Konstitusiya Məhkəməsinin qərarları respublika ərazisində məcburi qüvvəyə malikdir

Onların  qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, həm də Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı kimi çıxış edir.

Konstitusiyanın 127-ci maddəsinin II və VII hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Xüsusilə konstitusion hüquqların təminatı baxımından "Konstitusiya Məhkəməsi haqqında" Qanunun qəbul edilməsi və Konstitusiya Məhkəməsinin yaradılması demokratik-hüquqi dövlət quruculuğu yolunda atılmış böyük addım idi. Vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ verildi. Bu isə onların hüquqlarının müdafiəsi baxımından olduqca əhəmiyyətli vasitənin əldə edilməsi demək idi.

Qeyd edək ki, Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi  Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır. Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir. Onun səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin I hissəsi, 86-cı maddəsi, 88-ci maddəsinin I hissəsi, 101-ci maddəsinin V hissəsi, 102-ci maddəsi, 103-cü maddəsinin I hissəsi, 104-cü maddəsinin II və III hissələri, 107-ci maddəsi, 130-cu maddəsinin III – VII hissələri, 153-cü və 154-cü maddələri ilə müəyyən edilir.

  Göründüyü kimi, bu gün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hər bir hüquqi dövlətdə olduğu kimi, kifayət qədər geniş səlahiyyətlər dairəsinə malik müasir konstitusiya nəzarəti orqanıdır. Konstitusiya Məhkəməsinin əsas səlahiyyətləri sırasında qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarının, bələdiyyə və məhkəmə aktlarının Konstitusiyaya və hüquqi qüvvəsinə görə daha üstün olan aktlara uyğunluğunun yoxlanılması, Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlərarası müqavilələrinin Konstitusiyaya uyğunluğunun yoxlanılması, Azərbaycan Respublikasının hökumətlərarası müqavilələrinin Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması, Konstitusiyanın və qanunların şərhi, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrin həll edilməsi xüsusi yer tutur. Qeyd edək ki, Konstitusiya Məhkəməsi tərəfindən həyata keçirilən konstitusiya nəzarətinin yurisdiksiyasına normativ hüquqi aktların geniş spektri daxildir. Bu isə bütün qanunvericilik sisteminə konstitusiya nəzarətinin həyata keçirilməsi, Konstitusiya və qanunların normalarının şərhi vasitəsilə hüququn inkişafı və hüquq tətbiqetmə təcrübəsinin istiqamətləndirilməsi baxımından olduqca əhəmiyyətli funksiyaların reallaşdırılması deməkdir.

Konstitusiya Məhkəməsinin mühüm səlahiyyətlərindən biri də Konstitusiyanın və qanunların şərhidir. Konstitusiya Məhkəməsi haqqında” qanunun 60-cı maddəsi Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi barədə sorğuya və müraciətə baxılmasının xüsusiyyətlərini tənzimləyir.  Bu maddəyə əsasən. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi barədə Konstitusiya Məhkəməsinə daxil olmuş sorğu və ya müraciət haqqında məsələ, bir qayda olaraq, 15 gün müddətində Konstitusiya Məhkəməsi palatasının iclasına çıxarılır, sorğunun və ya müraciətin icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul olunur. Sorğunun və ya müraciətin icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul olunduğu gündən ən geci 7 gün keçənədək sorğuverən orqana və ya vəzifəli şəxsə göndərilir.

Sorğuya və ya müraciətə Konstitusiya Məhkəməsinin Plenumunda mahiyyəti üzrə baxılması, bir qayda olaraq, onun icraata qəbul edildiyi gündən ən geci 60 gün keçənədək başlanmalıdır.
Bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib ki, Konstitusiya və qanunların, habelə digər normativ hüquqi aktların şərhi konstitusiya nəzarəti orqanlarının fəaliyyətində mühüm yer tutur. Onun sözlərinə görə, Konstitusiyanın məzmununun hərfi şərhi, qanunların və digər normativ hüquqi aktların müddəalarının konstitusion mənasının izah olunması nəticəsində ifadə edilən hüquqi mövqelər bu və ya digər məsələdə qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edir. “Hüquq tətbiqetmə təcrübəsində yaranan qeyri-müəyyənlik, hüquq normalarının natamamlığı, habelə ictimai münasibətlərin dinamizmi və dəyişkənliyi, hüquq normaları arasında olan uyğunsuzluqlar və s. bu kimi amillər bu və ya digər normaların şərhini şərtləndirən amillər kimi çıxış edə bilər. Burada nəzərə alınmalıdır ki, Konstitusiyanın və ya qanun normalarının şərhi hər bir konkret halda şərh edilən müddəanın mətninin dəqiqliklə öyrənilməsini, həmin müddəanın yaranma tarixinə, konstitusiya sistemində yerinə, məqsəd və mahiyyətinə diqqət yetirilməsini tələb edir.

Konstitusiyanın və normativ hüquqi aktların normalarının konstitusiya nəzarəti orqanı tərəfindən şərhi zamanı konkret qanunvericilik sistemi çərçivəsində Konstitusiya və digər qanunvericilik normalarının daxili iyerarxiyasının müəyyən edilməsi; qanunvericilikdə ziddiyyətlərin, boşluqların aradan qaldırılması; ictimai münasibətlərin konstitusiya-hüquqi tənzimlənməsi və qəbul ediləcək qanunvericilik aktları üçün yeni istiqamətlərin formalaşdırılması; konstitusiya ilə beynəlxalq hüququn ümumtanınmış prinsip və normaları, tərəfdar çıxılan beynəlxalq müqavilə normalarının qarşılıqlı nisbətinin müəyyən edilməsi təmin olunur”.

Qeyd edək ki. Konstitusiya Məhkəməsi qərarlarının hüquqi qüvvəsi 66-cı maddə ilə tənzimlənir. Bu maddəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Onların  qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Konstitusiya Məhkəməsinin qərarlarını icra etməyən vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin X hissəsinə görə qanunlar və digər aktlar, yaxud onların ayrı-ayrı müddəaları, Azərbaycan Respublikasının hökumətlərarası müqavilələri Konstitusiya Məhkəməsinin qərarında müəyyən edilmiş müddətdə qüvvədən düşür, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələri isə qüvvəyə minmir. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olmayan hesab edilmiş məhkəmə aktları icra edilməməli və müvafiq məhkəmə işlərinə Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.

Konstitusiya Məhkəməsinin qərarının qəbul edilməsi üçün əsas təşkil etmiş Azərbaycan Respublikası Konstitusiyasının norması referendum nəticəsində dəyişdirildikdə, həmin qərar Konstitusiya Məhkəməsi tərəfindən qismən və ya bütövlükdə qüvvədən düşmüş hesab olunur.

Tarix
10 Aprel 2020 [17:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-04-10 17:26:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin