“Tam olaraq istədiyim yerdə deyiləm”

Vüsal Murtuzəliyev: “Məni haqsızlıq küsdürə bilər”

“Hər gün özümə hesabat verirəm. Bu hesabat hər şeyin ola bilər. Hesab edirəm ki, cəmiyyətdə kiçik də olsa, müəyyən bir mövqe tuturam, az-çox tanınıram. Buna görə də atdığım addımı, elədiyim hərəkəti yüz ölçüb, bir biçirəm. Hətta günün əvvəlində belə özümə hesabat verirəm ki, bax bu addımı necə atacaqsan, Vüsal”. “Üç nöqtə” qəzetinin qonağı istedadlı aktyor Vüsal Murtuzəliyevdir.

-Əslində mən...
-Əslində yer kürəsinin milyardlarla sakinindən biri, sadə bir insan, Vətənini sevən bir vətəndaş, öz işində nələrisə etmək istəyən sənətçi, qayğıkeş ata, ailəsini sevən bir kəsəm.

-Ən böyük problemim ondadır ki,...
-İnsanlara tez inanıram. Mənə görə inanmaq gözəl bir şeydir, insanlar gərək bir-birinə inansın. Artıq elə bir dövrə çatmışıq ki, insanlar bir-birinə şübhə ilə yanaşır və bu hal getdikcə də çoxalır. Düzdür, inamımı qıranlar da olur, aldanıram da. Lakin bu normaldır. Hətta inamımın yanıldılmasına baxmayaraq yenə də insanlara olan etibarım azalmır. Fikrimcə, etibarsızlıq olan yerdə böyük çətinliklər də olar və çox şey itirərik.

-Hansısa situasiyada öz prinsiplərinizə əlvida demisiniz?
-Belə bir situasiya olmayıb. Mən prinsipial adamam, amma baxır nədə. Mənə görə, hər şeydə prinsipiallıq da düzgün deyil. İnsan güzəştə getməyi də bacarmalıdır. Konkret deyə bilmərəm ki, daha çox nədə prinsipialam, bu vəziyyətdən asılıdır. Güzəştə isə yalan məqamlarda getmərəm. Yalanı sevmirəm. Deyim ki, bu da yalan danışmamışam, doğru olmaz. Müqəddəs yalanlarım olub, amma belə böyük yalan danışmamışam.

-Mənə elə gəlir ki, yaxşılıq etdiyiniz insan sizə qarşı yamanlıq etdikdən sonra siz yenə də ona yaxşılıq edərsiniz. Düz fikirləşirəm?
-Xeyr, məhz o insana yaxşılıq etmərəm. Mənim xarakterim belədir, insanın üzünə nəyisə vurmuram, lakin onunla elə məsafə saxlayıram ki, artıq özü başa düşür. Düzdür, o insana yamanlıq etmirəm, amma yaxşılıq da etmirəm. Sadəcə məsafə saxlayıram. Bunu da deyim, o insanın həyatında hansısa bir çətin durum olarsa, onunla olan bütün problemlərimi kənara qoyub yenə də köməyimi əsirgəmərəm.

-Fikrimcə, dünyada ən güclü hiss intiqamdır, hətta sevgidən də belə. Nə düşünürsünüz?
-Elə bir vəziyyətə düşməmişəm ki, kimdənsə intiqam alım. İnsanlarla həmişə elə ünsiyyət yaradıram ki, mənə böyük zərbə vurmaq imkanları olmasın, heç buna cəhd də etməsinlər. Xarakterimi nəzərdən keçirsək, həssaslığımla birlikdə ona baxsaq, deyərəm ki, heç bir zaman böyük zərbə dərəcəsində intiqam almaram.

-İnsanın böyüklüyü nədədir?
-İnsan bağışlamağı bacarmalıdır. Burada da situasiya çox mühüm əhəmiyyət kəsb edən məsələdir. Elə hallar olur ki, insan bağışlamalıdır, amma elə hallar da var ki, bağışlamaq istəsən də, alınmır. Ümumilikdə isə insan bağışlamağı bacarmalıdır. Hətta bağışlamaqdan daha çox insan üzr istəməyi bacarmalıdır. Bu insanın böyüklüyüdür.

