Sənətkarlar ölmürlər- Amaliya Pənahovanın vəfatından 1 il ötür

11:51 - 8 Noyabr 2019 - Xəbər

Sənət və sənətkarlar. Necə dolğun və gözəl səslənir bu iki ifadə?! Sənəti sənətkarlar ucaldır, sənətkarları isə tamaşaçı alqışları. Məhz o alqışlarla bəlli olur ki, incəsənət nümayəndəsi xalq tərəfindən sevilir ya yox. Əgər tamaşaçı iki əlini bir-birinə çırparaq böyük bir gurultu ilə mədəniyyət işçisinə dəyər verirsə, nə xoş onun halına.

Amaliya xanım Pənahova! Yuxarıda səsləndirdiyim fikirlərə tam haqqı ilə sahib olan qadın!
Bir zamanların “Tomris”i, “Natəvan”ı, “Burla Xatun”u və digər obrazları olan bir sənətkar! O sənətkar ki, zaman-zaman mən daxil yüzlərlə, minlərlə tamaşaçıya özünü sevdirə bilib və o sevgi bu gün belə onu qəlblərdə ölməz şəxsiyyətə, əbədiyaşar bir insana çevirib.

1 il ötür vəfatından. Ötən ilin 8 noyabr tarixində o, bu dünyaya gözlərini əbədiyyən yumdu. Yumdu və sevənlərini gedişi ilə çox üzdü. Son mənzilə yola salınanda neçə-neçə sənətkarın boynu bükük qaldı, neçə-neçə tamaşaçının gözü səhnədə Amaliya xanımı axtardı ?! Saysam, sayını itirərəm. Gənc aktirsalardan tutmuş, yaşlı nəslin nümayəndələrinədək hər kəs göz yaşına qərq olunmuşdu. Sakit bir tərzdə deyil, hayqırtı ilə, hönkürtü ilə ! Sanki, bu hayqırtı bir cümləni əvəzləyir, bir cümləni ifadə edirdi: “Sən həmişə bizimləsən”.

Amaliya xanımın bu dünyadan səssiz gedişi çoxları kimi mənə də təsir etdi və bu gün belə edir. Ona görə də ondan söz düşərkən deyirəm ki, ilişib qalmışam dünənimdə mən. 2018-ci ilin 7 noyabr tarixli dünənində! Ölümündən 24 saat əvvəldə, ölüm xəbərini almayacağım o gündə! Bilirəm ki, düz ilişib qalmamışam. Axı, bir il ötüb. Amma yenə də, onu qəlbimdə sağ insan kimi yaşadır, ölümünü heç bir vəchlə qəbul etmirəm. Onun barəsində danışanda da deyirəm ki, mənə Amaliya xanımın varlığını izah edin, ölümünü deyil. Çünki, o, mənim üçün ölməyib. Bir də belə bir deyim var, sənətkarlar ölmürlər, onlar daim yaşayır, oynadığı rollar ilə həmişə yaddaşlarda qalırlar. Təkcə “Qərib cinlər diyarında” filmi bəs edir, Amaliya xanımı yaşatmağa. Hələ digərlərini demirəm. Hansını deyim? Axı, bir deyil, iki deyil, sayı nə qədər çoxdur ki, nə qədər. “Əhməd haradadır”ımı, “Gün keçdi”nimi, “Arxadan vurulan zərbə”nimi yaxud digər filmlərimi deyim? Fərqli-fərqli obrazlarda, müxtəlif senarilərlə tamaşaşıya özünü sevdirib Amaliya xanım Pənahova.

Bu gün onun haqqında yazmaq mənə çətindir. Niyə çətindir? Ondan ötrü ki, incəsənətdə bir boşluq duyuram. Bir xalq artistinin yeri görünür mədəniyyətdə. Nə bilim, həyatdır da, sonu ölümlü həyat ! Dünən var olanı indi soyuq torpaq altında saxlayan bir həyat ! Düşüncələrim o qədər çoxdur ki, bilmirəm, hansını yazım, hansısı qeyd edim. Bir onu bilirəm ki, yazımda “Bakı Bələdiyyə Teatrı”nın işçilərinin Amaliya xanım haqqında olan fikirlərinə yer verim. Ona görə yer verim ki, bu gün həmin teatr onun mənəvi irsidir və teatrın, işçilərinin adları səslənəndə Amaliya xanımın şəxsiyyəti yada düşür. Beləcə, Amaliya xanım barəsində cümlələrimi xatirələrim üzərindən onların xatirələrinə doğru yönəldib bir neçəsinin fikirlərinə yer verirəm:

