“Qadınlara qarşı zorakılıq son dövrlərin ən aktual problemləri olaraq qalır. O nə coğrafi sərhədlər, nə də yaş hədləri tanıyır. Hər hansı etnik və ya dini qrup bu bəladan sığortalanmayıb. Azərbaycanda din, qızların təhsildən zoran ayrılması, erkən nikaha cəlb edilməsi, zorakılığa məruz qalması hallarına rast gəlinir. Bütün bunların qarşısının alınmasının bir yolu da insanların maarifləndirilməsindən keçir”.
Bu fikirləri Regional Qadın Təşəbbüsləri İctimai Birliyinin layihə rəhbəri Kubra Məmmədova Şəkidə keçirilən məlumatlandırma sessiyasında bildirib.
"Regionlarda məişət zorakılığına qarşı hüquqi maarifləndirmə" layihəsi çərçivəsində keçirilən məlumatlandırma sessiyasında çıxış edən K.Məmmədova qeyd edib ki, Azərbaycan qanunvericiliyi bu istiqamətdə də əhalinin hüquqlarının qorunmasına imkan verir:
“Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan layihə 3 ay müddətində davam edir. Layihənin əsas məqsədi son dövrlər artan məişət zorakılığının aradan qaldırılması üçün mübarizənin təşkili, qadınların hüquqi biliklərinin artırılması, zorakılığa məruz qalanların hüquqlarının müdafiəsi istiqamətində maarifləndirmənin aparılması, ehtiyacı olanlara hüquqi yardımın göstərilməsini göstərilməsi istiqamətində ictimai təşəbbüslərin gücləndirilməsidir. Digər tərəfdən onların biliklərinin artırılması və onların hüquqlarının müdafiəsinin gücləndirlməsi istiqamətində maariflədnirmə işinin təşkilidir”.
Tədbirdə məruzəçi qismində çıxış edən Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri Xalid Kazımov Azərbaycan qanunvericiliyində məişət zorakılığına qarşı mübarizə istiqamətdə görülən işlər və respublikamızda qüvvədə olan qanunvericiliklə bağlı iştirakçılara məlumat verib: “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun 2010-cu ildə qüvvəyə minsə də, zərərçəkmiş şəxsə mühafizə orderinin verilməsi ilə bağlı müddəa 2 il işləmədi.
Çünki “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası"nı Nazirlər Kabineti yalnız 2012-ci ilin fevralında qəbul etdi. Qaydaya əsasən uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizəyə məhkəməyə təqdim olunduqdan 3 gün müddətində baxılmalıdır. Ərizəyə məişət zorakılığından əziyyət çəkmiş və məişət zorakılığını törətmiş şəxsin iştirakı ilə baxılır. Ərizəyə baxılmasında məişət zorakılığı ilə bağlı araşdırmanı aparmış dövlət orqanının nümayəndəsinin iştirakı məcburidir.
Qısamüddətli mühafizə orderlərini yerinə yetirmədiyinə görə zorakılıq törədən şəxslər inzibati qaydada məsuliyyətə cəlb edilərək cərimə olunurlar. Amma uzunmüddətli mühafizə orderi icra olunmadıqda şəxs artıq məhkəmə qərarının icra edilməməsinə görə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Amma bu gün də qanunun bu tələbi demək olar ki, işləmir. Hətta az sayda verilən mühafizə orderində nəzərdə tutulan qadağaların icrasının necə həyata keçiriləcəyi qeyri-müəyyəndir. Təcrübə isə göstərir ki, kağız üzərində yazılanları Azərbaycan cəmiyyətində təcrübədə tətbiq etmək olmur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ünvanladığımız informasiya sorğusuna verilən cavabda bildirilir ki, məişət zorakılığına məruz qalanlara mühafizə orderlərinin verilməsinə 2013-cü ildən başlanılıb. 2014-cü ildə Azərbaycanda zorakılığa məruz qalan 3, 2015-ci ildə isə 6 nəfərə uzunmüddətli mühafizə orderi verilib. 2016-cı ildə 7 nəfərə mühafizə orderi verilib ki, onlardan 3-ü qısa, 4-ü uzunmüddətli olub. 2017-ci ildə isə 24 uzunmüddətli,10 qısamüddətli order verilib.
2017-ci ildə məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin 964-ü qadın, 304-ü kişi olub. Həmin qadınlardan 6-sı 18 yaşadək, 2-si isə hamilə olub. Məişət zorakılığına məruz qalanlardan 39 nəfəri həyatını itirib ki, onlardan da 4-ü 18 yaşadək qadınlar olub. 2018-ci ildə isə 915 qadın, 306 kişi məişət zorakılığından zərər çəkib”.
Sonda layihə rəhbəri və ekspert tərəfindən iştirakçıların sualları cavablandırılıb.