televizorla böyümüşəm. Lakin o demək deyil ki, anam mənə vaxt ayırmayıb. Xeyr, əksinə 90-cı illərin olmaz əyləncələrini yaşadıb. Lakin zəhmlə böyüdüb. Əgər evdə qalmalıydımsa, deməli, evdə olmalıydım, yox icazəm var idisə, həyətə düşüb bir az uşaqlarla oynaya bilərdim. Həftədə bir dəfə qohumların evlərinə gedərdik. Kinolar mənim əsl dostum idi. Gənclik yaşımda özümü uşaqlıq illərindən məhrum sayırdım. Amma yaşa dolduqca anama təşəkkür edirəm. Məni özümlə baş-başa buraxdığına görə çox şeyi artıq uşaqlıdan anlamışam. Bu təcrübə mənim formalaşmağıma kömək edib. Zənnimcə, istədiyim uşaqlığı yaşamışam. Lazım olanı deyil...

-Maraqlı fakturanız var...
-Əslində məndə qədim azərbaycanlıların fakturasıdır. Biz Alban köklü olduğumuz üçün azərbaycanlılar sarışın, göy göz olub. Sonralar bəlli məsələdir ki, çoxlu irq və qan dəyişiklikləri olub. Ata nənəm rusdur. Görünür, o fakt özünü biruzə verib. Belə deyək, dağlılarla qədimdən Azərbaycana köç etmiş malakanların istehsalıyam. Bir də Gəncə və Zəngilandan da var kökümdə.

-Özümü teatrda görməkdən qorxuram. Niyə?
-Qorxuram, deməzdim. Sadəcə teatra olan sevgim o dərəcədə deyil ki, mən özümü bu sahəyə həsr  edim. Antrepriza oynadım. Rejissor İlqar Safat mənə bu şəraiti yaratdı. Tərəf müqabillərim xalq artistləri Lyudmila Duxovnaya, Məbud Məhərrəmov oldu. Həyat yoldaşımı Rumiyyə Ağayeva oynadı. Çox böyük həzz aldım. Lakin teatr sonu görünə bilən fəaliyyət növüdür. Teatrın bəlli bir sonu var ki, aktyor burada maksimum bir həddə qədər irəliləyir. O mənada deyə bilərəm ki, tearın tavanı var. Aktyor istər yaradıcılıqda, istərsə də idarəetmə struktrunda o tavana qədər böyüyə bilir. Yəni ya xalq artisti olur, ya da teatrın rəhbəri. Mənim isə başqa planlarım var.

-Axırıncı dəfə hansı kitabı oxumusunuz? Ümumiyyətlə, mütaliə sevirsiniz?
-Mən mütaliəni sevirəm. Vaxtı ilə onunla daha çox məşğul olardım. Lakin son zamanlar audiokitabları dinləyirəm. Həm rahatdır, həm də istədiyim şəraitdə dinləyə bilərəm. Əvvəllər  bədii və detektiv əsərləri çox sevirdim. Detektiv indiyənə kimi mənim sevimli janrım olaraq qalır. İstər kinoda, istər ədəbiyyatda. Lakin son 3 ildir, özümü tamamilə psixologiyaya və özünüinkişaf  kitablarına həsr etmişəm. Hazırda bu elm mənim üçün ən ali elmdir. Hətta həyat fəlsəfəmdir. İnsan kimdir, kainat, ruh, bu həyatda yaşamağımızın səbəbi nədir? Bu suallara cavab tapmaq üçün psixologiyaya üz tutdum. Hazırda yazıçı Yuel Andersonun bütün əsərlərini ard-arda oxuyuram. Daha doğrusu, dinləyirəm (gülümsəyir).

-Ən çox hansı obrazınızı sevirsiniz və nəyə görə?
-Sevdiyim obraz yoxdur və olmayacaq da. Bir az öncə kitablarla bağlı qeyd etdiyim kimi özünüinkişaf sahəsi mənim üçün elmdir. Özünüinkişafın bir qaydası var: “Heç vaxt arxaya baxma və sən sabah, bügünkündən daha uğurlu və daha yaxşı olmalısan”. Belə olan təqdirdə hər oynadığım obraz məni məyus edir. Yəni gərək bundan da yaxşı edərdim, gələn dəfə belə obraz düşsə, fərqli şeylər edərəm. Amma yaxşı aktyorun kinoda gələn dəfəsi olmur, gələn kinosu olur. Obraz baxımından aktyor eyni xarakteri canlandırmamalıdır. Çünki dolayı yolla o obraz əlindən çıxır. Özü də birdəfəlik.

-Deyirlər ki, aktyorluq ən çətin peşələrdən biridir, axı insan hər dəfə yeni rolu, yeni obrazı, personajı canlandırmalı olur. Bu barədə nə düşünürsünüz? 
-Aktyorluq sənətini tam qəlbinlə sevirsənsə, çətin peşə deyil. Çətin peşə mədənçidir, qaynaqçıdır, həkimlikdir, müəllimlikdir və s. Aktyorluq əyləncəli peşədir. Aktyorluq çətin adam üçün çətindir. Aktyorluq vaxtı ilə bankir, bank rəhbəri, zərgər, deputat olmaq istəyən, lakin nəticədə balı çatmadığına görə incəsənətə düşən və bu səbəblərdən deyinən insan üçün çətin peşədir. Aktyorluq, şöhrət, sevgi, hörmət, ehtiram deməkdir. Əgər aktyor sadaladıqlarımı yaşayırsa, hansı çətinlikdən söhbət gedə bilər?!

-Yeni rola hazırlaşanda özünüzü gələcək personajın yerinə qoyursunuzmu? 
-Mütləq. Aktyor oynayacağı personajı birmənalı olaraq, hərfi mənada tanımalıdır, tanışlığı yoxdursa, tanış olmalıdır. Məsələn, aktyor əgər mifik və tarixi personajı oynayırsa, mütaliə yolu ilə onu yaxından tanımalıdır. Əks halda bu yükün altına girməməlidir.

-Müasir dövrdə Azərbaycan film və serial sektorundan danışaq bir az da...
-Müasir dövrdə azərbaycan kinosu və serialları olması gərəkən yerdədir. Bu bir istehza və ya məsxərə deyil, qətiyyən deyil. Sadəcə mövcud imkanlar və bu sahəyə olan marağa görə vəziyyət budur. Nələrisə düzəltmək və ya tezləşdirmək olarmı? Əlbətdə olar və lazımdır. Sadəcə bunun üçün islahatlar lazımdır. Yeni, azad prodüserləri ortaya çıxarıb onlar üçün şərait yaratmaq lazımdır. Azərbaycan ərazilərini beynəlxalq kino şirkətləri üçün açıq elan etmək lazımdır. Ölkəni çəkiliş məkanına çevirmək lazımdır. Nəticədə biz  turizmin nəticəsində ciddi ÜDM artımı müşahidə edəcəyik və milli kino adamlarımızın əvəzsiz təcrübəsinə nail olacağıq. Əsas da aktyorlarımız Biləcəridən o tərəfə çıxacaqlar. Bu mənim təkliflərimin cüzi hissəsidir, nədənsə başlamaq lazımdır və əminəm ki bu prossesə tezliklə başlanılacaq.

-Sizcə, bir filmin uğuru nədən asılıdır?
-Ürəkdən, ciddi deyirəm. Yəqin, nə zamansa düşünmüsünüz ki, baxdığım yeni Azərbaycan filmi maraqlıdır, lakin nəsə çatmır, amma bilmirəm nə? Nəsə o deyil! Bax sizə söyləyirəm, o çatmayan dediyiniz ürəkdir. Filmin yaranması tək texniki və yaradıcı prosses ilə bitmir. Kadr arxasında və önündə işləyənlərin- filmin ssenari müəllifinin, rejissorun, operatorun, ən əsas da aktyorun döyünən ürəyi dayanır. Tamaşaçı isə ürək döyüntüsü istəyir. Nəticədə tamaşaçı ürək döyüntüsünü hiss edə bilmir. Əgər həmin filmdə ürək döyüntülərini (film dilində buna temporitm deyilir, musiqiçilər bit deyirlər) tamaşaçı hiss etmirsə, film arxivlər əbədiyyətinə qovuşur.

-Bu gün daha çox bazar tələbinə uyğun fimlər, seriallar izləyirik. Sizcə, cəmiyyət sənətə tabe olmalıdır, sənət cəmiyyətə?
-Əgər hansısa kinoistehsalçı Azərbaycan kino bazarının tələbini bilirsə, mən onun qarşısında baş əyirəm. Hansı tələbdən danışırıq? Damla filmdə baş rola çəkildi. Nə oldu? Miri Yusif çəkildi, nə oldu? Günay İbrahimli çəkildi, nə oldu? Azərbaycanda “kino bazarı” anlayışı hələ formalaşmayıb. Hansı tələbdən söhbət gedir? Biz hamımız dərnək səviyyəsində çalışırıq və bu dərnəyin ələnməsini arzulayıram. Biz hələ o mərhələdəyik ki, tamaşaçını televiziyaya və kinoteatrlara qaytarırıq. Onları bu iki amildən qaçırtdığımız üçün onlardan üzr istəyirik. Hələ bu prossesi qurtaraq, sonra  tələbdən danışmaq olar.

-Yaraşıq, valehedici xarici görünüş insana ən çətin qapıların açılmasına da kömək edir. Bəs siz öz yaraşığınızdan açar kimi istifadə etmisiniz?
-İsti sözlərə görə çox sağolun. Mən əgər nə zamansa sadaladıqlarınızdan istifadə etmişəmsə, bunun fərqində olmamışam. Çətin qapıları açmağa ehtiyac olmayıb. Öz işini sevəndə gəlib görürsən ki, onlar artıq açıqdır.

-Özünüzü rejissor kimi sınamaq fikrinizdən keçibmi?
-Mütləq sınayacam. Həmin o ali şansı gözləyirəm, yəni məqamı. Mənim də Azərbaycan tamaşaçısına demək istədiklərim var. Əminəm ki, rejissor kimi nəqlim tamaşaçının xoşuna gələcək.

-Ən çox sevə-sevə izlədiyiniz Azərbaycan filmi...
-Rəhmətlik anam Afaq xanım Bəşirqızının yaradıcılığını çox sevirdi. Bəlkə buna görə 150 dəfə “Bəxt üzüyü”nə baxmışam. “Yol əhvalatı”, “Bəyin oğurlanması” ruhuma yaxın olan filmlərdəndir. İlk yerə “Bəyin Oğurlanması” filmini qoyuram. Ən çox seviyim və heç zaman xəyanət etmədiyim aktyor isə Şahmar Ələkbərovdur.

-Sizin kimi aktyorlar bizim seriallarımızın yaraşıqlı siması ola bilərlər. Amma nədənsə sizi bu gün çəkilən seriallarda çox az görürük…
-Bəli. Bildiyiniz kimi həm də televiziyada özümü sınamaq qərarına gəldim. Ondan irəli gəlir ki, seriallarda görünmürəm. Amma televiziyada işləmədiyim dövrdə də seriallar təklifinə çox ehtiyyatla yanaşırdım. Seriallarımızda yeni janr eksperimentləri olsa və serialları veriliş kimi çəkməsələr, bəlkə də, yaxın aylarda yenidən görərsiniz.

-Bəli, bilirəm ki, aparıcısınız. Debat formatında veriliş aparmaq ideası kimdən gəldi? Təklif olundu ya təklif etdiniz?
-Dediyim kimi televiziyada özümü sınamaq istəyirdim. Aparıcı kimi özümü çoxdan təklif etmişdim, lakin layihələrdən xəbərsiz idim. Bir neçə müddətdən sonra İTV-dən təklif gəldi və məni məhz bu formatda görmək istədiklərini dedilər. Mən də böyük məmnuniyyətlə təklifi qəbul etdim. Səbəb isə dediyim kimi  ictimaiyyətə, cəmiyyətə, tamaşaçıya demək istədiyim çox sözüm var. Odur ki, şərait yaradıldıqca, qapılar açıldıqca, şans düşdükcə çalışıram, əldən verməyim.

-Müsahibə üçün təşəkkür edir, işlərinizdə uğurlar arzulayıram.
-Sağolun. Mən də sizin redaksiyaya, kollektivinizə uğurlar və müvəfəqiyyətlər arzu edirəm.

Rövşən Tahir

Xəbər xətti