Xalq artisti Mərahim Fərzəlibəyov: “Gənclik illərimdə həvəskar aktyor kimi fəaliyyət göstərirdim. 1964-cü ildə dahi yazıçımız İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” adlı əsərinin tamaşasını izlədim. Nargilə obrazını Amaliya xanım Pənahova canlandırırdı. Onun həmin obrazı mənə o qədər təsir etdi ki, həmin gün özümə söz verdim, rejissor olacam və Amaliya xanımla birlikdə çalışacam. Bu arzuyla Lelinqrad Dövlət Teatr, Musiqi və Kino İnstituna daxil oldum, rejissorluğu oxudum. 3-cü kursda oxuyanda Amaliya xanımla televiziya tamaşasını işlədik. İnstitu bitirdikdən sonra isə onunla “Xurşudbanu Natəvan” əsərini tamaşaya qoyduq. Məhz Amaliya xanımın simasında bu obraz Azərbaycan xalqı tərəfindən tanındı. Hətta Ulu öndər Heydər Əliyev bu tamaşaya baxarkən demişdi, Amaliya xanım obrazı elə yaratdı ki, “Natəvan” barəsində gedən dedi-qodulara son qoyuldu. Çünki, Amaliya xanım onu bir xan qızı, şairə kimi göstərdi. Amaliya xanımla işlərimiz çox olub. Təəssüf ki, çoxsunu da reallaşdıra bilmədik”.

Əməkdar artist Səmayə Sadıqova: “Səhnəmizin kraliçası, əvəzedilməz aktrisamız Amaliya xanım haqqında danışmaq böyük şərəfdir. Gənclik illərimdən onun ecazkar gözəlliyinin və özünəməxsus səsinin, sənətinin vurğunu idim. Amaliya xanım mədəniyyətimizin gözəl incisi idi. Onu son dəfə keçən ilin oktyabr ayının 24-də Akademik Milli Dram Teatrının səhnəsində gördüm. Ətrafa nur saçırdı həmin gün. Xəstə olmasına rəğmən heç bir şeyi tamaşaçısına bildirməmişdi. Onda ağlımıza gəlməzdi ki, bu, Amaliya xanımın səhnədə son çıxışı olacaqdı. Allah rəhmət eləsin. Hər zaman qəlbimizdədir. Onun ruhu qarşısında baş əyirəm”.

Əməkdar artist Hüsniyyə Mürvətova: “Bilirsiniz, illər keçir, amma bəzi insanlar var ki, heç bir zaman unudulmur. Amaliya xanım məhz belə insanlardandır. Amaliya xanım teatr səhnəsinin kraliçası idi. Nə yaxşı ki, mən onun rəhbəri olduğu teatrın aktisası olmuşam və hazırda da özündən sonra irs qoyub getdiyi bu teatrın aktrisasıyam. Ondan çox şeylər öyrənmişəm. Amaliya xanım haqqında danışsam, bitməz. Ürəyimdə o qədər sözlər var ki. Çox təəssüf edirəm ki, bizim aramızda yoxdur. Çox ağır itkidir. Hələ də bununla barışa bilmirəm. Təsəvvür edin, indi hansısa bir hərəkət edəndə düşünürəm ki, Amaliya xanım sağ olsaydı nə edərdi ? (ağlayır) Bizə dediyi sözlər və nəsihətlər hər zaman yaddaşımdadır. Ruhu behiştlik olsun”.

Əməkdar artist Firəngiz Babayeva: “Səhnəmizin fədaisi, ömrünün böyük bir hissəsini sənətə həsr etmiş aktrisanın artıq il dönümüdür. İnana bilmirəm. Amaliya xanım böyük bir iz qoyub getdi. Yaratdığı “Bakı Bələdiyyə Teatrı” artıq 27 ildir ki, fəaliyyət göstərir. Müharibənin ən qızğın vaxtında hələ bu teatr bütün cəbhə bölgələrində tamaşalar göstərib Amaliya xanımın sayəsində. Hər zaman deyərdi, uçuruma doğru getsək də, dayanmayaq. Allah böyükdür, bəlkə, uçurumun başında bizi saxladı. Amaliya xanım bax belə insan idi. Azərbaycan mədəniyyətinə böyük itki oldu onun ölümü. Allah rəhmət eləsin”.

