26 il uzanan ATƏŞkəs və tarixi şərtlər

19:35 - 12 May 2020 - SİYASƏT

Qabil Hüseynli: “Tarix göstərir ki, atəşkəsə getmək doğru idi”
Razi Nurullayev: “Azərbaycan Dağlıq Qarabağla bağlı planlarında daha tezləşdirici amillərə üstünlük verməlidir”
Naqif Həmzəyev: "26 illik atəşkəs müddətində ən ciddi dönüş nöqtəsi 2016-cı ilin aprel döyüşləri oldu"


Mayın 12-də Azərbaycanla Ermənistan arasında atəşkəsin elan edilməsindən 26 il ötür. 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış «Bişkek protokolu» mayın 12-də qüvvəyə minib və həmin gün cəbhə xəttində aktiv hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılıb. Verilən məlumatlara görə, mayın 4-də Qırğızıstanın paytaxtı Bişkekdə MDB Parlamentlərarası Assambleyasının (MDB PA) iclasında Rusiya atəşkəs haqqında saziş layihəsini tərəflərə təqdim etsə də, Ermənistan-Azərbaycan danışıqları nəticə verməyib. Rusiyanın layihəsinə görə, Ermənistan və Azərbaycanın birinci şəxsləri atəşkəs sazişinin ardınca hazırlanacaq «Böyük sülh sazişi»nə imza atmalı idilər. Lakin bu baş vermədi.

Atəşkəs rejimi 26 ildir davam edir və hələ də torpaqlar işğal altındadır. Buna görə də bir çox ekspertlər atəşkəs rejiminin əldə olunmasının əhəmiyyətsiz olduğunu deyirlər. Çünki bu prosesə nəzarət missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupu Qarabağda münaqişənin sülh yolu ilə həllinə dair heç bir üstünlüyə nail olmayıb.

“ATƏŞKƏS”dən 26 il ötür, artıq hansı addımlar atılmalıdır? Ermənistan-Azərbaycan arasında atəşkəsin imzalanması regionda Azərbaycan üçün hansı əhəmiyyətə malik idi və gözlənilən o “böyük sülh sazişi” niyə bağlanmadı?
Bu və ya digər məsələlərlə bağlı “Üç nöqtə”nin suallarını cavablandıran siyasilər maraqlı nüanslara toxunublar.

“Bu 26 ildən sonra daha gözləməyə, səbr etməyə ehtiyac qalmayacaq”

Deputat Razi Nurullayev bildirib ki, atəşkəsin əldə olunmasından keçən bu 26 ildən sonra daha gözləməyə, səbr etməyə ehtiyac yoxdur.
“Təbii ki, biz səbr etmək, dözmək istəmirik. Amma dünyada  baş verən hadisələri, prosesləri, geopolitik  vəziyəti də nəzərə almaq lazım gəlir. O baxımdan Azərbaycan Dağlıq Qarabağla bağlı planlarında daha tezləşdirici amillərə üstünlük verməlidir. 26 il kifayət qədər müddətdir və artıq bundan sonra da səber tməyə ehtiayac görmürəm”.

Deputat bildirib ki, artıq bundan sonra hansı addımların atılacağını dövlət nümayəndələri, hökumət, Prezident çox gözəl bilir və bu yöndə işlər aparılır. “Yeni kəşflərə ehtiyac yoxdur. Ya torpaqlar danışıqlar yolu ilə azad edilir, ya da müharibə yolu ilə istəyimizə çatırıq. Bu iki variantın sintezi də mümkündür. Ermənistan daha böyük problemlər yaşamamaq üçün sülhə razılaşmaqdan barədə çarə tapmamalıdır. Bu yöndə işlər aparılır, amma heç də asan deyil. Təklif, sual vermək, tələb etmək asandır, amma strategiya ilə həllə nail olmaq çətin”.