-Sizin üçün daha çox nə nisbidir?
-Mənim üçün hər kəs gəldi-gedərdir, yalnız ailədən başqa. Həyatda hamı sənə doğma ola bilməz. Düzdür, insanlara bağlı insanam, tənhalığı sevmirəm, amma yenə də deyirəm, mənə görə, insanlar nisbidir.

-Çarəsiz və viranə qaldığınız anlarda nə edirsiniz?
-Çalışıram, bu vəziyyətdən çıxım, çətin də olsa. Öz iradəmlə, hansısa çıxış yolları ilə bu situasiyadan çıxmağa çalışıram. Çünki insan bu vəziyyətdə qaldıqca heç nə edə bilmir. Fikrimcə, çətin də olsa, bu durumdan çıxmalıdır insan.

-Həyatın acı günləri...
-Çox olub. Bu acı günləri daha çox uşaqlıq illərimdə yaşamışam. Ata itkisi, maddi çətinlik...Uşaqlıqla müqayisədə yeniyetməlik və sonrakı illərimdə böyük çətinliklərim olmayıb.

-Dünyada bizə aid olan heç nə yoxdur, mənə görə. Bəs sizcə?
-Dərinliyinə getsək, görərik ki, bizə aid olan hər bir şey Allaha məxsusdur. Amma suala başqa səpkidə cavab versəm, bizə aid olan çox şey var, ailə var, doğmalar var, işimiz var. Bu siyahını daha da uzada bilərik.

-Özünüzə hesabat verirsiniz?
-Hər gün özümə hesabat verirəm. Bu hesabat hər şeyin ola bilər. Hesab edirəm ki, cəmiyyətdə kiçik də olsa, müəyyən bir mövqe tuturam, az-çox tanınıram. Buna görə də atdığım addımı, elədiyim hərəkəti yüz ölçüb, bir biçirəm. Hətta günün əvvəlində belə özümə hesabat verirəm ki, bax bu addımı necə atacaqsan, Vüsal.

-Olub ki, deyəsiniz, sənəti bir qırağa qoyum və yeni bir işə başlayım?
-Xeyr, tam səmimi deyirəm, olmayıb. Düzdür, sənətdən bezdiyim anlar olub, amma düşünmüşəm ki, başqa bir işdə özümü tapa bilmərəm. Bəlkə də, elə bir zaman və elə bir vəziyyət yarana bilər ki, məcbur olaram və hər şeyin üstündən xətt çəkərəm, lakin cari situasiya üçün sənətdən imtina etmərəm.

-Bu sənət sizə nə verib?
-Bu sənət məni insan kimi formalaşdırdı. Onun sayəsində həyata düzgün baxışı formalaşdırdı, insanlara inamı, etibar etməyi formalaşdırdı. Sənət mənə az-çox sevgi gətirdi. Hesab edirəm, incəsənətlə məşğul olan insan üçün bundan artıq heç nə lazım deyil. Düzdür, bəlkə də, başqa bir işlə məşğul olsaydım, daha varlı olardım, amma bu məsələnin maddi tərəfidir. Mənəvi cəhətdən mən kasıb olacaqdım. Məşğul olduğum bu sənət ruhuma yaxındır.

-Kiminsə vicdan əli təmiz olmayanda salam verirsiniz?
-“Mexaniki salam” deyilən bir şey var, bu olur. Elə adamlar var ki, salamlaşanda ürəyini verisən, amma elələri də var ki, mexaniki olaraq salam verirsən. Əslində, vicdan çox böyük bir anlayışdır.

-Kimdən və nədən asılısınız?
-Deyərdim, ailəmdən asılıyam. Sözün yaxşı mənasında doğmalarımdan asılıyam. Bəlkə də, həyatımda onlar olmasaydı, uğurlara imza atmazdım. Uğur mənbəyim doğmalarımdır. Nədən asılıyam? Sənətdən. Bizim sənət asılı sənətdir, desəm, səhv olmaz. Biz aktyorlar rejissorlardan asılıyıq (gülümsəyir).

