Azərbaycan Albaniyaya humanitar yardım göstərib

19:13 - 29 Noyabr 2019 - SİYASƏT

Azərbaycan Albaniyaya humanitar yardım göstərib.

Xarici İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, cari ilin 26 noyabr tarixində Albaniyada baş vermiş 6,4 bal gücündə zəlzələnin törədiyi fəsadların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Albaniyaya 500 min avro məbləğində humanitar yardım göstərilib.

Hadisə yerində fəaliyyət göstərən humanitar təşkilatların yaydığı məlumata əsasən, paytaxt Tirana və ikinci böyük şəhər olan Durres arasındakı ərazidə baş vermiş təbii fəlakət nəticəsində çox sayda yaşayış və məişət binaları dağılmış, ölkənin yol, kommunikasiya və digər sahələrindəki infrastruktur xətlərinə ciddi ziyan dəymiş, çox sayda insan yaralanmış, 50- yə yaxın şəxs isə həyatını itirmişdir.

Yaranmış vəziyyətlə bağlı, Almaniya, İsveçrə, Fransa, Monteneqro, Serbiya, Türkiyə, Yunanıstan və Xorvatiya axtarış-xilasetmə qrupu, Bolqarıstan və Şimali Makedoniya maliyyə yardımı, Birləşmiş Ərəb Əmirlikləri, Macarıstan, Finlandiya və Çex Respublikası isə bu ölkəyə humanitar yardım göndəribər.

Xatırladaq ki, baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılarla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Albaniya Respublikasının Prezidenti cənab İlir Metaya dərin hüznlə başsağlığı verib.

Xəbər xətti