“Bağçaların uşaqların mənəvi inkişafındakı rolu danılmazdır”

18:20 - 16 Oktyabr 2019 - KİVDF

Nailə İbadova: “Bağçaya gedən uşaq həm fəallığına, həm də dünyagörüşünə görə getməyənlərdən çox fərqlənir”
Dilşad Musa: “Uşaqların bağçaya getməsi onların mənəvi inkişafında əhəmiyyətli rola malikdir”


Uşaqların təlim-tərbiyəsi ilk növbədə ailədən başlayır. Daha sonra isə bu işi bağçalar və məktəblər yerinə yetirir. Valideynlər övladlarını bağçaya göndərərkən həyəcan keçirirlər. Bağça uşaqların həyatında ilk addımlardır desək yanılmarıq. Bəs görəsən bağçaların uşaqların mənəvi və psixoloji inkişafında rolu nə dərəcədədir?

Müəllimə Nailə İbadova bildirir ki, uşaqlar bağçaya getməli, məktəbəqədər təhsil prosesini keçməlidirlər: “Bağça, məktəbə hazırlıq mərhələsidir. Təəssüf olsun ki, bu gün ölkəmizdə hər uşaq bağçaya gedə bilmir. Bağçaya gedən uşaq həm fəallığına, həm də dünyagörüşünə görə getməyənlərdən çox fərqlənir. Onların arasındakı fərq yuxarı siniflərə qədər gedib çıxır. Bağça dövrü uşaqların həyatında çox mühüm mərhələdir. Uşaqlar bağçada adaptasiya prosesi keçir. Əgər valideyn evdə uşaqla birtərəfli şəkildə məşğul olursa, bağçada vəziyyət tamam fərqlidir. Bütün sahələr üzrə uşaqlarla məşğələlər aparılır. Yəni evdə nə qədər yaxşı baxılsa da, bağçada təlimlər metodik baxımdan daha savadlı şəkildə həyata keçirilir. Uşaqlar dinləmə qabiliyyətini, fikrini ifadə etmək, dostları ilə fikrini paylaşmaq kimi vacib məqamları bağçada öyrənirlər.

Məktəbəqədər hazırlıq prosesi keçməyən uşaq bir ilə məktəbin ab-havasına uyğunlaşa bilmir. Müəllimi dinləməkdə, nə isə izah etməkdə çətinlik çəkirlər . Məktəbəqədər hazırlıqda uşağın bir çox imkanları, qabiliyyətləri ünsiyyət bacarığı fəaliyyət formasında üzə çıxır. Qabiliyyətin üzə çıxması üçün uşaq mütləq fəaliyyətdə olmalıdır. Məktəbəqədər təhsil pilləsinin sonunda uşaqlar sağlamlığı möhkəmləndirən hərəkətləri yerinə yetirirlər,  qidalanma və sanitar-gigiyena qaydalarına əməl edir, böyük, kiçik və hissi (sensor)-motor hərəkətlərini koordinasiya edirlər. Təhlükəsizlik qaydalarına əməl edir, nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərindən istifadə edir, sadə riyazi-məntiqi əməliyyatları yerinə yetirirlər. Əşya və hadisələr haqqında ilkin təsəvvürlərə malik olurlar və anlayışları izah edirlər. Səbəb-nəticə əlaqələrini müəyyən edir, fərziyyələr irəli sürür, sadə təqdimatlar edir, sosial və mənəvi dəyərlərə öz münasibətlərini bildirirlər. İnsanlara qarşı hörmət və dözümlülük nümayiş etdirir, özündən kiçiklərlə, həmyaşıdları və böyüklərlə qarşılıqlı ünsiyyət qururlar, sosial normaları dərk edir və davranışlarında ona riayət edirlər. Sadə əmək, bədii yaradıcılıq, özünüdərk bacarıqları nümayiş etdirirlər. Mədəni-estetik təsəvvürlərə malik olub və yaradıcılıq bacarıqlarını göstərirlər.

“Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzinin rəhbəri Dilşad Musa düşünür ki, uşaqlar erkən yaş dövründə mütləq şəkildə bağçaya getməlidir. Çünki uşaqlar valideynləri ilə birlikdə çox vaxt keçirdikdə valideynlərindən asılılıq, bağlılıq yaranır: “Belə olan halda uşaqlar gördükləri, etdikləri hər bir işdə valideynlərini yanlarında görmək istəyirlər. Bu isə onların sərbəstliyinin qarşısını alır. Belə uşaqlar adətən sərbəst olmurlar, özgüvənləri bir az aşağı olur. Ümumiyyətlə, uşaq bağçaya getməsə belə hər hansı bir kursa getməli, öz yaşıdlarının arasında olmalı və yaşıdları ilə ünsiyyət qurmağı bacarmalıdır. Bu ünsiyyət nəticəsində uşaq həyatda öz yerini tapır. Bəzən olur ki, bağçaya, inkişaf mərkəzinə, məktəbəqədər kurslara getməyən uşaqlar başqa uşaqlardan çox seçilirlər. Həmçinin də bütün günü valideynlərinin yanında olan uşaqlar da digərlərindən fərqlənirlər. Ona görə də valideynlər mütləq şəkildə övladlarını bağçaya göndərməlidirlər”. 

