Bakıda bu metrostansiya fəaliyyətini dayandıracaq – TƏHLÜKƏ VAR

17:48 - 7 Dekabr 2019 - Xəbər

Hidayət Məmmədov: “Metro tunelinin dəmir-beton konstruksiyasında aşınmalar var, bu da ciddi fəsadlara gətirib çıxara bilər”

Gələn il Bakı metrosunun “Həzi Aslanov” stansiyası müvəqqəti olaraq fəaliyyətini dayandıracaq. Buna səbəb metrostansiyasının əsaslı təmirə ehtiyacının olmasıdır”. Ucnoqta.az xəbər verir ki, bu barədə AYNA-ya “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini Hidayət Məmmədov açıqlama verib. Onun sözlərinə görə, stansiyanın platformasında, tunelində ciddi təmir işlərinə ehtiyac var: “Bu səbəbdən rekonstruksiya işləri aparılmalıdır. Hazırda metro tunelinin dəmir-beton konstruksiyasında aşınmalar var, bu da ciddi fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən artıq lazımı qurumlara müraciət ünvanlanıb, gələn ildən stansiyada təmir işlərinə start veriləcək”.

Metropoliten rəsmisi vurğulayıb ki, sözügedən metrostansiyadakı bu  problemin səbəbi ağır geoloji vəziyyətlə əlaqədardır: “Metro üzərində tikilmiş yeni çoxmərtəbəli binalar yerin geoloji quruluşuna ciddi təsir edib, bu da öz növbəsində stansiyanın vəziyyətini pisləşdirib”.

Məsələ ilə bağlı AYNA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov da fikrini bildirib: “Bakı və Abşeronun geoloji quruluşu mürəkkəbdir. Təbiətə müdaxilələr həddindən artıq çoxdur, üstəlik paytaxtda əhali sıxlığı da bu müdaxilələri artırır. Bu da öz təsirini zaman-zaman göstərir. Yeni binalar tikilir, çox halda onların yerləşdiyi ərazidəki risklər hesablanmır”.

“Qeyd olunan məsələyə gəlincə, “Həzi Aslanov” metrostansiyası yaxınlığında tikilən çoxmərtəbəli binaların bünövrəsi qazıldıqda yer səthi layları kəsilir, bu müdaxilə öz təsirini dərhal göstərir. Yeraltı təbii axının, süzülmənin, suxur sularının istiqaməti dəyişir. Bu da təbii olaraq yer altında yerləşən kommunikasiya xətlərinə təsirini göstərir”, - deyə ekspert vurğulayıb.

Bəs bina tikintisində bu risklər nəzərə alınmayıb? Kim təqsirkardır? Axı bir metrostansiyasının bağlanması həm həmin ərazinin sakinlərinin metrodan istifadəsini əngəlləyir, həm də dövlət əlavə vəsait ayırmağa məcbur olur.
Sualı cavablandıran Ə.Qaralov deyib ki, Metropolitenin özünün geoloji qiymətləndirmə mütəxəssisləri var: “Onlar bu işlə məşğul olurlar və olmalıdırlar. Əlbəttə ki, bir metrostansiyasının bağlanması ictimai nəqliyyatda sıxlığa, yüklənmələrə səbəb olacaq. Bu da haqlı narazılıqların yaranmasına gətirib çıxaracaq”.

Xəbər xətti