“Könüllü fəaliyyət gənclərə özlərini kəşf etməyə şərait yaradır”

15:14 - 15 Fevral 2020 - Müsahibə

Hüseyn Məmmədov: “Azərbaycanda fəaliyyət göstərən könüllülərin əzmkarlığının bəhrəsidir ki, 2020-ci il könüllülər ilidir”

Son illər könüllülük fəaliyyəti ölkəmizdə genişlənir, bu istiqamətdə müxtəlif təşkilatlar yaranır. Onlardan biri də 3 ay öncə yaradılan Turizm Könüllüləri Təşkilatıdır. Qısa müddətdə sıralarını genişləndirməyə nail olan təşkilatın direktoru Hüseyn Məmmədov müsahibimizdir. Onunla könüllülük fəaliyyəti, son illər bu sahədə görülən işlərlə bağlı danışdıq.

- İlk olaraq ondan başlayaq ki, özünüz könüllü kimi fəaliyyət göstərmisinizmi?
- Könüllülük fəaliyyətim ali məktəbə qəbul olduğum illərə təsadüf edir. Universitetə 2010-cu ildə qəbul olmuşdum və elə həmin il də ölkədə ən aparıcı gənclər təşkilatlarından birində könüllü fəaliyyət göstərməyə başladım. Təxminən bir il fəaliyyət göstərdikdən sonra artıq müəyyən öhdəlikləri öz üzərimə götürməyə çalışırdım. 2012-ci ildə Avroviziya Mahnı Müsabiqəsi Azərbaycanda təşkil olunanda, orda da könüllü kimi fəaliyyət göstərmişdim. Sonra bunu davam etdirdim. Artıq 10 ildir ki, könüllülərlə, gənclərlə birlikdə işləyirik. Və elə bu gün də demək olar ki, özümüz könüllü kimi fəaliyyət göstəririk. Gənclərin arasında olmaq, daima müəyyən təşəbbüslərlə çıxış etmək bizim könüllülük fəaliyyətimizin bir hissəsidir. Bu gün Turizm Könüllüləri Təşkilatının rəhbəri olmaq da, mənim üçün könüllü fəaliyyətdir.

- Maraqlıdır, siz könüllü olduğunuz ilk vaxtlarda könüllü olmağa maraq göstərən gənclərin sayı nə dərəcədə idi?
- Təbii ki, könüllü fəaliyyət o zamanlar indiki kimi məşhur deyildi. Ümumiyyətlə, bu anlayış cəmiyyətə tam olaraq çatmırdı. Könüllü kimi fəaliyyət göstərdiyimizi deyəndə, sual verirdilər ki, siz nə iş görürsünüz? Ümumiyyətlə, bu haqda məlumatsız olanlar çox idi. Amma bu gün yaranan könüllü təşkilatlarının sayının çoxluğu, ölkədə könüllülüklə bağlı fəaliyyətin gündəmdə olması, xüsusilə də ölkə başçısının bu məsələni diqqət mərkəzində saxlaması artıq Azərbaycanda könüllülüklə bağlı məlumatlılıq səviyyəsinin artmasına gətirib çıxarıb. Tək Bakı şəhərində deyil, eləcə də regionlarımızda könüllülük fəaliyyəti kütləvi hal alıb. Gənclərimiz artıq könüllü hərəkatlara qoşulurlar, müxtəlif müəssisələrdə, qurumlarda könüllü kimi fəaliyyət göstərirlər.

- O vaxt tanıdığınız tələbələrin neçə faizi buna maraq göstərirdi?
- Tam səmimi deyim ki, o vaxtı bu qədər gənc maraq göstərmirdi. Ona görə də həmin dövrdən bu günə qədər kimlər hələ də bu işlə məşğuldurlarsa, indi onların hər biri tanınan təşkilatlarda, yaxud gənclərlə çalışan qurumlarda yaxşı vəzifələrdə çalışırlar. Çünki o insanlarda illərin təcrübəsi var. Amma mən tələbə idim, Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alırdım. Və bizim universitetdə hər fakültədən maksimum 10 nəfər maraq göstərirdi. Bu da tələbələrin az hissəsini əhatə edirdi. Bu gün tələbələrin deyərdim ki, 70-80 faizi gənclər və könüllülər təşkilatlarında fəaliyyətə göstərirlər. Və ildən-ilə də bu faizlər daha da artacaq.

- Könüllü fəaliyyət bir gəncdə hansı dəyişikliyə səbəb olur?
- Düşünürəm ki, könüllü fəaliyyət gənclərə özlərini kəşf etməyə şərait yaradır. Çünki bəzən görürsən ki, kimsə iqtisadiyyat üzrə təhsil alır, ancaq onun həm də yaxşı bir dizayner qabiliyyəti, istedadı var. Yaxud kimsə beynəlxalq əlaqələr üzrə oxuyur, ancaq o yaxşı videoqraf, fotoqraf, yaxud yaxşı bir jurnalist ola bilər. Hansı ki həmin şəxs bu ixtisaslar üzrə təhsil almır. Uzun illərin təcrübəsi göstərir ki, müxtəlif ixtisaslar üzrə oxuyan tələbələr özlərini bu təşkilatlarda kəşf edirlər. Çünki təşkilatlar bir növ çoxistiqamətli fəaliyyət göstərdiyi üçün onların orda özlərini tapa bilməsi üçün kifayət qədər imkanları olur. Bundan əlavə, ictimai fəaliyyətlə məşğul olduqca ola bilər ki, həmin şəxslər gələcəkdə ixtisasları üzrə deyil, başqa istiqamət üzrə daha çox uğur qazansınlar.

Düşünürəm ki, könüllü fəaliyyət gənclərin ali məktəblərdə aldıqları nəzəriyyəni praktiki biliklərə çevirmək şansı verir. Çünki bu günün reallığı var. Deyək ki, bir gənc ali təhsil müəssisəsində təhsil alır və universiteti bitirəndən sonra işləmək üçün hansısa dövlət qurumuna və ya mərkəzi icra orqanına müraciət edir. Onların çox vaxt "yox" cavabı almasının səbəbi praktiki bacarıqlarının olmamasıdır. Düzdür, universitetlərdə təcrübə keçirlər, bunun üçün şərait yaradılır. Amma düşünürəm ki, iki-üç aylıq təcrübə onların bu qədər bilik əldə etməsi üçün kifayət qədər müddət deyil. Amma könüllülük təşkilatlarında işlədikcə artıq gələcəkdə hansısa bir qurumda işləyəndə, onlara lazım ola biləcək bazanı toplaya bilirlər. Deyək ki, sənədlərlə işləmək, layihələrin idarə olunması təcrübəsi və s. artıq onlarda formalaşır. Yəni onların bilik və bacarıqlarının formalaşdırılması üçün kifayət qədər şərait yaradılır. Bundan əlavə, ən önəmli məqam ondan ibarətdir ki, onların əlaqələri, şəbəkələri genişlənir. Və bu da onların gələcək fəaliyyətlərində çox mühüm rol oynayır. Hansı ki, müxtəlif qurumlarda olan gənclər bir-birilərini tanıyırlar, dəstək olurlar və beləliklə, daha keyfiyyətli iş ortaya qoyurlar.

- “Könüllülük pulsuz işləməkdir, başqa faydası yoxdur” - düşüncəsində olan gənc də az deyil. Bu yanaşma nəyin nəticəsidir?
- Könüllülük dünyanın bir çox inkişaf etmiş ölkələrindən artıq sınaqdan keçirilmiş və çox uğur qazanmış bir təcrübədir. Buna baxmayaraq, belə yanaşmalar da olur. Ancaq əvvəllər bu kimi fikirlərlə çox tez-tez rastlaşırdıq. Artıq bu düşüncə demək olar ki, yoxa çıxıb. Ümumiyyətlə, istənilən iş bir neçə il sonra öz effektini verə bilir. Və düşünürəm ki, bu gün həm prezidentimiz, həm dövlət qurumları, həm də ictimaiyyət tərəfindən könüllülük fəaliyyətinə bu qədər diqqətin olması, məhz həmin illərdə o fikirlərə qarşı mübarizə aparıb, fəaliyyətinin arxasınca gedən gənclərin uğurudur. Çünki həmin könüllülərin öz yoldaşları, dostları arasında bu fikirdə olanları çox olub. Ola bilər ki, bəzən insanlar hansısa bir ideyaya inanmır və buna görə də, onun əksinə getməyə çalışır. Amma Azərbaycanda fəaliyyət göstərən könüllülərin əzmkarlığının bəhrəsidir ki, 2020-ci il könüllülər ilidir. Çünki bu ideya ola bilər ki, vaxtilə çox da dəstəklənməyib. Amma illər onu göstərdi ki, bu gün ölkədə daha yaxşı postlarda yer alan, daha innovativ, yaradıcı gənclər elə məhz tələbəlik və gənclik illərində könüllülüklə məşğul olanlardır.

