“Bədəndə nə qədər çox xal varsa, risk də o qədər artır”- Respublikanın baş dermotoveneroloqu

13:11 - 1 Oktyabr 2019 - Müsahibə

Elə xallar var ki, onları yandıranda, daha da çoxalır

Vaxtilə insan üzündəki xallar gözəllik rəmzi hesab edilirdi. İndi isə əksər hallarda xalların bənizi korladığını düşünərək, onlardan  qurtulmağa can atırlar. Lakin istənilən  xalı yandırmaq, kəsib atmaq olmaz. Heç bir araşdırma aparmadan xalı kəsdirmək bəzən ciddi nəticələr doğura bilər. Respublikanın baş dermotoveneroloqu, Azərbaycan Tibb Universitetinin (ATU) Dermotovenerologiya kafedrasının müdiri, t.e.d., professor Fərid Mahmudovla söhbətimiz bu haqdadır.

- Üzdəki, ümumiyyətlə bədəndəki arzuolunmuz xalların kəsilməsi hansısa problem yarada bilərmi?
- Bu məsələyə qətiyyən birmənalı yanaşmaq olmaz. Bəzən həkimlər insanın istəyi ilə xalı yandırırlar.  Amma elə xallar var ki, yandırıla bilməz. Həkim ilk olaraq, bu xalın etiopatogenezini dəqiqləşdirməlidir. Yalnız  bundan sonra xalın yandırılıb-yandırılmamasına dair qərar verilə bilər.

Bəllidir ki, günün altında bütün xallar əlbətdə ki, aktivləşir. Buna görə bütün dünyada dermatoskopiya aparılır, xalın damar qidalanması, sinir qidalanması yoxlanılır.  Xalın ümumi  şəklini çəkirlər. Bir il sonra təkrar şəkil çəkilir, xalın böyüyüb-böyümədiyi dəqiqləşdirilir. Əgər xal böyüyürsə  və ya hansısa geyim elementi (məsələn, qadınlarda büsthalterin ipi) xala sürtülüb onu qıcıqlandırırsa, onda xal mütləq şişir.

Bu halda xalın nəyəsə çevrilə biləcəyinə dair şübhələr yarandığından, bu tip xalları götürürlər. Təbii ki, kəsilən  hər bir xalın biopsiyaya göndərilməsi məsləhətdir. Hansısa xoşagəlməz xal olarsa, onun ətrafı da səhmana salınmalıdır.

- Adətən yaşlı insanlarda qoltuqaltında,  boyunda xırda ətli xallar olur. Bədəndə bu cür xalların qalması sağlamlığa hansısa təhlükə yaradırmı?
Bu gün əsas xallar  “virus papilomması”  adlandırdığımız xallardır. Boyunda, qoltuqaltındakı ətli xallar adətən təhlükəli olmur. Onları elektrokoaqulyasiya, yaxud maye azotla götürülə bilər. Amma elə xallar da var ki, onları yandıranda daha da çoxalır. Ona görə zədələnən xalı ümumiyyətlə götürmək lazımdır. Ümumiyyətlə isə xallı insanlara gün altında uzun müddət gəzmək məsləhət deyil.

- İllər keçdikcə, xalların görkəmi və ölçüsü dəyişə bilərmi? Bu, yaşın artmasından, çəki dəyişikliyindən asılıdırmı?
- Ümumiyyətlə, bədəndə nə qədər çox xal olarsa, risk də çoxalır. Belə adamlar daim xallara nəzarət etməlidir. Nədənsə, insanlar düşünürlər ki, bədəndə artıq olan nələrsə var. Məsələn, amerikanlar uşaqlarda apendiksi kəsib atırdılar. 20 ildən sonra statistika göstərdi ki, bu uşaqlar digərlərinə nisbətən 10-15 dəfə çox infeksion xəstəliklərə yoluxurlar. İnsanda artıq heç nə yoxdur.

- Üzdə ət xalı olan kişilərin üzünü qırxması üçün bərbərxanaya getməsi nə dərəcədə düzgündür?
- Bəzi bərbərxanalar infeksiya mənbəyidir. Elə bərbər var ki, illərlə eyni qayçı və aparatla işləyir. Bu cihazları dezinfeksiya etmirlər, spirtlə silib yola verirlər. Ona görə bu gün kişilər bizə follikulit, stafilokokk, qoltuqaltı  hidradenit kimi şikayətlərlə müraciət edirlər.  Ailədə də bəzən diqqət edilmir, bir ülgücdən ailənin bir neçə üzvü istifadə edir. 

- Dəri quruluğundan söz düşmüşkən, indi solyariyə gedib dərini qaraltmaq da dəbə minib. Bu prosedurun dəriyə hansısa ziyanı varmı?
- Solyaridə dərini yandırıb qurudurlar. Bu, ən pis halda xərçəngə də gətirib çıxara bilər. Fikir verirsizmi, hər tibb müəssisəinin qarşısında çoxlu insanlar var. Niyə xəstəliklər belə çox yayılıb?  İnsan özünü qorumalı, müalicə etməlidir. Normalda insan orqanizmində immunitet mövcud olur.  Lakin müxtəlif  ziyanlı prosedurlar bu immuniteti zəfilədir, onda görə də xəstəlikləri müalicə etmək,  problemi həll etmək mümkün olmur.

Məsələn, müasir insanlar hər gün çimirlər. Bu qədər çox çimmək düzgün deyil. Çünki dəri piy qatı buraxır, sabun da dərini qurudur. Sonra da 40 yaşında qadının dərisi limon qabığına oxşayır. Dəridə su olmalıdır. Mən əhalini öz bədəninə, dərisinə diqqətlə yanaşmağa, yalnız mütəxəssislərə müraciət etməyə çağırıram.

Xəbər xətti