“Çox şanslı bir xanımam”

17:29 - 27 Yanvar 2020 - Müsahibə

Xuraman Şuşalı: “Bugünkü gündə həm xına aparıcılığı, həm müğənnilik edən, həm də sırf özünün dekor şirkəti olan müğənni mənəm”

30 ilə yaxın müddətdir ki, professional səhnədədir. Kiçik yaşlarında “Bənövşə” uşaq xorunun solisti olub. Deyir ki, əsas istəyi “Əməkdar artist” fəxri adını almaqdır. Həm toylara, həm də xına mərasimlərinə gedir: “Təkəbbürlülük kimi olmasın, amma xına mərasimlərini aparmaqda özümə rəqib görmürəm. Bugünkü gündə həm xına aparıcılığı, həm müğənnilik edən, həm də sırf özünün dekor şirkəti olan müğənni mənəm. Həm də mən digərlərindən fərqli olaraq məclisləri əvvəldən ta axıra kimi aparıram. Həmçinin dekor şirkətinə böyük miqdarda yatırım etmişəm. Mənim şirkətimdə olan çiçəklər, dekorlar heç bir müğənnidə yoxdur. Çünki digər müğənnilər bütün bu ləvazimatları kirayə götürürlər. Məndə isə özümündür. Allah hamının ruzisini versin”.

Bu sözləri bizimlə söhbətində “Üç nöqtə” qəzetinin qonağı xına mərasimlərinin aparıcısı, müğənni Xuraman Şuşalı dedi.

- Söhbətə elə indiki fəaliyyətinizdən başlayaq. İşləriniz necə gedir?
- Şükür Allaha, işlərim öz axarı, yolu ilə gedir. Hər şey qaydasındadır. İşləyirik, fəaliyyətimizi davam etdiririk.

- 30 ilə yaxındır ki, professional səhnədəsiniz. Bu illər ərzində Xuraman Şuşalı istədiyi mərhələyə çata bilibmi? Yəni, istədiyi şeyləri əldə edə bilibmi?
- Əslində uşaq yaşlarımdan “Bənövşə” uşaq xorunun solisti olmuşam. 1999-cu ilə qədər Azərbaycan Televiziya və Radiosunun solisti olmağıma baxmayaraq, bu gün heç bir televiziyada çalışmıram. “Əməkdar artist” fəxri adını almağı çox istərdim. Bu mənim üçün böyük bir şərəf olardı. Əslində bəzi kanallar hicabda olduğuma görə verilişlərə belə dəvət etmirlər. Hələ ki, istədiyim bir çox yerlərə çata bilməmişəm. Xeyirlisi olsun. Allah canımıza, ailəmizə, sevdiklərimizə dəyməsin. Şükür Allaha gözəl ailəm, övladlarım var. Sevilən xanımam, sevilən anayam, sevilən həyat yoldaşıyam.

- Xına mərasimlərini aparmağı ilk dəfə siz dəb halına salsanız da, bu gün artıq xeyli sayda bu işlə məşğul olanlar var. Necə düşünürsünüz, sizə çata bilirlərmi?
- Xına mərasimlərini aparmağa 2013-cü ildən sonra, yəni hicaba keçdikdən sonra başladım. Və bugünkü gündə həm xına aparıcılığı, həm müğənnilik edən, həm də sırf özünün dekor şirkəti olan müğənni mənəm. Həm də mən digərlərindən fərqli olaraq məclisləri əvvəldən ta axıra kimi aparıram.

- Belə çıxır ki, başladığınız bu işdə özünüzə rəqib görmürsünüz?
- Təkəbbürlülük kimi olmasın, amma xına mərasimlərini aparmaqda özümə rəqib görmürəm. Çünki bu dekor şirkətinə böyük miqdarda yatırım etmişəm. Mənim şirkətimdə olan çiçəklər, dekorlar heç bir müğənnidə yoxdur. Çünki digər müğənnilər bütün bu ləvazimatları kirayə götürürlər, məndə isə öz şirkətimindir. Allah təki hamının ruzisini versin.

