“Ərəb mahnısısnı eşidəndə yerimdə dura bilmirəm”

17:33 - 4 Dekabr 2019 - Müsahibə

Rəqqasə Renka: “Sənətlə bağlı arzularım çoxdur”

“Qadın kimi xoşbəxt olmaq necə olur? Qadın kimi xoşbəxt olmağın zövqünü hardasa yaşayıram. Övladlarım var. Gözəlliyim yerindədir. Demirəm ki, məndən yoxdur, amma gözələm. İşim var. Başqa mənə nə lazımdır? Nə olsun ki, sevgilim yoxdur. Yoxdursa da, olmasın. Demək, belə daha yaxşıdır ki, yoxdur”. Ucnoqta.az-ın qonağı rəqqasə Renkadır.

-Sənətdə “Renka-black angel” adı ilə tanınmaq ideyası sizə məxsus oldu?
-Uşaqlıqdan hamı mənə Renka deyib. Açığı deyim ki, mənə kimsə Rəna deyəndə təəccüblənirəm. Qəribə gəlir. “Black angel” isə o vaxt mən tatu etdirmişdim, ordan qaynaqlandı. Onda tatu etdirən çox az qadın vardı. İnstagramda özümə səhifə açmışdım, nəsə dedim ki, “Renka_black_angel” yazım və yazdım. O, bu adım “Renka-black angel” qaldı. Bunu da deyim ki, artıq bu ad mənə işləyir. Ümumən insan neçə il gərək adı üçün çalışsın, sonra inanın mənə, o ad insan üçün çalışacaq. Necə ki, indi bu ad mənə işləyir.

-Neçə ildir ki, peşəkar səhnədəsiniz?
-Mən rəqs xəstəsiyəm. Biri var nəyisə sevmək, biri də var dəlicəsinə onun xəstəsi olmaq. Məndə ikinci özünü hər zaman biruzə verib. Uşaqlıqdan bu sənəti sevmişəm. Amma özümü professional səhnədə 5 ildir ki, tanıtmışam. Sənətlə bağlı arzularım çoxdur. Sənətə heç bir zaman “maddiyyat qazanım” gözü ilə baxmamışam.

-Bir zamanlar oriental rəqsdə olan rəqqasələr, sanki, indi yoxdurlar. Sizcə, bu nədən irəli gəlir?
-Bilirsiniz, oriental rəqs digər rəqs növlərindən fərqlənir. Bizim geyimlərimiz də fərqlidir. Söhbət onların indi olmamasında deyil. Oriental rəqsin müəyyən bir yaş dövrü var. Mən 55 yaşımda oriental oynasam, deyəcəklər ki, buna bax, yaşı neçədir, amma oriental oynayır. Müəyyən yaş dövrü var ki, bu sənətdən getməlisən.

-Bəs siz neçə yaşınıza qədər rəqslə məşğul olmağı düşünürsünüz?
-Buna vücudum nə qədər ki, imkan verir, bir o qədər də oriental rəqs etməyi düşünürəm. Nə zaman ki, artıq vücudum imkan verməsə, o zaman özüm rəqs etməyəcəm. Lakin məktəb açıb dərs keçəcəm. Yəni, tələbələr hazırlayacam.

-İnsanlar tərəfindən hansısa xoşa gəlməyən reaksiya ilə qarşılaşmısınız?
-Mənə qarşı olmayıb. Çünki, mən özümə hörmət etmişəm və elə hərəkət etmişəm ki, qarşımdakılar da mənə hörmət ediblər. Bu gün mən rayonlara da gedirəm. Əgər məclislərdə, hətta yol kənarında maşını saxlayanda belə kimsə yaxınlaşıb mənimlə şəkil çəkdirirsə, deməli, mən insanlar tərəfindən sevilirəm. Bir də, bu rəqsdə qəribə heç nə yoxdur. Bu gün mən rayonlarda belə oriental rəqs edirəm. Bunu da deyim ki, xınalarda bu rəqsi mən sevdirmişəm. Bu gün demək olar ki, mənim məclislərimin 90 faizi qadın məclisləri olur. Yəni, kişi məclisləri azdır.

-Renka, nə zamansa milli rəqslə məşğul olmağı düşünürsünüz?
-İlk olaraq deyim ki, mən çox gözəl milli rəqslər edirəm. Hətta ritmdə mənə çatan olmaz. Amma milli rəqslə məşğul olmağı düşünmürəm. Niyə? Çünki, hər kəs söyləyəcək ki, kim olmusan? Oriental oynayıb sonra milli rəqsə keçmisən də. Ona görə də istəmirəm. Bir şey də var ki, mənim ruhum orientala daha çox yaxındır. Hansısa ərəb mahnısısnı eşidəndə yerimdə dura bilmirəm.

-Damla ilə münasibətiniz necədir?
-Yaxşıdır. Heç bir inciklik yoxdur. Mən zarafata demişdim ki, onun klipində olmadığım üçün klipi paylaşmadım. Bu da böyük səs-küyə səbəb oldu. Hər şey qaydasındadır. Bu gün heç kimlə münasibətim pis deyil.

-Bir az da övladlarınızdan danışaq. Onları gələcəkdə hansı sahədə görmək istəyirsiniz?
-Oğlumu gələcəkdə yaxşı bir fotoqraf kimi görmək istəyirəm. Qızım kosmetoloq olmaq istəyir. Deyir, kosmetoloq olacam və səni qocalmağa qoymayacam. Çalışacam ki, cavan qalasan. Qızıma deyəndə ki, ürəyin gələcək üzümə iynə vurmağa? Deyir, yox. Sual verirəm, bəs məni necə cavan saxlayacaqsan? Deyir, saxlayacam (gülür). Bacımın oğlu da mənimlə qalır. Riyaziyyatı çox yaxşı bilir. O isə biznesmen olmaq istəyir. O, uşağın gələcəyi çox parlaqdır.