İllərdir aparılan danışıqların nəticəsiz qalmasının səbəblərinə gəlincə, R.Nurullayev burada işğaçı Ermənistanın öz faşist ideyalarından əl çəkmədiyini, beynəlxalq təşkilatların isə ikili standartlı fəaliyyətini əsas gətirib.
“Nəticələr ona görə yoxdur ki, Ermənistan çirkin niyyətindən əl çəkmir və hələ də ona ciddi təzyiqlər yoxdur. Azərbaycana qarşı ikili standartlar tətbiq edilir. Lakin Rusiyanın mövqeyində bizə meyllənmə var və ümid etmək olar ki, bizim lehimizə işləyəcək.

ATƏT-in Minsk Qrupu isə baş qatmaqla məşğuldur. Onların nə səlahiyyəti var, nə də sözlərinin çəkisi. Qrupun üzv ölkələrinin dövlət başçılarının iradəsi lazımdır ki, Minsk Qrupu dişli təşkilata çevrilsin. Hələ ki, baş girələyirlər”.

“O zaman ümummilli liderimiz Heydər Əliyevin səyləri nəticəsində belə bir protokola imza atılmadı”

Politoloq Qabil Hüseynli atəşkəs sazişi haqqında layihənin ermənilərdən çox ruslara məxsus olduğunu bildirib. Politoloqun fikrincə, o dövrdə tərəflər hətta böyük “böyük sülh sazişinə” ən azı şifahi formada olsa da razılıq vermişdilər.
“Ruslar bu layihə ilə sülhməramlı qüvvələrini Qarabağ ərazisinə yeritmək və Cənubi Qafqazda təsir dairələrini genişləndirmək niyyətində idilər.Atəşkəs rejiminin imzalanmasına dair məsələdə Kazımirovun “ipləri əldə saxlaması” bu işləri korlayan əsas məqamlar idi. Çünki o, atəşkəsə dair olan Bişkek protokoluna, həm də  qondarma “Qarabağ respublikası”nın adını daxil etmişdi. O zaman ümummilli liderimiz Heydər Əliyevin səyləri nəticəsində belə bir protokola imza atılmadı. Heydər Əliyev Bişkekdə olan Afiyəddin Cəlilovu geriyə çağırdı və ona protokola imza atmamağı söylədi.  Üstəlik, diplomatik kanallarla müəyən məşvərətlər apardı. Nəhayət, həmin protokola Azərbaycan icmasının başçısı Nizami Bəhmənovu daxil etdi.  Heydər Əliyev hələ o zaman da bildirirdi ki,  qondarma “Dağlıq Qarabağ respublikası” adında bir rejimi tanımır, belə bir respublika ola bilməz və Dağlıq Qarabağ ərazisində yalnız tarixin müəyyən hissəsində eyni vaxtda yaşamış erməni icması və azərbaycanlı əhalisi var. O, ermənilərin Qarabağa 1813 – “Gülüstan sülhü” və 1828 il-“Türkmənçay sülh müqaviləsi” ndən sonra gətirildiyini bildirib və bu, tarixi faktlarla təsdiq olundu. Bu prosesə Rusiyanın İrandakı səfiri Qribayedovun başçılıq etməsi ilə bağlı Rusiya mənbələrində kifayət qədər faktlar öz əksini tapıb”.

“Ruslar bu layihə ilə sülhməramlı qüvvələrini Qarabağ ərazisinə yeritmək və Cənubi Qafqazda təsir dairələrini genişləndirmək niyyətində idilər”