Əməkdar artist Elxan Rza: “Amaliya xanım haqqında keçmişdə danışmaq çox çətindir. Onun bu dünyadan köçməsinə inanmaq olmur. Amaliya xanım böyük sənətkar idi. Azərbaycan mədəniyyətində və kinosunda, teatrında böyük xidmətləri olan bir şəxsiyyət idi. Mərd, fədakar bir rəhbər idi. Sənətini sevən, xalqını və Vətənini ondan da çox sevən bir qadın idi Amaliya xanım Pənahova. Amaliya xanımın bir amalı vardı, daim yaxşı işlər təqdim etmək. Çalışırdı ki, rəhbəri olduğu teatrın işçiləri peşakarcasına xalqa xidmət göstərsin və sənətə layiqli bir teatr işçiləri kimi formalaşsınlar”.

İsmayıl Atakişiyev: “Amaliya xanım bir məktəb idi. Özümü seçilən aktyor saya bilərəm ki, canlı əfsanə ilə birgə onun teatrında işləmişəm. Ondan çox şey öyrənmişəm, səhnə hərəkətini, duruşunu və mədəniyyətini. Ruhu şad olsun”.

Zülfiyyə Məmmədova: “Amaliya xanım mənim müəllimim olub. Özümü xoşbəxt aktrisa saya bilərəm bu baxımdan. Çünki, böyük bir ustaddan dərs almışam. Onun haqqında danışanda kövrəlirəm. Çünki, mən bir müəllimlə yanaşı ana itirmişəm. Ana övladını necə qoruyarsa, o da tələbələrini elə qoruyardı. Amaliya xanım hər tərəfli bir insan idi. Dərsə girərdi və 1-2 dəqiqə sonra artıq bilərdi ki, hansı tələbənin kefi necədir. Əhvalı pis olan tələbəni dərsdən sonra saxlayar və problemi ilə maraqlanardı”.

Zülfiyyə Qurbanova: “Amaliya xanımla 12 ilə yaxın işləmişəm. Bizə rəhbər olmaqla yanaşı, həm də dost və sirdaş olub. Adı incəsənət nümayəndələri arasında aktyor və akrtisalarına xüsusi diqqət göstərən bir rəhbər, aktrisa kimi hallanıb hər zaman. Bu baxımdan yaxşı mənada ona qibtə ediblər. Amaliya xanım yeganə rəhbər idi ki, öz işçilərinə bu qədər dəyər verirdi. Onunla bağlı yalnız gözəl xatirələrim var. Xəstələnirdik, qayğımıza qalırdı, problemimiz olurdu, duyurdu və həll etməyə çalışırdı. Onunla bağlı xoş sözlərim o qədərdir ki, bilmirəm, hansını deyim. İnanırsınız, teatrda tamaşa oynayanda elə bilirəm ki, o, kənardan yenə də bizi izləyir, yenə də sonda ya xoş sözlər deyəcək, ya da bizə iradını bildirəcək. Ruhu şad olsun”.

Tural Əhməd: “Amaliya xanım mənim üçün bir əfsanə olub. İlk dəfə onu ekranda görəndə özümə sual vermişdim ki, bu qədər gözəl bir qadın və aktrisa olarmı? Onda təsəvvür etmirdim ki, onu nə zamansa görə bilərəm. İstər yaxından olsun, istərsə də uzaqdan, hələ onun aktyoru olmağı demirəm. Amma qismət elə gətirdi ki, mən aktyor oldum və bir gün Amaliya xanımla eyni serialda rol aldım. O serialdan sonra Amaliya xanım məni öz teatrna apardı. Sevindim, çünki mən böyük sənətkarın aktyoru olurdum. Hər zaman mənə dəstək olub və teatrın bütün incəliklərini öyrədib. Qazandıqlarım və qazanacaqlarımın hər birini ona borcluyam. Bir gün bu dünyadan hamımız köçəcəyik. Əgər o dünya doğrudan da varsa, o dünyada görüşmək istədiyim insanlardan biri Amaliya xanımdır. Allah ona rəhmət eləsin”.

“Mənim ikinci bir ailəm var-teatr”, - Amaliya xanım hər zaman deyirdi. Bu gün o ailənin başçısı artıq teatrda yoxdur. Amma o ailənin digər üzvləri var və onlar çalışırlar ki, Amaliya xanımın ailə dediyi “Bakı Bələdiyyə Teatrı”na layiqli övladlar olsunlar. Olsunlar ki, Amaliya xanımın ruhu sevinsin, ruhu şadlansın.

Rövşən Tahir

Xəbər xətti