Hər bir xalqın inkişafında sağlam gənclik mühüm rol oynayır

18:13 - 27 Dekabr 2019 - KİVDF

Dövlətçiliyin, müstəqilliyin möhkəmlənməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli, mənəvi inkişaf etmiş gənc kadrların yetişib avanqard qüvvəyə çevrilməsindən çox asılıdır. Buna nail olmaqda, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. Bu siyasətin də əsasında əsrlər boyu xalqımızın malik olduğu milli- mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu, sağlam, mənəvi inkişaf etmiş gənc nəslin yetişdirilməsi dayanır.

Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” qarşıda duran bu vəzifələrin həyata keçirilməsində mühüm rol oynayır. Bundan əvvəl gənclər üçün həyata keçirilmiş proqramların davamı olaraq burada da gəncliyin gələcək inkişafının müxtəlif aspektləri nəzərdə tutulub. Azərbaycan gənclərinin inkişaf strategiyası ötən illərdəki proqramlardan fərqli olaraq daha geniş şəkildə birbaşa gənclərin sağlam, mənəvi inkişafına yönəlib. Gənclərinin inkişaf strategiyasında bildirilir ki, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin önündə olub. “Gənc nəsil istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edib. Minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edib, idmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə yüksəlib.

Gənclər mədəniyyətlərarası dialoqun aparılmasında, beynəlxalq əməkdaşlığın inkişafında fəal olub. Bunun nəticəsində müxtəlif dövlətlərdə və beynəlxalq qurumlarda ölkəmiz daha yaxından tanınıb, onun tarixi, mədəniyyəti və bu günü haqqında geniş məlumatlar çatdırılıb. Xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər və məzunlar, orada çalışan gənc mütəxəssislər Azərbaycan diasporunun formalaşmasında və lobbiçilik fəaliyyətində yaxından iştirak edirlər. Son illər ərzində gənclərin ictimai fəallığı yüksəlib, onların idarəetmədəki rolu artıb”. Lakin bu sahədə əlavə işlərin görülməsi, sağlam, mənəvi gənclərin yetişdirilməsi, daha böyük uğurlara nail olmaq qarşıda duran əsas vəzifələrdən biri olub. Bu səbəbdən də yeni Strategiya qəbul edilib və onun məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.

Bundan başqa, gənclərin  sağlam, mənəvi inkişafında asudə vaxtını səmərəli təşkil etmək, məlumatlandırma, yönəltmə və sosial dəstəyi təmin etmək çox vacibdir. Bunun üçün respublikanın şəhər və rayonlarında 40-a yaxın sosial xidmət müəssisəsi - gənclər evləri (mərkəzləri) istifadəyə verilib. Qeyd edək ki, “Gənclər evləri” şəbəkəsinin 2007-ci ildə yaradılmasına başlanıb. Gənclərə dövlət qayğısının nümunəsi olan bu müəssisələr Bakı şəhərində və onun qəsəbələrində yaradılmaqla bərabər, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən bir sıra regionlarda da yaradılıb, demək olar, bütün ölkəni əhatə edir. Hazırda bu müəssisələrin funksionallığını daha da artırmaq, bu evlərə daha çox gənc cəlb etmək üçün intensiv fəaliyyət həyata keçirilir. Burada gənclərin milli ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridir ki, bu yöndə böyük işlər görülür.

Ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində 2 fevral 2019-cu il tarixindən Azərbaycan Respublikasının Gənclər Fondunun maddi texniki bazası əsasında yaradılan “Gənclərin İnkişaf və Karyera Mərkəz”ləri (GİKM) də gənclərə olan qayğının əyani sübutudur. Hazırda  bir çox rayonlarda fəaliyyət göstərən GİKM-ləri gənclərin karyera qurmalarına, istənilən sahədə inkişaf etmələrinə daha geniş şəkildə imkanlar açır. Əsas hədəfi gənclərin doğru istiqamətdə inkişafını təmin etmək olan həmin GİKM-ləri ölkəmizdə həm də savadlılığın artırılmasına böyük töhfədir. Savadlı gənc isə mənəvi zəngin gəncdir.

Bundan başqa, perspektivli gənclərə göstərilən dövlət qayğısının səmərəliliyinin artırılması üçün mədəniyyət və incəsənət sahəsində gənclərin yaradıcılıq nailiyyətlərinin mübadiləsi, ustad dərsləri, sənətə baxış kimi tədbirlərin həyata keçirilməsinə üstünlük verilir, yaradıcı gənclərin problemlərinin öyrənilməsi və onların həlli yollarının müəyyənləşdirilməsinə xüsusi diqqət ayrılır. 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi gənclərin nailiyyətlərinin qiymətləndirilməsi və stimullaşdırılması baxımından xüsusi önəm kəsb edir.

Bu gün gənclərin sağlamlığı da diqqət mərkəzindədir. Gənclərin fiziki inkişafına nail olmaq bütün dövlətlərin yürütdüyü siyasətdə prioritet faktor olaraq qalır. Fiziki inkişaf, sağlamlaşma həm də gənclərin mənən formalaşmasına xidmət edir. Bu səbəbdən də gəncliyimizin həm sağlam böyüməsi, həm də mənəvi inkişafı cəmiyyətin bütün təbəqələrini ciddi düşündürür. Dövlətimizin başçısı bədən tərbiyəsi və idmanın uşaq və gənclərin fiziki və mənəvi inkişafında mühüm rolunu önə çəkərək deyib Azərbaycan Prezidenti İlham Əliyev uşaq və gənclərə daha yüksək səviyyədə dövlət qayğısını təmin etmək, onların fiziki və mənəvi cəhətdən inkişafına nail olmaq məqsədilə, ardıcıl olaraq, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir: “Əlbəttə, bizə qələbələr, çempionlar lazımdır və bu, bizdə var. Amma, eyni zamanda, bizə sağlam gənclər, sağlam millət lazımdır. İdmanla məşğul olan uşaq, yeniyetmə fiziki cəhətdən sağlam olur. Eyni zamanda, yüksək mənəvi keyfiyyətlərə də malik olur”.

Olimpiya İdman Kompleksləri, idman obyektləri tikilərək gənclərin istifadəsinə verilib. Uzun illərin təcrübəsinə əsaslanan Azərbaycan idmançıları hər il beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında yüksək nəticələr göstərərək medallar qazanırlar. Bu uğurlar dövlətin həyata keçirdiyi məqsədyönlü tədbirlərin nəticəsidir. Ölkə Prezidenti "...Bizim işimiz təkcə beynəlxalq yarışlarla məhdudlaşmır", - deməklə vurğulayıb ki, idman dövlətin ən vacib hesab etdiyi sahələrdəndir. Bu istiqamətdə infrastruktur genişləndirilib, müasirləşdirilib, idmançıların həyat şəraitini yaxşılaşdırmaq, problemlərini həll etmək üçün bütün vacib tədbirlər görülüb və bu işlər davam etdirilir.

 Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov bu barədə deyib. «Nəzərə alsaq ki, idmanla peşəkar səviyyədə məşğul olan insanların əksəriyyəti gənclərdir, bu o deməkdir ki, idmanın kütləviliyi həm də gənclərin inkişafı yönündə görülən işdir. Bilirsiniz ki, ölkəmizdə gənclərin inkişafına dair proqramlarda idmanın inkişafı prioritet olaraq müəyyənləşdirilir. Gənclər arasında maarifləndirmə işlərinin aparılması, onların idmana cəlb olunması bu məsələdə xüsusi əhəmiyyət kəsb edir. Çünki əsas məqsəd gənclərin sağlamlığının qorunması və buna xidmət edən təşviqedici və maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir. Unutmayaq ki, sağlam gənclik həm də sağlam gələcək deməkdir. Ona görə də, ölkə rəhbərliyi tərəfindən idmanın inkişafı hər zaman diqqət mərkəzindədir. Onu da qeyd edim ki, hər bir istiqamət kimi idmanın inkişafı da ölkə qanunları çərçivəsində tənzimlənir. Artıq  bu sahədə də təkmil qanunvericilik bazası formalaşdırılıb. «Bədən tərbiyəsi və idman haqqında» qanun və digər müvafiq qanunvericilik aktları ölkəmizdə idmanın həm yüksək səviyyədə inkişafını, həm də bu inkişafın sistemliyini təmin edir»- deyə, Ş.İsmayılov qeyd edib.

Beləliklə, bu gün Azərbaycanda gənclər siyasəti, hər cəhətdən göründüyü kimi, dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin nəticəsidir ki, Azərbaycanda sağlam. Mənəvi inkişaf etmiş gənclər formalaşıb. Onlar ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir  və siyasi, iqtisadi, humanitar tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilə bilib.

Xəbər xətti