“Somalidən övladlığa uşaq götürmək istəyirəm”

11:52 - 16 Noyabr 2019 - Müsahibə

Roza Zərgərli: “On iki yaşımda kliniki ölüm keçirtmişəm”

“Günahsız insan yoxdur. Bu həyat var ikən səhvsiz, günahsız bir Allahımızdır. Səhvlərimdə olub, günahlarım da var. Etdiyim o səhvlərə görə özümü bağışlamıram”. Ucnoqta.az-ın qonağı sevilən müğənni Roza xanım Zərgərlidir.

- Geriyə baxanda uşaqlıq illəriniz haqqında nə deyə bilərsiniz?
- Rusiyanın Tümen vilayətində doğulmuşam. Orta təhsilimin 4 ilini orada oxumuşam, daha sonra isə Azərbaycanda təhsilimi davam etdirmişəm. Bilirsiniz ki, 80-cı illərin sonunda ölkəmizin üzərini qara buludlar almışdı. Atam hərbçi və qeyrətli kişi olduğundan xidmətini Rusiyada deyil, gəlib öz Vətənində etdi. Buna görə də 4-ci sinifdən sonra burada təhsil almışam. Ailədə 3 uşaq olmuşuq. Gözəl uşaqlığım keçib. Əgər o illərə dönmək şansım olsaydı, böyük məmnuniyyətlə qayıdardım.

- Roza xanım, uşaqlıqda şıltaq qız olmusunuz ya sakit?
- “Çalıkuşu” filminə baxmısınız ? Oradakı “Fəridə” mənim yanımda yalan olardı. Çox şıltaq, dəcəl, dələduz və arıq bir qız olmuşam. Uşaq vaxtı mənə ləqəb olaraq “Fatı” deyirdilər. O zamanlar qaraçılar kimi uzun paltarlar geyinməyi xoşlayırdım. Uşaqlıqda aliminiumdan velosiped, maşın düzəldirdim. Sanki, bir oğlan idim. Qızlar özlərinə uyğun oyunlar oynayanda mən oğlanlarda dəmir-dümürün içərisində eşələnirdim.

- Bildiyim qədərilə, uşaq vaxtı kliniki ölüm keçirmisiniz. Bir də ondan danışaq...
- Bəli, on iki yaşımda kliniki ölüm keçirtmişəm. Qırx iki gün, qırx iki gecə yatmışdım o zaman. Sonra oyandım və həyətimizdə olan qonaqların sayını görüb təəccübləndim. Kliniki ölümdən sonra mənim həyatım tamamilə dəyişdi. Bütün bunların hamısı “Sibir çiçəyi” romanında var.

- 20 ilə yaxındır ki, səhnədəsiniz. Özünüzü sənətin hansı pilləsində hiss edirsiniz?
- Ən yuxarısında. Çünki, 20 il həm az bir müddətdir, həm də çox. Az müddətdir, ona görə ki, hələ görəcək işlərim var. Çoxdur isə, ondan ötrü ki, bu illər ərzində Azərbaycan mədəniyyətinə yetərincə töhvələr vermişəm. Uzağa getmədən söyləyim, ilk roman yazan ifaçıyam. Daha sonra elə bir veriliş aparıram ki, 6 ildir, televiziya tamaşaçılarına mədəni informasiya verir. Müəllifi olduğum “Bakı vaxtı ilə” incəsənətin, mədəniyyətin bünövrələrinə qulluq edir. Baxın, Nizami Rəmzini, bəlkə, heç kim yada salmırdı. Nizami Rəmzinin repertuarından meyxanalar oxunurdu, adı çəkilmirdi. Amma mən efirimdə ona yer ayırdım. Daha sonra Ağasəlim Çıldaq ! İlk “Şöhrət” ordenli meyxanaçı olub. Kim bilirdi bunu ?

