Milli Məclisin sədri deputatlar sırasından gizli səsvermə yolu ilə seçilir

18:53 - 16 Mart 2020 - KİVDF

Gigizli səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclisin Sədri seçilir

Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açaraq deyib: “Azad, ədalətli və şəffaf seçkilər nəticəsində formalaşmış altıncı çağırış Milli Məclis fəaliyyətə başlayır. Hörmətli deputatlar, Milli Məclisə seçilməyiniz münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm. Milli Məclisin Daxili Nizamnaməsinin ikinci maddəsinə görə, Milli Məclisin ilk iclasını ən qocaman deputat aparır. Bu şərəfli missiya Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadəyə nəsib olmuşdur”.

Ziyad Səmədzadə deyib: “Hörmətli deputatlar, Milli Məclisə seçilməyiniz münasibətilə sizi təbrik edirəm. Parlament fəaliyyətində sizin hər birinizə böyük uğurlar, cansağlığı arzulayıram. Milli Məclisin Daxili Nizamnaməsinin ikinci maddəsinə görə, yeni çağırış Milli Məclisin ilk iclasında Milli Məclisə seçilmiş deputatların siyahısı oxunmalıdır. İcazənizlə, altıncı çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyuram” Z.Səmədzadə altıncı çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub.

Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci, 35-ci, 36-cı və 41-ci maddələrinə əsasən birinci iclasın gündəliyinə 6 məsələ daxildir: Milli Məclisin Sədrinin, Sədr müavinlərinin seçilməsi, intizam komissiyasının yaradılması, hesablayıcı komissiyanın seçilməsi, Milli Məclis komitələrinin sədrlərinin və sədr müavinlərinin seçilməsi. Gündəlik səsə qoyularaq qəbul edilib.

Göründüyü kimi gündəliyin birinci məsələsi Milli Məclisin Sədrinin seçilməsidir. Milli Məclisin Daxili Nizamnaməsinin 33-cü maddəsinə görə, Milli Məclisin Sədri vəzifəsinə namizədliyi deputatlar irəli sürə bilərlər. 33 maddə deyilir:  Milli Məclisin Sədri Milli Məclisin deputatları sırasından gizli (elektron sistemindən istifadə etməklə) səsvermə yolu ilə seçilir. Elektron sistemindən istifadə zamanı nasazlıq yarandıqda gizli səsvermə bülletenlər vasitəsilə keçirilir. Milli Məclisin Sədri vəzifəsinə namizədliyi Milli Məclisin deputatları irəli sürə bilərlər. Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul olunur. Səsverməyə azı 10 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Parlament çoxluğunu təşkil edən Yeni Azərbaycan Partiyasının nümayəndələri bu səhər yığıncaq keçirib. Milli Məclisin Sədri vəzifəsinə Yeni Azərbaycan Partiyasının namizədini təqdim etmək üçün söz deputat Eldar İbrahimova verilib. Deputat Eldar İbrahimov bildirib ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisə keçirilmiş deputat qrupu parlamentdə çoxluq hüququndan istifadə edərək və partiya sədrinin tövsiyəsi nəzərə alınaraq Azərbaycan Respublikası Milli Məclisinin Sədri vəzifəsinə deputat Sahibə xanım Qafarovanın namizədliyini irəli sürür. “Hörmətli Sahibə xanım Qafarova qanunvericilik fəaliyyəti sahəsində böyük təcrübəyə malikdir. 2010-cu ildən Yeni Azərbaycan Partiyasını Milli Məclisdə layiqincə təmsil edir. Beynəlxalq təşkilatlarda və görüşlərdə fəal iştirakı, Azərbaycanı bacarıqla təmsil etməsi, ölkəmizin mövqelərini qətiyyətlə müdafiə edə bilməsi ilə daim fərqlənmiş, seçicilərin dərin rəğbətini qazana bilmişdir. O, cəmiyyətdə xüsusi hörmət sahibidir. İnanırıq ki, malik olduğu şəxsi keyfiyyəti və təcrübəsi sayəsində Sahibə Qafarova Azərbaycan Respublikası Milli Məclisinin Sədri vəzifəsinin öhdəsindən layiqincə gələ biləcək. Yeni Azərbaycan Partiyası deputatlarının bugünkü qrup toplantısının qərarı bundan ibarətdir. Xahiş edirəm deputat həmkarlarım nəzərə alsınlar”.

Başqa təklif olmayıb və  Milli Məclisin Sədri vəzifəsinə biz bir nəfərin - Sahibə Qafarovanın namizədliyini irəli sürülüb. Bundan sonra Milli Məclisin Daxili Nizamnaməsinin 33-cü maddəsinə uyğun olaraq  Milli Məclisin Sədri elektron sistemdən istifadə etməklə gizli səsvermə yolu ilə seçilib.  Bu maddədə bildirilir ki, gizli səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclisin Sədri seçilir.

Namizədlərin heç biri azı 63 səs almadıqda, bu Daxili Nizamnamənin 27-ci maddəsində nəzərdə tutulmuş qaydada səsvermənin ikinci dövrəsi keçirilir Bu maddəyə əsasən,  ikidən çox namizəd barəsində səsvermə keçirildikdən sonra namizədlərin heç biri Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş səs çoxluğu yığa bilməzsə, daha çox səs yığmış iki namizəd səsvermənin ikinci dövrəsinə keçir. İkinci dövrədə o namizəd seçilmiş sayılır ki, Azərbaycan Respublikasının Konstitusiyası ilə Milli Məclisin qərarlarının qəbul edilməsi üçün nəzərdə tutulmuş səs çoxluğu qazanmış olsun. İkinci dövrədə namizədlərin heç biri lazımi səs çoxluğu qazana bilmədikdə başqa namizədlər göstərilməklə yeni səsvermə keçirilir. Səsvermənin ikinci dövrəsinə isə ehtiyac qalmayıb. Çünki bu vəzifəyə bir namizəd olub və Sahibə Əli qızı Qafarova 116 səs toplayaraq Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilib.

Sonra Milli Məclis Sədrinin müavinləri seçilib. Milli Məclisin Daxili Nizamnaməsinin 34-cü maddəsi ilə Milli Məclis Sədrinin müavinlərinin seçilməsi qaydası tənzimlənir. Bu maddəyə əsasən, Milli Məclisin Sədrinin müavinləri Milli Məclisin deputatları sırasından açıq səsvermə yolu ilə seçilir. Milli Məclisin Sədrinin müavini vəzifəsinə namizədliyi ilk növbədə Milli Məclisin Sədri, sonra isə Milli Məclisin deputatları irəli sürə bilərlər. Milli Məclisin Sədri və hər deputat Milli Məclisin Sədrinin birinci müavini və müavini vəzifələrinin hər birinə yalnız bir namizəd göstərə bilərlər. Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir. Səsverməyə azı 7 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir.

Açıq səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclisin Sədrinin müavini seçilir. Namizədlərin heç biri azı 63 səs almadıqda, bu Daxili Nizamnamənin 27-ci maddəsində nəzərdə tutulmuş qaydada səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə heç bir namizəd 63 səs ala bilməzsə, başqa namizədlər göstərilməklə yeni seçkilər keçirilir.
Milli Məclis Sədrinin müavinlərinin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir.

 Deputat Əli Hüseynli Milli Məclis Sədrinin birinci müavini, deputatlar Adil Əliyev və Fəzail İbrahimli Sədrin müavinləri seçiliblər.

Daha sonra parlament komitələrinin sədrləri seçilib. Deputat Əli Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin, Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Siyavuş Novruzov Regional məsələlər komitəsinin, Bəxtiyar Əliyev Elm və təhsil komitəsinin, Qənirə Paşayeva Mədəniyyət komitəsinin, Zahid Oruc İnsan hüquqları komitəsinin, Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Əhliman Əmiraslanov Səhiyyə komitəsinin, Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar komitəsinin, Adil Əliyev Gənclər və idman komitəsinin sədrləri təsdiq ediliblər. İclasda komitə sədrlərinin müavinləri də təsdiq olunub.

Xəbər xətti