“Oğlum dedi, ata, məni bir də vurma”

Səbuhi Bayramov: “İstədim ki, insanların üzlərində təbəssüm olsun”

“Bağışlayan Allahdırsa, mən niyə bağışlamıyım ? Düzdür, kimisə bağışlasam da, ona yenidən güvənə bilmirəm. Hansısa bir problemim olduğu zaman o bağışladığım insanlara zəng etmirəm. Yəni onlar mənim telefon açacağım insanların siyahısında yer almırlar”. Ucnoqta.az saytının qonağı aktyor Səbuhi Bayramovdur.

-Səbuhi bəy, ilk olaraq özünüzü təqdim edin.
-1981-ci il sentyabr ayının 29-da Gəncə şəhərində dünyaya göz açmışam. Məktəb illərim 7 saylı məktəbdə keçib. Buranı bitirdikdən sonra Bakı Dövlət Universitetinə daxil olmuşam. Universiteti qurtardıqdan sonra müxtəlif yerlərdə işləmişəm. Lakin hazırda işlədiyim sahə senaristlikdir. Qeyd edim ki, ən çox sevdiyim işdə elə senari yazmaqdır. Hal-hazırda həm də Xəzər tv-də yayımlanan iki serialın baş redaktoruyam.

-Xaraktercə necə bir insansınız ?
-Olduqca pis. Əslində buna pis deməzdim, səbrsizlik deyərdim. Məni tanıyan bütün dostlarım bilirlər ki, səbrsizəm, təmkinli deyiləm. Belə ki, hansısa bir hadisəyə həddindən çox və ya tez reaksiya verirəm. Duyğularıma qapıldığım zaman sadəcə mənə dəyməmək lazımdır.

-Nə zaman qərara gəldiniz ki, siz də “stand up”la məşğul olmalısınız?
-Bəlkə, xatırlayarsınız, o vaxtı bir veriliş vardı-“Tək səbir”. Onunla eyni tipdə olan başqa bir proqramı isə mən Kəpəz tv-də aparırdım. Yəni “stand up”la hələ 2000-ci illərin əvvəllərindən tanışam. Sonra yerli telekanallarda bu şou ilə çıxış etdim və uğur qazandım.

-Niyə məhz insanlara gülüş bəxş etmək istədiniz?
-Bunun xüsusi bir səbəbi yoxdur. Sadəcə istədim. İstədim ki, insanların üzlərində təbəssüm olsun. Ən azından bu gün məclisdə məni görəndə kimsə gülümsəyirsə, demək ki, buna nail olmuşam. Gülüş elə bir şeydir ki, insanlara pozitivlik bəxş edir. Bundan gözəl bir şey ?

-Aktyorluğa bu qədər həvəslisiniz, bəs nə üçün təhsilini almadınız ?
-Qısa haşiyəyə çıxım ki, mən 6 il universitet oxumuşam. 3 il Gəncədə bir özəl universitetin hüquq fakültəsində oxumuşam, daha sonra isə BDU-ya köçürülmüşəm və 3 il də orada oxumuşam. Planımda demirəm ki, yoxdur, ola bilər. Amma yaşım artıq çoxdur deyə bu arxadakı planların siyahısında yer alıb. Yəni sırf bu dəqiqə deyim ki, planlaşdırıram təhsil almağı, xeyr, belə deyil. Amma istəyərdim. Bir də bir şey əlavə edim, gərək insanın özünün fitri istedadı olsun. Əgər bu yoxdursa, təhsil o qədər də önəm daşımayacaq. Bir də görürsən, Universiteti bitirən birisinə hansısa rol verirlər, amma bacarmır. Halbuki, onun təhsilini alıb.

-Ötən müsahibələrimizdən birində Fərda Xudaverdiyev söylədi ki, “stand up” sözünü mənə görə sevirlər...
-Deyim ki, bu ifadənin kimləsə bağlılığı yoxdur. Bu söz Amerikadan dilimizə keçib. Fərda tək deyil, Əlibəy, Erkin, Fəqan kimi “stand up”la məşğul olanlarımız da var. Fərda ilə dostuq, amma “stand up” deyəndə mən yada düşürəm, bu fikirlə razı deyiləm. Deyim nəyə görə razı deyiləm ? Onda “mashup” deyəndə hansısa dj-in adı çəkilməlidir ? Xeyr, düzgün deyil.

-Heç səhnədə olarkən başınıza hər hansı hadisə gəlibmi?
-Səhnədə “alınmayan kadrlar” deyilən bir ifadə var. Bu hallarla hər bir aktyor tez-tez qarşılaşa bilər. Məndə də olub. Belə bir əhvalat danışım. Şamaxıda çəkilişdə olarkən serialda məni rəis tutmalı idi. Mənsə deməli idim ki, rəis, buraxın, gedim. O da cavabında söyləməli idi ki, istəyirsən, taksi çağırım, onunla get. Təsəvvür edin, bu söz deyiləndə hər dəfə gülürdüm. 9-10 dubl sonra mən özümü güclə toparladım və serial çəkildi. Daha maraqlı bir hadisəni danışım. O vaxtlar Xəzər tv-də “Qaynana” serialı gedirdi. Biz ofisdə çəkiliş aparanda oraya keçi gətirmişdik. Ofis isə bir turizm şirkətinə məxsus idi. Keçi oranı elə bir günə qoydu ki (gülür).

-Heç vaxt unuda bilməyəcəyiniz günlər varmı həyatınızda?
-Var. Həm də onların sayı az deyil. Həyatım keşməkeşli olub hər zaman. “Unutmayacağım günlər” dediniz və məni keçmişə apardınız. Bir ara mən işsiz qaldım, işləmədim. Maddi cəhətdən çox sıxıntılarım oldu o zamanlar. Ümumiyyətlə, mənim bir xarakterim var ki, hansısa bir sıxıntım oldusa, evdə bunu biruzə vermirəm. İşləmədiyim dönəmlərdə oğlum məndən hansısa oyuncağı almağı istəmişdi, pulum yox idi, mən oğlumun istəyini reallaşdırmaq üçün gümüş boyunbağımı satası oldum. İndiyə kimi yadımdadır. Unutmayacağım qəmli günlərimdən biri budur. Amma sizə bir də elə bir unutmayacağım gün danışım ki, uğunasınız gülməkdən. Bunu “stand up”da söyləmişəm. Universitetə qəbul imtahanı verirdim. Zala daxil olanda bir eynəkli oğlan gördüm, dedim, ya Allah, sən özün elə et ki, bunun arxasında oturum. Allah dualarımı qəbul elədi və bunun arxasında əyləşdim. Sevincimin həddi-hüdudu yox idi. Dedim, bir az müddət keçsin, söyləyim ki, gəl, suallarda bir-birimizə kömək edək. Elə bunu düşünməyimdən 5 dəqiqə keçmişdi ki, qardaş çevrilib dedi, bir şey bilirsənmi ? Təsəvvür edin, elə bil ki, kimsə mənim kürəyimdən yumruq vurdu. Dedim, nə olsa da, bu sualı verəcəm. Söylədim, o gözlərini niyə xarab etmisən ? Dedi, televizora baxmaqdan. Mən o an daha heç nə demədim (gülür).

-Hər kəsin dar günləri olur. Həmin günlərdə arxa çevirən dostlarınız çox olub ya yanınızda olublar?
-Tam səmimi etiraf edim ki, oldu elə bir şeylər. İncidiyim dostlar da oldu. Adlarını çəkməyim. Onların özləri başa düşəcək ki, o zamanlar yanımda olmalı idilər, amma olmadılar. Əslində onları qınamıram, insanların başları işə o qədər qarışır ki, kimsə yada düşmür bəzən. Sadiq dostlarım da vardı, axtarırdılar, arayırdılar.

-İnsanları tezmi bağışlayırsınız?
-Bağışlayan Allahdırsa, mən niyə bağışlamıyım ? Düzdür, kimisə bağışlasam da, ona yenidən güvənə bilmirəm. Hansısa bir problemim olduğu zaman o bağışladığım insanlara zəng etmirəm. Yəni onlar mənim telefon açacağım insanların siyahısında yer almırlar.

-Nəyin həsrətini çəkirsiniz?
-Düzünü deyim, elə bir şey yoxdur ki, onun bu dəqiqə həsrətini çəkim. Həsrət çəkmək deməyim, amma istəyərdim, “Kann” festivalında iştirak edim. Səmimi deyirəm, çox arzulayıram ki, bu festivalda bir filmim ən azı iştirak etsin.

-Tez-tez kövrəlirsiniz?
-İlk olaraq qeyd edim ki, həddindən çox kövrək insanam. Məni daha çox isə atılmış uşaqlar kövrəldir. Elə bu yaxında dostum Kənan Yusiflə uşaqlar evində olmuşduq. Oradakı uşaqların üzündəki nisgil məni o qədər sarsıtdı ki. Bilirsiniz, uşaq uşaqdır, o ana, ata qayğısı istəyir. Nə qədər ona yaxşı baxırsan, bax, valideyn sevgisinin yerini heç bir şey əvəz etmir axı. Birini qoyub digərinə keçim. Bir dəfə senari yazırdım, oğlum gəldi, klaviaturanın üzərinə ədyal çəkdi və “notebook”u bərkdən qapatdı. Bu an elə komputerin ekranı qırıldı. Mənsə axşam saat 10 tamama bölümün senarisini yazmalıyam. Mən qeyri-ixtiyar oğlumun qulağından tutub kənara itələdim ki, nə etdin, senari yarımçıq qaldı. Oğlum irəli gəldi və mən elə bildim ki, məni vuracaq. Düşünün, elə bir hərəkət etdi ki, mənə böyük bir dərs oldu. Əlini üzümə qoyub dedi, ata, məni bir də vurma. Elə bil həmin anda mənim belimi qırdı oğlum.

-Ata olmaq...
-Həddən artıq mükəmməl bir hissdir. Evə yorğun gəldiyim anda övladımın qarşıma qaçıb mənimlə zarafatyana güləşməyi nəyə desəniz, dəyər. Övlad, mənim fikrimcə, insanı çox dəyişir. Övlad ata üçün bir dayaqdır, dəstəkdir. Belə bir varlıqdır övlad.

-Sonuncu sualımı verim. Səmimi ola bildiniz ?
-Burada, bəli, ola bildim. Ən azından daxili dünyamı açıb nəyisə danışmağıma səbəb oldunuzsa, demək ki, ola bildim. Mən xoşlamıram çox danışmağı və nələr isə söyləməyi. Amma bu müsahibədə elə məndən informasiya aldınız ki. Həqiqətən, bacardınız.

-Səbuhi bəy, çox sağolun, dəvətimi qəbul edib gəldiniz.
-Mən də sizə təşəkkür edirəm.

Rövşən Tahir

Tarix
12 Yanvar 2020 [13:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-12 13:26:09
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin