“Çılğınlığımı orada dəfn eləyib çıxdım”

10:41 - 14 Sentyabr 2019 - MAQAZİN

Təranə Səmədova: “Həyat insanı möhkəmləndirir”

“Xoşbəxtlik elə bir məfhumdur ki, o anlarla olur. İnsanın özünü daim xoşbəxt hiss etməsi mümkün deyil. Mən də o anları duymağa çalışıram və həmin anlara arxalansam, özümü qadın kimi xoşbəxt hesab edirəm”.
“Üç nöqtə” redaksiyasının bu dəfəki qonağı prodüsser Təranə xanım Səmədovadır.

-İlk sualı bununla başlayım. İmkanınız olsaydı, həyat lentinizdən hansı hissəni kəsib çıxarmaq istəyərdiniz?
-Şou-biznesə daxil olduğum dönəmi çıxardardım. Çünki, şou-biznesdə olduğum vaxtlarda nə qədər yüksəldimsə, nə qədər tanındımsa, bir o qədər də zərbələr aldım. Ona görə də böyük məmnuniyyətlə şou-biznesə girdiyim zamanı kəsib çıxardardım.

- Kənardan güclü görsənsəniz də qadınsınız, zərif varlıqsınız. Təranə xanım Səmədova qadın kimi özünü xoşbəxt sayırmı?
- Bilirsiniz, xoşbəxtlik elə bir məfhumdur ki, o anlarla olur. İnsanın özünü daim xoşbəxt hiss etməsi mümkün deyil. Mən də o anları duymağa çalışıram və həmin anlara arxalansam, özümü qadın kimi xoşbəxt hesab edirəm.

- Hər bir uğur çətinliklə əldə edilir. Onlara imza atmaq üçün çoxmu əziyyətlər çəkmisiniz ?
- Həmişə yaxşı böyük uğurlarımın arxasında böyük əziyyətlər olub. Bəlkə, kimin üçünsə rahat olub, lakin mənim üçün, həqiqətən, daşdan çıxıb. Amma yorulmamışam. “Nəsə alınmayanda depressiyaya düşüm, kənara çəkilim” bu kimi fikirlər olmayıb. “Alınmırsa, alınacaq !”-deyib irəli getməyə çalışmışam və şou-biznesə çox can qoymuşam. Lakin buna dəyər verilməyib. Çəkdiyim əziyyətlər sadalanmayıb, onlar mediada işıqlandırılmayıb, nəinki qara piarlar.

- Təranə xanım Səmədova həbsxana həyatı yaşamağa layiq qadın olmasa da, amma onu yaşadı. Həbsxana qapısı soyuq olur və insanın gözü o soyuq qapıda qalır. Orada olduğunuz müddətdə kimin gəlməyini gözləyirdiniz, ancaq gəlmədi...
- Elə bir insan olmayıb ki, gözləyirdim, gəlmədi. Əsas doğmalarım-anamdır, qızımdır, həyatımda olan insandır ki, onlar da gəlirdilər. Bilirsiniz, mən, ümumiyyətlə, həyatda təmənnalı insan deyiləm. İnsanlar var ki, kiməsə zərrə qədər yaxşılıq edir və onun müqabilində nəsə güdür. Heç kimdən, hətta zamanında yaxşılıq etdiklərimdən də nəsə güdmədiyim üçün kiminsə gəlişini gözləmirdim.

- Hər bir insanın həyatında gileyli anları olur. Belə vaxtlarında Təranə xanım Səmədova ürəyini kimə açır?
- Anama, ən çox anama. Mən gileylərimi çox da xalqa biruzə verməyi sevmirəm. Ən çətin dönəmlərimdə belə susaram. Düşünürəm ki, insanları bununla yükləmək, onları yormaq olmaz. Belə anlarım olanda anama ürəyimi açıram, gileylərimi danışıram.

