“İlk sevdiyim xanımla ailə həyatı qurdum”

Səyyad Əlizadə: “Partada ortadan xətt çəkib qıza dedim ki, mən tərəfə keçsən səni vurub birtəhər edərəm”

“Böyük qardaşım Səid və balaca qardaşım Səccadla birlikdə kirayədə qalırdıq. Səid böyük, Səccad isə məndən balaca olduğu üçün ev işlərinin çoxu mənim üzərimə düşürdü. Buna görə də məcbur olub yemək bişirməyi də, paltar yumağı da, ütüləməyi də öyrənmişdim. Amma dadlı yemək bişirdiyimi deyə bilməzdim. Bişirdiyim yeməkləri çarəsizlikdən yeyirdik (gülür). Ümumiyyətlə, mətbəxdən xoşum gəlmir. Dostlarım var ki, yaxşı kabab çəkirlər, qazan yeməkləri bişirirlər. Amma mənim əlimdən gəlmir. Bu yaxınlarda oğlumla ikimiz evdə idik. Dedi ki, ata kartof qızartması istəyirəm. Bir neçə saat mətbəxdə çalışsam da bir nəticə olmadı”
“Üç nöqtə” qəzetinin qonağı müğənni Səyyad Əlizadədir.

“Uşaqlığımızı uşaq kimi yaşamışıq”

6 avqust 1958-ci ildə Füzuli rayonunun Şıxbaba kəndində dünyaya gəlib. Deyir ki, ailədə beş qardaş, iki bacı olublar, o isə ailənin üçüncü uşağı olub: “Uşaqlıq illərim elə doğulduğum kənddə keçib. Uşaqlıqda çox dəcəl idim. O illər indiki zəmanə ilə müqayisədə çox gözəl idi. Uşaqlıq illərimiz çox gözəl, maraqlı, yaddaqalan keçib. Uşaqlığımızı uşaq kimi yaşamışıq. Məktəb yay tətilinə bağlananda Batabat yaylağına gedərdik və üç ay müddətində orda qalardıq. Orda günlərimiz çox maraqlı keçərdi”.

“Müəllimim dedi ki, sən elə hazır müğənnisən”

Məktəbdə 1965-ci ildə birinci sinfə getmişəm, həmişə seçilən, fəal şagird olmuşam. İstər idman, istər musiqi, istərsə də təhsil sahəsində sözün yaxşı mənasında seçilmişəm. Qiymətlərim əla olub. İdmanla mütəmadi məşğul olmuşam. Birinci sinfin dekabr ayında ilk dəfə səhnəyə çıxıb 500 nəfərin qarşısında mahnı oxumuşam. Musiqiyə həvəsim hələ məktəbə getməmişdən olub. Ona görə də daima bildiyim mahnıları oxuyardım. Musiqiyə çox həvəsim var idi. O vaxtı məktəblərdə nəğmə dərsləri keçirilərdi. Müəllim bir-bir uşaqları oxutduqdan sonra dedi ki, sən hər kəsdən yaxşı oxuyursan. Məktəbimizdə tarzən Yaşar müəllim var idi, çox gözəl bir insan idi. O sonralar mənim sinif rəhbərim də oldu. Həm hərbi hazırlıqdan, həm də rəssamlıqdan dərs keçərdi. Mənim səsimi, sluxumu, ritmimi yoxladı. Dedi ki, sən elə hazır müğənnisən. O gündən məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak etməyə başladım. O vaxtı dəbdə olan mahnıları oxuyardım və çox gözəl qarşılayardılar. Sonralar mənim çıxışlarım rayon üzrə yayıldı. Sonra məni balaca müğənni kimi rayon tədbirlərinə dəvət etməyə başladılar. O vaxtı kəndimizdə musiqi məktəbi yox idi. Valideynlərimdən xahiş etdim, mənə akustik gitara aldılar. Özüm bu gitarada ifa etməyi öyrəndim.  Ümumiyyətlə, həvəs olandan sonra insan hər şeyə qadir olur”.

“Qarabağda keçirilən mahnı müsabiqəsinin laureatı oldum”

Müsahibimiz deyir ki, musiqini çox sevməyinə baxmayaraq mühəndis olmağı da arzulayırmış. Çünki müğənniliyə əlçatmaz bir sənət olaraq baxırmış: “ “Sevilən müğənni ola bilərəmmi?”- deyə, düşünürdüm. Bu barədə şübhələrim olduğu üçün mühəndis olma yolunu seçdim. Məktəbi bitirdikdən sonra sənədlərimi o vaxtkı Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna verdim və qəbul oldum. Sentyabrın ilk günlərindən tələbə ansamblına üzv yazıldım. Orda ansamblın bədii rəhbəri məni yenə ansambla oxumağımı yoxladı və o da dedi ki, siz hazır müğənnisiniz. (Gülür). Dedi ki, harda öyrənmisiniz? Dedim, Füzuli rayonunda. Çünki 9-cu sinifdə oxuyanda mən Füzuli rayon Xalq Çalğı Alətləri Ansamblının solisti idim. Dağlıq Qarabağda konsertlər verdik, hətta 1975-ci ildə Qarabağda keçirilən mahnı müsabiqəsinin laureatı oldum”.

