“Bu insanlarda ürək-damar xəstəliklərinə az rast gəlinir”- Kardioloq

14:04 - 1 Fevral 2020 - Müsahibə

“Cod sudan istifadə edən insanlar arasında ürək-damar sistemi xəstəliklərinə tutulma hallarının sayı daha azdır, nəinki təmizlənmiş sudan istifadə edənlərdə”

İnsanlar adətən, ürəklərində ağrı olduğunda həkimə gedirlər. Kardioloq İlhamə Zülfüqarlı deyir ki, bəzən ürək nahiyəsində elə ağrılar olur ki, heç onun ürək-damar sistemi ilə əlaqəsi olmur. Ancaq bəzən ağrı olmasa da, insanlar müayinəyə gəldiklərində onların ürək-damar sistemində problem olduğu aşkara çıxır. Həkimin daha geniş fikirlərinin əks olunduğu müsahibəsini diqqətinizə çatdırırıq.

- Ürək xəstəlikləri ilə bağlı həkimə müraciət edənlərin böyük qismində əməliyyata ehtiyac duyulduğunu eşidirik. Bu nəyin göstəricisidir? İnsanlar adətən, ürək-damar xəstəlikləri ilə bağlı həkimə hansı  mərhələdə müraciət edirlər?
- Ürək-damar sistemi xəstəlikləri bütün dünyada və inkişaf etmiş ölkələrdə ölüm göstəricisinə görə birinci yerdə durur. Bura bir çox xəstəliklər daxildir. Ürək ritminin pozulmaları, stenokardiya, miokard infarktı, ürək çatışmazlığı və s. ürəyin işemik xəstəliyi adı altında birləşdirilir. Bundan başqa? ürəyin anadangəlmə və qazanılma qüsurları, arterial hipertenziya, perikardidlər və s. hamısı ürək-damar sistemi xəstəliklərinə daxildir. Heç də bu xəstəliklərin hamısında cərrahi müdaxiləyə ehtiyac olmur. Son vaxtlar eşitdiyimiz ürək əməliyyatlarının əksəriyyəti ürəyin işemik xəstəliyinə aiddir. Bu da qeyri-stabil stenokardiya və miokard infarktına aid olan xəstələrdir. Yəni bu xəstələrdə ürəyin qan təchizatı ilə onun qana olan tələbatı arasında tarazlıq pozulduğuna görə, bu xəstəliklər əmələ gəlir. Ürəyin işemik xəstəliyi qan dövranının kifayət qədər ürəkdə olmaması ilə, ürəyin müəyyən sahələrinə yetərincə qan gəlməməsi ilə əlaqədar olan xəstəliklərdir. Bu da damarlarda ateroskleroz proseslə əlaqəlidir. Ateroskleroz prosesi gedən damarlarda (buna xalq arasında damar tutulması, tıxanması deyilir), yəni belə xəstələrdə qeyri-stabil stenokardiyadan, gərginlik stenokardiyasından tutmuş miokardinfarktına qədər kliniki təzahürlərlə özünü göstərə bilir. Məhz belə xəstələrdə stend qoyulması, Aorto-koronarşuntlama (açıq ürək əməliyyatı) əməliyyatının aparılması icra olunur.

Əlbəttə ki, ürək əməliyyatları eyni zamanda anadangəlmə və qazanılmış ürək qüsurlarına da aiddir. Bu xəstələr müxtəlif mərhələlərdə müraciət edə bilirlər. Elə olur ki, xəstələr uzun müddət heç bir ağrı hiss etmir. Sadəcə təsadüfi həkimə müraciət zamanı, bir elektro-kardioqrama çəkilişi zamanı onlarda ürəyin müəyyən nahiyələrində qan dövranının pozulması, yaxud əvvəllər keçirilmiş miokard infarktı diaqnozu qoyulur. Bu xəstələr əsasən yaşlı və xüsusilə şəkərli diabeti olan xəstələrdir. Bəzən onlar infarkt da keçirmiş olurlar. Amma bu kliniki cəhətdən silinmiş formada keçdiyinə görə, yəni xəstələrdə ağrı hissiyyatının azalması ilə əlaqədar olaraq belə xəstələrdə ola bilər ki, az dərəcədə sinədə yanğı, göynəmə hiss olunsun və buna o dərəcədə də əhəmiyyət verməsinlər. Belə xəstələr bir müddət keçdikdən sonra ya tənginəfəsliklə, ya da başqa şikayətlə həkimə müraciət edən zaman onların bir müddət əvvəl miokard infarktı keçirmiş olduqları aşkara çıxarılır. Belə xəstələr əlbəttə ki, koronar angioqrafiyaya göndərilir. Bu xəstələlərdə də damarlarda gedən proseslərdən asılı olaraq neçə damarda, nə dərəcədə ateroskelerotik prosesə məruz qaldığı müəyyənləşdirilir. Və bundan sonra kardio c’rrahlar loqlar tərəfindən ya açıq ürək əməliyyatına, ya da stend qoyulmasına qərar verilir.