- Xəyallar çəkir, sorğuya məni... Xəyallar sizi çoxmu sorğuya çəkir?
- Mən bilsəydim ki, bir mahnını illər boyu hansısa bir gənc dinləyirmiş, onu daha çox ifa edərdim. Hər zaman prinsipim bu olub: “Bir mahnımı bir insan bəyənirsə, mənə bəsdir”. O mahnını həyatımla bağlı oxumuşdum. Bu açıqlamanı heç yerdə etməmişəm, sizə edim. İfa etdiyim mahnıların hər biri həyatımın müəyyən bir dövrünə aiddir. Elə “Qırmızı günlər” mahnısını deyim. O, mənim janrıma uyğun bir mahnı deyil. Çünki, mən pop ifaçısıyam. Buna baxmayaq yenə də mən onu ifa etmişəm. Çünki, həyatımın bəlli bir dönəminə aiddir. Onu Əlikram Bayramov mənim ad günümə yazıb. Çox sağolsun. Gələk, “Deyə bilsəm” mahnısına. Bəstəkarı Bikə xanım Axundovadır. Mahnı efirə çıxandan 13 il əvvəl yazılıb. Yəni, 13 il o mahnını oxumamışam. Ta ki, sözləri mənə aid oldu və mən ifa etdim. Ən çətin anlarım idi o zaman. Böyük qızımla problemlər yaşadığım vaxtlar idi. O mahnını oxudum və özümlə tək-tənha qaldım.

- O gün siz sənətdən də getdiniz, o gün siz çox dostlarınızdan da ayrıldınız... O gün haqqında danışmanızı istərdim...
- Əslində, hazırda münasibətim o qədər gözəldir ki, istəmirəm, o qəlb ağrıdan, ananı incidən məqamlara geri qayıdım. Amma sual verilibsə, cavablamalıyam. İlk olaraq bunu deyim ki, fikrimcə, heç bir övlad valideynini incitməməlidir. Böyük qızımı mən övladlığa götürmüşdüm. Qızım bunu bilirdi və anasının kimliyi ilə maraqlanırdı. Günah məndə oldu ki, anasını tapdım, onunla tanış elədim. Çünki, bunları etməsəydim, qızım məni atıb öz anasına getməyəcəkdi. Bir tərəfdən də fikirləşirəm, yaxşı ki oldu. Nəyə görə ? Qızım ana oldu, mənim onu necə sevdiyimi anladı və məni daha çox sevdi. Qızım məni tərk etdikdən sonra ilk dəfə onu görəndə, sanki, yer yarıldı və mən onun içinə düşdüm. Tarqovudan alış-veriş edib evə gedirdim, arxadan bir səs gəldi: “Ana, anacan”. Mən əlimdəkiləri qeyri-ixtiyarı buraxdım və diz üstə oturdum. Onu sözlə təsvir etmək olmur.

- Roza xanım, övladınızdan bu münasibəti gördükdən sonra insanlara olan etibarınız itmədi?
- İtmədi, amma qəlbim qırıldı. Özümə müəyyən bir sərhəd yeri qoymağa başladım. O dönəmlər insanları görmək istəmirdim. İnsanlardan uzaq qalım deyə səhnəni də tərk etdim. Ümumiyyətlə, mən səhnədən 3 dəfə gedən ifaçıyam. Üç dəfə bu sənəti özüm istəmədən tək etmişəm. Qayıdıb gələndə isə tamaşaçılar məni qəbul edib. Bu baxımdan özümü xoşbəxt müğənni hesab edə bilərəm ki, mən sənətə qayıdanda yenidən sıfırdan başlamamışam. Bütün sevənlərimə minnətdaram.

- Tez-tez Allahla danışırsınız?
- Hər gün danışıram. Allahı içimdə daşıyıram. Atdığım hər addımda onun varlığını düşünürəm. Hər bir işimdə deyirəm, ya Rəbbim, özün nə məsləhət bilirsənsə, onu mənim üçün elə. Oğlanlarımın ikisini də əsgərliyə yola salanda “Quran”ı götürüb demişəm, Allah necə edəcəksə, o cür də olsun. Əgər bilsəm ki, şəhid olmusunuz, demək Allah belə yazıbmış. Böyük oğlumu yola salanda balaca küsdü ki, qardaşıma niyə belə deyirsən? Cavabladım ki, bu, o mənanı verir ki, heç nədən qorxma, Allah səninlədir və o, bilir, nə edir. Artıq kiçik oğlumun özünü yola salanda və deyəndə ki, bilsəm ki, şəhid olmusan, söylədi, izah etmə, bilirəm. Allaha çox bağlı insanam.

