Aysun: “Azərbaycanda nə filmə, nə də seriala çəkilmək istəmərəm”

18:41 - 2 Noyabr 2019 - MAQAZİN

Aysun İsmayılova: “Yazılan rəyləri oxumuram”

“Məni Aysun İsmayılova edən Rəqsanə xanım olub. O olmasa idi, Aysun olardımı? Bu danılmaz faktdır. Heç vaxt çıxıb demərəm ki, özüm sənətə gəlib, özüm nəsə etmişəm. Rəsqanə xanımın adı üzərimdə var idi deyə, mən 1 il ərzində nəsə edə bildim”. Ucnoqta.az saytının qonağı müğənni Aysun İsmayılovadır.

-“Sevir məni sevsin, sevmir alsın mənim qadamı”... Aysun İsmayılovanın sevdiyi insan varmı?
-Verəcəyim cavab sizi qane etməyə bilər. Mən ümumiyyətlə şəxsi həyatımla bağlı danışmıram. Çünki, o, mənim özəlimdir. Hər zaman demişəm ki, şəxsi həyatımla bağlı sualları cavablamaq istəmirəm. Musiqi sözlərini nəzərdə tutub deyirsinizsə, hər yazılan musiqini öz həyatımıza görə oxumuruq axı? (gülür)

-Aysun xanım, kimin musiqilərini dinləyirsiniz?
-Hər zaman anamı və Röya xanımı dinləmişəm. Həmişə özlüyümdə fikirləşmişəm ki, görəsən, nə zamansa mən də anam kimi oxuya biləcəmmi? Çox nadir hallarda ola bilər ki, başqa bir müğənninin tək-tük ifasını dinləyərəm. Belə ardıcıl şəkildə bütün mahnılarını dinlədiyim anam və Röya xanımdır.

-Özünüzə rəqib kimi görürsünüz?
-İlk olaraq belə deyim, kimsə çıxıb söyləsə ki, rəqibim yoxdur, bu yalan olar. Çünki, mən görürəm ki, sən işləyirsən, deyirəm, mən daha da yaxşı çalışım. Bu hər kəsdə belədir. Məndə bu xarakter bir nəfərə qarşı deyil, hər kəsə qarşı belədir ki, mən niyə kimdənsə az işləməliyəm? Bir də əgər mən bir ildir ki, müğənni kimi fəaliyyət göstərirəmsə, amma 5-6 ilini bu sənətə qoyub özünü ulduz sayanların yanında adım çəkilirsə, deməli, mən çoxunu rəqib saya bilmərəm.

-Aysun xanıma təlabat varmı bu gün?
-Bu sualı tamaşaçılara ünvanlasanız, düzgün çıxar. Çünki, onu mən deyə bilmərəm. Sualın cavabını tamaşaçılar söyləyə bilərlər. Məsələn, bunu mən sizdən soruşmalıyam ki, Aysun İsmayılovaya, sizcə, təlabat varmı? Amma bir şeyi bilirəm ki, müğənni övladlarından daha çox gündəmdəyəm.

-Deyirsiniz ki, müğənni övladları ilə müqayisədə gündəmdə mənəm. Bu sözünüzdən inciyəcəklərindən çəkinmirsiniz?
-Bilirsiniz, fakt odur ki, bu gün mən daha çox çalışıram. Dayanmadan sənətim üzərində işləyirəm. Nə olsun ki, bir zamanlar onlar “Eurovision”da tanınan sima idilər? Camaat bir “Eurovision”a görə onları xatırlamalı deyil ki?

-Aynişan xanım aktrisa kimi fəaliyyət göstərir. Bəs siz necə? Rola çəkilmək istəmirsiniz?
-Əvvəla deyim ki, mən Türkiyədə bu sənətin məktəbini bitirmişəm. Amma buna baxmayaraq Azərbaycanda filmə, nə də seriala çəkilmək istəmərəm. Heç vaxt deməyim, lakin hazırda çəkilmərəm. Nəyə görə? Məsələ qonararda deyil. Mənim üçün ssenari yaxşı, komanda isə uğurlu olmalıdır. Hələ ki, seriallarımızda bunu görmürəm.

