Siyavuş Novruzov: “Onların bəyanatının bizə heç bir aidiyyəti yoxdur”

14:42 - 29 Noyabr 2019 - SİYASƏT

“Yeni Azərbaycan Partiyası Siyasi Şurasının parlamentin buraxılması ilə bağlı qərarı Konstitusiyaya tam uyğundur. İkinci tərəfdən, müxalifətdə bir az yaddaş problem var. Onlar yaddaş probleminə görə nə dediklərini bilmirlər”.

Bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. O xatırladıb ki, Müsavat Partiyasının qərargahındakı sonuncu toplantılarda müzakirələrin yekunu olaraq qəbul etdikləri sənədin son bəndi növbədənkənar parlament seçkiləri ilə bağlı olub: “Yəni onlar düşünürdülər ki, bəyanat versələr, hakimiyyət  həmin məsələdən uzaqlaşacaq. Məhz onların bəyanatına görə növbədənkənar parlament seçkiləri keçirilməyəcək. Onların bəyanatının bizə heç bir aidiyyəti yoxdur. YAP həmişə öz fəaliyyətini Azərbaycan xalqının tələbinə uyğun qurur”.

S. Novruzovun sözlərinə görə, dünyada praktika belədir ki, müxalifət növbədənkənar seçkiləri önəmli sayır: “Siyasi partiyanın işi seçkiyə hazırlaşmaq və iştirak etməkdir. Əgər onlar seçkiyə hazır deyillərsə və hazırlaşmayıblarsa, onda fəaliyyətləri nədən ibarətdir? Dəfələrlə şahidi olmuşuq ki, Prezident seçkiləri zamanı namizəd tapa bilmirdilər. Onlar ya Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyovu, ya da Cəmil Həsənlini haradansa tapıb gətirirdilər. Hansı ki, namizədliyin irəli sürülməsi prosesi yekunlaşmaq üzrə idi. Ona görə də seçkilərdə ən vacib məsələ zamandır”.

YAP funksioneri qeyd edib ki, YAP deputatların 5 illik fəaliyyəti ilə bağlı statistik təhlilini aparır: “Onların parlamentdəki çıxışları, seçiciləri ilə görüşləri, mətbuatla işləməsi, beynəlxalq təşkilatlarda işi, sosial şəbəkələrdə fəaliyyəti və s. təhlil edilir. Buna uyğun olaraq da hər ay hesabat hazırlanaraq partiyada müzakirə olunur. Növbəti seçkilərdə onların təhlil müddətindəki fəaliyyəti nəzərə alınacaq. Artıq bizə hansı dairədən kimin namizədliyinin irəli sürülməsi bəllidir”.


S. Novruzov eyni zamanda mətbuatda və sosial şəbəkələrdə növbəti seçkilərdə kimlərin olması ilə bağlı dərc olunan siyahıya da münasibət bildirib. O qeyd edib ki, siyahı havadan götürülüb: “Hər seçki öncəsi belə siyahılar dərc olunur. Parlamentin 7-8 üzvü müxtəlif səbəblərdən burada təmsil olunmur. Tərkibin dəyişməsi də məhz seçicilərdən asılıdır. Seçkidə iştirak üçün yaş məhdudiyyəti yoxdur. Bunlar mütəmadi şəkildə partiyada təhlil olunur. Seçkinin ilk işi təhlildir. Təhlil olmadan seçkidə uğur qazanmaq olmaz. Müxalifətin isə belə taktikası yoxdur. Tərkibdə ciddi dəyişiklik olacaq, amma bu yenə də seçicidən asılıdır”./Apa

Xəbər xətti