MSK namizədlərin şikayətlərinin DSK-lara göndəriməsinə aydınlıq gətirib

12:15 - 17 Fevral 2020 - Xəbər

Milli Məclisə seçkilərlə əlaqədar deputatlığa namizədlər və siyasi partiyalar tərəfindən yuxarı seçki komissiyalarına şikayət proseduru açıqlanıb.

Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimli APA-ya açıqlamasında deyib ki, seçki subyektləri seçki məntəqəsində qanun pozuntuları aşkar edərsə, bununla əlaqədar həmin gün məntəqə seçki komissiyasına müraciət etmək hüququ var.

Seçki subyektləri seçki məntəqəsində ümumilikdə hansısa nöqsanları mübahisələndirmək fikrindədirsə, seçkidən sonra 3 gün ərzində müvafiq dairə seçki komissiyasına (DSK) müraciət edə bilər. Fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar bu müddət 10, 11 və 12 fevral tarixlərini əhatə edir. DSK müraciətə 3 gün ərzində baxaraq qərar verməlidir. Fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar bu müddət fevralın 15-də başa çatır. Əgər müvafiq DSK-nın seçki məntəqələrində baş verən hadisələr, qanun pozuntuları ilə bağlı qərarı seçki subyektlərini qane etmirsə, yaxud DSK-nın hərəkətindən, hərəkətsizliyindən, qərarından qərarı aldığı vaxtdan 3 gün ərzində Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etmək hüquqları var. Milli Məclisə seçkilərlə əlaqədar bu müddət maksimum fevralın 18-də başa çatır.

Xəbər xətti