“Bu gün muğam sənətini ucuzlaşdıran insanlar var”

Maşallah Mirzəliyev: “Muğam sənəti məni yormur”

“Heç bir zaman taleyimə üsyan etməmişəm və etmərəm də. Ondan ötrü ki, mən Allahdan qorxuram. İnsanın pis əməllərindən peşmançılığı baş verir. Pis əməl o demək deyil ki, kiməsə pislik edəsən. Pis əməllər dedikdə mən insanın özünü hansısa səhv addımı atmasına yönəltməsini nəzərdə tuturam. Həyatdır, mənim də səhvim olub. Səhvsiz insan yoxdur. Səhvlərim də olub, sıxıntılarım da olub, amma yenə də üsyan etməmişəm. Bir az öncə dedim, Allaha şükür edən insanam”. “Üç nöqtə” qəzetinin qonağı gənc və istedadlı xanəndə Maşallah Mirzəliyevdir.

-Ehtiyacdan doğan nələrsə bəzən nəyə görə insanın xarakterini dəyişir?
-İlk olaraq onu deyim ki, görsəndiyi kimi olmaq hər adama məxsus deyil. Belə insanlar bizim sənətdə də var. Kiminsə vurğunu olursan, görürsən ki, yox, sən düşündüyün kimi deyil. Bugün seyr edirik və şahidi də oluruq, bəzi insanların xarakterində ehtiyaca görə dəyişikliklər olur.

-Başqasını mühakimə etməzdən öncə niyə özümüzü mühakimə etmirik?
-Allah buyurub ki, kimisə nədənsə ötrü qınadınsa, o, sənin başına gələnə qədər ölməyəcəksən. İnsan ilk növbədə özünü qınamalıdır, daha sonra başqasını. Mən inanıram ki, kimisə qınadığımız təqdirdə o, bizim başımıza mütləq gələcəkdir. Həyat bumeranqdır. Bu cümləni çox sevirəm və bu cümlədə səslənən fikirlərin mövcudluğuna da inanıram.

-Çörçil deyir ki, aldıqlarımız bizim həyatımızı təmin edir, amma verdiklərimiz həyatımızın mənasıdır. Nə düşünürsünüz?
-Bilirsiniz, verdiklərimizi maddi və mənəvi olmaqla iki yerə bölmək istərdim. Sualın cavabını isə mənəvi verdiklərimiz üzərindən açıqlayacam. Mənəvi olaraq kiməsə elə dəstək göstərərsən ki, həqiqətən də, etdiyin yaxşılıq həyatının mənası olar. Ümumiyyətlə, insan çalışmalıdır ki, yaxşılıqlar etsin. Bu həyatda yaxşı işlərlə tanınmaq o qədər gözəldir ki. Birinci növbədə özümüzə bu sualı verməliyik, biz nəyə görə pislik etməliyik? Əksinə yaxşılıqlar edək.

-Sizin üçün nə vacibdir?
-Mənim üçün vacib olan şərtlərdən biri odur ki, vicdanla bu dünyada yaşayasan və həyatdan köç edəndə etdiyin əməllərin (o əməllər ki, yaxşılıqlarla zəngindir) qalsın. Həyatda onsuz hər şey gəldi-gedərdir, biz də bu həyatdan gedəcəyik. Ona görə də söyləyirəm ki, çalışaq, yaxşı əməllərimiz qalsın.

-Taleyinizdə nəyisə bərpa etmək mümkün olsaydı, nəyi bərpa edərdiniz?
-Düzünü deyim ki, nəyəsə görəsə peşman deyiləm. Düzdür, geriyə boylananda özümə söyləyirəm ki, kaş bunlar baş verməzdi, amma qətiyyən peşman olmuram. Ona görə də həyatımda nəyisə bərpa etmək istəyərdim, yoxdur belə bir şey. Allah bizə bu həyatı verib və biz də onu səhvi ilə, düzü ilə yaşamışıq. Mən dəyişmək istəsəm, nə olacaq, dəyişməsəm?!

