Azərbaycan Respublikasının əmək pensiyası təminatı hüququna malikdirlər

18:29 - 10 Fevral 2020 - KİVDF

Müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 6 fevral 2020-ci il tarixli Sərəncamı sosial sahədə islahatların 2020-ci ildə də uğurla davam etməsinin əyani təsdiqidir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. O qeyd edib ki, bu Sərəncamla 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılır.
Nazir bildirib ki, Prezident cənab İlham Əliyevin uğurlu sosialyönümlü siyasəti nəticəsində ölkədə dinamik iqtisadi inkişafla paralel olaraq sosial sahənin bütün istiqamətlərində mühüm addımların atılmasına, o cümlədən pensiya təminatının ildən-ilə gücləndirilməsinə nail olunub. Son 16 ildə orta aylıq əməkhaqqı 11 dəfə, orta aylıq pensiya 8 dəfə, həmçinin müavinət və təqaüdlər dəfələrlə artırılıb.Nazir diqqətə çatdırıb ki, ötən il minimum pensiyanın ciddi artımı nəticəsində Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksi üzrə MDB ölkələri və Gürcüstan üzrə 1-ci yerə yüksəlib. Pensiyalarda ciddi artım nəticəsində 2019-cu ildə Azərbaycanda pensiyaların orta aylıq məbləği 15 faiz, median pensiya məbləği 54 faiz artıb.

Nazir qeyd edib ki, əgər ötən ilki pensiya atımı 750 mindən çox pensiyaçını əhatə etdisə, hazırkı artım sığorta prinsipi ilə pensiya alan bütün pensiyaçıların, yəni 1 milyon 120 minə yaxın insanın pensiyasına şamil olunur. Digər tərəfdən, 2019-cu ildəki pensiya artımları illik 450 mln. manat vəsait tələb edirdisə, hazırkı artım 560 milyon manat vəsaitin əhaliyə ödənilməsi ilə nəticələnəcək. Bu vəsaitlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri hesabına maliyyələşdiriləcək və dövlət büdcəsinə əlavə yük yaratmayacaq. Bu artımdan sonra orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksəlir.

Vətəndaşın pensiya hüququ

S.Babayev bildirib ki, işləyən əhalinin fərdi hesablarındakı pensiya kapitalı da Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata uyğun olaraq, istehlak qiymətləri indeksinin 2019-cu il üzrə illik səviyyəsinə uyğun səviyyədə indeksləşdirilməklə yanvarın 1-dən 2,6 faiz artırılacaq. Həmin kapitallarda artım isə sığortaolunanlara gələcəkdə təyin olunacaq pensiyaların məbləğinin artımına əsas yaratmış olur. Göründüyü kimi sosial islahatların əsas istiqamətlərindən biri də  insanların pensiya hüququnun təminatıdır. Bəc, bu hüquq necə tənzimlənir.  Qeyd edək ki, “Əmək pensiyası haqqında” qanunun 3–cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Ölkəmizin ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “Əmək pensiyası haqqında” qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ var. Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı müddəalar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə də şamil edilir.

“Əmək pensiyası haqqında” qanuna əsasən əmək pensiyasının yaşa görə əmək pensiyası,  əlilliyə görə əmək pensiyası,    ailə başçısını itirməyə görə əmək pensiyası  növləri var. Yaşa görə əmək pensiyası  sığorta hissəsindən, yığım hissəsindən, əlilliyə görə əmək pensiyası isə sığorta hissəsindən, yığım hissəsindən, ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir.

Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. 5-ci maddədə qeyd olunub ki, sığortaolunanların qanunvericiliklə onlara təyin olunmuş əmək pensiyası ilə yanaşı, qeyri-dövlət pensiyası hüququ var. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Əmək pensiyasının təyin edilməsi şərtləri

Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri qanunun 7-ci maddəsi ilə tənzimlənir. Bu maddədə bildirilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Burada qeyd etmək lazımdır ki. bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Burada bir nüansa diqqət etmək lazımdır. Bu yaşa görə pensiyaya çıxmaqla əlaqəlidir və çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyasının tənzimlənməsidir. Qanunun 8-ci maddəsində bildirilir ki, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş  qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların  şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasına çıxa bilərlər.

Yaş həddinə çatan sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Əlilliyi müəyyən edilən şəxsə əlliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürməklə hesablanır. Ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu qanunun 22-1 maddəsi ilə hesablanır. Bu maddə ilə əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri tənzimlənir.

Yuxarıda qeyd edilənlərdən aydın olur ki, sosial sığorta sistemində fəal iştirak çox önəmlidir. Belə ki, əmək müqaviləsi ilə çalışanlar fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay sosial sığorta ayırmaları ilə deyil, eyni zamanda, dövlət tərəfindən də hər ilin əvvəlində indeksləşdirilərək artırıldığının şahidi olurlar. Bu, həmçinin, qeyri-formal məşğulluq sahəsində işləyən vətəndaşlara bir mesajdır ki, onlar da öz əmək fəaliyyətlərini rəsmiləşdirsinlər, pensiya kapitallarına malik olsunlar ki, hər il dövlət tərəfindən həmin pensiya kapitallarının indeksləşdirilərək artırılması imkanından faydalansınlar, beləliklə də gələcəkdə pensiya təminatı hüququna sahib olsunlar.

Xəbər xətti