Sumqayıt şəhərinə giriş-çıxış bağlanıb? - AÇIQLAMA

16:24 - 30 Mart 2020 - Xəbər

Sumqayıt şəhərinə giriş-çıxışın bağlanması ilə bağlı məlumatlar yayılıb.

Sosial şəbəkədə bununla bağlı fotolar paylaşılıb.

İddia edilir ki, şəhərin girişində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları avtomobilləri saxlayıb. Bu səbəbdən nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Oxu.Az-a açıqlama verib.

O bildirib ki, sosial şəbəkələrdə Sumqayıt şəhərinə avtomobillərin giriş-çıxışının bağlanmasına dair yayılan məlumatlar əsassızdır:

“Nəqliyyat vasitələrinin Sumqayıt şəhərinə giriş-çıxışı ilə bağlı qadağa yoxdur. Bu məlumatlar həqiqəti əks etdirmir. Sadəcə olaraq, şəhərin Yol Polis İdarəsinin əməkdaşları sürücülərlə maarifləndirici söhbətlər edir.

Ölkədə xüsusi karantin rejimi tətbiq edilir. Belə bir vəziyyətdə avtomobil yollarında bu qədər nəqliyyatın olması doğru deyil. Əməkdaşlar bir neçə avtomobili saxlayaraq tövsiyə ediblər ki, zərurət olmadığı halda evdən çıxmasınlar. Müntəzəm olaraq bu istiqamətdə sürücülər və vətəndaşlarla profilaktik söhbətlər aparılır”./

Xəbər xətti