-Nəyi özünüzə bağışlamırsınız?
-Olur ki, bəzi insanlar var ki, onlardan incik düşürəm, lakin kinli insan olmadığım üçün bu uzun sürmür. Kaş mən də soyuqqanlı birisi olardım. Ancaq belə biri deyiləm. Kinsiz biri olmağımı özümə bağışlaya bilmirəm ki, axı niyə mən digər insanlar kimi hər şeyə laqeyd yanaşa bilmirəm? Kaş mən də bəzi insanlar kimi olardım və bəzi məsələlərə ötəri yanaşıb vecimə almazdım.

-Qazanclar və itkilər. Hansı daha çoxdur?
-Onsuz da qazandıqlarımızı da itiririk. Bu dünyada qazanılıb əbədi mənim olacaq deyə bir şey yoxdur. Şan-şöhrət, var-dövlət, bunların hər biri gəldi-gedərdir. Həyatımda, şükür Allaha, elə də böyük itkilərlə rastlaşmamışam. Mən şükür edən insanam. Allah mənə nələri veribsə, ona görə təşəkkür edirəm. İnsan Allahdan nəyisə istəyəndə də, gərək xeyirlisini dua edə. Söyləməyə ki, ya Allah, bunu mənə nəsib et, söyləyə ki, ya Allah, xeyirlisini nəsib et.

-Nəfis nə zamansa sizi aldada bilər?
-Nəfis insanın düşmənidir. Hər zaman dua edirəm ki, ya Rəbbim, məni nəfsimin qulu etmə, nəfsimi mənim qulum et. Heç bir insan deyə bilməz ki, məni nəfsim aldatmır. Nəfis insanı gözləmədiyi anda aldadır. Amma çalışmaq lazımdır ki, ona qalib gələsən.

-Sizi nə kövrəldə bilər?
-Bəzən oturub ustad sənətkarlarımızı dinləyirəm. Hərdən də tar, yastı balabanda ifa edilən musiqilərə qulaq asıram. Bax o zaman özümdən ixtiyarsız kövrəlirəm. Elə səslər var ki, onları eşidəndə insan kövrəlir. Bəzi anlarda isə xəyallara dalıb kövrəlirəm. Düzünü deyim ki, elə kövrək adamam.

-Daha çox kimləri dinləyirsiniz?
-Bayağı mahnıları çıxmaq şərti ilə bütün janrlarda olan mahnıları dinləyirəm. Daha çox ustad sənətkarlarımızın ifalarına qulaq asıram. Yaqub Məmmədov, Hacıbaba Hüseynov, Alim Qasımov, Zabit Nəbizadə, Əvəzxan Xankişiyev, Mənsum İbrahimov, Ağaxan Abdullayev və digər sənətkarlarımız kimi şəxsiyyətlərin, Abgül Mirzəliyev, Səfalı Mirzəliyevin ifaları mənim dinləyəcəyim mahnılar sırasında yer alır.

-Heç olub ki, taleyinizə üsyan edəsiniz?
-Xeyr, heç bir zaman taleyimə üsyan etməmişəm və etmərəm də. Ondan ötrü ki, mən Allahdan qorxuram. İnsanın pis əməllərindən peşmançılığı baş verir. Pis əməl o demək deyil ki, kiməsə pislik edəsən. Pis əməllər dedikdə mən insanın özünü hansısa səhv addımı atmasına yönəltməsini nəzərdə tuturam. Həyatdır, mənim də səhvim olub. Səhvsiz insan yoxdur. Səhvlərim də olub, sıxıntılarım da olub, amma yenə də üsyan etməmişəm. Bir az öncə dedim, Allaha şükür edən insanam.

-Bugünə kimi onun ağrı-acısını hiss edirəm. Varmı, elə bir şey?
-Mənə elə gəlir ki, bu hiss elə bir adam yoxdur ki, onda olmasın. Lakin insanlar bu ağrı-acıları kimsəyə bildirmək istəmirlər. Füzulinin bir qəzəli var. Deyir, məqsədim açmaq deyildi, dərdimi əsla sənə, İstədim pünhan edim, səndən nə pünhan, ey təbib?! Elə məsələlər var ki, pünhan qalır. Bəzən pünhan qalan elə şeylər var ki, bax insanın qəlbini sızladır.

-Bu səbəbdən sənətdən yoruldum. Olub belə bir hal?
-Bəzi musiqiçilər var ki, pul qazanmaqdan ötrü elə şeylər edirlər ki, adam məətəl qalır. Düzdür, yaxşını görəndə deyirsən ki, nə yaxşı elə mən də bu sənətdəyəm. Amma o musiqiçiləri görəndə adam təəssüf hissi keçirir ki, bu sənətdəyəm. Ümumi cavablasam, muğam sənəti məni yormur. Bu sənətdə görəcəyim hələ çoxlu işlər var. Allah qismət etsin, zamanla onları həyata keçirim.

-Niyə xanəndəlik?
-Gözümü açıb aşıq musiqiləri və muğam dinləmişəm. Onların hər ikisi qanıma işləyib. Başqa mahnı janrında istəsəm də, oxuya bilmərəm. Düzdür, toy repertuarında oxuyuram, amma bəzi ifalar var ki, onları istəsəm də, oxuya bilmərəm. Ona görə ki, onlar mənim ruhuma uyğun deyil.

-Muğam sizin üçün nə deməkdir?
-Muğam mənim üçün böyük bir sənətdir. Muğam deyiləndə gözümün önündə sənətkarlar canlanır və qulağımda əsrarəngiz bir səslər eşidirəm. Muğama bağlı insanam. Özümü muğamdan aralı təsvir edə bilmərəm. Heç özüm üçün də demirəm, muğam o qədər ustadyana bir sənətdir ki. Düzdür, bugün muğam sənətini ucuzlaşdıran insanlar da var. “Xanəndəyəm, xanəndə adını daşıyıram” deyib hər yerdə muğam oxuyurlar. Mənə görə, belə olmaz. Çünki muğam bizim milli sərvətimizdir.

-Muğam ifa edəndə özünüzü necə hiss edirsiniz?
-Açığı söyləyim ki, o təbə bağlıdır. Əgər əhvalın yaxşıdırsa, muğamdan doymayacaqsan, yox, əksinədirsə, o zaman deyəcəksən ki, tez bitsin. Xoşuna gəlməyən yerdə muğam oxuyanda gərək insanların simasına baxmıyasan. Çünki baxırsan, görürsən ki, xeyr, auditoriya sən istədiyin deyil. Elə yer də var ki, görürsən, məclis söz xiridarlarından ibarətdir. Belə olan halda məclisdən doymursan. Gərək oxuduğun auditoriya da muğamı sevsin, onu qavrasın ki, sən də bir enerji alasan.

-Bəs təklikdə necə? Özünüz üçün muğam ifa edəndə bu dünyada olursunuz, ya başqa hisslər aləmində?
-Qəzəli dəqiq dərk edəndə bu dünyada özünü hiss edə bilməzsən. Bu mümkün deyil. Bir də bu qəzəli musiqi üzərində ifa etmək tamam başqa bir hissdir. O hiss ki, sən artıq bu dünyada olmursan. Yox, əgər qəzəlin sözlərini dərk etməyib kor-koranə oxuyacaqsansa, heç bir duyğudan söhbət belə gedə bilməz.

-Sonda sizə bir sual vermək istəyirəm, özünüzə tez-tez hansı sualı verirsiniz və nə üçün?
-Bu suala cavab verə bilməyəcəm. Ondan ötrü yox ki, cavabım yoxdur, sadəcə o sual və ona cavab mənə qalsın. Açıqlamaq istəmirəm.

-Çox sağolun. Minnətdaram ki, dəvətimi qəbul edib gəldiniz.
-Siz sağolun ki, dəvət etdiniz.

Rövşən Tahir

Tarix
11 Aprel 2020 [15:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-04-11 15:37:36
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin