“Maddiyyat həmişə var, ilk növbədə sənəti öyrənmək lazımdır”

Xalq artisti Aygün Bayramova: “İfa dinləyicini düşündürmək deməkdir”

“Hər xanəndənin özünün ifa tərzi var. Oxuduğun qəzəlləri, təsnifləri, muğamları hiss etmək, onları dərk etmək lazımdır. Xanəndə ifasını tamaşaçıya sevdirməlidir. Əgər sevdirməsə, özü də sevilən ifaçı olmayacaq. Bəzən deyirlər ki, ifaya canını qoyur, özünü fəda edir, bu elə-belə bir fikir olmur. Mən hər zaman nəyi ifa edirəmsə, edim, başqa bir aləmdə oluram. O aləmin adı muğamdır. Yəni yalandan ifa etmək tərzi mənə yaddır. Özüm haqqında demək düzgün çıxmaz ki, mən yaxşı oxuyuram. Bunu ustadlarımız deyə bilər”. “Üç nöqtə”nin qonağı Respublikanın xalq artisti Aygün xanım Bayramovadır.

- Aygün xanım başlayaq uşaqlıq illərinizdən...
- Ağdamda mən dünyaya göz açmışam, uşaqlıq illərim də orada keçib. Heyif o günlərdən. O torpağın suyunu içmişəm, havasını udmuşam. Zaman-zaman bu haqda danışmışam. Bu gün Ağdamsız yaşamaq çox çətindir. İnanıram ki, bir gün o torpağa, ümumən işğal olunmuş ərazilərimizə geri qayıdacağıq. Allah o günü tezliklə bizə nəsib eləsin. O illərə-Ağdamlı illərimə çox qayıtmaq istəyərdim. Mənim orada o qədər gözəl uşaqlıq, məktəb illərim keçib ki. İnanın, bu mənim ən yaralı yerimdir. Ağdama həsrət qalmaq çətindir.

- Nə zaman qərar verdiniz ki, xanəndəlik sənətini öyrənməliyəm və niyə bu sənəti seçdiniz?
- Sözün düzü, uşaqlıqda pioner evinə gedəndə qərar vermişdim ki, xanəndə olacam. Ağdamda oxuyanda tədbirlərdə yer alırdım. O zamanlar da muğam müsabiqələri təşkil olunurdu və münsif heyəti də Arif müəllim Babayev, Şövkət xanım Ələkbərova, İslam müəllim Rzayevdən və digər sənətkarlarımızdan ibarət idi. Mən də belə müsabiqəyə qatıldım, Asəf Zeynallı adına Musiqi Kollecinə daxil oldum və sənətə gəldim. Kollecdə müəllimim Şövkət xanım Ələkbərova idi. Musiqi Akademiyasında isə müəllimim Arif müəllim Babayev olub. 5 il də ondan dərs almışam. Hərdən sual verirlər ki, yenidən bu sənəti seçərdinizmi? Mən fikirləşmədən deyirəm ki, bəli.

- Ailəniz necə o zaman sizə dəstək oldumu?
- Təbii ki. Bilirsiniz niyə? Bizim ailəmizdə artıq oxuyan var idi, qardaşım. Elə məni də o aparmışdı pioner evinə. Bunu da əlavə edim ki, mənim rəhmətlik atam o zaman Bakıda işləyəndə tez-tez operalara baxmağa gedirmiş. Tar alətinə marağı olub. Ümumən sənəti sevib və hər zaman sənətkarlara hörmət edib. Bu da yadımdadır, o zaman hər bazar günü saat 2-də muğam konsertləri gedirdi televiziyada. Atam ona yüksək səs verib dinləyirdi və biz hamımız muğamlara qulaq asırdıq. Yəni mən evdə xalq musiqiləri, mahnıları, bəstəkar əsərləri eşitmişəm. Ona görə də mən bu sənətə gələndə ailəm dəstək durdu.

- Sizin ürəyə yatımlı bir səs tembriniz var. Dinləyəndə insan əhvalı xoş olur. Özünüz necə kefiniz olmayanda səsinizlə nəyisə ifa edirsinizmi?
- Dediyiniz səsi mən bir Allahın vergisi adlandırıram ki, nə yaxşı onu mənə bəxş edib. Buna görə Allahıma təşəkkür edirəm. Ustadım Arif müəllim Babeyev həmişə deyir ki, Allah sənə o qədər gözəl səs nəsib edib, ondan çox istifadə elə. Doğrudan da, o düz deyir. Bilirsiniz, ifa tək qulaq asmaq deyil, ifa onu səsləndirənin diapazonu ilə dinləyicini düşündürmək deməkdir. Bəzən olur ki, kefim olmur. Amma heç öz ifamı demirəm, digər sənət yoldaşlarımı dinləyirəm, kefim açılır. Özlüyümdə deyirəm, yox bədbinliyə qapılmamalıyam. Aygün, sən xoşbəxt adamsan ki, bu cürə səsin var. Onu qoru və hər şeyi fikirləşib səhhətini korlama. Bu sənət düzgün düşüncə və ağıl da tələb edir ki, səni idarə etsin.

- Belə bir sual verim. Muğam sizin üçün nə deməkdir?
- Muğam mənim həyatımdır. Bəlkə də mən başqa bir sahənin adamı olsaydım, bu qədər tanınmazdım. Yaxşı müəllim kimi tanıya bilərdilər, yaxşı həkim kimi tanıya bilərdilər, bəlkə. Amma Aygün Bayramova kimi geniş kütləyə tanınmazdım. Muğam unikal sənətdir. Onu başa düşmək lazımdır. Bu sənətə gəlməzdən əvvəl heç olmasa az da olsa, onun dərinliklərini və sirlərini duymalısan. Duymasan, muğamın nə olduğunu başa düşməsən, heç vaxt yaxşı ifaçı ola bilməzsən. Xoşbəxtəm ki, muğamı hiss edib bu sənətə gəlmişəm. Ailəmə təşəkkür edirəm, mənə icazə verdi ki, bu sənəti seçim. Müəllimlərimə təşəkkür edirəm ki, məni Aygün Bayramova kimi yetişdiriblər. Bu gün ölkəmizin Birinci-vitse prezidenti Mehriban xanım Əliyeva və rəhbəri olduğu Heydər Əliyev Fondu muğama çox diqqət göstərir. Buna görə Mehriban xanıma və Fonda minnətdaram.

- Muğam ifaçılarında hər zaman bunu hiss etmişəm ki, onlar musiqini varlığı ilə yaşayırlar, yəni onu özününküləşdirirlər. Aygün xanım muğam ifa edəndə hansı hisslər aləmində olur?
- Hər xanəndənin özünün ifa tərzi var. Oxuduğun qəzəlləri, təsnifləri, muğamları hiss etmək, onları dərk etmək lazımdır. Xanəndə ifasını tamaşaçıya sevdirməlidir. Əgər sevdirməsə, özü də sevilən ifaçı olmayacaq. Bəzən deyirlər ki, ifaya canını qoyur, özünü fəda edir, bu elə-belə bir fikir olmur. Mən hər zaman nəyi ifa edirəmsə, edim, başqa bir aləmdə oluram. O aləmin adı muğamdır. Yəni yalandan ifa etmək tərzi mənə yaddır. Özüm haqqında demək düzgün çıxmaz ki, mən yaxşı oxuyuram. Bunu ustadlarımız deyə bilər. Amma çalışıram ki, ifalarıma canımı qoyub ürəklə səsləndirim. Sevgimi, məhəbbətimi muğama qoyum. Tamaşaçı hər şeyi görür.

- Aygün xanım rollarınızdan sizə ən doğması hansı olub?
- “Leyli” mənim sevdiyim bir obraz olub. Amma ondan 4 ildir ki, ayrılmışam. Niyə? Müəyyən bir yaşa qədər orada çalışdım. Bəs etdi. Hər şeyin bir zamanı var. Düzdür, bu gün həm səsim, həm xarici görkəmim ona imkan verir ki, “Leyli”ni oynayım, amma dediyim kimi mən Operaya gələndə demişdim ki, müəyyən yaşdan sonra oradan ayrılacam. Opera səhnəsi fərqli bir səhnədir. Opera səhnəsi nə üçlüklə, nə də ansamblla çıxış etdiyin səhnədir. Orada obraz yaratmalısan. İfanla bərabər obrazı canlandırmalısan. İnanırsınız, bu günə qədər jurnalistlər sual verir ki, siz və Nəzakət xanım oranı tərk etdiniz, bəs “Leyli”ni kimə həvalə edib getdiniz? Çalışıram ki, bu sualdan qaçım.

Suala qayıdaq. Bəli, “Leyli” sevdiyim obrazdır. Mən Operaya getməzdən əvvəl Rübabə xanımın ifasında o obrazı sevmişəm və şükür Allaha ki, “Leyli”ni canlandırmaq mənə də qismət olub. “Leyli”ni sevməmək olar? Dahi bəstəkarımız Üzeyir müəllim onu o qədər gözəl yazıb ki, onu sevməmək qeyri-mümkündür. “Leyli və Məcnun”da elə səhnələr olub ki, məni yaş boğub. “Ey mənə qəmxar olan” bu ifadə özü bilirsiniz, insanı haralara aparır ? (ifa edir və gözləri dolur).

- Bir az da pedaqoji fəaliyyətinizə nəzər salaq...
- 20 ildən çoxdur ki, həm Asəf Zeynallı adına Musiqi Kollecində, həm də Milli Konservatoriyada müəllim kimi fəaliyyət göstərirəm. Tələbələrlə işləmək xoşdur. Səhnədə olmaq, yaradıcılıqla məşğul olmaq başqa bir aləmdir, tələbələrə dərs demək isə başqa bir aləm. Müəllimlik çətin və şərəfli peşədir. Baxın, hər tələbənin eyni səsi və diapazonu olmur. Müəllim nə istəyir? İstəyir ki, tələbəsinin elə bir səsi olsun ki, bütün muğamları ifa edə bilsin. Bəzən bir tələbə bu imkana sahib ola bilmir. Bəzənsə tələbə səs dəyişmə dövründə olur. Bütün bunlara baxmayaraq çalışırıq ki, muğamın hər bir şöbəsini tələbələrə yetərincə öyrədək.

- Tələbələrinizdən razısınızmı?
- Tələbələrimə hər zaman deyirəm ki, sənət öyrənin, maddiyyatın arxasınca qaçmayın. Burada oxuduğunuz illəri boşa verməyin, öyrənin. Çünki, bitirib gedəcəksiniz, deyəcəksiniz ki, ay müəllim, mən niyə tənbəl oldum, niyə belə elədim. Yəni peşman olacaqsınız. Onda gec olacaq. Ona görə də bu illərinizə heyfiniz gəlsin. Biz tələbə olanda maddiyyat dalınca düşmürdük. Tələbəlik illərim yaxşı yadımdadır. Məni o vaxtlar məclislərə çağıranda getmirdim. Deyirdim ki, hələ yeniyəm, məni heç kim tanımır. Bir hələ oxuyum, sənət öyrənim, tamaşaçı sevgisi qazanım, sonra gedərəm.
Maddiyyat həmişə var, ilk növbədə sənəti öyrənmək lazımdır. Bütün tələbələrimdən razı deyiləm. Amma öyrənməyə can atan, bu sənətin sirlərinə yiyələnmək istəyən tələbələrim var. Mənim tələbərimin bəzisi bu gün musiqi məktəblərində müəllimdir. Onu da deyim, Azərbaycan televiziyasında yayımlanan axırıncı muğam müsabiqəsində 2-ci yeri mənim tələbəm Zülfiyyə Cəbrayılzadə tutdu. Hazırda o, magistr təhsilini alır. Yəni, yaxşı tələbələrim var.

- Tanınmış xanəndə, xalq artistisiniz. Bir sual maraqlıdır. Aygün xanımın sənətlə bağlı həyata keçməyən hansısa bir arzusu varmı?
- Əlbəttə var. Yaradıcı insanın arzuları tükənmir. Mənim bir layihəm var. Çox açıqlama verməyəcəm. Ola bilər ki, onu həyata keçirim. O layihə ansambla, yaxud üçlüklə başa gələn bir şey deyil. Böyük həcmli bir layihədir. Bəlkə ola bilər, bir ilə, iki ilə reallaşdıraram. Çox gözəl bir layihədir. Allah qismət eləsin, həyata keçirib xalqımıza təqdim edək. Sənət adamının işi nədir? Allaha qurban olum, bu səsi, bu sənəti verib. Səs də, sənət də mənim deyil xalqındır.

- Elə xalqa məxsus olan o səsinizi daim Allahın qorumasını arzulayırıq. Allah o səsi var eləsin ki,  Azərbaycanımızı muğam cəhətdən dünyada layiqincə təmsil edəsiniz. Dəvətimizi qəbul edib bizə müsahibə verdiyiniz üçün sizə minnətdaram.
- Siz sağolun. Mən də “Üç nöqtə” redaksiyasının hər bir əməkdaşına təşəkkürümü bildirirəm.

Rövşən Tahir
Fotolar: Elgün Calalzadə

Tarix
18 Oktyabr 2019 [17:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-18 17:55:00
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin