Azərbaycanda ilk dəfə platforma şirkəti yaradılıb

16:00 - 22 Noyabr 2019 - Xəbər

 “TimeSoft” adlanan şirkətin yaratdığı platformalar ölkənin individuallığına və spesifikliyinə görə formalaşmaqdadır.

“TimeSoft”un bir platforma şirkəti olduğunu nəzərə çatdıran müsahibimizin sözlərinə görə, yaratdığı platformalar ölkənin individuallığına və spesifikliyinə görə formalaşmaqdadır: “Şirkətin hədəfi ilk öncə Azərbaycanda fəaliyyət göstərən şirkətlərin “TimeSoft” MMC-nin platformalarından istifadə edərək rahat iş prosesi aparmaqlarına kömək etməkdir. Şirkət gələcək illərdə platformalarının sayını artıracaqdır. Şirkət hal-hazırda 4 istiqamətdə tətbiqlərini genişləndirməkdədir: Agrobirja.az, AgroTV.az, Agro Menecment və Ofis Menecment”.

Bu sözləri bizimlə söhbətində “Ucnoqta.az”-a müsahibə verən “TimeSoft” şirkətinin həmtəsisçisi və qurucusu Elvin Abbasov dedi. Müsahibimiz şirkətin hədəf və məqsədlərindən, həmçinin ölkədə sərmayənin milliləşməsi məsələsindən danışdı.

Şirkətin hədəfinin Azərbaycanda fəaliyyət göstərən şirkətlərin “TimeSoft” MMC-nin platformalarından istifadə edərək daha rahat iş prosesi qurmaqlarına kömək etmək olduğunu bildirən E.Abbasov şirkətin gələcəkdə platformalarının sayını artıracağını bildirib: “Müasir dünyanın tələblərinə uyğun və dünya praktikasını ələ alaraq Azərbaycan qanunvericiliyinə uyğun elektron platformalar hazırlayan “TimeSoft” şirkəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə mərkəzləşmiş elektron iş imkanları təklif edir. Biz sahibkarların uğuru, inkişaf etmiş cəmiyyətimizin göstəricisidir. Bu səbəbdən fərdi uğurumuz qədər cəmiyyətin uğuru üçün də çalışmaqdayıq”.

Şirkət qurucusu 2018-ci ildən fəaliyyətə başlayan “TimeSoft” şirkətinin hazırda Azərbaycanda İT sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətlərdən biri olduğunu bildirdi: “Şirkətimizin fəaliyyəti Azərbaycanın müxtəlif müəssisələrindəki biznes və dövlət idarəçiliyində görülən işləri avtomatlaşdırmaq və məhsuldarlığının, effektivliyinin artırılması, həmçinin optimallaşdırılmasına xidmət edir. Bu hədəfə çatmaq üçün İnformasiya Texnologiyalarından effektiv istifadə etməklə vaxta qənaət və daha səmərəli iş prosesi əldə edilir. Biz qısa zaman ərzində bu sahədə bir sıra uğurlu layihələrə imza atmışıq və ölkəmizdə bir sıra yeni platformalar hazırlamışıq. Heç bir innovasiya məhsuldar, etibarlı, istifadəsi asan və mövcud aktivlərə uyğun olmadığı müddətcə səmərəliliyin olmayacağını anlayırıq. Biz layihələrimizlə bağlı gələcəkdə yarana biləcək sualları, ehtiyacları qabaqcadan aşkarlayaraq müasir tələblərə uyğun yenilikçi fikirlər əsasında səmərəliliyi artırmaq, xərcləri azaltmaq və optimal məhsullar təqdim etməyə, eyni zamanda ən müasir texnologiyaların tətbiqini təmin etməyə çalışırıq”.

E.Abbasovun sözlərinə görə, “Agrobirja” bir “TimeSoft” məhsuludur və platforma kimi fəaliyyət göstərməkdədir: “Kənd təsərrüfatı ölkəmizdə ərzaq təhlükəsizliyini təmin edib, digər ölkələrdən aqrar aslılığı azaldacaq, həm də neft sektoruna alternativ ola biləcək ən prioritet sahələrdən biri kimi dövlət proqramlarında geniş yer tutacaqdır. Bu baxımdan kənd təsərrüfatı məhsullarının qiymətləndirilməsi çox böyük əhəmiyyət daşıyır. “Agrobirja” platforması da məhz kənd təsərrüfatı məhsullarının qiymətləndirilməsini aparmaq, müxtəlif təsərrüfatlara məxsus məhsulların qarşılıqlı qiymətlərini göstərmək məqsədi ilə yaradılmışdır. Platforma alıcıya seçim etmək, müxtəlif məhsulların qiymətini dəyərləndirmək imkanı verməklə, sahibkarlara, ümumiyyətlə kənd təsərrüfatı ilə maraqlanan hər bir şəxsə faydalı olacaq”.

Müsahibimiz qeyd edir ki, hal-hazırda individual olaraq şirkətlərin istifadə etdiyi Ofis Menecment 2020-ci ildən platforma kimi fəaliyyət göstərcəkdir: “Kiçik və orta sahibkarlar böyük məbləğlər xərcləyərək sənəd dövriyyəsi, insan resursları, maliyyə və anbar təqib sistemləri, marketing və SMM sistemləri alacaq qədər maddi imkanları olmaya bilər. Çünki bunlar böyük xərclər tələb edir. Bütün bunlar düşünülərək Ofis Menecment yaradılmışdır. Ofis Menecment bir platformadır və bu sadalananlardan daha çox elektron xidmət burda yer almaqdadır. Artıq kiçik və orta sahibkarlar da qeydiyyatdan keçərək bu sistemləri aylıq kiçik üzvlük haqqı ödəyərək istifadə edə bilər”.

E.Abbasov vurğulayır ki, hazırda ölkəmizdə aqro sahəsində iş aparan bir neçə iri aqro parklar “Agro Menecmenti” istifadə etməkdədir: “2020-ci ildə “AGRO Menecmenti” platforma kimi istifadəyə verməyi planlaşdırırıq. “AGRO Menecment”in kənd təsərrüfatı sahəsində işlər aparan əkinçi və fermerlərin işlərinin idarəsində böyük köməyi olacaqdır. Misal üçün, bir aqro parkların əkin planlamasını, iş planlamasını, suvarma sistemlərini, anbar və ehtiyatlarını, insan resursları və maliyyə məsələrini tam əks etdirərək bütün işlər üzrə asanlıq yaradır. Kamer, turniket, nəqliyyatların izlənməsi kimi başqa xidmətləri də özündə inteqrasiya edərək xəritə üzərindən öz ərazilərini və nəqliyyatlarını görərək onları planlaya, idarə edə biləcəklər”.

Ölkədə sərmayənin güclənməsi və milliləşməsi məsələsinə toxunan müsahibimiz deyir ki, hər ölkədə sərmayənin güclənməsi kapitalın milliləşməsinə bağlıdır: “Sərmayənin milliləşməsi geniş, konseptual mövzu olub bu yöndə islahatlar aparılması şərtdir. Sərmayənin milliləşməsi üçün sərmayəyə dair milli məsuliyyətlilik hissini artırmaq lazımdır. İqtisadi sabitlik ancaq bu yolla qoruna bilər. Bunun üçün istehlakçı iqtisadiyyatı yox, istehsalçı iqtisadiyyatının mexanizimi sistemləşdirilməlidir. Təkmilləşmənin ən fundamental amili intellektual sərmayənin güclənməsidir. Yəni insan kapitalıdır. Təbii ki, sərmayənin milliləşməsi bir təfəkkür işidir. Məsələn: ölkədə start verilən yeni layihələrin icrası sırasında bəzi hallarda əsasən xarici təşkilatların və şirkətlərin bilik və təcrübəsinə müraciət edilir. Bu istiqamətdə böyük hesablı xərcləmələr aparılır. Digər tərəfdən, bu prosesdə yerli şirkətlərin iştirakı məhdudlaşdırılır və ya işçilik statusundan irəli getmir.”

Bunun, öz-özlüyündə sərmayənin milliləşməsinə zidd bir proses olduğunu qeyd edən E.Abbasovun sözlərinə görə, halbuki, yerli şirkətlərin təcrübəsinin artırılmasına və mütəxəssislərin inkişafına dəstək baxımından dövlət əhəmiyyətli layihələrdə xarici şirkətlər ilə yerli şirkətlər arasında bilik və təcrübə münasibətlərinin ötürülməsi mexanizması yaradılmalıdır. Bunu təyin edən ana prinsiplərdən biri də hər bir layihənin yerli şirkətlərlə birlikdə aparılması, hətta xarici şirkətlərə yerli şirkətlərin baş iştrakçısı olma şərtinin tanınmasıdır. Bu mexanizm yerli şirkətlərin təcrübəsinin artmasında və mütəxəsislərin yetişməsində mühüm rol oynayacaqdır. Bu səbəbdən ölkəmizdə dövlət sektorunda və sahibkarlıq fəaliyyətlərində azad fikirli insanlar intellektual yeniliyi dəstəkləməli, iqtisadi strategiyasını müasir dünyanın tələblərinə uyğun və milli şüurla təkmilləşdirməlidir”.

E.Abbasov həmçinin sərmayənin milliləşmə strategiyasından da bəhs etdi: “Öz əmək və istehsalatımızın gücü ilə bütün istiqamətlərdə məhsuldarlığının və eyni zamanda keyfiyyətinin artırılması müstəqil iqtisadiyyat üçün ən böyük amil və milli iqtisadiyyat modelidir; Bu Milli inkişaf mexanizimi müstəmləkəçi ölkələrə qarşı iqtisadi müharibədə müdafiə qalxanı yaradır; Beynəlxalq təcrübədən yararlanmaq və bu təcrübənin mənimsəmə prosesi icra edilən layihələrdə yerli şirkətlərin və mütəxəsislərin iştirakı mütləq şərt olmalıdır. Eyni istiqamət üzrə növbəti layihə yerli şirkətlərə verilərək yerli mütəxəssislərin bilik və təcrübəsinin təkmilləşmə mexanizmi yaradılmış olacaqdır”.

Şirkətin spesifik sahələrinə fokslanıb bilik və əmək qabiliyyətini gücləndirib dünya rəqabətçiliyinə qoşulma vaxtının çatdığını bildirən müsahibim deyir ki, hətta buna gecikiblər: “Əsas hədəf daxili bazar yox, xarici bazar olmalıdır. Şirkətlərimizin brendləşib xarici bazarda rəqabət prosesinə qoşulması ilə sərmayənin xaricə axınının qarşısını alıb, tam əks prosesə başlamalıyıq”.

Xəbər xətti