D.Musa vurğulayır ki, ümumiyyətlə, uşaqlar məktəbdən əvvəl bağçaya və məktəbəqədər kurslara, daha sonra isə məktəb yaşı çatdıqda məktəbə getməlidirlər: “Bu həm uşaq, həm də valideyn üçün böyük əhəmiyyət kəsb edir. Birincisi valideyn uşağını özündən bir az uzağa sərbəst buraxmağı bacarır. İkincisi də uşaq özünü sərbəst şəkildə idarə etmək vərdişlərinə yiyələnir. Çünki uşaqlar adətən bağçaya getməyəndə analarına çox bağlı olurlar. Anaya bağlı olmasının da səbəbi odur ki, atalar adətən işə gedir, analar isə uşağa baxmaq üçün evdə olurlar. Bu da nəticədə uşaqlarda bağlılıq yaradır. Amma bağçaya gedərək evdən müəyyən qədər uzaqlaşan uşaqlarda bu kimi hallar baş vermir. Hazırda bir həftədir ki, Lənkəranda uşaqlarla düşərgədəyik. Burda da belə bir uşaq var və anası ilə gəlib. Uşağın 5 yaşı var, bağçaya getmir. Uşağın nitqində bir az defektoloji problem olduğu üçün anası etibar edib gedə bilmir. Və bu uşaq adi oyun oynayanda da anasını yanından buraxmır. Deyir ki, “yanımda dur, səni görüb oynayım”. Uşaqlarla oynasa da anasını mütləq şəkildə yanında görmək istəyir. Bu da təbii ki bir asılılıq yaradır. Düzdür, vaxtilə həmin uşaq bizim bağçaya iki il müddətində gəldi. Lakin sonra anası uşaqdan ayrı qala bilmədiyi üçün bağçadan çıxartdı ki, uşağım yanımda olanda ürəyim rahat olur. Amma bu müsbət hal deyil”.

D.Musa qeyd edir ki, əgər uşağın sərbəst böyüməsini istəyirsənsə, bir az uşağı sərbəst buraxmağı bacarmalısan. Amma təbii ki nəzarəti saxlamaq şərtilə: “Yəni, uşaqları nəzarət altında sərbəst  buraxmaq lazımdır. Kiminlə söhbət etdiyini, kiminlə dostluq etdiyini nəzərdən keçirməlidir. Misal üçün, uşaq paltar geyinmək istəyirsə, valideyn bunu uşağın öz ixtiyarına buraxmalıdır. Uşaq ola bilər ki, səliqəsiz geyinsin, yaxud düzgün geyinməsin. Amma bir neçə dəfə ona köməklik etməklə bu uşağı böyütmək olar. Bağçada da qaydalar belədir. Bağçada uşaq yeməyini özü yeməli, ayaqqabısını, paltarını özü dəyişməlidir. Bundan başqa durarkən yerlərini səliqəyə salmağı öyrədirlər. Bu o demək deyil ki, oradakı tərbiyəçilər və müəllimlər uşaqlara kömək etmirlər. Xeyr, təbii ki kömək edirlər. Sadəcə uşağın özünü, sərbəstliyini inkişaf etdirmək məqsədilə bunlar uşaqlara öyrədilir. Burda da əsas məqsəd uşaqların sərbəst şəkildə özlərini idarə etmələrini öyrənmələri və mənəvi inkişaflarıdır”.

D.Musa bildirir ki, düşərgədə müxtəlif ailələrdən gələn müxtəlif yaş qruplarında uşaqlar var imiş: “Biz bunların hamısının xasiyyətini bir həftə ərzində demək olar ki, analiz etdik. Tam dərinliyinə gedib çıxanda gördük ki, hansı uşaq ki, daha çox tədbirlərdə iştirak edib, bağçaya gedib, sosial cəmiyyətə adaptasiya olub, həmin uşaqlar anadan kənarda özlərini çox rahat şəkildə idarə edə bilirlər. Amma hansı uşaqlar ki, daima analarının yanında olublar çətinlik çəkirdilər. Deməli, düşərgədə iki otaqda oğlanlar qalırdı. Oğlanlar olan bir otaq həddindən artıq səliqəli, hər şey yerli-yerində idi. Çünki bu uşaqların anaları həmişə işləyib və uşaqlar 1 yaşından bağçaya gediblər və nəticədə özlərini idarə etməyi öyrəniblər. Amma digər oğlanlar qalan otaq isə çox səliqəsiz və tör-töküntülü idi. Bu uşaqların anaları isə həmişə evdə olub, övladlarının dağıntılarını yığıb və uşaqlarda bu vərdiş formalaşmayıb. Bundan da əlavə bu uşaqlar gecələr anaları, ataları üçün darıxırlar, tez-tez danışmasalar narahatlıq hiss edirlər. Amma bağçaya gedən uşaqlar özlərini çox sərbəst şəkildə idarə edirlər, hətta evlərinə gec qayıtmaq istəyirlər ki, bir az da artıq qalaq. Bunların hamısı bu günə qədər bağçalarda uşaqlara olunan təbliğlərdir ki, özünü göstərir”.

Buna görə də uşaqların bağçaya mütləq şəkildə getmələrinin tərəfdarı olan D.Musa deyir ki, çünki bu onların həm mənəvi, həm psixoloji, həm də fiziki inkişafına əhəmiyyətli dərəcədə müsbət təsirini göstərir: “Uşaqların özgüvənli və sərbəst olmalarının əsasını qoyur. Sadəcə olaraq valideynlər bağça seçimində yanılmamalıdır. Bu o demək deyil ki, çox baha 600-700 manatlıq bağçaya qoysun, şəraiti gözəl olsun, amma uşağa heç bir mənəvi dəyər aşılamasın. Xeyr, 150-200 manatlıq bağça olsun, yaxud dövlət bağçası olsun, amma uşaqla düzgün rəftar etsinlər və uşaqların mənəvi inkişafında faydalı olsun”.

Könül Oruc

Xəbər xətti