- Xınayaxdı biznesində sizə dəstək olən biriləri varmı, yoxsa özünüz təksiniz?
- Bu işdə mənə dəstək olan şəxs bacımdır. O, mənim dizaynerimdir. Biz bərabər şəkildə dizaynlar düşünürük. Çox gözəl bir işçi kollektivim var, əl qabiliyyətləri çox gözəldir. Sırf peşəkar komandam var. Düşünürəm ki, işimizin, əziyyətimizin qarşılığında yaxşı qonararlar ödənilsə lap gözəl işlər ərsəyə gətirə bilərəm. Lakin bəzi restoranlar var ki, buna imkan vermirlər və bir çox şirkətlər də var ki, adamın yolunu bağlayırlar.

- Bəs xına məclislərindən əlavə məşğul olduğunuz iş varmı?
- Bəli, həmçinin toylara gedirəm. Həm kişilərdən, həm də qadınlardan ibarət ansamblım var. Seçimi isə müştərinin istəyinə buraxıram. Çünki müştərilərin istəyi, seçimi fərqli olur. Elə müştərilərimiz olur ki, yalnız xanımlardan ibarət ansambl istəyir. Ansamblda olan musiqiçilərin hamısı öz işinin peşəkarıdır, yüksək səviyyədə işlər nümayiş etdirirlər. Şükürlər olsun, komandamız o qədər böyükdür ki, şirkətimizdə hətta ofisiant xanımlarımız da var.

- Həm yaradıcılıqla məşğul olur, həm efirlərə çıxır, həm məclislərə gedir, həm də 4 uşağa baxırsınız. Bu qədər işə necə yetişirsiniz?
- Əslində bu qədər işə çətinliklə, canımı fəda etməklə yetişirəm. Gücü verən Allahdır. Hər zaman Allahdan güc istəyirəm. Hər işi çatdırmağa çalışıram. Əgər bu yükü boynuma götürmüşəmsə, sona kimi çatdırmalıyam. Kənardan bəzi insanlara asan görünsə də, əslində çox çətin bir yükdür. Əgər bir yükün altına girirsə, kənardan heç kimdən kömək gözləməyəcəksən. Əgər bir işi öhdənə götürdünsə, güclü olmalı və bunu təkbaşına yerinə yetirməyə çalışmalısan. Əgər kimdənsə kömək gözləyəcəksənsə o zaman zəif olacaqsan. Mən də zamanında bütün yaxınlarımdan kömək gözləmişəm. Və artıq elə bir gün gəldi ki, heç kimdən kömək gözləməyəcəyimi anladım. Belə olanda adam həqiqətən çox güclü olur.

- Ev işlərinizdə, yaxud uşaqlara baxmağınızda kömək edən biri varmı?
- Həyat yoldaşım sağ olsun, mənə çox dəstək olur. Qarşılıqlı bir-birimizi anlayırıq və yardım edirik. Mən evdə olmayanda, yaxud əlimdə başqa işim olanda uşaqların yeməyini verir. Şükürlər olsun, bir-birimizə çox dəstəyik. Ev işlərini çatdıra bilməyəndə yardıma adam gəlir. Həmçinin bacım da, qardaşım da, gəlinimiz də mənə dəstək olur. Amma bütün bunlara baxmayaraq, düşünürəm ki, işləri insanın özü çatdırmalıdır.

- Həyat yoldaşınız da mədəniyyət sahəsinin adamıdır. Bu cəhətdən də anlaşmağınız asan olar yəqin ki...
- Bəli, həyat yoldaşım da Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitiribdir. Yoldaşım tələbə olarkən televiziyada çalışıb. Çox gözək anlaşırıq. Bəzən olur ki, oturub hansısa filmi, kinonu analiz edirik. Bir-birimizlə çox gözəl həmsöhbətik. Hər ikimiz də nəsə işimiz olanda bir-birimizi başa düşürük. Toya, yaxud xınaya gedəndə elə olur ki, gec gəlirəm. Həyat yoldaşım bunu problem etmir, məni anlayır. Həmçinin eyni anlayışı da ona qarşı mən göstərirəm. Şükür Allaha çox imanlı bir həyat yoldaşım var. Bütün xanımlara arzu edərəm ki, qarşılarına həyat yoldaşım kimi düzgün, dürüst, imanlı, zəhmətkeş, halal bir insan çıxsın. Yəqin ki, bu sarıdan çox şanslı bir xanımam.

