Uşaqların sağlamlığına qayğı olduqca aktualdır

18:46 - 16 Dekabr 2019 - KİVDF

Sağlamlıq imkanları məhdud uşaqlara dövlət qayğısı ildən-ilə artır

Ümummilli lider Heydər Əliyev yeni nəslin sağlam böyüməsini dövlətin və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqətdə saxlayıb və uşaqların sağlamlığının qorunmasını dövlətin və səhiyyəsinin əsas prioritet istiqamətlərindən biri hesab edib. “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır ”,-Heydər Əliyev deyib.

Ümummilli liderin hakimiyyəti dövründə bu istiqamətdə önəmli işlər görülüb. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. “Bakı SOS uşaq kəndi” salınıb. Bu Kənddə 100 uşağın tərbiyəsi ilə 22 nəfər məşğul olur. Burada valideyn himayəsindən məhrum olan uşaqların sağlamlığına xüsusi qayğı göstərilir, cəmiyyətə və vətənə layiqli olmasına çalışılır.

Ümummilli lider Heydər Əliyev uşaqların peyvənd edilməsinə də önəm verib. Məsələn, müstəqilliyimizin ilk illərində ağır böhran şəraitində dərman vasitələrinin kəskin çatmazlığı hökm sürürdü və uşaqlar cəmi beş yoluxucu xəstəliyə qarşı peyvənd olunurdu. Hələ o zaman ölkə Prezidenti Heydər Əliyevin təşəbbüsü və böyük dəstəyi ilə MDB ölkələri arasında birinci olaraq Avropadan alınan kredit hesabına Azərbaycana külli miqdarda peyvənd materialları, dərman preparatları və tibbi ləvazimat gətirilməklə bu problemlərin həllinə başlanılıb.

Uşaqların sağlam böyümələrinə qayğı göstərilməsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. 2012-ci ilin sonlarında “Uşaqların icbari dispanserizasiyası” haqqında qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb və qısa müddətdə bu qanun qəbul edilib. Bu addımın əsas məqsədi uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, onların mütəmadi olaraq kompleks tibbi müayinələrdən keçirilməsi, erkən dövrdə aşkar olunan xəstəliklərin vaxtında müayinə və müalicəyə cəlb olunmasıdır. “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması haqqında” 2014-2020-ci illəri əhatə edən Dövlət proqramı da qəbul edilib və hal-hazırda həyata keçirməkdədir. Hazırda Avropanın ən inkişaf etmiş ölkələrində olduğu kimi uşaqlarımız 11 yoluxucu xəstəliyə qarşı (hepatit, vərəm, poliomielit, difteriya, tetanus, göy-öskürək, hemafilus, inluenza B, qızılca, məxmərək və paroit) dövlət vəsaiti hesabına peyvənd olunurlar. Bu da dünyanın inkişaf etmiş ölkələri səviyyəsindədir. Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 9 avqust tarixli sərəncamı ilə "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Bu Dövlət Proqramı “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 591-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 aprel tarixli 861 nömrəli Fərmanının icrası ilə əlaqədar tərtib edilərək həyata keçirilmiş “2013-2017-ci illər üçün uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın davamı olaraq hazırlanıb. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli 150 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2013-2017-ci illər üçün uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” çərçivəsində uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və avadanlıqlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və əhali arasında geniş maarifləndirmə işinin aparılması istiqamətlərində mühüm addımlar atılıb.

Ötən dövr ərzində icbari dispanserizasiyadan keçmiş uşaqların registrinin yaradılması üçün proqram təminatı modulu hazırlanıb və ölkə üzrə bütün ambulator xidmət göstərən tibb müəssisələrində tətbiq edilib. Hazırlanmış proqram təminatı modulunun mövcud elektron sağlamlıq kartı sisteminə inteqrasiyası təmin edilib. Eyni zamanda, uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müvafiq klinik protokollar və təlimatlar hazırlanıb. Əvvəlki Dövlət Proqramı çərçivəsində hər il uşaq əhalisinin 95 %-dən çoxu tibbi müayinədən keçirilib, aparılan müayinələr nəticəsində xəstəlik aşkar edilmiş uşaqlar dispanser qeydiyyatına alınıb, onların arasında müalicə, sağlamlaşdırıcı tədbirlər həyata keçirilib. Bu tədbirlər nəticəsində uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunub. Bununla belə, respublikada uşaqların sağlamlığının qorunması sahəsində görülən işlərin həcminin və keyfiyyətinin artırılmasına ehtiyac vardır. Bu səbəbdən də son Dövlət Proqramı uşaq xəstəliklərinin erkən aşkar edilməsinə, uşaqlar arasında yayılan patologiyaların profilaktikasına, uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına, dispanserizasiyanın nəticələrinin təhlili əsasında vaxtında müalicə-sağlamlaşdırıcı tədbirlərin görülməsinə, uşaq ölümünün azaldılmasına önəm verir.

Beləliklə, Dövlət Proqramının məqsədi uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə, onların arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasından ibarətdir. Dövlət Proqramının əsas vəzifələrinə isə tibbi müayinələr vasitəsilə uşaqlarda xəstəliklərin və onların risk amillərinin erkən mərhələdə aşkar edilməsi və sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi, dispanserizasiya tədbirləri çərçivəsində aparılan profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərin qeydiyyat sisteminin təkmilləşdirilməsi, uşaqların dispanserizasiyasını həyata keçirən, xüsusilə də ilkin səhiyyə xidmətində çalışan tibb işçilərinin bilik və bacarıq səviyyəsinin yüksəldilməsi, uşaqların dispanserizasiyasını həyata keçirən tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların müasir tibbi texnika və avadanlıqlarla təchizatının yaxşılaşdırılması;  uşaqlar və valideynlər arasında xəstəliklərin profilaktikası məqsədi ilə aparılan maarifləndirmə işinin gücləndirilməsi daxildir.

Görülən və həyata keçirilmiş işlər bir daha göstərir ki, sağlamlıq imkanları məhdud uşaqlara dövlət qayğısı ildən-ilə artır. Bu ildə bu istiqamətdə mühüm işlər görülüb. Dövlətimizin başçısının 2019-cu il 15 aprel tarixli Fərmanı ilə həmin uşaqlar üçün aylıq sosial müavinətin məbləği əhəmiyyətli şəkildə artırılıb, onlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü də təsis olunub. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi nəticəsində Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi istifadəyə verilib. Bu müəssisədə uşaqlar üçün müasir tələblər səviyyəsində, nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb.

Görünən odur ki, hazırda ölkəmizdə uşaqların sağlamlığına qayğı məsələsi olduqca aktualdır. Mütəxəssislərin fikrincə, "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” Azərbaycanda kisik yaşlıların sağlam böyümələrinə xüsusi şərait yaradacaqdır.

Xəbər xətti