“Ana var ki, işdən sonra evə deyil, kafedə şəkil çəkdirməyə gedir”

12:20 - 5 Mart 2020 - MAQAZİN

“Qadınlar günü yaxınlaşır. Qadın mövzusunu, hətta koronavirus belə üstələyə bilməz. Qadın necə olmalıdır? Qadını necə görmək istərdiniz?”

“Qafqazinfo” xəbər verir ki, bu sözləri məşhur aparıcı Azər Qərib instaqram səhifəsində yazıb. O, qadınlar arasında fərqləri sosial şəbəkədə müzakirəyə çıxarıb:

“Azərbaycanda qadınların rolu haqda iki paralel yanaşma var. Biri patriarxal, dədə-babadan qalma milli ənənələrə arxalanan yanaşmadır ki, qadının rolu evdədir, ocaq qoruyucusudur, arxa cəbhədir, anadır, uşaqların tərbiyəsidir, dadlı xörəklər bişirməkdir, corabları ütüləməkdir, evdən bayıra tək çıxmamaqdır, xalatı iki ildə bir dəfə dəyişməkdir. Bu, daha çox əyalətlərə aiddir.

Digər yanaşma, şərti olaraq şəhər yanaşması daha müasirdir, proqressiv hesab olunur. Bu yanaşmada qadın işləyir, karyera qurur, corabı isə “ximçistkaya” göndərir.

Hər iki yanaşmanın xeyli qolları var. İşləyən ana var ki, işdən sonra evə, uşaqlarının yanına deyil, növbəti kafedə poz verib şəkil çəkdirməyə gedir. Ana da var ki, heç doymur axşam saat 7-yə kimi işləməkdən, işdən sonra güllə kimi cumur evə, ailəsini görməyə...

Evdə oturanlar da müxtəlifdir. Kimi gününü salonlarda və alış-veriş mərkəzlərində keçirir. Uşaq başdı-başına, ər başdı-başına qalır, yeməyi xadimə bişirir, kişinin qabağına bir parça ət atır ki, tez ol, ye. Digər evdə oturan həm salona çatır ki, daim gözəl olsun, həm də uşaqları tərbiyə edir, onlara kitablar oxuyur, dərslərinə kömək edir, evin təsərrüfatını aparır, mətbəxdə ərinə delikateslər hazırlayır, evi bəzəyir, yəni, vaxtını həm evə və ailəyə sərf edir, həm də öz xarici görünüşünü unutmur. Yəni, belədir durum. Yoxsa, belə deyil?”.

 


Xəbər xətti