Ana səhifə Mobil versiya
17 Sentyabr 2019

XİN: "Paşinyan dünya birliyini aldatmağa müvəffəq olmayacaq"

Ermənistanın Baş naziri N.Paşinyanın Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycan SSR-dən zor gücü ilə ayrılmasını Azərbaycanın SSRİ-dən çıxması prosesi ilə əsaslandırmaq cəhdi onun hüquqi savadsızlığının və ya yalana əl atmasının sübutudur. Ermənistanın Baş naziri əgər xalqını barmağına dolamaq istəyirsə, bu onun öz işidir. Lakin o, dünya birliyini aldatmağa müvəffəq olmayacaq, xüsusilə də məsələnin hüquqi tərəfinə gəldikdə.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistan baş naziri Paşinyanın açıqlamasına münasibət bildirərkən deyib. 
Leyla Abdullayevanın sözlərinə görə, belə ki, ilk olaraq, Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusu 1936 və 1977-ci illər SSRİ Konstitusiyalarında təsbit edilmişdir, üstəgəl müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi: 

"Erməni millətçilərinin DQMV-nin Azərbaycan SSR-dən ayrılmasına yönəlmiş qanunsuz hərəkətləri ilə əlaqədar olaraq, SSRİ Ali Soveti öz qərarlarında mövcud sərhədlərin dəyişdirilməsinin mümkünsüzlüyünü birmənalı şəkildə təsdiq etdi. Beləliklə, Dağlıq Qarabağın Azərbaycan SSR-dən ayrılması cəhdləri SSRİ Konstitusiyasının açıq şəkildə pozulması ilə müşayiət olunurdu və buna görə də heç bir hüquqi nəticə doğurmadı.

İkincisi, Ermənistan tərəfinin tez-tez istinad etdiyi 1990-cı il 3 aprel tarixli "Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında" SSRİ Qanununun məqsədi, müttəfiq respublikaların SSRİ-dən ayrılması halında, SSRİ daxilindəki qarşılıqlı münasibətləri müəyyən bir prosedura yaratmaqla tənzimləməkdən ibarət idi. Müttəfiq respublikanın SSRİ-dən çıxması yalnız mürəkkəb çoxmərhələli proseduradan keçdikdən və nəticədə SSRİ Xalq Deputatları Qurultayı tərəfindən müvafiq qərar qəbul edildikdən sonra tamamlanmış hesab edilə bilərdi. Lakin qeyd olunan Qanun heç vaxt tətbiq edilmədi və heç bir müttəfiq respublika, o cümlədən Azərbaycan və Ermənistan bu Qanunda nəzərdə tutulmuş ayrılma qaydasından istifadə etmədi.

Üçüncüsü, SSRİ dağıldıqdan sonra Azərbaycan BMT-yə, eləcə də digər beynəlxalq təşkilatlara SSRİ dövründəki öz inzibati sərhədləri çərçivəsində daxil olub və həmin hüdudlar bütün dünya ictimaiyyəti tərəfindən Azərbaycanın beynəlxalq sərhədləri qismində tanınır. Ermənistanın iddia etdiklərindən fərqli olaraq, Müstəqil Dövlətlər Birliyinin məqsəd və prinsiplərinə dair 21 dekabr 1991-ci il tarixli Almatı Bəyannaməsini imzalayan dövlətlər, o cümlədən Ermənistan, öz üzərilərinə bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək öhdəliyini götürüblər.

Mətbuat katibi qeyd edir ki, seçicilərinə qızıl dağlar vəd edən Ermənistan Baş nazirinin iddiaları, mövcud vəziyyətdən konkret çıxış yollarının göstərilməməsi səbəbindən daha çox iflasa uğrayır: "Çünki, bu vəziyyətin düzəldilməsi qonşu Azərbaycanla münasibətlər normallaşdırılmadan mümkün deyil. Burada, həmçinin iqtisadiyyat, demoqrafiya, hərbi və digər faktorları nəzərə almaq lazımdır.
Bununla yanaşı, qeyd etmək istərdik ki, Ermənistanın bu və ya digər rəhbərinin mövqeyindən asılı olmayaraq, Azərbaycan özünün beynəlxalq tanınmış və əzəli torpaqları, o cümlədən Dağlıq Qarabağ bölgəsi üzərində suverenliyini bərpa edəcək, çünki ədalət və hüquq Azərbaycan tərəfindədir. Bu vaxt gəlib çatacaq və bölgədə vəziyyətin inkişafını nəzərə alaraq bu vaxt hər an yetişə bilər".

Tarix
28 Avqust 2019 [14:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-08-28 14:43:50
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin