Hesablama Palatası ECOSAI təşkilatının İdarə Heyətinə yenidən üzv seçilib

17:55 - 23 Oktyabr 2019 - Xəbər

Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti 2019-cu il 21-22 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilmiş ECOSAI təşkilatının 8-ci Assambleyası, İdarə Heyətinin 24-cü və Təlim Komitəsinin 19-cu toplantılarında və “Səmərəli audit və audit nəticələrinin effektivliyi” mövzusunda 8-ci Simpoziumda iştirak edib. 

 ECOSAI-nın və Türkiyə Hesablama Məhkəməsinin prezidenti Seyit Ahmet Baş İdarə Heyətinin toplantısını açaraq iştirakçıları və qonaqları salamlamış Ali Audit Qurumlarının həyata keçirdiyi fəaliyyətlərin tarixindən və əhəmiyyətindən bəhs edib. Qəbul edilmiş gündəliyə əsasən, Pakistan AAQ tərəfindən ECOSAI-nın Baş Katibinin 3 illlik fəaliyyət hesabatı və 2018-ci il 31 dekabr tarixinə ECOSAI-nın hesabları barədə məlumat təqdim edilib.

Daha sonra, ECOSAI-nın Təlim Komitəsinin 19-cu toplantısının iştirakçılarının hesabatı, ECOSAI-nın xəbər bülleteninin nəşri haqqında Baş katibliyin məlumatı dinlənilib, ECOSAI-nın ASOSAI təşkilatında “Müşahidəçi” qismində təmsil olunması barədə məlumat, üzv AAQ-lər arasında imzalanmış Anlaşma Memorandumları haqqında, eləcə də AAQ-lərin ECOSAI-ya “Müşahidəçi” üzv qismində qəbul edilməsi məsələləri barədə müzakirələr aparılıb və ECOSAI-nın 2019-2022-ci illər üzrə Təlim Planı qəbul edilib. Yekun olaraq ECOSAI-nın İdarə Heyəti qeyd edilən hesabatların müzakirəsi və qəbul olunması üçün onların ECOSAI-nın 8-ci Assambleyasına çıxarılmasını qərara alıb.

ECOSAI-nın 8-ci Assambleyası və Simpoziumunda açılış nitqi ilə çıxış edən ECOSAI-nın və Türkiyə Hesablama Məhkəməsinin Prezidenti Seyit Ahmet Baş tədbirdə iştirak edən nümayəndə heyətlərini salamlamış və Qətər, Küveyt və Belarus AAQ-lərin bu dəfəki tədbirdə müşahidəçi statusunda iştirakını xüsusi vurğulayıb. Toplantının qəbul edilmiş gündəliyinə əsasən ECOSAI-nın Baş Katibinin maliyyə və fəaliyyət hesabatları dinlənilib. Bundan əlavə, ECOSAI-nın alt-qurumları Təlim və Audit komitələrinin hesabatları təqdim edilərək qəbul edilib. 8-ci Assambleyanın əsas nəticələrindən biri də ECOSAI-nın Nizamnaməsində müşahidəçi statusunda üzvlərin qəbulu ilə bağlı dəyişikliyin edilməsi olub. Tədbirdə həmçinin ECOSAI təşkilatının özünün Asiya regionuna aid AAQ-ləri birləşdirən ASOSAI-ya müşahidəçi statusunda qəbul edilməsi elan edilib.

Assambleyada Azərbaycan Hesablama Palatası yenidən ECOSAI-nın İdarə Heyətinə üzv seçilib. ECOSAI-nın növbəti Assambleyası isə 3 illik müddətə, 2019-2022-ci illər üzrə bu təşkilatının Prezidentliyi seçilmiş Qazaxıstan AAQ-nin təşkilatçılığı ilə Nur-Sultan şəhərində keçirilməsi nəzərdə tutulub.

Tədbirlər sırasında sonuncu olan Simpoziumda Pakistan, Türkiyə, Belarus, Qazaxstan, Küveyt AAQ-ləri ilə yanaşı, Atatürk universitetinin və akademik dairələrinin digər təmsilçiləri çıxış edib və qarşılıqlı müzakirələr aparıblar.


Xəbər xətti