- Bəs Suelə necə? Bəzi analar var ki, qızlarını qarşısına qoyub dərdlərini ona danışır...
- Sueli gileylərimlə yükləmək istəmirəm. Onun həyatı al-əlvan görməsini istəyirəm. Uşaqlığını onun əlindən almaq mənim haqqım deyil. Düzdür, ağıllı qızdır, gileylənməsəm belə, özü üçün müəyyən nəticələr çıxarır və başa düşür ki, hansısa məsələdə mənə qarşı haqsızlıq olunub. Onu analiz edir, mənə yaxınlaşıb ürək-dirək verir. Ona gileylənməsəm də, özü hiss edir.

- İnsanlara olan etibarınız yenə də əvvəlki kimidir?
- Deyirlər, insan inanmasa yaşaya bilməz. Mən inananam, insanlara inanmağı sevirəm. Amma etibar etmək başqa şeydir, inanmaq başqa. İnanmağa çalışıram, amma tam etibar edə bilmirəm. 99 faiz etibar etsəm də, 1 faizi saxlayıram ki, birdən yenə də zərbə alaram.

- Müsahibələrinizdən birində demisiniz ki, həbsxanada olarkən qızımın dedikləri ürəyimi param-parça edirdi. Heç belə bir sınaqla üz-üzə qalmışdınız ya bu sizin ilk sınağınız oldu?
- Belə bir sınaqla heç vaxt üz-üzə qalmamışdım. Bu mənim həyatımda sizin dediyiniz kimi, ilk və böyük bir sınaq oldu. Həmişə deyiləndə ki, ölümdən və türmədən heç kim sığortalanmayıb, düşünürdüm, ölüm hamı üçün var, mən də bir gün öləcəm. Amma həbsə düşməyim üçün elə bir işim, elə bir qanun pozuntum yoxdur. Bir tək avtomobillə kimisə vuraramsa, o zaman həbsə düşərəm. Deyir, sən saydığını say, gör, fələk nə sayır. Demək ki, taleyimdə zindan da var imiş. Hər hansı bir yolla olursa, olsun, demək ki, oranı görməliyəmmiş. Bu bir alın yazısı imiş.

- Bu fikrimi yalnış anlamayın, bəlkə də, bu, Allah tərəfindən sizə yaşadılmalı olan bir hal idi ki, soyuqqanlı insan kimi formalaşasınız...
- Bunu mən həbsdə olarkən düşünmüşdüm. Çünki, çılğınlığımı orada dəfn eləyib çıxdım. Həyatın elə bir hissələri, elə bir dönəmləri var, onları yaşamalısan ki, həyat sənə soyuqqanlı olmağı öyrətsin, həyat sənə hər şeyə hazır olmağı öyrətsin. Mən də soyuqqanlı olmağa çalışıram. Həmişə soyuqqanlı insanlara həsəd aparmışam ki, necə də hadisələrə reaksiya vermirlər. İndi mən də xarakterimi elə formalaşdırıram. Çünki, həyat insanı möhkəmləndirir, ona soyuqqanlı olmağı öyrədir.

- Bir az da hazırda nə ilə məşğul olursunuz, ondan danışardınız...
- Hazırda birlikdə işlədiyim Yeganə xanım Əliqızı var ki, onunla xeyir işlərin, xoş günlərin, xınayaxdıların təşkili üçün “YeTər” adlı bir təşkilat yaradıram. Bu elə bir təşkilatdır ki, dekor işlərindən tutmuş məşhur şəxslərin dəvət edilməsinədək hər bir şey bizim üzərimizə düşür. Bir məqamı da qeyd edim, insanlar fikirləşə bilər ki, niyə “YeTər”? Açıqlama verim, Yeganə xanımın və mənim adımın qısaldılmış formasıdır.

- Yeni işləriniz, yeni layihənizlə o qədər uğurlar əldə edəsiniz ki, onların sayını itirəsiniz. Çox sağolun, çox sağolun ki, dəvətimizi qəbul edib gəldiniz.
- Siz də sağolun. Mən də sizə, redaksiyanıza təşəkkür edirəm.

Rövşən Tahir

Xəbər xətti