Bakıda piyadanı öldürüb qaçan sürücü tutuldu

11:10 - 22 Mart 2020 - HADİSƏ

Sabunçu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. 

Bununla bağlı Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə açıqlamasında bildirilib.

Belə ki, martın 21-də paytaxtın Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Zahid Ömərovun sərxoş halda idarə etdiyi “Kamaz ” markalı, 10-UA-651 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yolu keçmək istəyən piyada 1985-ci il təvəllüdlü Abdullayev İsmayıl Yaşar oğlunu vuraraq sonuncunun ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3 (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyən edilərək dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Z.Ömərov şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir./report

Xəbər xətti