-Aysun xanım, “Eurovision”a getməyi düşünürsünüzmü?
-Getsəm, biabr edərəm (gülür). İngilis dilini bilmirəm. Etiraf edirəm. Getsəm, gərək Azərbaycanca oxuyum. 4 il ingilis dilinə hazırlaşmışam, ancaq yaddaşımda qalmayıb ki, qalmayıb. Açırdım, sözləri bu gün əzbərləyirdim, sabah yadımdan çıxırdı. Düzdür, mahnını əzbərləyə bilərəm, lakin aksent məsələsində bu özünü biruzə verəcək. Mən isə heç vaxt edə bilməyəcəyim işlə kimisə özümə güldürmərəm.

-Hazırda Rəqsanə xanımın qızı kimi tanınırsınız ya elə özünüz kimi?
-Düşünürəm ki, hər ikisi ilə. Yaşlı nəsil məni Rəqsanə xanımın qızı kimi tanıyır, gənc və orta nəsil isə Aysun İsmayılova kimi. Bəzən sual verirlər ki, gördüyünüz işlərin altında öz adınızla tanınmamaq sizə pis gəlmir ki? Deyirəm, xeyr, əksinə, fəxr edirəm ki, mən Rəqsanə xanımın qızıyam. O mənim anamdır. Biz o biri müğənnilər kimi deyilik. Biz tamam başqayıq. Məni Aysun İsmayılova edən Rəqsanə xanım olub. O olmasa idi, Aysun olardımı? Bu danılmaz faktdır. Heç vaxt çıxıb demərəm ki, özüm sənətə gəlib, özüm nəsə etmişəm. Rəqsanə xanımın adı üzərimdə var idi deyə, mən 1 il ərzində nəsə edə bildim. Amma bütün jurnalistlərdən bir xahişim var, məni səhnəyə dəvət edəndə özüm kimi dəvət edin. Çünki, siz ora Rəqsanə xanımı deyil, məni çağırmısınız, hansısa bir işimə görə məni dəvət etmisiniz.

-Keçən dəfə Mələk xanım Heydərova söylədi ki, sosial şəbəkələrdə yazılan tənqid və hətta təhqirlərə belə reaksiya vermirəm. Bəs Siz necə?
-Düz deyir, mən də reaksiya vermirəm. Əvvəllər yazılan rəyləri bağlayırdım. Sonra gördüm ki, səhifə spama düşür, ona görə də açıq qoydum. Düzdür, yazılan rəylərin müəyyən qismi reklamlar olur. Bilirsiniz, mən yazılan rəyləri oxumuram. Guya oxusam, nolacaq ki? Heç mesaj bölməsinə belə baxmıram. Niyə baxmıram? Həddindən artıq çox mesaj var. Birinə cavab yazıb, digərinə yazmamaq hörmətsizlikdir. Ya hamısını cavabla, ya da heç birinə cavab vermə. 

-Deyirlər, susmaq qızıldır. Susmağı sevirsiniz?
-Bəli, çox sevirəm. Kimsə çıxıb nəsə desə, yenə də susaram. Düzdür, anam cavabı çox tez verəndir, amma mən elə deyiləm. Əgər kimsə nəsə deyirsə, söhbətdə o, düzdürsə də, səhvdirsə də, mən ona əsəbimdən elə bir cavab verərəm ki, düz olduğum yerdə səhv çıxaram. Ona görə də mən cavab vermirəm. Gözləyirəm ki, danışsın, danışsın, danışsın, axır-əvvəl susacaq da.

-Müğənni oğlanla ailə həyatı qurarsınız?
-Xeyr. Tək müğənni ilə deyil, incəsənətdən heç kimlə. Nəyə görə? Mən qısqanc biriyəm. Qəbul edə bilmərəm ki, həyat yoldaşıma hansısa qız mesaj yazsın, onunla şəkil çəkdirsin.

-Deyirsiniz, qısqancam. Birdən qarşı tərəf sizi qısqansa, sənəti tərk edəcəksiniz?
-Əlbəttə. Mən bir söz deyim, mən atasız böyümüşəm, evdə ailə başçısının olmamağı nə deməkdir, çox gözəl bilirəm. Ona görə də ailə mənim üçün hər şeydən öndə gəlir. Mən bu sənətdən milyonlar qazansam belə, hətta “xalq artisti” olsam belə, sənəti ailəmə görə tərk edərəm.