-Sənətdən sizi nə küsdürə bilər?
-Məni çox böyük haqsızlıq küsdürə bilər. Mənə düzgün qiymət verilməməsi məni küsdürə bilər. Mən dediyim kimi, çox həssas insanam. Belə hallarla qarşılaşmışam, amma bu məqamlar məni qırmayıb, işimə davam etmişəm. Tək incəsənətdə deyil, istənilən sahədə insan haqsızlıqla üzləşir.

-Üç yaradıcı beyin (Oqtay müəllimin, Dilarə xanımın və sizin) toqquşanda nə baş verir?
-Fərqli fikirlər ortaya çıxır. Oqtay müəllimin fikirləri fərqli olur, Dilarə xanımın başqa, mənim fikirlərim isə tamam başqa. Ümumilikdə isə, hər üç beyin bir məqsədə qulluq edir. Deyirlər, ağıl ağıldan üstündür. Hərəmiz bir şey təklif edəndə ortaya mükəmməl bir iş çıxır.

-Dilarə xanımdan incidiyiniz anlar olubmu?
-Tam səmimi deyirəm, heç bir zaman. Hərdən özümə də qəribə də gəlir ki, necə olur bu? Biz ailədə dörd uşağıq-iki bacı, iki qardaş. Mən sonbeşiyəm. Düzdür, fərqli xarakterlərə malik insanlarıq dördümüzdə, amma heç bir zaman böyük küsülülüklərimiz olmayıb. Dilarə xanım çox yaxşı insandır.

-Düşünməyə zaman yoxdur, anidən qərar verməlisiniz. Olub sizdə belə bir hal?
-Olub. Etiraf edim ki, uduzduğum məqamlar da olub. Ümumiyyətlə, sakit və proqramlaşdırılmış həyatı çox sevirəm. Bəlkə də, özümü buna öyrəşdirmişəm. Amma bəzən də olur ki, anidən qərar verirsən, bax onda çox vaxt yanılıram.

-Hər kəsi həyatınıza rahatlıqla buraxa bilərsiniz?
-Xeyr, buraxa bilmərəm. Bu mümkün deyil. Bəlkə, o insan mənə xas deyil, xarakterimə, mənə uyğun deyil. Əgər mən o insanla iki kəlmə söz danışa bilməyəcəmsə, niyə buraxım? Bir insandan mənəvi olaraq nəsə almayacamsa, buraxmaram.

-İnsanlara maneələr necə qoyursunuz?
-Müəyyən maneələr olub ki, qoymuşam. O da baxır kimə maneə qoymuşam. Təbii ki, hər kəsə maneə qoymaq olmaz. Amma adamlar var ki, onlara maneə qoymalısan. Mütləq şəkildə qoymalısan. Məsələn, işin özündə elə insanlar olur ki, onlarla məsafəni qorumalısan.

-İstədiyiniz yerdəsiniz?
-Tam olaraq istədiyim yerdə deyiləm. Layiq olduğum yerdə daha çox olmaq istərdim. Özümün potensialına əminəm və bilirəm ki, daha çox şeylər edə bilərəm. Bir az da şans və bəxt mühüm rol oynayır. Mən şansa inanıram. İnsan çox istedadlı ola bilər, amma şans da qaçılmazdır. Hesab edirəm ki, daha yüksək zirvələrdə ola bilərəm, sadəcə bunu görmürlər. Əminəm ki, gec-tez o pillədə olacam. Belə şikayətim yoxdur, şükür Allaha, sənətimdə müəyyən yerdəyəm, amma daha da zirvədə ola bilərəm. Təbii ki, o şərait mənə yaradılsa.

-Gündəlik olsaydı, gördüyünüz işləri neçə balla qiymətləndirərdiniz?
-Beş ballıq sistemdən dörd balla qiymətləndirərdim. Çünki beş bal olması üçün o potensialımı göstərməliyəm. Təbii ki, onu göstərsəm, beş balla qiymətləndirərəm. Mən heç bir zaman özümdən tam şəkildə razı olmamışam. Çalışıram, razı olmayım.

Rövşən Tahir

Tarix
4 Aprel 2020 [16:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-04-04 16:28:54
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin