"Yasa gedən" 169 nəfər cərimələndi -Foto

17:15 - 20 Aprel 2020 - Xəbər

Yaxın qohumunun yas mərasimində iştirak etmək adı ilə 8103 nömrəsinə həqiqətə uyğun olmayan müraciət edən daha 169 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar inzibati qaydada cəzalandırılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, yas mərasimində iştirak etmək adı ilə həqiqətə uyğun olmayan və ya yaxın qohumluq statusu daşımayanların yas mərasimlərində iştirak etmək bəhanəsi ilə qanunsuz yerə 8103 qısa nömrəsi vasitəsi ilə icazələr alaraq epidemiya əleyhinə rejimin tələblərini pozan şəxslərin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Aprelin 18-20-i arasında paytaxt Bakı və respublikanın ayrı-ayrı rayonlarında bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 169 nəfərin şəxsiyyəti müəyyən edilib.
Həmin şəxslər polis idarə, şöbə və bölmələrinə gətirilərək izahatları alınıb. Bu cür süi-istifadə hallarına yol verənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə müvafiq tədbirlər görülüb və onların hər biri 100 manat məbləğində cərimə edilib.

Nazirlik bir daha diqqətə çatdırıb ki, 8103 nömrəsinə edilən bütün müraciətlər ciddi və hərtərəfli araşdırılır. Vətəndaşlardan tələb olunub ki, 8103 xidmətindən süi-istifadə hallarına yol verməsinlər. Əks halda, bu davranış karantin rejimi tələblərinin pozulması kimi qeydə alınaraq həmin şəxs barəsində ciddi cəza tədbirləri görüləcək.


Xəbər xətti