-Damla yoxsa Şəbnəm? Hansının ifa tərzini bəyənirsiniz?
-Hər ikisi ilə münasibətim yaxşıdır. Düzdür, daimi olaraq anam və Röya xanımı dinləyirəm, amma Damla və Şəbnəmin də ifasına qulaq asıram. Seçimə qalanda birini digərindən ayıra bilmirəm. Fikrimcə, hər ikisinə təlabat var və hər ikisinin də ayrı-ayrılıqda sevənləri var.

-Anadan aralı qalmaq çətindirmi?
-Çox çətindir. 22 yaşında bir xanımın anadan aralı qalması və öz ayağı üstə durması çox çətindir. Mən oğlanlar tanıyıram ki, 23-24 yaşı var, hələ də atasının əlinə baxır. Bilirsiniz, anadan aralı qalmaq nədə çətindir? Nəsə problemin olanda, oturub onu qucaqlayıb dərdini danışa bilmirsən. Həmişə bir tərəfin əksik qalır. Özünü yalnız hiss edirsən. Düzdür, nənəm yanımdadır, amma yaşlı olduğu üçün ona qıya bilmirəm. Hər yerdə özümü güclü göstərsəm də, valideyn boşluğunu yaşayıram. Daxilən güclü qadın deyiləm, çox zəifəm. Bəlkə, qadınam bundan irəli gəlir.

-Axırıncı dəfə nə zaman ağlamısınız?
-Bu gün. Bir səbəb yox idi. Həyatımda, bəlkə də, ilk dəfə idi, səbəbsiz ağladım. Bilmirəm, nədəndir, bəlkə, dediyim o boşluqdandır, ona görə. Bəlkə, darıxıram. Bəlkə də, “Valideynim burda yoxdur, ailə sevgisinə ehtiyacım var” deyə bu gün kövrəlmişəm?!

-Aysun xanım, zaman sizə yetirmi?
-Baxır, nədə. Zaman çox tez keçir. Həddindən artıq tez keçir. Baxın, doğum günüm yanvardadır, il elə tez keçir ki, bir də görürəm, növbəti doğum günümü qeyd edirəm.

-Doğum günü demişkən ad günlərinizdən birində Rəqsanə xanım sizə avtomobil almışdı. Onu nə etdiniz?
-Onu satıb İstanbula getdim. Bilirsiniz, nəyə görə satdım? İstanbula yaşamağa və təhsil almağa gedirdim, maşını burada qoymadım ki, xalamoğlu sürəcəkdi. Ona görə də fikirləşdim ki, satım, gedim, Türkiyədə xərcləyərəm.

-Rəqsanə xanımın sizə ən böyük qadağası nə olub?
-Qadağa deyəndə bu qadağa deyil. Həmişə deyir ki, məndən heç nəyini gizlətmə. Nəyin varsa, mənə denən. Mən səhv bir hərəkət etmirəm ki, valideynlərim mənə qadağa qoysunlar. Daha doğrusu, onlar bilir ki, mən səhv bir şey etmərəm.

-Özünüzü ağıllı qadın hesab edirsiniz?
-Bəzən hə, bəzən isə xeyr. Kiməsə məsləhət verəndə çox ağıllı oluram. Özümə gələndə isə olmuram. Hamıdan məsləhət alıram, amma öz bildiyimi edirəm. Fikrim nəyi diqtə etsə, onu da həyata keçirirəm. Söyləsəm ki, tam ağıllı qadınam, deyəcəklər, bəs niyə məsləhət alırsan? Ona görə də özümü həm ağıllı hesab edirəm, həm də yox.

-Aysun xanım, kaprizləriniz çoxdur?
-Yalnız makiyajımla bağlı kaprizim var. O da niyə? Çox makiyaj edirlər. Mən də sevmirəm. Çəkilişdən dərhal sonra təmizləyirəm. Başqa heç bir kaprizim yoxdur.

-Alın yazısı... Onun haqqında nə düşünürsünüz?
-Məncə, insan dünyaya gələndə Allah onun hər bir şeyini yazır, amma o yazılanlardan kənara çıxmaq insanın öz əlindədir. Kimsə özünü binadan atsın ki, bu alın yazısıdır? Alın yazısı var. Sadəcə doğru yolla getmək insanın özünə qalır.

Rövşən Tahir

Xəbər xətti