“Hücum diplomatiyası aparmalıyıq”- Millət vəkili

19:44 - 13 May 2020 - SİYASƏT

 Bəhruz Məhərrəmov: ”... illərin faciələri əyani olaraq göstərir ki, müasir və tarixi “erməni mahiyyəti”, “erməni kimliyi”  bərabər hüquqlu sülhü haqq etmir” 

Separatçı Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlara məhəl qoymur. Uzun illərdir bu istiqamətdə cərəyan edən proseslər sülh danışıqlarının işğalçı Ermənistan üçün heç bir əhəmiyyət kəsb etmədiyini ortaya qoyur. Erməni təcavüzündən sonra ilk olaraq 1994-cü il mayın 12-də Rusiyanın layihəsi daxilində Bişkek şəhərində imzalanan protokoldan keçən 26 il ərzində, Ermənistan hakimiyyəti müxtəlif səpkili bəhanələr və absurd şərtlərlə imitasiya edir. Beynəlxalq ictimaiyyət isə münaqişənin sülh yolu ilə həllini əsas götürərək tərəfləri görüşdürməkdən başqa heç bir iş görmür. İşğalçıya qarşı hər hansı sanksiya, beynəlxalq hüququn tələblərinə uyğun olaraq cəza, təsir vasitələrindən istifadə olunmur. Deməli, Ermənistanı sülhə dəvət etmək üçün Azərbaycan danışıqlar formatına daha ciddi dəyişiklik etməyə məcburdur. Ermənistanı hansı şərtlər işğaldan əl çəkməyə, sülhə gəlməyə məcbur edə bilər?

Bu və ya digər məsələlərlə bağlı “Üç nöqtə”yə açıqlama verən deputat Bəhruz Məhərrəmov məsələyə beynəlxalq hüququn tələbləri müstəvisində yanaşmaqla, “nə etməli ” sualına aydınlıq gətirib.

“Praqmatik düşüncə sülhün çox uzaqda olduğunu, yaxud ümumiyyətlə barışığın mümkünsüzlüyündən xəbər verir”

“Sülh ikitərəfli müqavilədir. Sülhün bağlanması üçün münaqişə tərəfləri ya öz iradəsi, ya da iradəsindən kənar, məcburiyyət tədbirlərinin təsiri ilə müqavilədə təmsil olunmalıdır. İkinci hal siyasi təcrübədə adətən sülh yox, “təslimçi sülh” adlanır”- deyə, B. Məhərrəmov bildirib.  O bildirib ki, bu günə qədər Azərbaycan və Ermənistan arasında sülh danışıqları məhz Ermənistan hakimiyyətinin ardıcıl olaraq pozucu meylləri nəticəsində, faktiki olaraq bütün hallarda iflasa uğrayıb. Onun fikrincə, bu gün də praqmatik düşüncə sülhün çox uzaqda olduğunu, yaxud ümumiyyətlə barışığın mümkünsüzlüyündən xəbər verir.
B. Məhərrəmov bunun bir neçə sadə səbəbini qeyd edib:
 “İlk olaraq görünən odur ki, regionda sülhün bərqərar olunmasında heç də bütün regional və qlobal güc sahibləri maraqlı deyil. Azərbaycandan fərqli olaraq Ermənistanda “5-ci kalon” dövlət idarəçiliyinə təsir imkanlarına sahibidir. Görünən odur ki,  gərginliyi qorumaqla “parçala və hökm sür” arzusunda olan maraqlı daxili və xarici güclər Ermənistan hakimiyyətini də məhz bu amil vasitəsi ilə marionetkaya çevirməyə nail ola bilib. Yəni belə olan halda Ermənistan istəsə də belə sülh müqaviləsi imzalamaq iradəsinə və suverenliyinə malik deyil.

İkincisi, yaxın keçmişə qədər çoxmillətli dövlət olan Ermənistan, cəmi 35 il öncədən fərqli olaraq bu gün yekcins etnik tərkibə malik dövlətə çevrilib. Səbəbi də çox sadədədir, Ermənistan başqa xalqlara, toplumlara, düşüncələrə, etnik kimliklərə nifrət təşviq edən, azlıqlara, habelə özündən olmayanlara hücum etməyi, “dənizdən-dənizə” faşist bir dövlət qurmağı öz milli ideologiyasına çevirmiş bir cəmiyyət və dövlətdir. Nəzəri yanaşsaq, şübhəsiz  bu  sadaladığımız əlamətlər neonasizm göstəriciləridir. Vəziyyət o həddə çatıb ki, hətta Ermənistan siyasi hakimiyyətinin dövlətdaxili sosial və humanitar xarakterli tədbirləri də eyni ideologiyadan qaynaqlanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il oktyabrın 11-də Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı dediyi kimi, “İrəvanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub.” Yəni, bir sözlə Emənistanın on illərdir davam edən faşizm mahiyyətinin sübuta ehtiyacı yoxdur, bu aksiomadır. Belə olan halda, bu cür zərərli ideologiyanı hakim və milli şüura çevirən bir dövlətin və cəmiyyətin kimlərinsə köməyi ilə işğal etdiyi torpağı qaytarması və həm Azərbaycanın tarixi torpaqları olan ərazisində, həm də işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonlarda əvvəlki status-kvonun bərpasına könüllü razılıq verəcəyini nəzərdə tutan bir sülh sazişini bağlayacağı ağlabatan deyil. 

Üçüncüsü, açığı mən “xalqların düşmənçiliyi” ifadəsinə inanmaq istəmirəm. Lakin bir xalqın körpədən yetkin insanına qədər bütöv nəsilləri türk düşməni kimi tərbiyə edilirsə, artıq toplum zəhərlənmişdir deməkdir. Tarix göstərir ki, bütün dövrlərdə ideoloji cəhətdən zəhərlənmiş bir toplumla bərabərhüquqlu sülh, münasibətin digər tərəfi üçün sonradan faciəvi nəticələrə gətirib çıxarır. Məsələn, elə 1905-ci il erməni-müsəlman qarşıdurmasından sonra erməni və Azərbaycan xalqların barışmasının ardınca 1918-ci il qırğınları, 1920-ci barışığından sonra 1948-53, 1988-93-cü illərin faciələri əyani olaraq göstərir ki, müasir və tarixi “erməni mahiyyəti”, “erməni kimliyi”  bərabər hüquqlu sülhü haqq etmir.  Bu o demək deyil ki, biz sülh istəmirik, əlbəttə bizə sülh lazımdır, xüsusən qloballaşan dünyada dəyişən dəyərlər sülhü zərurətə çevirir, lakin, heç bir halda bərabər hüquqlu sülhdən söhbət gedə bilməz! Yəni heç deyilsə, bu dəfə tarixdən dərs çıxarmalıyıq”.

Millət vəkili bu mənada hesab edir ki,  Ermənistanla şərtlərini bizim diqtə etdiyimiz sülhə can atmalıyıq.  Onun fikrincə, görünən odur ki, Azərbaycan hakimiyyətinin də tutduğu xətt elə bu məqsədə köklənib və cənab İlham Əliyev bu istiqamətdə 2 şərtdən ibarət sadə formul müəyyən edib: 
“Birinci formul: güclü ordudur. Məhz cənab İlham Əliyev hakimiyyəti dövründə Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumilikdə dövlət büdcəsini xeyli üstələməyə başlamış, bu tendensiya hətta iqtisadi böhranlar dövründə də davam etməkdədir. Habelə silahlı qüvvələrimizin arsenalı Ermənistana münasibətdə əzici üstünlüyə malikdir və aprel döyüşləri və qələbəmiz qeyd etdiyim amillərin bariz nümayişi oldu.

İkinci formul: hücum diplomatiyası - Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında cənab İlham Əliyevin nitqində də dediyi kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan bütün təşkilatlarda fəal olmalıyıq, hücum diplomatiyası aparmalıyıq”.

T. Qafarlı

Xəbər xətti