- Ürəkdə ağrı olmadığı halda da problem ola bilir? Çünki insanlar düşünürlər ki, ağrı yoxdursa, problem yoxdur.
- Ümumiyyətlə, döş qəfəsi nahiyəsində ağrı müxtəlif səbəblərdən ola bilir. Ürək ağrısı xüsusilə ürəyin işemik xəstəliyi dediyimiz stenokardiya, qeyri-stabil stenokardiya, gərginlik stenokardiyası və miokard infaktında olan ağrı digər ağrılardan fərqlənir. Əgər xəstədə gərginlik stenokardiyası varsa, belə xəstələr funksional sinfindən asılı olaraq müəyyən məsafədə yol qət etdikdə, yaxud pilləkənlərlə qalxdıqda sinədə göynəmə əmələ gəlir. Bu göynəmə kürəyə və sol qola ötürülür və xəstə dayandıqda ağrılar keçib gedir. Yola davam etdikdə isə həmin ağrılar yenidən başlayır. Miokard infarktının gərginlik stenokardiyasından fərqi isə ağrının keçməməsidir. Xəstə istər sakit vəziyyətdə, istərsə də hərəkət etdikdə həmin ağrılar baş verir. Bəzən xəstələr bizə döş qəfəsində olan nöqtəşəkilli, iynə batma kimi şikayətlərlə də müraciət edirlər. Bu, ən çox qabırğarası sinirlərin nevrologiyası, miozitlər, onurğada və döş sümüyündə olan problemlərlə də əlaqəli ağrılar ola bilir. Döş qəfəsində olan ağrıların hamısı ürək ağrısı da deyil.

Bundan başqa ürək nahiyəsində küt xarakterli ağrılar da ola bilir ki, bu da ürəyin bir çox xəstəlikləri üçün xarakterikdir. İstər arterial hipertenziya, istərsə də ürəkdə olan digər problemlər olsun, ürək nahiyəsində küt xarakaterli ağrılar ola bilir.

Eyni zamanda, ürək şikayətləri təkcə ağrıdan ibarət deyil. Ürək ritminin pozulması zamanı xəstələr güclü ürək döyünməsindən, həmçinin ürəyin qəflətən vurub dayanmasından şikayət edə bilirlər.
Ürəyin əsas şikayətlərindən biri də tənginəfəsliyin olmasıdır. Bu ürək çatışmazlığı üçün, eyni zamanda anadangəlmə və qazanılmış ürək qüsuru xəstələrində artıq xəstəlik inkişaf edərək ürək çatışmazlığı səviyyəsinə qalxdıqda xəstələrin başlıca şikayətləridir. Yol gedərkən, pilləkən qalxarkən tənginəfəsliyin əmələ gəlməsi, həmçinin uzanarkən uzana bilməmək, gecələr boğulmaq, yataqdan qalxmaq, səhərə kimi oturuqlu vəziyyətdə yatmaq, ayaqlarda şişkinliyin əmələ gəlməsi ürək çatışmazlığına aid olan şikayətlərdir.

Bəzi ürək xəstəliklərinin xüsusiyyəti ondan ibarətdir ki, xəstə ömür boyu heç bir narahatlıq hiss etməsin. Amma onda anadangəlmə olaraq bu patologiya olsun və özünü bir dəfə ağır aritmiya ilə göstərsin və bu da xəstənin həyatını itirməsi ilə nəticələnsin.

- Ürək-damar xəstəlikləri cavanlaşır. Bu cavanlaşma insanların özündən nə dərəcədə asılıdır?
- Bunun da müxtəlif səbəbləri vardır. Burda stress faktorunun, qeyri-düzgün keçirilən həyat tərzinin, piylənmənin, qidalanmanın çox böyük rolu vardır. Amma ürək-damar sistemi xəstəliklərinin risk faktorları vardır. Bu risk faktorları modifikasiya olunan (dəyişdirilə bilən) və modifikasiya olunmayan (dəyişdirilə bilməyən) olmaqla iki yerə bölünür. Modifikasiya olunmayan risk faktorlarına irsi, genetik meyilli, kişi cinsinin olması aiddir. Yəni sübut olunmuşdur ki, kişilərdə ürəyin işemik xəstəlikləri qadınlara nisbətən daha çox olur. Bir də ailədə genetik olaraq da bir çox ürək xəsətlikləri var ki, genetik meyilliliklə əlaqədardır. Biz bunun qarşısını heç cürə ala bilmirik.

Amma elə xəstəliklər də var ki, insanların keçirdiyi qeyri-düzgün həyat tərzi ilə əlaqədardır. Bura arterial təzyiqin və şəkərli diabetin yüksək olması, piylənmənin olması aiddir. Bunu insanlar özləri dəyişdirə bilərlər.
İnsanların artıq çəkiyə malik olması, oturaq həyat tərzi keçirməsi, düzgün qidalanmamaq, alkoqoldan, enerji içkilərindən, siqaretdən istifadə etmə ürəyin işemik xəstəliyinin risk faktorlarına aiddir. İnsanlar bu kimi vərdişləri dəyişdirməklə ürək xəstəkliklərinə tutulma riskini azalda bilərlər. Məsələn, hər bir insan öz çəkisinə nəzarət edə bilər. Kütlə indeksi deyilən anlayış var. Bu insanlarda normalda 18-25 aralığında olmalıdır. Bu rəqəmlər 25-30 aralığında olduqda artıq çəki, 30-dan yuxarı olduqda isə artıq piylənmə hesab olunur. Biz hər birimiz bunu asanlqıla hesablaya bilərik.

Bununla çəkimizi nəzarətdə saxlaya bilərik. Bundan başqa, bel çevrəsinin ölçülməsi ilə çəkimizə nəzarət edə bilərik. Belə ki, bu rəqəm qadınlarda 89-dən, kişilərdə isə 103-dən az olmalıdır. Bel çevrəsinin böyüməsi bizim artıq çəkiyə malik olduğumuzu göstərir. Bu da bizim ürək-damar sistemi xəstəliklərinə tutulma riskimi artırır.

Oturaq həyat tərzi bu risk amillərindən biridir. Hər bir insan gün ərzində ən azı 30-40 dəqiqə orta sürətli yerişlə məşq etməlidir. Qaçmaq, yaxud hər hansı idman hərəkətləri etmək məcburi deyil. Amma bu yeriş hər birimizin sağlamlığı üçün vacibdir.
Gün ərzində duz 4-5 qramdan çox istifadə olunmamalıdır. Halbuki araşdırmalara görə, hər birimiz gün ərzində 18 qrama qədər duz istifadə edirik. Bu da orqanizmimizdə bir sıra proseslərin getməsinə və təzyiqin artmasına gətirib çıxarır. Bu da damarlarda geri dönməyən proseslərin yaranmasına səbəb olur.

Qidamızda kalium və maqneziumun miqdarını artırmalıyıq. Alimlər çox maraqlı bir faktı müəyyən ediblər ki, cod sudan istifadə edən insanlar arasında ürək-damar sistemi xəstəliklərinə tutulma hallarının sayı daha azdır, nəinki təmizlənmiş sudan istifadə edənlərdə. Bu da onunla əlaqədardır ki, cod suyun tərkibində kalium və maqnezium duzlarının miqdarı daha çox olur. Bu da orqanizmə müsbət təsir göstərir.

Ürək-damar sistemi xəstəliklərində sinir sisteminin, emosional gərginliyin mühüm rolu vardır. Müəyyən olunmuşdur ki, daha primitiv həyat tərzi keçirən insanların arasında ürək-damar sistemi xəstəlikləri daha azdır. Məsələn, aborigenlər, hindu qəbilələri ürək-damar sistemi xəstəliklərinə daha az rast gəlinib.
Bir insan təzyiq xəstəsidirsə... Təzyiq xəstəliyində hədəf orqanlar var. Ürək, beyin, böyrək və gözlər. Bu xəstəlikdə həmin orqanların zədələnməsi prosesi gedir. Xüsusilə də ürəkdə. Ona görə də təzyiqi olduğunu bilən şəxs onun orqanizminə müvafiq təzyiq dərmanından qəbul etməlidir ki, təzyiqi stabil olsun. Eləcə də şəkərli dibaet xəstələri. Həkimin təyin etdiyi dietanı qorusunlar.

- Ürəyimizin qeydinə qalmaq cəhətdən nə dərəcədə məsuliyyətliyik?
- Sevindirici haldır ki, indi əhalinin tibbi savadı çox yüksəlib. Tibb haqqında televiziyalarda gedən verilişlərin də burda rolu var. Gələndə, özlərinə etdikləri qulluqdan danışanda, bunu hiss edirəm. Səhərlər işə gedəndə stadionun yanından keçirəm. Orda müxtəlif yaş qruplarında insanları gəzirlər, qaçırlar. Bu da sağlamlıqları üçün xeyirlidir. Üstəlik indi pasientlərin bir çoxu kiçik problemlə həkimə gəlirlər, nəinki xəstəlik ağırlaşanda.

Könül Oruc

 

Xəbər xətti