- İndiyə qədər açmadığınız hansısa bir sirriniz varmı?
- Bir sirrim vardı övladlığa götürdüyüm uşaqlarla bağlı, onu da məcbur olub açdım. Hər kəs deyirdi ki, uşaqlarının adı niyə xaricidir ? Yəqin ki, Roza nigahdan kənar xarici vətəndaşla ailə qurub və uşaq dünyaya gətirib. Uşaqlarım bunu eşidirdi, pis olurdu. Onların təkidi ilə efirdə dedim ki, övladlarımı götürmüşəm. Başqa saxlayacağım hansısa bir sirrim yoxdur.

- Elə anlar olubmu ki, özünüzdən küsəsiniz?
- Xeyr, olmayıb. Özümdən niyə küsüm ki ? Əgər özümü tənqid edirəmsə, demək ki, nəyinsə yaxşı olması üçün bunu edirəm. Bəzi xasiyyətim var, xoşuma gəlmir, mübarizə aparıram ki, aradan qalxsınlar. Bir sözlə, özümdən küsən insan deyiləm.

- Roza xanım, özünüzə bağışlamadığınız günahınız varmı?
- Günahsız insan yoxdur. Bu həyat var ikən səhvsiz, günahsız bir Allahımızdır. Səhvlərimdə olub, günahlarım da var. Etdiyim o səhvlərə görə özümü bağışlamıram. Elə götürək səhnəni. Özümə incəsənətdən 3 dəfə getməyi bağışlamıram. Çünki, yerimi başqalarına verdim və onlar ulduz oldular. Demirəm, mən ulduz deyiləm, sadəcə gərək o kəslərə imkan yaratmazdım. Bir də mənim ürəyim çox yumşaqdır. Onun ucbatından hər kəsə can yandırmışam və zamanımı onlara sərf etmişəm. Düşünürəm ki, o zamanı özümə xərcləməli idim. Bu yaxında Xəzər tv-də “Şən bazar” verilişində idim, aparıcı Zümrüd xanım bir gözəl cümlə dedi: “Siz yaradıcılar oxuyun, öndə olun ki, bayağıların sayı azalsın”.

- Sizi həyatda saxlayan qüvvə nədir?
- Övladlarım, tamaşaçılarım yox. Niyə? Fikirləşirsiniz, baxırsınız, sual vermək istəyirsiniz, amma cəsarət etmirsiniz, sanki. Ancaq deyim, niyə ?! Tamaşaçılarımın qarşısında baş əyirəm, lakin bu günə qədər heç bir tamaşaçıdan bir dəfə eşitmədim ki, Roza xanım, nəyəsə ehtiyacın var ? Heç olmaya mənəvi. Lakin övladlarım mən içəri daxil olanda soruşurlar, maraqlanırlar. Ona görə də məni həyatda saxlayan qüvvə övladlarım və bu yaxınlarda görəcəksiniz bir də kimdir.

- Məndə sual yaratdınız. Bu yaxınlarda görəcəm kimdi?
- Çox böyük bir arzum var, Somalidən övladlığa uşaq götürmək istəyirəm. Əgər bu məqaləni oxuyanlardan kimsə bu gücə sahibdirsə, mənə yardım göstərsin. Sual yaranır, niyə özümüzdən deyil, Somalidən ? Öz uşaq evlərimizə dövlət tərəfindən hərtərəfli qayğı göstərilir. Somalidə isə vəziyyət acınacaqlıdır. Bir də öz uşaq evlərimizdən 3 övlad götürmüşəm, böyütmüşəm. Birini də istəyirəm, oradan götürüm. Allah arzuma çatdırsın.

- “Amin” deyib sizə təşəkkür edirəm. Qonağımız olduğunuz üçün sizə təşəkkür edirəm.
- Mən də Xoşqədəm xanıma, sizlərə minnətdaram.

Rövşən Tahir

Xəbər xətti