Məhkəmələrin üzərinə başqa vəzifələr qoyulması yolverilməzdir

18:45 - 24 Fevral 2020 - KİVDF

Məhkəmələrdə işlərə birinci instansiya, apellyasiya və kassasiya instansiyası üzrə baxılır

Hüquqi dövlət – dövlətin təşkilinin və fəaliyyətinin elə bir formasıdır ki, burada insan və vətəndaşın hüquqları və azadlıqları təmin olunur, dövlət hakimiyyətinin fiziki şəxslər və onların müxtəlif birlikləri ilə əlaqələri hüquq əsasında qurulur. Bu sahədə  atılan ən mühüm addımlardan biri hüquq sisteminin inkişafıdır. Həyata keçirilən hüquqi islahatların özülünə ümumbəşəri demokratik prinsiplər, qanunun aliliyi və insan hüquqlarının müdafiəsi kimi fundamental dəyərlər, ədalət mühakiməsinin prinsipləri qoyulub.. Məhkəmə sistemi islahatının konsepsiyası aşağıdakı əsas məqsəd və vəzifələri müəyyən etmişdir. Hüquqi dövlət çərçivəsində məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsinin təmin edilməsi, vətəndaşların məhkəməyə ədalətli araşdırma üçün müraciət etmək hüququnun təmin edilməsi, peşəkar hüquqi yardım almaq imkanı, məhkəmə qərarlarından şikayət vermək hüququnun həyata keçirilməsi və s.  Bu istiqamətdə atılan addımlardan biri "Məhkəmələr və hakimlər haqqında" qanun qəbul olunmasıdır. Qanun Azərbaycan Respublikasında ədalət mühakiməsinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş müstəqil məhkəmə hakimiyyəti yaratmağa yönəlib. Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilib.  "Məhkəmələr və hakimlər haqqında" qanunda qeyd olunur ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asıla olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Azərbaycan Respublikasının Konstitusiyasında və bu qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Məhkəmələrin üzərinə başqa vəzifələr qoyulması yolverilməzdir. Məhkəmələrdə işlərə birinci instansiya, apellyasiya və kassasiya instansiyası üzrə baxılır. Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada Azərbaycan Respublikası məhkəmələrində işlərə  kollegial və hakim tərəfindən təkbaşına: birinci instansiya məhkəməsində işlərə təkbaşına və ya üç hakimdən ibarət tərkibdə, appelyasiya və kassasiya instansiyası məhkəməsində üç və ya daha çox hakimdən ibarət tərkibdə baxılır.

Bu qanuna əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar.
Məhkəmələrdə işlərə baxılarkən məhkəmə iclasının protokolu aparılır. Onun gedişini və məhkəmə istintaqı zamanı aparılan prosessual hərəkətləri qeyd etmək üçün texniki vasitələrdən istifadə edilə bilər.

Beləliklə, Konstitusiyada bəyan edilmiş məhkəmə hakimiyyətinin müstəqilliyi "Məhkəmələr və hakimlər haqqında" Qanununda inkişaf etdirilərək öz real təminatını tapır və məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsinə hüquqi zəmin yaradır. Qanun yeni məhkəmə sistemini, onun təşkilati əsaslarını müəyyən edərək, məhkəmələrin və hakimlərin müstəqilliyinin təmin edilməsinə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın verilməsinə, məhkəmələrin fəaliyyətinin və hakimlərin statusunun beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlir, köhnə hüquq sistemindən miras qalmış korporativ münasibətləri aradan qaldırır. Qeyd etmək lazımdır ki, sovet məhkəmə sistemi ikipilləli olmaqla, əlavə olaraq işlərə məhkəmədə nəzarət qaydasında baxılmasını da nəzərdə tuturdu. Ali Məhkəmə həm birinci instansiya, həm də kassasiya instansiyası məhkəməsi funksiyalarını həyata keçirməklə yanaşı, həm də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına nəzarət qaydasında yenidən baxmaq hüququna malik idi. Yeni qanunvericilik müxtəlif məhkəmə instansiyalarının səlahiyyətlərinə aid olan bu funksiyaların Ali Məhkəmədə cəmləşməsini aradan qaldırır və Ali Məhkəmə kassasiya instansiyası məhkəməsi kimi məhkəmə piramidasının zirvəsində dayanır. "Məhkəmələr və hakimlər haqqında" Qanun köhnə məhkəmə quruluşundan tamamilə imtina edir və beynəlxalq standartlara cavab verən yeni məhkəmə quruluşunu ehtiva edir. Bu islahatlardan sonra ölkəmizdə birinci, apelyasiya və kassasiya instansiyalı üçpilləli məhkəmə sistemi formalaşır. Yeni məhkəmə quruluşu işlərə birinci instansiya məhkəmələrində baxılmasına, onların hüquqa və fakta görə apelyasiya qaydasında yenidən baxılmasına, daha sonra isə məhkəmə qərarlarına hüquqa görə kassasiya qaydasında yoxlanılmasına imkan yaradır. Bu isə, öz növbəsində birinci instansiya məhkəməsinin buraxdığı səhvlərin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərin mahiyyətcə və prosessual baxımdan düzgün və obyektiv həll edilməsinə, süründürməçiliyin aradan qaldınlmasına, köhnə sistemdən miras qalmış nəzarət instansiyasından imtina edilməsinə zəmin yaradır.