Q.Hüseynli bildirib ki, “Böyük Sülh sazişinin” imzalanmaması rusların əlaltıları olan separatçı qruplar tərəfindən həyata keçirilib.
“Böyük sülh müqaviləsi” Bakı Ceyhan neft-boru kəmərinin çəkilişinə dair İstambulda keçiriləcək ATƏT-in zirvə toplantısında həyata keçirilməli idi. ATƏT-ə daxil olan ölkələrin dövlət başçıları orada Bakı-Ceyhan neft-boru kəmərinin çəkilişi ilə bərabər, o zaman Amerikanın səyləri nəticəsində ərsəyə gətirilmiş “böyük sülh müqaviləsi”nin imzalanmasını da nəzərdə tuturdu. Həmin müqavilədə Dağlıq Qarabağın Azərbaycanın tərkibində  yüksək statusda qalması önə çəkilirdi. Amma həmin ərəfədə rusların əlaltıları olan bir qrup erməni, Ermənistanda ciddi qarşılıqlıq yaradıb parlamentdə hücum etdilər. Parlamentin sədri Dəmirçiyanla birlikdə bir neçə deputat güllələndi. Bu hadısədən sonra Ermənistan “böyük sülh müqaviləsi”nə imza atmaqdan vaz keçdi.  Və yaranmış tarixi imkan əldən qaçırıldı”.

Politoloq “Böyük sülh sazişinin” imzalanması ilə bağlı Rusiyanın sərgilədiyi mövqeyə birmənalı yanaşmayıb.
“Mən heç bir zaman Rusiyanın birmənalı qaydada Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyinin şahidi olmamışam. İndi Rusiya Azərbaycanın ərazi bütövlüyünü sözdə tanısa da, əməldə faktiki olaraq Dağlıq Qarabağdakı separatçı rejimə dəstək verənlədən birincisidir.  İkincisi isə İrandır”.

Q.Hüseynli vaxtilə hakimiyyətdə təmsil olunan və eyni zamanda cərəyan edən prosesləri yaxından izləyən bir siyasətçi olaraq bildirib ki, o zaman ruslar ermənilərə böyük dəstək verirdi. Ona görə də Azərbaycan üçün “nəfəsini dərib” ermənilərin hücumunu dayandırmaq və neft kantraktlarını imzalanması, dövlətçiliyin qorunması, ordu quruculuğu sahəsində uğurlar əldə etmək üçün bu müqaviləni imzalamaq lazım idi.  Bişkek  protokolunun imzalanmasında, xüsusilə Rusiyanı razı salmaq lazım gəldi və bu iş baş tutdu. Amma o zaman atəşkəs rejimi olmasaydı, bu gün rusların dəstək verdiyi erməni quldurlarına qarşı müqavimət gücümüz olmazdı. Tarix göstərir ki, atəşkəsə getmək doğru idi. Bundan sonra Azərbaycan neft kantraktlarını imzaladı, ordunu yenidən qurmağa başladı. Bu hadisələrdən sonra keçirilən Horadiz əməliyyatı və Azərbaycanın Fizuli bölgəsində 22 kəndin döyüşlər nəticəsində azad edilməsi onu göstərdi ki, bəli, bu strateji addım düzgün idi və sonrakı 2016-cı il aprel döyüşləri də təsdiqlədi ki, dövlətin maliyyə ehtiyatlarını gücləndirmədən, əhalinin maddi güzəranını yaxşılaşdırmadan, müasir standartlara cavab verən ordu qurmadan döyüş əməliyyatları aparmaq mümkün deyil. Bunun sayəsində də bu gün ermənilərin hərbi potensialından qat-qat güclü olan hərbi potensiala malikik və istənilən vaxt hərbi əməliyyatlar keçirib Azərbaycanın  ərazi bütövlüyünü bərpa edə bilərik. Amma geosiyasi şərtlər hələ ki, belə bir hərbi əməliyyatların başlanmasına imkan vermir”.

“Hələ ki, beynəlxalq şərtlərin yetişməsi istiqamətində axtarışlar aparılır”

Politoloq 26 ildir bağlanan atəşkəs sazişinin erməni separatçıları tərəfindən mütəmadi olaraq pozulması və torpaq iddialarından əl çəkmək istəmədiklərinə diqqət çəkərək, artıq işğalçını durdurmağın vaxtının çatdığını bildirib. Eyni zamanda qeyd edib ki, bunun üçün geosiyasi şərtləri öz xeyrimizə dəyişməliyik.

“Geridə qalan bu illər bizim üçün qiymətli vaxtdır. Lakin nə edək ki, 26 il ərzində Azərbaycanın diqqəti ordu quruculuğuna, beynəlxalq münasibətlərdə əlverişli şərtlərin formalaşdırılmasına yönəlmişdi. Azərbaycan daha çox Qarabağ probleminin siyasi anatomiyasını dünya ictimaiyyətinə çatdırmaqla məşğul idi. Bütün bu proseslər güclü erməni lobbisinin və ona dəstək verən  havadarlarının müqavimətinin qırılması hesabına əldə edilməliydi və edildi. Vaxtilə Dağlıq Qarabağ problemini “müsəlmanların ermənilərə qarşı mübarizəsi və onların sıxışdırılması” kimi başa düşən yüksək səviyyəli siyasətçilər, aparılan xarici siyasət nəticəsində bu problemin siyasi mahiyyətini anladı.  Artıq bu məsələnin kontrları demək olar ki, bütün dünya dövlətlərinə çatdırılıb. Ermənistanın təcavüzkar olması və ona kənardan dəstək verilməsi barədə artıq Qərbdə, Avropada kifayət qədər məlumata malikdirlər. Bir çox beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünü birmənalı qaydada dəstəkləyir.  Bura BMT və orada qəbul olunan 4 qətnamə ilə yanaşı, Avropa Birliyi və onun parlamenti, Avropa Şurasının Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, NATO-nun Parlament Assambleyası və digər qurumlar daxildir. Bu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bərabər qondarma separatçı rejimi tanımır, qəbul etmirlər. Bu gün Azərbaycan güclü orduya malikdir. İstənilən hərbi, siyasi, diplomatik şərtlər Azərbaycanın bugünkü uğurları sırasına aid edilməlidir. Sadəcə olaraq  müharibənin başladılması və torpaqların azad edilməsi üçün geosiayasi tarazlığın formalaşdırılması istiqamətində axtarışlar və səylər gedir.  Bu məsələdə Rusiya ilə razılığa gəlmək lazım olacaq. Bəzən deyilir ki,  “bu məsələdə heç bir dövlətlə razılığa ehtiyac yoxdur, bu Azərbaycanın daxili işidir”.  Lakin təcrübə göstərir ki, yox, bu bölgədə Rusiyanın təsir dairəsi genişdir. Rusiyanın dəstəyini qazanmadan hərbi əməliyyatlara başlanılması müəyyən riskləri özündə ehtiva edir. Bu riskləri nəzərə alaraq hələ ki, beynəlxalq şərtlərin yetişməsi istiqamətində axtarışlar aparılır”.