“Müəllim dedi ki, bu oxumağı burax, düş o biri oxumağının dalınca”

Rəqabəti sevən S.Əlizadə vurğulayır ki, tələbəlik zamanı da çox fəal olub: “Çünki həmişə özümə böyük tələbkarlıqla yanaşmışamvə rəqabəti sevmişəm. Məndən bir addım qabaqda olan insanı ötüb keçməyə çalışırdım. Ona görə də 5 illik tələbəlik illərində bir çox musiqi yarışmalarının laureatı oldum. O vaxtı SSRİ-nin bir çox şəhərlərində musiqi müsabiqələrində, qastrollarda olduq. Tələbəlik illərim gözəl keçdiyi üçün gənclik illərimi hər zaman gözəl xatırlayıram. Bu dövrdə Azərbaycan televiziyasında çıxışlara başlamışam. 1977-1978-ci illərdə “Xoş gördük tələbə” verilişində efirə çıxdım və mən bir günün içində bütün institutda məşhur oldum. Verilişin səhəri günü instututa gələndə hamı məni barmaqla göstərirdi. Pəncərənin qarşısında durub çölə baxırdım, ali riyaziyyat müəllimimiz Nəriman müəllim dedi ki, “axşam sənin oxumağına baxdım, çox xoşuma gəldi. Sən bu oxumağı burax, düş o biri oxumağının dalınca”. Nəriman müəllimin bu sözü heç vaxt yadımdan çıxmır”.

“Tələbə vaxtı bişirdiyim yeməkləri çarəsizlikdən yeyirdik”

Bir çox tələbələr kimi kirayədə qalan müsahibimiz deyir ki, böyük qardaşı Səid və balaca qardaşı Səccadla birlikdə qalırmışlar: “Səid böyük, Səccad isə məndən balaca olduğu üçün ev işlərinin çoxu mənim üzərimə düşürdü. Buna görə də məcbur olub yemək bişirməyi də, paltar yumağı da, ütüləməyi də öyrənmişdim. Amma dadlı yemək bişirdiyimi deyə bilməzdim. Bişirdiyim yeməkləri çarəsizlikdən yeyirdik (gülür). Ümumiyyətlə, mətbəxdən xoşum gəlmir. Dostlarım var ki, yaxşı kabab çəkirlər, qazan yeməkləri bişirirlər. Amma mənim əlimdən gəlmir. Bu yaxınlarda oğlumla ikimiz evdə idik. Dedi ki, ata kartof qızartması istəyirəm. Bir neçə saat mətbəxdə çalışsam da bir nəticə olmadı”.

“Kiyev şəhərində musiqisiz yaşamaq mənim üçün çox çətin idi”

S.Əlizadə deyir ki, 1982-ci ildə institutu bitirdikdən sonra onu əlaçı tələbə kimi Ukraynanın Kiyev şəhərinə işləməyə göndəriblər: “İxtisasım Körpülər və tunellər idi. İşə başladım və işimi çox bəyəndilər. İçkidən, siqaretdən, zərərli vərdişlərdən uzaq olmağım və rəhbərliyim onların çox xoşuna gəldi. 280 manat maaş alırdım. İlk maaşımın 80 manatını özümə saxladım, qalan 200 manatını isə Azərbaycana anama göndərdim. Onlar məni orda saxlamaq istədilər. Lakin mən musiqini çox sevdiyim üçün orda çox qala bilmədim. Kiyev şəhərində musiqisiz yaşamaq mənim üçün çox çətin idi. Elə burdan da hərbi xidmətə yola düşdüm. Hərbi xidmət illərim SSRİ-nin 60 illiyinə təsadüf edirdi. Hərbi təhsil müəssisəndə orta tanklar üzrə 6 ay kursant oldum. Döyüş əlaçısı olduğum üçün elə məni təhsil polkunda saxladılar. Artıq gələn əsgərlərə dərs deməyə, döyüş taktikasını öyrətməyə başladım. Mənim olduğum bölmədə cəmi bir-iki azərbaycanlı var idi, onlar da demək olar ki, görünmürdülər”.

“Partada ortadan xətt çəkib qıza dedim ki, mən tərəfə keçsən səni vurub birtəhər edərəm”

S.Əlizadə deyir ki, insanın həyatda bir sevgisi olur. Düzdür, balaca vaxtı oğlan uşaqları müəllimələrinə, yaxud sinif yoldaşlarına vurulurlar: “Amma məndə elə şeylər olmayıb, valideynlərim hər zaman mənə oxumağı tövsiyə edirdi. Biz bir az qapalı böyüdüyümüzə görə qızlardan kənar gəzirdim. Hətta bir dəfə müəllim bir qızı mənimlə eyni partada otuzdurmuşdu. Partada ortadan xətt çəkib qıza dedim ki, mən tərəfə keçsən səni vurub birtəhər edərəm (gülür). Qız da bu sözümü müəllimə dedi, məni danladılar. Amma əlaçı tələbə olduğum üçün çalışırdılar ki, xətrimə dəyməsinlər. Orta məktəbdə də, ali məktəbdə də bir neçə qız mənə sevgisini etiraf edib. Lakin mənim fikrim təhsildə olduğu üçün belə şeylərə vaxt sərf etmirdim”.

