Elvin Novruzov: “Ən böyük qazancım sənətimdir”

“Kamança məni başa düşür”

“Kimisə qısqanmaq olar, amma bunu sağlam rəqabət şəklində etmək lazımdır. Sağlam rəqabət olanda inkişaf da olur. Fikrimcə, insanlar bir-birinə pislik etməməlidirlər. Sizə bir şey deyim, çəkilən əziyyət hər zaman öz bəhrəsini verir. Ona görə də kimisə qısqanmaqdansa, əziyyət çəkib uğur əldə etmək lazımdır”. “Üç nöqtə” qəzetinin qonağı Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin müəllimi, kamança ifaçısı Elvin Novruzovdur.

-Kamança ilə tanışlığınız necə başlayıb?
-Kamança ilə ilk tanışlığım uşaqlıq vaxtlarıma təsadüf edir. Tanışlıq da anamın sayəsində olub. Bu istedad mənə ana tərəfimdən keçib. Anamın dayısı Abdulla Abdullayev çox gözəl kamança ifaçısı, pedaqoq və kamança ustası olub. Kamança ilə məşğul olmağa başladığım ana qədər incəsənətin başqa sahələri ilə də məşğul olurdum. Belə ki, yaxşı rəsmlər çəkirdim, məktəbdə tədbirlərdə mahnılar oxuyurdum. Musiqi məktəbinə gedəndə isə anamın istəyi ilə kamançanı seçdim. Beləcə, taleyimi kamançaya bağladım. O gündən bəri həyatımı kamançasız təsəvvür edə bilmirəm.

-İlk müəlliminiz kim olub?
-İlk müəllimim Əməkdar artist Əbülfət Babayev olub. Hazırda Naxçıvan şəhərində Ərtoğrul Cavid adına musiqi və bədii sənətkarlıq məktəbinin direktorudur. Kamança alətini hərtərəfli öyrənməyimdə onun böyük rolu olub. Kamança alətini seçdiyim zaman müəllimim çox sevinmişdi. Özümü uğrurlu şəxslərdən saya bilərəm ki, ilk müəllimim Əbülfət müəllim olub. Üzərimdə çox əziyyəti olub. Düzdür, oxuduğum illərdə dərk edirdim ki, üzərimdə çox çalışır, əziyyət çəkir, amma özüm pedaqoq olduqdan sonra bunu daha yaxşı anladım. Hər bir cəhətdən üzərimdə əziyyət çəkib. Sonralar Bülbül adına orta ixtisas məktəbində not üzrə Almaz xanım Kərimova, muğam üzrə Abdulla müəllim Abdullayev,  Milli Konservatoriyada isə not üzrə Xalq artisti Şəfiqə xanım Eyvazova, muğam üzrə Elşən müəllim Mansurov da böyük səylə üzərimdə çalışıblar.

-Konservatoriyanı bitirən gənc musiqiçilərin əksəriyyəti özlərinə qaneedici iş tapa bilmirlər. Bəzən bu səbəbdən peşələrini dəyişməli olurlar. Məsələn, kamança ifaçısı skripkaçı, tar ifaçısı aşıq, bəstəkarlar isə müğənni olur...
-Fikrinizlə razıyam. Tələbə yoldaşlarımın əksəriyyəti bu sənətlə vidalaşıb, bir qismi isə dediyiniz kimi aləti dəyişib. Bunun səbəbləri çoxdur. Burda bir neçə nüans var. İlk olaraq musiqi məktəblərində bu halların qarşısı alınmalıdır, uşaqların valideynlərinə bildirilməlidir ki, övladlarınızın həvəsi yoxdur. Ona görə də kamança aləti ilə gələcəkdə məşğul olub-olmaması sual altındadır. Musiqi çətin bir sahədir. Ya ifaçının istedadı var, ya da yoxdur. Fikrimcə, müəllimlər valideynləri zamanında xəbərdar etməlidirlər ki, övladlarını başqa sahələrə yönəltsinlər. Əks halda həmin şəxslərin həyatları puç olur. Nə mənada?! Həmin şəxslər gəlib elə bir yaşa çatırlar ki, başqa sahədə çalışmaları da çətin olur. Hətta Konservatoriyanı bitirib başqa sahəyə üz tuturlar. Bu məsələlərə diqqət yetirilməlidir. Valideynlər övladlarını təkidlə musiqi sahəsinə yönəltməməlidirlər. Digər bir səbəb də var, musiqiçilərin öz günahı. Təcrübəmdən deyim ki, mənim oxuduğum vaxtda kim bu sənəti tərk etdisə, öz tənbəlliyindən oldu.

-Kamança aləti təkcə Azərbaycana məxsusdur?
-Kamança alətinə 12-ci əsrdə Nizami Gəncəvinin əsərlərində rast gəlinir. Bir sıra miniatürlərdə kamança alətinin rəsmi təsvir olunub. Kamança aləti Şərq aləti hesab olunur. Ümumilikdə isə bizim coğrafiyaya aid bir alətdir. Kamança İranda da ifa olunur, lakin bizim kamançadan daha fərqlidir, ifaçılıq texnikası baxımından isə bizdə olduğu qədər inkişaf etməyib. Bu alətdə onlar muğamlar və milli mahnılar ifa edirlər. Bizim kamançalar quruluşuna, ifaçılıq teknikasına görə çox fərqlidir. Bu gün kamançada dünya klassikasını belə ifa edə bilirik.

-Sırf musiqi sənəti ilə dolanmaq insana yetirmi?
-Bəli, yetir. Lakin burda bir məsələ var, gərək, musiqiçilər təhsil alsınlar, savadlı olsunlar, pedaqoji fəaliyyətlə də məşğul olsunlar. Bilirsiniz ki, musiqiçilərin əsas gəlir yeri toylardır. Yəni konsertlərdən bir o qədər də gəlir əldə edilmir.

-Dahi musiqiçilərin həyatlarına nəzər yetirəndə görürük ki, onlar tez-tez intihara cəhd ediblər. Səbəb nə ola bilər?
-Mənə elə gəlir ki, onlara düzgün qiymət verilmədiyi üçün onlar intihar ediblər. Bir çox Avropa bəstəkarlarının həyatlarına nəzər salsaq, görərik ki, ölümlərindən sonra onların əsərləri məşhurlaşıb. Hətta elə bəstəkarlar da olub ki, ömürlərinin son günlərini səfillik içərisində yaşayıblar, lakin 30-40 il sonra qoyduğu əsərləri sayəsində onların adı böyük şəxsiyyətlər kimi xatırlanıb. Dediyim kimi onlara zamanında lazımı qiymət verilmədiyi üçün onlar intihar ediblər.

-Kamança sizin üçün nədir?
-Kamança mənim üçün canlı varlıqdır, ruhu olan bir varlıq. Mənim üçün taxta parçasından ibarət olan bir cisim deyil. Bunu uşaq yaşlarımdan belə qəbul etmişəm.

- Deməli, kamança sizi başa düşür...
-Bəli, kamança məni başa düşür. Bəzən məndən küsür, bəzən dərdləşir. Daha dəqiq desəm, mən onunla dərdləşir, dərdimi onun üzərinə tökürəm. Sevincli anlarımı da onunla bölüşürəm, yeri gələndə hətta söhbət də edirəm. Kamançanın məndən küsdüyünü çox tez bilirəm. Uşaq yaşlarımda bir neçə musiqiçi deyirdi ki, musiqi aləti ilə dostam, bunu bir o qədər də qavramırdım. Lakin indi bunun nə demək olduğunu çox gözəl başa düşürəm. İnsanın ətrafında nə qədər onu anlayan bir dostu olursa, olsun, yenə də ruhunun dərinliklərində gizli saxladıqları var. Mən də o saxladıqlarımı, ümumən bütün həyatımı kamança ilə bölüşürəm.

-Kamançada hansı musiqini sevirsiniz?
-Elə bir musiqi yoxdur ki, mən yalnız onu sevim, yaxud da digər musiqilərdən daha çox onu sevim. Hanısa musiqi yadıma düşürsə, ondan sonra başqası da yadıma düşür. Musiqilərimizin hər birinin öz gözəlliyi var. Ona görə də birini digərindən fərqləndirə bilmirəm.

-Sənətdə qısqanclıqla necə, qarşılaşmısınızmı?
-Digər sahələrdə olduğu kimi musiqi sahəsində də qısqanclıq var. Bu öz yaşıdların tərəfindən də olur, səndən yaşca böyüklər tərəfindən də. Bunu normal hal kimi qəbul edirəm. Kimisə qısqanmaq olar, amma bunu sağlam rəqabət şəklində etmək lazımdır. Sağlam rəqabət olanda inkişaf da olur. Fikrimcə, insanlar bir-birinə pislik etməməlidirlər. Sizə bir şey deyim, çəkilən əziyyət hər zaman öz bəhrəsini verir. Ona görə də kimisə qısqanmaqdansa, əziyyət çəkib uğur əldə etmək lazımdır.

-Bu vaxta kimi həyatda ən böyük qazancınız nə olub?
-Ən böyük qazancımı sənətim hesab edirəm. Mənə elə gəlir ki, ən böyük qazancım sənətimdir, ailəmdir, ətrafımda olan dostlarımdır, gözəl tələbələrimdir. Bu sənətdə bir sıra nailiyyətləri əldə etmişəm, gözəl təhsil almışam, sənətkarlarla ünsiyyətdə olmuşam, onlarla çalışmışam, çalışıram. Ən böyük qazanc bunları hesab edirəm. Maddiyyat mənə görə ikinci məsələdir. Maddiyyat həmişə var, bir az əziyyət çəksən, onu əldə edə bilərsən.

-Kamança başqa musiqi alətlərindən təkcə quruluşu ilə deyil, həm də qeyri-adi səslənməsi ilə fərqlənir. Bu səs elə bil ki, daha çox insan fəryadına, onun könül çırpıntılarına, kədərinə, intizarına, ağrı-acılarına köklənib. Kamançanı ifa edəndə nə hiss edirsiniz?
-Kamança maraqlı səs tembrinə malik bir alətdir. İnsan səsinə ən yaxın alətlərdən biri hesab olunur. Kamança ifa edəndə özümü xoşbəxt və güvənli hesab edirəm. Ürəyimdəki sözləri kamança ilə ifadə edirəm. Bir də bunu əlavə edim, əgər musiqiçi müəyyən dərəcədə seçilirsə, deməli, o, sənəti ruhuna qədər hiss edir, duyur. Bir dəfə Amerikada olanda mənə bir sual verilmişdi: “Kamança ifa edərkən niyə gözlərinizi yumursunuz?” Onlar üçün bu maraqlı hissdir, çünki onlar bunu duymayıblar. Bilirsiniz, ifaçılıq fərqi yoxdur, hansı alətdəsən, yaxud xanəndəsən, muğam oxuyursan, oxuduğun və səsləndirdiyin sənin iç dünyanı əks etdirir. Bax gözlərin qapanması ilə ifaçı öz dünyasında olur, musiqini dərk edir.

-Sənətlə bağlı arzularınız…
-Sənətlə bağlı çox böyük arzularım var. İstəyirəm, milli alətimizi daha da böyük səhnələrdə təmsil edim. Kamança texniki imkanları baxımından, fikrimcə, Avropa musiqi alətləri ilə ayaqlaşa bilən alətdir. Arzularım sonsuzdur, Allahın izni ilə zamanla onlar həyata keçər.

Rövşən Tahir

Tarix
26 May 2020 [11:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-05-26 11:19:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin