“Teatrda qazandıqlarımızı serialda xərcləyirik”

15:06 - 2 Yanvar 2020 - Müsahibə

Rəşad Səfərov: “Teatr böyük bir məktəbdir”

“Əgər yolda gedəndə kimsə yaxınlaşıb xoş sözlər deyirsə, demək ki, sevilirəm. İnanın səmimiyyətimə, bir-iki həftə əvvəl metronun içərisində bir xanım uşağını qucağıma verdi ki, şəkil çəkdirim. Yəni deməyim odur ki, əgər metroda belə mənimlə şəkil çəkdirmək istəyirlərsə, demək ki, sevilirəm”. “Üç nöqtə” qəzetinin qonağı aktyor Rəşad Səfərovdur.

-Rəşad bəy, uşaqlıq illəriniz necə keçib?
-Uşaqlıq illərim həm şirin, həm də acılı günlərlə yadda qalıb. Çox yaxşı xatırlayıram, uşaq vaxtı dərsdən gəldikdən sonra otağımda oyuncaqlarımı qarşıma töküb onlarla oynayırdım. Səhnəciklər düzəldirdim, oyuncaqlarla dialoqlar yaradırdım. Uşaq fantaziyası idi. Uşaqlıqda çox utancaq birisi olmuşam. Təsəvvür edin, lövhə qarşısında dərs danışanda belə utanırdım. Amma indi xalqın qarşısında aktyor kimi çıxış edirəm (gülür). Çox maraqlıdır.

-Teatr aktyoru olmaq, yoxsa serial? Hansı daha məsuliyyətlidir?
-Teatr. Ona görə ki, teatr canlı sənətdir. Tamaşaçının nəfəsini duyursan. Hiss edirsən ki, tamaşaçı səni görür. Bax bu nəyə desən, dəyər. Teatr böyük bir məktəbdir. Biz teatrda qazandıqlarımızı serialda xərcləyirik.

-Bu vaxta qədər oynadığınız rollar içərisində özünüzü hansındasa tapmısınız?
-Anarın “Mən, sən, telefon” əsərinin motivləri əsasında hazırlanmış “Telefon gecələri” tamaşasında mən Seymur adında bir obrazı canlandırmışam. Deyərəm ki, o tamaşa mənə çox zövq verib. Belə ki, cərəyan edən hadisələrin fonunda özümü telefonda qıza Rüstəm kimi təqdim etmişdim. Seymur Rüstəmi, Rüstəm isə Seymuru qısqanırdı.

-Rəşad Səfərov özünü hansı rolda görmür?
-Teatrda bütün rollarda oynamalı olursan. Amma filmdə seçim var. İstədiyin obrazı canlandıra, istəmədiyini isə canlandırmaya bilərsən. Belə deyim ki, sevgi rolunda özümü görmürəm. Eşq, sevgi, mənlik deyil. Bəlkə də, bu xarakterimdən irəli gəlir.

-Elə bir rol olub ki, onu canlandırasınız və uzun müddət təsiri altında qalasınız?
-Bəli, olub. Teatrda bir tamaşamız var idi. Mən orada qaçqın həyatı yaşayırdım. Tamaşanın mövzusunun əsas qayəsini Vətən həsrəti təşkil edirdi. Mən tamaşada ağlamalı idim və ağladım da. İnanın ki, bütün günü tamaşada keçirdiyim hisslər mənə təsir etdi.

-Müsbət rollarınızla yanaşı mənfi rollarınız da olub. Mənfi obrazı canlandırmaq sizdə narahatlıq doğurmur ki?
-Bilirsiniz mənfi rolu oynamağın özü böyük bir məsuliyyət tələb edir. Lakin mənfi rolu oynayan aktyorun və ya aktrisanın özü belə o obraza haqq qazandırmalıdır. Mən niyə mənfiyəm ? Axı mənim mənfi olmama səbəblər var. Nümunə üçün deyim ki, “Sənə inanıram” filmində məni mənfi obraz kimi tanıdılar. Amma mən bu obraza haqq qazandırıram. Filmin sujeti belə idi: “Mən və dostum Həmid Riqadan gəldikdən sonra Həmid bir qıza aşiq olur və işləri ilə tamamən maraqlanmır. Mən dəfələrlə ona bildirirəm ki, Həmid, işlər əldən gedir, işlərlə məşğul olmaq lazımdır. Həmid isə məni dinləmir. Beləliklə, mən pulları götürüb qaçıram”. O serialda mən özümə çıxış yolu bunu gördüm. Nə edərdim ? Həmidlə birlikdə özümü də məhv edərdim ? Ona görə də oynadığm istənilən mənfi rola haqq qazandırıram. Bu isə məndə narahatlıq doğurmur.

-Qısqanclıq dediniz, qısqanc birisiniz?
-Dəhşətli dərəcədə qısqancam. Mən 2014-cü ildə Xocahəsən mədəniyyət evinə direktor getdim. Hər şey yaxşı idi. O zaman mən rəhbər vəzifədə idim və aktyor fəaliyyəti ilə məşğul olmurdum. Təsəvvür edin, oynadığım obrazların geyimlərini başqa bir aktyorun əynində görəndə qısqanırdım. Bunun nəticəsi oldu ki, 6 aydan sonra birdən-birə durduğum yerdə ərizəmi yazıb dedim ki, gedirəm, teatra. Teatrsız qala bilmədim.

-Rəşad Səfərov necə düşünür, tamaşaçı onu sevirmi?
-Onu tamaşaçılardan soruşsaq, daha yaxşı olar. Amma hiss edirəm ki, sevirlər. Əgər yolda gedəndə kimsə yaxınlaşıb xoş sözlər deyirsə, demək ki, sevilirəm. İnanın səmimiyyətimə, bir-iki həftə əvvəl metronun içərisində bir xanım uşağını qucağıma verdi ki, şəkil çəkdirim. Yəni deməyim odur ki, əgər metroda belə mənimlə şəkil çəkdirmək istəyirlərsə, demək ki, sevilirəm.

-Həyatdan gözləntiləriniz çoxdur?
-Arzular tükənməzdir. Kim deyir ki, arzu birdir, yalandır. Arzular çoxdur. İşlə bağlı, şəxsi həyatla bağlı arzularım sonsuzdur. Zamanında da arzularım çox olub. Həmişə istəmişəm ki, üç qızım olsun və onları istədiyim kimi boya-başa çatdırım. Allah arzuma yetirdi. Bundan gözəl xoşbəxtlik ola bilərmi?

-Danışırsınız, baxıram ki, gözləriniz dolur. Həyatda çoxmu kövrək insansınız?
-Həddindən çox kövrəyəm. Adicə qızlarımdan birinin azacıq qızdırması olanda belə kövrəlirəm. Övladlarımla nəfəs alıram. Qapıdan içəri daxil olanda onlar məni qarşılamayanda pis oluram. Görün, nədən pis oluram. Sosial şəbəkələrdə atılmış övladlarla bağlı nəsə görəndə hisslərimə hakim ola bilmirəm.

-Məleykə xanım Əsədova deyir ki, məni insan küsdürə bilər, səhnə məni küsdürə bilməz. Bəs sizi necə?
-Məleykə xanımın dedikləri ilə razıyam. Məni də insanlar küsdürə bilər. Hətta bir zamanlar müəyyən insanlar küsdürmüşdülər də. Bu küskünlük elə zamanla da aradan qalxdı. Səhnə məni də küdürə bilməz. Əksinə o, məni yaşadır.

-Bəs heç olubmu ki, səhnədən uzaqlaşmaq istəyəsiniz?
-Teatrdan yox, seriallardan olub. Bir müddət kim nə istədi, çəkirdi. İnanın, aktyorluq fəaliyyətimdən bezmişdim ki, axı niyə yerində olmayanlar mədəniyyəti bu günə qoyurlar ? Serial sektorundan iyrənmişdim. Şükürlər olsun ki, indi belə deyil.

-Həyatda necə? Yaradıcı insansınız?
-Həqiqətən, çox yaradıcı biriyəm. Gecələri yuxuya getməzdən öncə tavana baxıb nələrisə fikiləşəcək qədər yaradıcı insanam. Bir də görürsən ki, bir neçə ay öncə oynadığım rolu düşünürəm ki, kaş bu hissəsində belə hərəkət edərdim və ya bu sözü deyərdim. Başlayıram, düşüncələrimi analiz etməyə.

-Rəşad bəy, bu illər ərzində olubmu ki, hansısa tamaşaçınız hansısa probleminizlə maraqlansın ? Amma tam səmimi etiraf edin.
-Dostlar, tanışlar maraqlanıblar. Tanımadığım tamaşaçılardan da olub. Bir dəfə soruşulmuşdu ki, hansısa bir sıxıntınız yoxdur ki ? Sizə bir şey deyimmi ? Mən problemlərimi və sıxıntılarımı kənara biruzə verməyi sevən insan deyiləm, buna görə də insanlar mənim hansısa bir sıxıntım olduğunu duya bilməzlər.

-Xarizmalı bəysiniz. Sevgi təklifləri alırsınız?
-Olar, sevdiyim sözü istifadə edim? O qədər! Amma mən onlara “hə” demirəm. Çoxsaylı məktublar almışam, indi isə sosial şəbəkələrdə yazırlar. Mən isə birmənalı şəkildə “xeyr” deyirəm. Mənim artıq ailəm, övladlarım var. Onlar üçün yaşayıram.

-Qazandığınız uğurları kiməsə borclusunuz?
-Bəli, borcluyam. Öz müəllimlərimə borcluyam. Onların mənim üzərimdə çəkdiyi əziyyətin nəticəsidir ki, mən bu gün aktyor Rəşad Səfərov olaraq tanınıram, sevilirəm. Hazırda müəllim kimi də fəaliyyət göstərirəm. Özlüyümdə fikirləşirəm ki, Rəşad, sən müəllimlərinin sənə verdiklərini gənc nəslə ötürməlisən. Qoy onlar nələrəsə yiyələnsinlər.

-Sonda belə bir sual verim, gənc aktyorlara məsləhətiniz nə olardı?
-Sənətlərini sevsinlər. Əgər sevgi varsa, hər şey olacaq. Sənət varsa, istedadın varsa, sevgin yoxdursa, sən heç bir şeyə nail olmayacaqsan. Sevgi və həvəs istedadı üzə çıxarır.

Rövşən Tahir

Xəbər xətti