- Bəs həyat yoldaşınızla tanışlığınız necə olub?
- Həyat yoldaşım keçmiş “ANS” telekanalında çalışırdı. Mənim haqqımda film çəkilişində olub, bir-birimizi orda tanımışıq. O da mənim ailəmi həmin çəkiliş ərəfəsində tanıyıb. Bundan iki il sonra, 2010-cu ildə biz ailə həyatı qurmuşuq. Bir-birimizin qisməti idik. 

- Əvvəlki illərdən fərqli olaraq müasir dövrdə 4 uşaqlı ailələrə nadir hallarda rast gəlinir. Deyəsən, uşaqları çox sevirsiniz...
- Bəli, uşaqları hədsiz dərəcədə çox sevirəm. Düzdür, məndə hamiləlik prosesi çox çətin olur. Amma düşünürəm ki, Allah bunu mənə bəxş edibsə, dünyaya gətirmək lazımdır. Çünki içimdə Allah qorxusu var. Əgər bu payı rəbbim bizə nəsib edibsə, deməli belə olmalı imiş. Ona görə də xanımlarımıza məsləhət görərdim ki, övladlarını tələf etməsinlər, onlara həyat versinlər.

- Övladlarınızın tərbiyəsinə yetərincə vaxt ayıra bilirsinizmi? Onlara lazım olan ana qayğısını göstərməyə vaxtınız olurmu? 
- Mən də, yoldaşım da övladımıza lazımi qayğını, sevgini göstərmək üçün çalışırıq. Amma bu aralar fikrimdə var ki, özümdən əlavə uşaqlar üçün bir müəllimə ayırım. Həmin müəllimə sırf uşaqların davranışı,  tərbiyəsi və s. ilə məşğul olsun. Çünki uşaqların həddindən çox sualları olur. Ona görə istəyirəm ki, müəllimə savadlı olsun ki, uşaqların inkişafına müsbət təsir göstərsin. Planımda bu var. Çünki uşağı zamanında düzgün yönəltmək lazımdır.

- Xuraman Şuşalını xoşbəxt edən şeylər nələrdir?
- Əgər övladlarım sağlamdırsa, bu məni xoşbəxt edir. Əslində insan çox unutqandır. Hər anımıza şükür edərək xoşbəxt olmalıyıq. Hər bir halımızda xoşbəxtliyi axtarıb tapmalıyıq. Həyat yoldaşımın sevgisi, qayğısı, diqqəti və övladlarım məni xoşbəxt edir. Nə qədər çox şükür edəriksə, o qədər çox xoşbəxt olarıq.

- Sizcə bu gün Azərbaycan səhnəsində hansı janrda ifaçı az yetişir?
- Düşünürəm ki, əsl estrada, caz ifaçılarımız azlıq təşkil edir. Ümumiyyətlə, müğənni hər janrda oxumağı bacarmalıdır. Mənim repertuarımda demək olar ki, bütün janrlarda mahnılar mövcuddur.

- Mütaliə ilə aranız necədir?
- Mütaliə etməyi çox sevirəm. İşlərimdən imkan tapdıqca kitablar oxuyuram.

- Bəs uşaqlarınız necə?
- Uşaqlarıma da mütaliə etməyi məsləhət görürəm. Uşaqlarım çox istedadlıdır. Özləri üçün “youtube” səhifəsi açmaq istəyirlər. Bu işdə anaları olaraq təbii ki, onlara dəstək olacam. Səhifələrində əyləncəli və professional videoroliklər olacaq. Uşaqlarım balaca olsalar da indidən məqsədləri böyükdür. Dünyada tanınmaq istəyirlər. Buna görə də xarici dil öyrənirlər. Rus dilini demək olar ki, tam şəkildə bilirlər. İngilis və ərəb dillərini isə öyrənəcəklər. Düşünürəm ki, valideynlər daima övladlarına dəstək olmalı, onların məqsəd və istəklərinin həyata keçməsi üçün əlindən gələni əsirgəməməlidir.

- Qarşıda nə kimi yenilikləriniz var?
- Qarşıda bir çox işlərim var. Yeni mahnılarım və həmçinin yaz aylarında yeni klipim olacaq. Demək olar ki, dayanmırıq, daima iş başındayıq.

Könül Oruc


Xəbər xətti