“Sənətimin qədrini bilirəm”

Almaxanım Əhmədli: “Sirlərimi Allahla bölüşürəm”

“Muğam ruhumun bir hissəsidir. Əhvalım olmayanda onu ifa edirəm və ruhumu muğamla oxşayıram. Muğamı ifa edəndə özümü başqa bir dünyada hiss edirəm. Muğam xırdalıqlarla zəngin dərin bir sənətdir, öyrənib qurtarılmayacaq qədər dərin”. “Üç nöqtə” qəzetinin qonağı məlahətli səsə malik xanəndə Almaxanım Əhmədlidir.

-Yaşamaq velosiped sürmək kimidir. Yıxılmaq istəmirsənsə, sür. Bu fikirlə razısınız?
-Gözəl fikirdir. Gərək həyatda heç bir zaman dayanmayasan, nəyəsə nail olmaq istəyirsənsə, mübarizə aparasan. Həyat mübarizədən ibarətdir. Mən də sənətim uğrunda mübarizə aparıram. İstənilən sahədə hər şeydən öndə əziyyət durur. Nə qədər şanslı olursansa, ol, əziyyət də çəkməlisən ki, uğurlara nail olasan. Mən hələ çətinliklərin başlanğıcındayam, qarşıda məni daha böyük əziyyətlər gözləyir. Onlara qatlaşmalıyam ki, bir sıra uğurlara imza atım.

-Bəzi şeylərin sizin üçün çox gec olduğunu düşünmüsünüz heç?
-Dediklərim böyük səslənməsin, əksinə, tez olduğunu düşünmüşəm. Fikirləşirəm, heç nədə gecikməmişəm. Mən hətta orta məktəbə də 1 il tez getmişəm. Bu səbəbdən məktəbi 1 il tez bitirib, Konservatoriyaya daxil olmuşam. Sənətlə də bir az tez məşğul olmuşam. Bu da Allahın bir qismətidir ki, buna görə Allahıma sonsuz təşəkkür edirəm. Ümumən xarakterimdə tələskənlik var ki, hər şeyə daha tez nail olmalıyam.

-Niyə görə muğam ifaçıları bu qədər sadə və səmimi olurlar?
-Yəqin ki, bu ustad sənətkarlar tərəfindən gənclərə ötürülən bir ənənədir. Biz görmüşük ki, xanəndə sadə olmalıdır, sanballı olmalıdır və səliqəli olmalıdır. Muğam elə bir sənətdir ki, xalqa məxsusdur. Əgər sənət xalqa məxsusdursa, deməli, xanənəndə də xalqa məxsusdur. Belə olan təqdirdə niyə özümüzü sadə aparmayaq?

-Ətrafdakı insanlardan çox asılısınız?
-Az öncə qeyd etdim ki, muğam sənəti ağır çəkiyə malik olan bir sənətdir. Ona görə də biz geyimimizə, danışığımıza, davranışımıza xüsusilə diqqət yetirməliyik. Yəni biz xanəndələr hər şeyə daha çox fikir verməliyik. Əslində bunun adı asılılıq deyil, tamaşaçıya qarşı olan hörmətdir.

-Dünyanı gözəllik xilas edir yoxsa məhəbbət? Nə düşünürsünüz?
-Qəribə sualdır. Yəqin ki, məhəbbət xilas edər.

-Hər bir insanın xəyanət etmədiyi dostu var. Məndə bu qələmdir. Bəs sizdə?
-Məndə də musiqi. Tam səmimi deyirəm, bir günümü musiqisiz təsəvvür edə bilmərəm. Deyim ki, sırf muğam ifa edirəm, muğam dinləyirəm yalan olar, bəstəkar mahnıları, xalq mahnıları da dinləyirəm. Çalışıram, balansı qoruyum.

-Bu vaxta qədər nəyi etmədiyinizə görə heyifsilənirsiniz?
-Hələ ki, elə böyük bir şey yoxdur. Amma insanıq, bəzən demədiyimiz sözlərə görə peşman ola bilərik. Məndə hərdən heyifsilənirəm ki, kaş bu sözü deyərdim. Olur belə bir məqamlar.

-Dediniz ki, insanlara hansısa sözləri demədiyim üçün peşmanam. Deməli, susmağı bacaran insansınız?
-Bəli. Bir az da mən utancaq insanam, ona görə də emosiyalarımı çox da biruzə verə bilmirəm. Düzdür, bu hal mənə müəyyən məqamlarda mane olur, amma xarakterimdən irəli gəlir utancaqlıq, nə edə bilərəm axı?

-Nəyin qədrini daha çox bilirsiniz?
-Söhbət kimdənsə deyil, nədənsə gedirsə, bu sualın da cavabı sənətimdir. Sənətimin qədrini bilirəm, əgər Allah bu səsi mənə veribsə, onu qorumalıyam. Mən, ümumiyyətlə, sənətimin vurğunuyam. Heç bir halda da bu sənəti tərk etmərəm.

