“Mənəvi bir zərbə görəndə sarsılıram”

11:33 - 10 Fevral 2020 - Müsahibə

Corc Qafarov: “Özümü aldatmamışam”

“İtirdiklərimə görə heç bir zaman sevinməmişəm. İtirdiklərim nə olub ? Mənə aid olanlar olub. Deyim ki, itirdiklərim çox olub. Həddindən artıq. Bəlkə də, bir zaman gələcək, mən onları deyəcəm, amma indi söyləmək istəmirəm”. “Üç nöqtə” qəzetinin qonağı aktyor Corc Qafarovdur.

-İçinizdə sənət küləyi çoxmu əsir ?
-Əlbəttə, çox əsir. Deyərdim ki, öz işimə görə çox acam. Sənətimə qazanc mənbəyi kimi baxmıram. Sırf burada inkişaf etmək, nailiyyətlər qazanmaq istəyirəm.

-İnkişaf demişkən, özünüzü necə inkişaf etdirirsiniz ?
-Əslində özümü inkişaf üçün zamanım Universitet vaxtında-4 il ərzində oldu. Məşqlərdən söhbət gedir. Universitetdən sonra işlə əlaqədar məşq edə bilmədim.

-Corc, daha çox dramatik obrazları sevirsiniz, ya komediyanı da sevirsiniz ?
-Dramatikanı çox sevirəm. Düzdür, tamamilə komedik obraz da oynamışam, amma ruhum dramatikaya yaxın olduğundan bundan sonrakı fəaliyyətimi dramatik obrazlar üzərində qurmaq istəyirəm.

-Dramatikaya bu qədər yaxın olmağınız uşaqlıqda aldığınız o mənəvi sarsıntılardan irəli gəlirmi ?
-Onunla bağlı deyil. Amma hesab edirəm ki, aktyor üçün yaşadıqları hansısa bir rolu canlandırmağa kömək edir. Həm də artıqlaması ilə. O hisslərdən çıxış edib sən rolu canlandıra bilərsən.

-Yaşamaq hissi ya yaşatmaq ?
-Yaşamaq. Niyəsi özümə qalsın. Hər şeyi açıq-aydın deyə bilmirəm. Şəxsimə aid olan şeylərdir.

-Həyatınızı kiməsə görəsə qurban verərsiniz ?
-Verərdim. Amma indi yox. 24 yaşım var, bu yaşımacan o qədər şeylər yaşamışam ki, yaxşısı ilə, pisi ilə. Sonunda gəlib onda dayanmışam ki, həyatda insana yalnız özü qalır. Bu haqda son bir-iki həftədə fikirləşmişəm. Bundan əvvələ qədər hər kəsi düşünürdüm. Hazırda kiməsə görə özümü qurban vermərəm.

-Yaşamaq üçün səbəbi olan bir insan bütün çətinliklərə sinə gərə bilər ?
-Məncə, bütün çətinliklərə xeyr. Çünki, insanın həyatında elə çətinliklər baş verir ki, onların öhdəsindən gələ bilmirsən. Bax o çətinliklər insana elə zərbə vurur ki, onları unuda bilmirsən.

-Sözlər və düşüncələr bu dünyanı dəyişdirə bilər ?
-Maraqlı sualdır. Fikrimcə, dəyişdirə bilməz. Mənə görə dünyanı insanlıq, düzgünlük, ədalət, haqq dəyişdirə bilər. Mən belə düşünürəm. Başqaları fikrimlə razı olmaya bilər.

-Ətrafın sizə olan münasibətindən razısınız ?
-Razıyam. Ətrafımda mənə qarşı mənfi münasibət göstərən adamlar yoxdur. Çalışıram ki, olmasın da. Amma hərdən zərbələr olur. Hanısa bir dost, tanış görürsən ki, o, deyil. Bəzən elə xəyanətlər, yalanlarla üzləşirəm ki. Fiziki olaraq deyil, mənəvi bir zərbə görəndə sarsılıram ki, yalnış seçim etməzdim kaş.

-Belə bir sual verim. Çox istədiniz ki, onu edəsəniz, amma edə bilmədiniz...
-Olub, həyatımda belə bir şey. Eləyə bilməmişəm, çox pis olmuşam. Mənimlə bağlı deyil, anamla bağlı idi. O, rəhmətə getdi, deyə reallaşdıra bilmədim. Onun həyatda görmək istədiyi çox şey var idi, onları edə bilmədim. Anam çox istəyirdi, bütöv bir ailəsi olsun. Böyüyəndə ailəmi başıma yığmaq istəyəndə anam rəhmətə getdi.

-Corc, uşaq evində olduğunuz ilk günü xatırlayırsınız ?
-Əlbəttə, xatırlayıram. Onu xırda-xırda danışım, izah edim ? Hamısı yadımdadır. 10 yaşıma qədər, əslində, çox tez böyümüşdüm. Çünki, elə bir mühitdə idim ki, işləyirdim də. Yaşadıqlarımı ortaya qoyub danışa bilmirəm. Keçmişi tez-tez xatırlayıram. Hər an yadıma düşə bilər o günlər.

-Elə seçiminiz olub ki, qazandığınız itirdiyinizə dəysin ?
-Elə bir şey olmayıb. İtirdiklərimə görə heç bir zaman sevinməmişəm. İtirdiklərim nə olub ? Mənə aid olanlar olub. Deyim ki, itirdiklərim çox olub. Həddindən artıq. Bəlkə də, bir zaman gələcək, mən onları deyəcəm, amma indi söyləmək istəmirəm.

-Həyatdan çıxardığınız ən böyük ibrət dərsi nə olub ?
-Hələ ki, öyrənirəm. Bunun üçün də deyə bilmərəm ki, həyatdan aldığım ən böyük ibrət dərsi bu olub. Həyatımın  elə bir yaşında deyiləm ki, bu suala cavab verim.

-Heç yalan danışmısınız ?
-Danışmışam. Fikrə getdim, bu o, demək deyil ki, çox yalan danışmışam. Sadəcə olur, müqəddəs yalanlar olur. Bəzən ailəyə, qardaşa da yalan deyə bilirsən. Bu da mənə qalsın.

-Jerar əsgərlikdədir. Yanına gedirsinizmi ?
-Bəli, gedirəm. Ayda bir dəfə gedirəm. Bəzi aylarda isə iki dəfə gedirəm. Jerar mənim bu dünyada yaşam səbəblərimdən biridir.

-Özünüz özünüzü aldatmısınız ?
-Elə bir şey olmayıb. Ona görə də deyə bilərəm ki, özüm özümü aldatmamışam. Amma başqalarını aldatmışam. Bayaq dedim, bu isə müqəddəs yalanları danışdığım zaman olub.

-Hansı zəif xüsusiyyətiniz var ki, özünüzdə qınayırsınız ?
-Bir az tənbələm. Hansısa yaşıdımı görürəm ki, öz işi ilə bərabər başqa nələrəsə də can atır. Lakin mən bunları etmirəm. Öz işimlə kifayətlənirəm. Amma insan çox şeylə məşğul olmalıdır. Tənbəlliyim məni qanə etməyən zəif xüsusiyyətimdir.

-Həyat eşqiniz nədir hazırda ?
-İnsanların sevgisi və mərhəməti. İnsanların sənin kim olmanı sənə deməsi, adama stimul verir. Mənim həyat eşqim tamaşaçı sevgisi və alqışıdır.

-Elə bir işiniz olub ki, qulpundan yapışıb görməyə çətinlik çəkəsiniz, yaxud cəsarətiniz çatmaya ?
-Olub. Öz işimlə bağlı olan məqamlardır. Məsələn, deyirəm ki, dramanı sevirəm. Komediya məndə zəif alınır. Çalışmışam ki, komediyada işin qulpundan tutub onu yaxşı görüm, alındıra bilməmişəm. O mənə təsir edir.

-Nəyi və niyə həyatınızda unutmaq istəyirsiniz ?
-Heç nəyi unutmaq istəmirəm. Niyə unudum axı ? Qoy hər şey yadımda qalsın, hər şeyi bilim, hər şeyi xatırlayım.

-Sadiq insansınız ?
-Sadiq insanam. Bürcüm balıqlardır. Onlar sadiq olur. Hər şey də olmasa da, çox şeydə sadiq olurlar. Dostluqda, insani münasibətlərdə sadiq olurlar. Balıqlar insanı yarı yolda qoymaz.

-Hazırkı işləriniz nə yerdədir ?
-Serialda çəkilirəm və bu yaxınlarda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə düzəlmişəm. Zamanla işlərimi daha da inkişaf etdirmək istəyirəm.

Rövşən Tahir


Xəbər xətti