Deputat Naqif Həmzəyev bildirib ki, ulu öndər Heydər Əliyev ölkədə sabitliyin möhkəmləndirilməsi, bütün sahələrdə inkişafın sürətləndirilməsi üçün atəşkəs sazişinin imzalanmasının zəruriliyini daim önə çəkib və bu istiqamətdə ciddi səylər göstərib. "Dahi şəxsiyyətin 1997-ci il oktyabrın 15-də Azərbaycan Respublikası hərbi təyyarəçilər məktəbinin ilk buraxılışına həsr olunmuş təntənəli mərasimdəki çıxışında Azərbaycanla Ermənistan arasında atəşkəsin əldə edilməsi barədə “Bişkek protokolu”nun ölkəmiz üçün əhəmiyyətinə geniş aydınlıq gətirib. Ulu öndər öz çıxışında deyirdi: Biz … Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs əldə ediləndən sonra yaranmış şərait nəticəsində respublikamızın Ordusunun, Silahlı Qüvvələrinin yaradılması ilə ciddi məşğul olmağa imkan əldə etdik. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin tərkibinə ilk illərdə soxulmuş və Silahlı Qüvvələrimizi içəridən dağıtmağa, parçalamağa, ölkəmizin milli mənafelərinə zərər vurmağa cəhd edən dəstələr, qüvvələr artıq zərərsizləşdiriliblər. Bizim Silahlı Qüvvələr bu cür cinayətkar, xəyanətkar dəstələrdən, qruplardan, qüvvələrdən, demək olar ki, təmizlənibdir". N.Həmzəyev təəssüflə bildirib ki, Ermənistan tərəfi atəşin dayandırılmasına əməl etmir və bu gün atəşkəsin pozulma halları davam edir. "26 illik atəşkəs müddətində ən ciddi dönüş nöqtəsi 2016-cı ilin aprel döyüşləri oldu. Azərbaycan Ordusunun parlaq tarixi zəfərlərindən olan şanlı Aprel döyüşləri bir neçə gün davam etməsinə baxmayaraq dünyaya Azərbaycan Ordusunun gücünü, qüdrətini, ən əsası isə Azərbaycan xalqının qələbə əzmini, ədalətin tezliklə bərpa ediləcəyini göstərd"i. Deputat atəşkəs haqqında saziş layihəsinin tərəflərə təqdim edilməsinə baxmayaraq, danışıqların nəticəsiz qalması səbəblərinə birmənalı yanaşmadı. "Ermənistan-Azərbaycan danışıqlarında fikir ayrılığına əsas səbəblərdən biri protokolda Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağın erməni icmasına da bərabər tərəf kimi yer ayrılması olub. Əslində sənədə Ermənistan və Azərbaycanın parlament sədrləri, həmçinin Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının rəhbərləri imza atıblar. Bu gün ermənilərin və ermənipərəstlərin uydurduğu “Atəşkəs sənədinə Dağlıq Qarabağ da imza atıb” cəfəngiyyatı absurd və heç bir əsası olmayan iddiadır. Sənədə Dağlıq Qarabağın münaqişədə olan icmalarının hər ikisi imza atıb". Deputat Qarabağ münaqişəsində atəşkəsə nəzarət missiyasını daşıyan ATƏT-in Minsk Qrupunun öz fəaliyyətini nə dərəcədə yerinə yetirməsi ilə bağlı ortaya çıxan nüanslara, birmənalı yanaşdıb. O, bildirib ki, hesabat xarakterli səfərlər və mücərrəd ifadəli bəyanatlar Minsk qrupunun fəaliyyətsizliyindən xəbər verir. "1994-cü il mayın 12-də atəşkəs haqqında razılıq əldə edildikdən sonra ATƏT-in Minsk Qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasının regionda davamlı sülh və sabitliyin bərqərar olmasına əsas əngəl olduğu dəfələrlə vurğulanıb, münaqişənin həlli üçün əsas məsələ Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyi diqqətə çatdırılıb. ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəfələrlə regiona səfər etməsinə baxmayaraq, heç bir nəticə əldə edilməyib. Ümumiyyətlə, yarandığı vaxtdan etibarən ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməyib. Buna səbəb bir tərəfdən Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən beynəlxalq təşkilatların, qarşılıqlı güzəşt prinsipini üstün tutmasıdır. Azərbaycan Prezidenti hər çıxışında tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa edəcəyimizə əminliyini bəyan edir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ondan sonra biz azərbaycanlılar əlbəttə ki, bütün qədim torpaqlarımıza qayıdacağıq - İrəvana da, Göyçəyə, Zəngəzur mahalına da. Bütün bunlar bizim qədim torpaqlarımızdır. Gənc nəsil də bunu bilməlidir ki, bizim torpaqlarımız sadəcə olaraq bugünkü müstəqil Azərbaycan torpaqları deyil. Biz o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq”.

T. Qafarlı

Xəbər xətti