-Allahla tez-tez danışırsınız?
-Tez-tez danışıram. Sirlərimi dostlarımdan daha çox Allahla bölüşürəm. İnsanlara bir o qədər də etibar eləmirəm. Ona görə də Allahla daha çox söhbət edirəm.

-Gecələr yatım, səhər oyanmayım. Olub sizdə belə bir hal?
-Xeyr, olmayıb. Elə bir faciəli hal yaşamamışam ki, bu cümləni deyim. İnsanın başına elə bir ağrılı-acılı hadisə gəlməlidir ki, bu cümləni desin. Çox şükür Allahıma, məndə elə məqam olmayıb. Əksinə, yatanda Allaha dua edirəm ki, sabaha sağ-salamat çıxart bizi, ey Rəbbim.

-Oxuduğunuz ifalar hardasa canınızı ağrıdırmı?
-Musiqi, mahnı elə bir şeydir ki, onu dinləyənlər fikirləşə bilərlər ki, ifaçı nələr yaşayıb, bunu ağrılı-acılı oxuyur? Elə ifalarım var ki, onları dinləyəndə özümün də canı ağrıyır. Mahnıları ifa edəndə ruhumla hiss edib oxuyuram.

-Muğam sizin üçün nə deməkdir?
-Muğam ruhumun bir hissəsidir. Əhvalım olmayanda onu ifa edirəm və ruhumu muğamla oxşayıram. Muğamı ifa edəndə özümü başqa bir dünyada hiss edirəm. Muğam xırdalıqlarla zəngin dərin bir sənətdir, öyrənib qurtarılmayacaq qədər dərin.

-Getmiş qatarın arxasınca baxırsınız?
-Hələ ki, gedən bir qatarım olmayıb. Küsülü olduğum insanların peşmançılığını yaşamıram ki, niyə münasibət bitib? Bunu da Allahın məsləhəti ilə əlaqələndirirəm. Həmişə demişəm ki, deməli, Allah belə məsləhət bilib ki, mən kimdənsə uzaq olum.

-Kövrək xanımsınız?
-Əslində bəli, amma kövrək görünməyə çalışmıram. Zahirən sərt insan kimi görünə bilərəm, amma özümlə tək baş-başa qalanda o qədər kövrəlirəm ki.

-Sənətə sevginin qədəri nə ilə bilinir?
-Əgər söhbət sənətə sevgidən gedirsə, onu qorumaqla bilinir. Necə qorumaqla? Gərək sənəti layiqincə qoruyasan. Əsrlərdən bəri mövcud olan muğamımızı bizə necə təqdim ediblərsə, biz də gələcək nəsillər üçün elə bir şəkildə-yüksək səviyyədə qorumalıyıq.

-Sadiq insansınız?
-Sənətimə necə sadiqəmsə, ailəmə, dostlarıma da elə sadiqəm. Düzdür, indi elə bir dövrdür ki, insanlara etibar etmək olmur. Təvazökarlıqdan uzaq olsun, amma mən düşünürəm ki, sadiqəm.

-Bəs Almaxanımın etibar etdiyi, güvəndiyi insanlar çoxdur?
-Güvəndiyim yalnız Allahım və ailəmdir. Daha çox atama güvənirəm. Ata insanın etibar edəcəyi güvən yeridir. O, elə bir varlıqdır ki, mövcudluğu ilə özünü güclü hiss edirsən. Nəinki ata, ana da övladın sığındığı bir kəsdir. Ümumiyyətlə, valideyn anlayışı müqəddəs anlayışdır.

-Dünya haqqında düşünürsünüz?
-Hərdən fikirləşirəm ki, dünyaya gəlmişiksə, özümüzdən sonra bir iz qoymalıyıq. Bu cümləni mütəmadi olaraq düşünürəm. Allahın verdiyi ömrü layiqli və mənalı yaşamaq istəyirəm. Çalışıram, elə bir iz qoyum ki, bu dünyada olmayanda yaxşı xatırlanım.

-Allah sizə ömür versin. Hələ gəncsiniz, ölümdən danışmayaq. Sənətinizdə o qədər uğurlar əldə edəsiniz ki, sayı-hesabını itirəsiniz. Dəvətimi qəbul edib gəldiyiniz üçün sizə təşəkkür edirəm.
-Xoş sözlər qarşılıqlıdır. Mən də sizə və komandanıza minnətdaram.

Rövşən Tahir

Müsahibədə yaratdığı şəraitə görə “Azərkitab” Kitab Mərkəzinə təşəkkür edirik.

Əlaqə nömrələri: +99450 260 90 20, +99412 530 22 33

Ünvan: Akim Abbasov küç., 78 (Lider Tv-nin yanı, Yasamal parkı ilə üzbəüz)

 

Tarix
24 Fevral 2020 [17:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-24 17:04:28
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin