Bakıda itkin kimi axtarışa verilən 11 yaşlı F. Elmar oğlu Hüseynov anasından şiddət gördüyü üçün evdən qaçdığını deyib. O, "Səni axtarıram" proqramına gələrək göz yaşları ilə anası Jalə Hüseynovadan imtina etmək istədiyini bildirib.
Azyaşlının bu sözlərindən sonra anası J.Hüseynova gözlənilmədən studiyaya soxulub. Qadın əvvəlcə baş örtüyü və əlləri ilə üzünü bağlayaraq efirdə görünmək istəməyib. Canlı yayımlanan verilişdə baş verəcəklərdən ehtiyatlanan aparıcı Xoşqədəm Hidayətqızı həyəcanlı ananı studiyadan kənarlaşdırmaq istəyib. Daha sonra qadının getmək istəmədiyini görüb, ayaqüstü onu dinləyib.
Oğlunun boşandığı həyat yoldaşı tərəfindən qaçırılaraq ona qarşı öyrədildiyini deyən ana ata barəsində dəhşətli ittihamlar irəli sürüb:
"Allaha and olsun, atası öyrədib. Atası narkoman olduğuna görə tutulub. Binəqədidə evi vardı, narkotikə görə satdı. Uşağa da narkotik daşıtdırırdı. Onun atasından ayrılmışam, mənim himayəmə verilib. 4 ay mənimlə qalandan sonra ata görüş adı ilə apardı, gətirmədi. Nə qədər dedim ki, Elmar, oğlumu ver, vermədi. Məni həyatımla hədələdi. Dedi, mənim narkoman olduğumu polisə desən, tutuluramsa, səni öldürüb gedəcəm.
Gedib gətirirəm, atasının yanına qaçır. Mənə dedilər ki, narkotik almaq üçün uşağı yanında daşıyır. Ayın 8-dən axtarışa vermişəm. Uşağı mənə vermirsizsə, atasına da verməyin. Oğlumun atasının yanında məhv olmasını istəmirəm".
X.Hidayətqızı ananın bu sözlərindən sonra azyaşlının valideynlərinə verilməyəcəyini, sığınacağa yerləşdiriləcəyini bəyan etdi.
Qeyd edək ki, 11 yaşlı F.Hüseynov efirə gələrək anasından imtina etdiyini bildirib: "Anamdan imtina edirəm, onunla qalmaq istəmirəm. Məni döyür, nalayiq söyüşlər söyür. Atamı da tutdurub. Atam məni döymürdü. Anam siqaret çəkir, spirtli içki içir, elə ananı istəmirəm".
Xatırladaq ki, 2008-ci il təvəllüdlü F.Hüseynov oktyabrın 8-i səhər saat 10 radələrində Binəqədi rayonu, Ramazanov küçəsi döngə 1-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə onun anası Jalə Hüseynova Binəqədi RPİ-nin 43-cü PB-nə ərizə ilə müraciət edib./baku.ws