Ağciyər İnstitutunda daha iki nəfər öldü - RƏSMİ

20:16 - 10 Fevral 2020 - HADİSƏ

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha iki ölüm faktı qeydə alınıb.

Xəstələrdən biri ötən gün, biri də bu gün vəfat edib. Ötən gün vəfat edən 1944-cü il təvəllüdlü xəstə əvvəl Qax Rayon Mərkəzi Xəstəxanasında müalicə alsa da, vəziyyəti pisləşdiyi üçün fevralın 5-də sol tərəfli piopnevmotoraks, sepsiki vəziyyətdə, ikinci mərhələli xroniki böyrək çatışmazlığı diaqnozu ilə ETACXİ-yə gətirilib.

Həkimlər tərəfindən aparılan intensiv müalicələrə baxmayaraq, xəstə dünən səhər saatlarında ağciyər arteriyasının kəskin tromboemboliyası, sol tərəfli piopnevmotoraks (empiema), mədə-bağırsaq qanaxması və böyrək çatışmazlığından vəfat edib.
Vəfat edən 1959 -cu il təvəllüdlü digər xəstə isə yanvar ayının 31-də ağciyərlərin interstisial pnevmoniyası, tənəffüs çatışmazlığı, ikinci tip şəkərli diabet, diabetik nefropatiya diaqnozu ilə İnstituta gətirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, xəstə bu gün səhər saatlarında əsas xəstəliyindən - kəskin ağciyər-ürək çatışmazlığından vəfat edib.

TƏBİB ölüm faktlarını təsdiqləyib.
Qeyd edək ki, bu, yanvar ayının 15-dən bu günədək Ağciyər Xəstəlikləri İnstitutunda qeydə alınan 21-ci ölüm faktıdır.
Onu da qeyd edək ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim reanimatoloq üçün altı vakansiya mövcuddur./modern.az

Xəbər xətti