“Məhkəmələr və hakimlər haqqında" və “Konstitusiya Məhkəməsi haqqında" qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaradıb.
Konstitusiya Məhkəməsi geniş səlahiyyətlərə malik konstitusiya nəzarəti orqanıdır. Konstitusiya Məhkəməsi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunu yoxlamaq səlahiyyəti vasitəsilə, ilk növbədə, qanunvericilikdə nəzərdə tutulmuş Konstitusiyanın aliliyinin təmin edilməsi məqsədini həyata keçirir. Konstitusiya Məhkəməsi yoxlanılan normanın və ya onun hər hansı bir hissəsinin Konstitusiyaya və ya özündən üstün hüquqi qüvvəyə malik akta uyğun olmadığını müəyyən etdikdə, onu qüvvədən düşmüş elan edir. Bununla həmin normativ hüquqi aktın müvafiq müddəası öz hüquqi qüvvəsini itirir və Azərbaycan Respublikasının ərazisində tətbiq edilmir.

Konstitusiya Məhkəməsi bəzən müvafiq sorğu əsasında normativ hüquqi aktların Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması səlahiyyətini həyata keçirərkən məsələnin tənzimlənməsinin və hüquq tətbiqetmə təcrübəsinin birbaşa istiqamətləndirilməsinin zəruriliyi qənaətinə gələrək qanunvericiliyin müvafiq normalarını şərh edir.

Konstitusiya Məhkəməsinin mühüm səlahiyyətlərindən biri də Konstitusiyanın və qanunların şərh edilməsidir. Konstitusiya Məhkəməsi normativ hüquqi aktın rəsmi şərh edilməsinin qanunvericilikdə konkret hüquqi təcrübənin formalaşdırılması baxımından əhəmiyyətini nəzərə alaraq digər dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində hər hansı normanın təcrübədə düzgün tətbiqini müəyyənləşdirir. Normativ hüquqi akt şərh edilərkən onun normalarının məzmunu izah edilir, onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər normalar ilə funksional və başqa əlaqələri müəyyən edilir. Konstitusiya Məhkəməsinin verdiyi rəsmi şərh nəticəsində, eyni zamanda, hüquqi tənzimetmə sahəsində mövcud boşluqlar aradan qaldırılaraq qanunvericilik normaları ictimai münasibətlərin hüquqi tənzimetmədən kənar qalmış hissəsinə də konstitusiya prinsipləri nəzərə alınmaqla tətbiq olunur. Qanunvericilik normalarının rəsmi şərhi nəticəsində hüquq tətbiqetmə təcrübəsi vahid qaydada istiqamətləndirilərək ölkəmizin hüquq sisteminin inkişafı və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi üçün əhəmiyyətli şərait yaradılır.

Konstitusiya Məhkəməsinin 5-ci maddəsində bildirilir ki, Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyildir.
Hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla konstitusiya icraatına məhdudiyyət qoyulması, təsir, hədə və müdaxilə edilməsi, habelə məhkəməyə hörmətsizlik göstərilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur.

Xəbər xətti