- Sizdə turizm sektorudur. Bu sektorda kimlər könüllü ola bilər?
- Son dövrlər mərkəzi icra orqanlarının dəstəyi ilə təsis olunan könüllü təşkilatları artıq bir növ yeni trendin əsasını qoyur. Hansı ki, artıq könüllülük təşkilatları ixtisaslaşırlar. Və arzu edirik ki, turizm könüllüləri təşkilatında turizm ixtisası üzrə təhsil alan və müvafiq sahədə fəaliyyət göstərməyə marağı olan gənclər təmsil olunsunlar. Onların inkişafı üçün kifayət qədər şərait yaradacağıq. Ölkədə turizm üzrə keçirilən irimiqyaslı tədbirlərdə təşkilatçı qismindən çalışmaları üçün əlimizdən gələni edəcəyik. Həmçinin, turizm sənayesinə onlardan ibarət bir məlumat bazasının ötürülməsində maraqlıyıq. Və o bazada da biz çox istərdik ki, turizm sahəsi üzrə məşğul olacaq gənclərimiz təmsil olunsunlar.

- Turizm sahəsində təhsil alan tələbələr könüllü olmağa hazırda nə dərəcədə maraqlıdırlar?
- Biz mütəmadi olaraq ali təhsil müəssisələrində tələbələt üçün təqdimatlar keçiririk. Bu günə kimi Bakıda bir çox universitetdə, eyni zamanda Gəncədə, Mingəçevirdə, Lənkəranda və s. rayonlarımızda təqdimatlar keçirmişik. Təqdimatlarımız sırf turizm sahəsi üzrə təhsil alan tələbələr üçün olub. Artıq Bakıya qayıtdıqda görürdük ki, bizim o təqdimatlarımızda iştirak edən gənclərin böyük əksəriyyəti üzv olmaq üçün təşkilatımıza müraciət etməyə başlayırdılar. Biz bu prosesə təxminən, 3 ay əvvəl başlamışıq. Sevincidirci haldır ki, hazırda 1000-dən çox üzvümüz var. Onlardan 300 könüllü artıq aktiv şəkildə müxtəlif tədbirlərdə və layihələrdə həm turizm könüllüləri təşkilatını təmsil ediblər, həm də bizim layihələrdə iştirakçı olublar. Bu ay növbəti layihəmizin elanını edəcəyik. Bu layihə 150 iştirakçını əhatə edəcək. Layihələr Bakı və ətraf 5 regionda keçiriləcək. Düşünürəm ki, il boyu bizim belə davamlı layihələrimizin nəticəsi olaraq çalışacağıq ki, Bakıda və regionlarımızda turizm sahəsinə maraqlı olan gəncləri bir platforma ətrafında birləşdirə bilək.

- Bu il könüllülər ilidir. İlin könüllülərlə bağlı olması bu sahəyə hansı töhfəni verəcək?
- Düşünürəm ki, 2020-ci ilin könüllülər ili olması gənclə, tələbələrə könüllülük fəaliyyətinə ölkəmizdə nə qədər həssaslıqla yanaşıldığını bir daha göstərir. Və eyni zamanda il ərzində ölkədə keçiriləcək iri miqyaslı tədbirlər, layihələr, festivallar könüllü fəaliyyətlə bağlı məlumatlılıq səviyyəsini artıracaq. Və tək turizm könüllüləri təşkilatının deyil, eyni zamanda ölkədə olan bütün könüllü təşkilatlarının sıraları genişlənəcək. Biz də həyata keçirəcəyimiz layihələrə daha məsuliyyətlə yanaşacağıq və daha keyfiyyətli işlər ortaya qoyacağıq. Çalışacağıq ki, ölkə rəhbərliyi tərəfindən bizə göstərilən bu etimadı bu il doğruldaq.

Könül Oruc

Xəbər xətti