XXI əsrin psixi bəlası - depressiya

11:54 - 7 Sentyabr 2019 - Cəmiyyət

Psixi durumun pozulması daha çox gənc və orta yaşda olan insanlarda rast gəlinən, psixi funksiyanın cüzi sayıqlamadan komaya qədər müxtəlif pozğunluqlarını əhatə edən, depressiya və digər xəstləliklərlə müşayiət olunan bir psixoloji haldır.

Mahiyyət etibarilə, psixi durum xəstənin huşunun aydınlıq dərəcəsi və qavrama səviyyəsinin vəhdəti kimi çıxış edib bu iki komponentin bir-birini tamamlaması ilə xarakterizə olunur. Xəstədə bunlardan hər hansısa birinin və ya hər ikisinin olmaması psixi durumun pozulması kimi qiymətləndirilir. Huşun aydınlıq dərəcəsinin normal vəziyyəti əksər insanların yuxuda olmadığı zaman diqqətli olduğu hal kimi nəzərdən keçirilir. Huşun aydınlıq dərəcəsinin patoloji vəziyyətini təsnif etmək isə olduqca çətindir. Çünki, bu zaman müxtəlif terminlərlərlə ifadə olunan xəstəliklərin, başlıcaası depressiyanın izah olunmasına ehtiyac yaranır.

Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, 2020-ci ildə psixi xəstəliklər, başlıcası isə, depressiya xəstəliklər sırasında ilk yerdə olacaq. Depressiya ətraf mühitin və fizioloji dəyişikliklərin nəticəsində insanda özünü biruzə verən ruhi anomaliyadır. O insanı həyatdan zövq almaqdan məhrum edən psixi bir haldır.

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən psixoloq Elnur Rüstəmov bildirdi ki, depressiya bu gün, həqiqətən, Ümumdünya Səhiyyə Təşkilatında psixi xəstəlilər arasında aparıcı yerdə dayanan psixoloji pozuntudur:
“Depressiya səviyyələrinə görə yüngül, orta və ağır olmaqda 3 yerə bölünür. Yüngül depressiyanı bütün insanlar keçirir və onların özü bu vəziyyətdən çıxa bilirlər. Orta dərəcəli depressiyada fərd bundan çıxmaqda çətinlik çəkir və çıxdığı təqdirdə istəmədən belə özünə, ətrafına problemlər yarada bilir. Ağır depressiyalarda isə fərd özünə qapanıb ətrafdan təcrid olunur, yaşama həvəsi ölür və bu zaman keçdikcə insanlardan tamamilə uzaqlaşmaqla, hətta iş qabiliyyətinin itirilməsi ilə də müşayiət olunur”.

Depressiyada olan insanlara ətrafın yardımının vacib olduğunu da vurğulayan psixoloq deyir ki, bu gün təəssüf doğuran bir haldır ki, insanın əhvalının dəyişməyi bizim cəmiyyətdə problem kimi qəbul olunmur. İnsanlar düşünür ki, fərd özü depressiyadan yaxa qurtara bilər və bu xəstəlik deyil. Bizim cəmiyyət belə insanların psixoloqla söhbətini, onun vasitəsilə bu xəstəlikdən azad olmağını qəbul etmək istəmir. Düzdür, indi əvvəlki illərlə müqayisədə bu sahədə maarifləndirmə işləri gedir və cəmiyyət qəbul edir ki, insan sözdən xəstələnir və sözlə də sağala bilir.

Bəzi mütəxəssislərin fikrincə, depressiya nevrozun fonunda başlayır. Bəs nevroz nədir, o, nəyi ilə səciyyələnir? Bu barədə Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının əməkdaşı Nəsimi Vahabovdan məlumat əldə etməyə çalışdıq.
Redaksiyamıza açıqlamasında psixiatr bildirdi ki, “Depressiyanı nevroz yaradır” fikrini söyləmək yalnışdır, “nevroz” anlayışı ilə bağlı isə bunu deyə bilərəm ki, hazırda bu ifadə dünya təcrübəsində “təşviş pozuntuları” anlayışı ilə əvəz olunmaqdadır. Yəni, “təşviş pozuntuları” kəliməsi  daha doğrudur. Təşviş pozuntularına fobiyalar, panik hücumlar (panic attack) və s. aiddir. Digər psixi pozuntular kimi, təşviş pozuntularını da yaradan bir sıra səbəblər var ki, buraya stress, keçilmiş kəskin qorxu, həyəcan kimi amilləri aid edə bilərik. Amma bu kimi faktorlar olmadan da təşviş pozuntularının yaranma ehtimalı var.

Sonda hər kəsə arzu edirəm ki, həyatınız pis-əhval ruhiyyədən uzaq, yaxşı bir mühitdə formalaşsın. Formalaşsın ki, depressiya nədir, o necə olur, bunu bilməyəsiniz.

Rövşən Tahir

Xəbər xətti