-Renka xanım, ilk sevginizi xatırlayırsınız?
-Bəli, yoldaşımla olan sevgi idi. Düzdür, ondan ayrılmışam. Amma dost kimi ayrılmışıq. O zamanlar mən çox çılğın idim. Gəzmək istəyirdim, əylənmək istəyirdim, o isə sakit həyat sevirdi. Xasiyyətimiz uyğun olmadığını anladım və yollarımız ayrıldı.

-Sevgi anlayışı sizin üçün nədir?
-Qayğı. Sevgi pulda, şöhrətdə olmamalıdır. Baxın, əgər bir qızı kişi sevirsə, ona qayğı göstərməlidir. Söhbət maddiyyatdan getmir, söhbət ona mənəvi dəstəkdən gedir. Adicə dəniz kənarında gəzərək söhbət etməkdən gözəl bir şey varmı?

-Özünüzü sevgi cəhətdən tənha hiss etmirsiniz ki?
-Edirəm, amma nə edim? Mən bütün sevgimi övladlarıma vermişəm hazırda. Hər yerdə və hər müsahibəmdə demişəm, mən əsl sevgini 3 il sevgili olduğum bir şəxslə yaşamışam. Həyat yoldaşımdan ayrıldıqdan sonra olub bu. Amma hazırda həyatımda kimsə yoxdur.

-Daha çox sevmisiniz ya sevilmisiniz?
-Sevilmişəm. Düzdür, mən də sevmişəm, amma sevildiyim anlar sevdiyimlə bir tərəziyə qoyulsa, sevilməyim daha ağır gələr.

-Qadın kimi xoşbəxtsiniz?
-Qadın kimi xoşbəxt olmaq necə olur? Qadın kimi xoşbəxt olmağın zövqünü hardasa yaşayıram. Övladlarım var. Gözəlliyim yerindədir. Demirəm ki, məndən yoxdur, amma gözələm. İşim var. Başqa mənə nə lazımdır? Nə olsun ki, sevgilim yoxdur. Yoxdursa da, olmasın. Demək, belə daha yaxşıdır ki, yoxdur.

-Qadın olmaq çətindir?
-Həm qadın, həm kişi, ümumən insan olmaq çətindir. Bu yaxınlarda belə bir yazı ilə qarşılaşmışdım. Amerikalı bir aktyora məxsusdur. O demişdi ki, mən həyat yoldaşımı nə zaman anlamağa başladım? O, dünyaya övlad gətirəndə. Mən onda başa düşdüm ki, qadınlar güclü varlıqdır. Qadınlar güclü varlıqdır, amma eyni zamanda da zərifdirlər. Bir də mən o qadınları anlamıram ki, hər şeyi kişilərin üstünə atırlar, kişisən, sən etməlisən. Bu cür yanaşma düzgün deyil.

-Özünüzü güclü qadın sayırsınız?
-Mən qadın olaraq deyil, insan olaraq bu suala cavab verəcəm ki, bəli güclü insanam. Mən insanları cinslərinə görə bölmürəm, güclü kişi, zəif qadın və ya əksinə. Mən güclü və zəif olmaq hissini insana aid edirəm. Özümü isə güclü insan saya bilərəm.

-Xəyanətlə necə? Çox üzləşmisiniz?
-Çox olub. Xəyanət bilirsiniz, necədir? Kiminsə arxasınca nəsə iş görməkdir. Əgər sən kiminsə yanında ağzını açıb nəyinisə etibar etməsən, o xəyanətlə üzləşmərsən. İnsanın başı daşdan-daşa dəyəndən sonra ağıllanır ki, kaş, nəyimisə kiməsə etibar etməzdim. Ona görə də elə əvvəlcədən etibar etməmək məsləhətdir.

-O zaman heç kimə nəyisə etibar etmirsiniz? Bəs sıxıntılarınız olanda ürəyinizi heç kimə açmırsınız?
-İnanırsınız, o qədər işlərim olur ki, problem və sıxıntılara zamanım belə olmur. Deyirəm ki, bircə tez evə çatım, yatım. Mənim rejimimdə çalışsanız bir dəfə, görərsiniz ki, necə ağırdır.

-Xəyanəti bağışlayan insansınız?
-Mən elə bir insanam ki, heç nəyi unuda bilmirəm. Unuda bilməyən insan olduğum üçün də xəyanəti bağışlamağı bacarmıram.

-Özünüz sədaqətli birisiniz?
-Xeyr. Mənə bir az qayğı göstərilməyəndə həmin insanın yanında olmuram. Bir də görürsən ki, özümə qapanıb kimdənsə uzaqlaşıram.

-Tək qaldığınız zamanlar çox olur?
-Mən həmişə təkəm. Fikirlərimlə baş-başa qalmağı sevirəm. O gün işdə kənarda oturmuşdum. Qızlar soruşur ki, nəsə olmayıb, Renka xanım? Deyirəm ki, xeyr. Söyləyirlər ki, axı kənarda tək oturmusunuz? Mən də deyirəm ki, tək qalanda bəyəm nəsə problem zad olmalıdır ki? Özüm-özümlə tək-tənha qalmaqdan zövq alıram.

Rövşən Tahir

Xəbər xətti