“İlk sevdiyim xanımla ailə həyatı qurdum”

S.Əlizadə deyir ki, ilk sevgisi isə əsgərlikdən gəldikdən sonra olub. Ailə qurduğu xanımı anası seçib, müsahibimiz də sevib: “Həyat yoldaşım qonşu kəndimizdən idi, ailəsini, kökünü yaxşı tanıyırdıq. Biz atamızı erkən yaşda itridiyimiz üçün anamız bizim çox əziyyətimizi çəkib. O bizə həm ana, həm də ata olub. Ona görə də onun dediklərini həyata keçirməyə çalışırdıq. Şükür Allaha ki, anamızın sözünü dinləyib həmişə də xeyir tapmışıq. Anamın məsləhəti ilə indiki xanımımı gördüm və sevdim. İlk sevdiyim xanım ilə ailə həyatı qurdum. Artıq 30 il keçib və anamın bizə necə gözəl yol seçdiyinin şahidi oluruq. İnsanın xoşbəxtliyi onun ailə qurduğu insanla bağlıdır. Əgər düzgün addım atırsansa xoşbəxt olursan. İki övladımız var, qızım Şəhla və oğlum Atabəy. Övladlarıma hər zaman düzgün olmağı, sözübütöv, xeyirxah olmağı tövsiyə edirəm. Övladlarıma ən yüksək səviyyədə təhsil verməyə çalışmışam. Qızım İqtisad Universitetini bitirib ixtisası üzrə işləyirdi. Lakin indi kiçik övladları olduğu üçün iºləmir. Oğlum Atabəy isə 9-cu sinifdə oxuyur. Ona hər zaman yaxşı təhsil almağı məsləhət görürəm. Yaxşı olan nə varsa, onun övladlarımda cəm olmasını istəyirəm. Bütün övladlara xoxşbəxtlik arzulayıram”.

“Bir də gördüm ki, artıq peşəkar bir müğənni kimi böyük səhnədəyəm”

Hər zaman müğənniliyə əlçatmaz bir sənət olaraq baxan müğənni bu sənətin müqəddəs olduğunu deyir: “Bu sənət müqəddəsdir, amma insan yerində olanda. Bütün sahələrdə olduğu kimi bizim incəsənətdə də təsadüfi adamlar çoxdur. Bu iş böyük məsuliyyət, zəhmət və bacarıq tələb edir. Hər bir işə çox böyük məsuliyyətlə yanaşıram. Bu yolda mənə bir çox insanların köməyi dəyib. Rəhmətlik Baba Mahmudoğlunun və Araz Xalq Çalğı alətləri ansamblında çalışmışam. İslam Razyevin ansamblında üzv olmuşam. Həmçinin professor, musiqişünas Abbasqulu Nəcəfzadənin bu yolda mənə çox böyük köməyi dəyib. Onunla bir çox musiqi yarışmalarının qalibi olmuşuq. İnstitutu bitirəndə məndən musiqini davam ettdirib-etdirməyəcəyimi soruşdu. Dedim ki, davam etməyimə dəyərmi? Dedi, mən səndən gözləyirəm, çünki tənbəl deyilsən, zəhmətkeşsən. Abbasqulu müəllimin o sözündən sonra daha da ürəkləndim və bu yolu davam etdim. Bir də gördüm ki, artıq peşəkar bir müğənni kimi böyük səhnədəyəm”.

“O alboma görə xarici ölkələrdən - Holandiyadan, Almaniyadan mənə zənglər gəlirdi”

S.Əlizadə deyir ki, 1994-1995-ci illərdə “Bəyaz gecələr” albomu işıq üzü görüb və ona böyük bir məşhurluq gətirib: “Amma bundan əvvəl 1987-ci ildə “Təbrizim” adlı albomum işıq üzü gördü. Bu alboma görə xarici ölkələrdən - Holandiyadan, Almaniyadan mənə zənglər gəlirdi. 90-cı illərdə məlum hadisələrə görə “Azərbaycanım” adlı ikinci albomumu çıxardıq. Hər albomda 12-13 mahnı olurdu. Bundan sonra janrımı dəyişərək estrada stilində mahnılar yazmağa başladım. 1996-cı ildə Almaniyada yaşayan türklər albomda olan mahnılarla film çəkmək istədiklərini bildirdilər və buna uyğun kontrakt təklif etdilər. Lakin kontraktın bir neçə bəndi məni qane etmədiyi üçün qəbul etmədim. Amma indi düşünürəm ki, gərək qəbul edərdim. Sonra da düşünürəm ki, keçənə güzəşt deyərlər, yəqin xeyir bunda imiş. Çünki mən azadlığı çox sevirəm”.

Könül Oruc

Tarix
26 Dekabr 2019 [17:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-12-26 17:48:12
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin