Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı

18:20 - 27 Avqust 2019 - KİVDF

Kamran Əsədov: “Uşağın tərbiyəsi onun hansı ailədə böyüməsindən, valideynlərinin şəxsi keyfiyyətlərindən çox asılıdır”
Günel Hacızadə: “Uşaqlar hər yaşda həyatı bir az daha fərqli öyrənir”
Aydan Nəzərova: “Uşağa qorxu gəlməklə, etik qaydalara uyğun olmayan hər hansı bir ifadələr səsləndirməklə cəza vermək, tərbiyələndirmək olmaz”
Əhməd Qəşəmoğlu: “Çətin tərbiyə olunan uşaqların əksəriyyətin qabiliyyətli və istedadlıdır”
Lalə Mehralı: “Valideyn uşağını döyməyə meylliliklə əslində özünün zamanında düzgün tərbiyə almadığını sübut edir”

İngilis atalar sözlərində deyilir. “Uşağı tərbiyələndirməyin, onsuz o sizə bənzəyəcək. Özünüzü tərbiyələndirin”. Hər ata-ana uşağı  üçün bir çox detalı planlaşdırır, uşağı üçün hər şeyin ən yaxşısını istədiyinə görə onlara daim nəzarət edir. Təəssüf ki, uşaqlara göstərilən qayğı, onlarda müstəqillik, məsuliyyət və liderlik qabiliyyətinin inkişafına mane olur. Uşaqlar insanların ən dəyərli varlıqlarıdır.

Dünya üzərində uşaqların çirkini yoxdur. Çünki bütün uşaqlar şirin və gözəldirlər. Uşaqlarınıza düzgün davranış öyrətmək dedikdə, çox vaxt insanlar arasında cəzalandırma, və ya onlarla sərt davranmaq kimi anlayışlar başa düşülür. Bildiyimiz kimi, hər bir uşağın tərbiyəsində ailənin böyük rolu var. Uşaqlar səhv edən zaman ona istər fiziki, istərsə də psixoloji təsir etmək olmaz. Axı onlar bizim gələcəyimizdir...

“Valideyn öz davranış və hərəkətləri ilə uşaqlarına nümunə göstərir”

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirdi ki, hər bir insana kiçik yaşlarından vətənə və əməyə məhəbbət, yaşlılara hörmət, yoldaşlıq və kollektivçilik, davranış mədəniyyəti, gözəllik hissi aşılamalı, onlarda biliyə maraq və dərketmə qabliyyəti, müstəqillik və intizam kimi yüksək əxlaqi keyfiyyətləri inkişaf etdirməlidir. Bu məktəb islahatının tələbidir: “Təhsil sahəsində aparılabn beynəlxalq araşdırmalar göstərir ki, uşaqda mənəvi keyfiyyətlərin formalaşmasında ailə mühiti mühüm rol oynayır. Bu heç də səbəbsiz deyil. Çünki uşağın ilkin tərbiyəsi ailədən başlanır. O, ailədə necə yaşamağı, özünü necə aparmağı öyrənir, eşidir və hiss edir. Uşaq həyatı demək olar ki, əyani surətdə öyrənir. Buna görə də uşağın tərbiyəsi onun hansı ailədə böyüməsindən, valideynlərinin şəxsi keyfiyyətlərindən çox asılıdır. Daha doğrusu, valideyn öz davranış və hərəkətləri ilə uşaqlarına nümunə göstərir. Əgər ata hər gün evə sərxoş gəlirsə, aydın məsələdir ki, o, ailə başçısı kimi vəzifəsini yerinə yetirə bilməyəcək. Ailədə intizam pozulacaq. Hərc-mərclik yaranacaq, qarşılıqlı hörmət və tərbiyə məsələsi unudulacaq. Bunun nəticəsində də ailədə çətin tərbiyə olunan uşaqlar yetişəcək”.

Uşaqlar üçün sıxıcı keçən məktəb həyatı

Ekspertin sözlərinə görə, məktəb həyatı bir çox yeniyetmə üçün çox sıxıntılı keçir: “Heç ev həyatı da məktəbdən yaxşı deyil. Onlar məktəbdə, evdə tez-tez qorxu hissi keçirirlər. Türk təhsil araşdırmaçıları tədqiqatlarında yazırlar: Uşaqlardan biri deyir: “Mən hər axşam yaxınlaşanda qorxmağa başlayırdım. Onun (yəni atasının) evə ayıq gəldiyi gün mənim üçün toy-bayram idi. Atam evə sərxoş gələndə, gərək biz vəziyyəti onun vəziyyətinə uyğun quraydıq.

Belə olmasaydı sifətimizə zərbə dəyəcəkdi. Onun bu vəziyyəti məni də dəyişdirmişdi. Artıq yalan da danışırdım, əsəbləşirdim. Hamı təəccüblənirdi, görəsən mən nə üçün belə kobudam, saymazam, əsəbiyəm? Onlar haradan bilsinlər ki, mən həmişə sərxoş atamın kobud sözlərini, söyüşlərini, yalan danışmağını eşitmişəm”. Ancaq bildirim ki, bu cür taleli yeniyetmələr təkcə atası içən, narkoman olan və ya valideynləri boşanmış ailələrdə meydana gəlmir. Əksinə də olur. İctimai vəziyyəti pis olmayan ailələrin başçıları iş yerlərində özlərini yaxşı göstərirlər. Ancaq onlar səhərdən-axşamadək işlə məşğul olduqlarından bəzən uşaqlarına nəzarəti unudurlar. Valideynləri ola-ola uşaqlar bir növ yetim qalırlar. Nəticədə yaxşı işləyən valideyn bəzən yaxşı valideynlikdən uzaqlaşmış olur”.

“Müəllimin göstərdiyi şəxsi nümunədən çox şey asılıdır”

K.Əsədov qeyd edir ki, təhsilin humanistləşdirilməsi bu gün xüsusi əhəmiyyət kəsb edir: “Uşaqlarda insanı, təbiəti, ana vətəni sevmək birdən-birə yaranmayıb. Bunlar kiçik yaşlardan ailədə və məktəbdə tərbiyə vasitəsilə məqsədəuyğun şəkildə hər gün öyrədilib. Böyüyən gənc nəslə diqqəti artırmaqla daha çox müvəffəqiyyət qazanmaq olar. Tərbiyəni müəllim dərsdə  və ya dərsdənkənar məşğələdə verməlidir. Ola bilər ki, neytral qalsın (kömək etməsin).

Burada hər şey müəllimdən, onun peşəsini sevməsindən, məqsədinin nə olduğunu başa düşməsindən, çətin tapşırıqları həll etmə bacarığından asılıdır. Bu iş müəllimdən dərin və hərtərəfli bilik, nəzakət, dərindən mühakimə yürütmək bacarığı tələb edir. Müəllimin göstərdiyi şəxsi nümunədən çox şey asılıdır. Kimsə sinifdə pis vəziyyətə düşübsə, kimsə sinifdə ağlayırsa, kimisə əsəbləşdiriblərsə, uşaqlara bədxahlq barədə danışın. Bədxahlıq keçici xəstəlikdir.

Ətrafdakıları da xəstələndirir. Uşaqlara danışın, təbiətlə cəmiyyət bir-biriylə əlaqədardır. Bir nəfərə pis olan, müxtəlif vaxtlarda hamı üçün pis olur. Harada ki, yaxşılıq, mərhəmət, ürəyiaçıqlıq, insanpərvərlik və s. yoxdursa, orada pislik meydan açar, başqalarına da yoluxar. Başqasına zərər verən adama başa salınmalıdır ki, savaş – geniş miqyaslı zorakılığa çevrilə bilər. Yaxşılıq elə bir gün işığı, isti yağışdır ki, onun sayəsində ətraf gül-çiçəyə bürünər”.

“Uşaqların tərbiyəsində müəllimdən çox şey asılıdır”

Ekspert bildirir ki, məktəbin öz divarları arasından bilərəkdən “orta” səviyyəli uşaqlar buraxmağa haqqı yoxdur deyiriksə, onda bu, tərbiyə prosesinin humanistləşdirilməsi deməkdir: “Hər yeniyetmənin öz taleyi, öz həyatı var. Birisi hələ ibtidai məktəbdən inkişaf edir, yaxşı oxuyur, ictimaiyyətçidir, nə işlə məşğul olursa hamısının öhdəsindən gəlir. Digəri idman seksiyaları üçün yararlı deyil, məktəbdənkənar müəssisələrə getmir, məktəb proqramını yerinə yetirmir.

Bəzi uşaqlar sinif yoldaşlarına belə etinasızdırlar və bu cür uşaqlar üçün bir üsul qalır: küçə kompaniyasında özünü təsdiq etmək. Bu isə onların kriminal qruplaşmalara qoşulması təhlükəsini artırır. İndi burada çox şey müəllimdən asılıdır. Əgər müəllim vəziyyəti qiymətləndirmirsə, şagirdlərin kollektivdə avtoritetinin möhkəmləndirilməsinə qayğı göstərmirsə, onda müəllim özü sinif yoldaşlarının uşağa pis münasibət bəsləməsinə şərait yaradır. Sinfə gələrkən müəllim deyir: “Yenə də filankəslər tapşırığı hamıdan pis yerinə yetiriblər”. Sinif uşaqları çevrilib həmin uşaqlara baxırlar. Müəllimin gözündə bu uşaqlar heç nə etməyə qadir olmayanlardır. Axı başqa yollar da var. Hər halda bu uşaqlarda da hər hansı bir yaxşı keyfiyyət olmamış deyil. Həmin keyfiyyətlərdən istifadə edib müvəffəqiyyət qazanmaq olar”.

“O, hələ uşaqdır, başa düşmür” – cümləsi, dünyanın ən absurd cümlələrindən biridir”

Psixoloq Günel Hacızadə bildirir ki, uşaqlar hər yaşda həyatı bir az daha fərqli öyrənir. Təfəkkür inkişaf etdikcə, uşağın baxış bucağı da dəyişilir: “Təfəkkürün formalaşma şəklinə ən çox təsir edən isə ətraf mühit və ən çox gördüyü insanların qarşılıqlı münasibətidir. “O hələ uşaqdır, başa düşmür” – cümləsi, dünyanın ən absurd cümlələrindən biridir. Çünki, körpə hələ ana bətnində olduğu dövrdən (prenatal dövr) hər şeyi, ana vasitəsi ilə hiss edərək öyrənməyə başlayır. Dünyaya gəldikdən sonra da eşidərək, görərək öyrənir. İnsanın psixososial və psixoseksual inkişaf mərhələlərinə aid kifayət qədər nəzəriyyə mövcuddur. Lakin, bu nəzəriyyələri hər valideyn oxumur, oxuyanlar da çox zaman necə tətbiq edə biləcəyini bilmir. Bu səbəblə, bu məqalədə mümkün qədər hər kəsin başa düşəcəyi formada informasiya ötürməyə çalışacağam”.

““Əsəbi doğulmuş uşaq” deyə bir termin yoxdur, “narahatlıq hissi ilə dünyaya gəlmiş uşaq” vardır”

Uşaq ana bətnində öyrənir deyiriksə, bəs necə edək ki, gözəl şeylər öyrənsin? Necə edək ki, ruhu sağlam yetişsin? G.Hacızadə qeyd edir ki, öncəliklə anaya olan münasibət, həmçinin ananın özü-özünə olan münasibəti çox önəmlidir:  “Məsələn, ev şəraitində, çox az ünsiyyət qurmuş, hər şey və hər kəsdən uzaq qalmış bir ananın dünyaya gətirdiyi uşağın çevrəsi nə qədər geniş olursa, olsun uşaqda müəyyən ünsiyyət problemləri və hətta xarakterə çevrilmiş bir özünəqapanıqlıq müşahidə oluna bilər.
Digər yandan isə, hamiləlik dövrünü xoş abu-havada, yoldaşı tərəfindən, digər ailə üzvləri tərəfindən sevgi görərək, minimum stress və maksimum hüzur ilə keçirmiş anadan dünyaya gələn uşaq təbii ki, həm özünə, həm də çevrəsinə qarşı güvənli bir ruhda dünyaya göz açır. “Əsəbi doğulmuş uşaq” deyə bir termin yoxdur. Əsəbi və gərgin keçmiş hamiləlik dövrünün yaratdığı fəsad olaraq, “narahatlıq hissi ilə dünyaya gəlmiş uşaq” vardır”.

“Körpə sakitləşməzsə qucağa almaq məqsədə uyğun davranışdır”

G.Hacızadə bildirir ki, digər mərhələ isə uşaq dünyaya gəldikdən sonrakı dövrdür. Uşaq 1 yaşı tamam olana qədər kiminlə çox ünsiyyətdə olarsa, həmin insanla mənəvi bağları daha güclü olur: “Həmçinin 1 yaşa qədərki dövr, fiziki tələbatlarla mənəvi tələbatların bir-birini tamamladığı mərhələdir. Məsələn, acmış uşağın qidası davamlı olaraq vaxtında təmin olunmadıqda, onun özünə və ətrafındakı insanlara olan güvəni düzgün formalaşmır. Digər yanlış düşüncə isə, “uşaq ağladıqda qucağa almaq və ya yanına getmək olmaz, o zaman ana qucağına öyrəşə bilər” - fikridir. Körpə fiziki tələbatı olmadığı halda ağlayırsa, özünü tək hiss edir deməkdir. Bu zaman ana və ya ata mütləq ona yaxınlaşmalı və “mən burdayam” deməlidir. Körpə sakitləşməzsə qucağa almaq məqsədə uyğun davranışdır, sakitləşdikdən sonra isə təkrar yerinə qoymaq olar”.

“Sizin övladınıza tapşıracağınız çox kiçik bir iş onun üçün böyük bir uğurun başlanğıcı olacaqdır”

Psixoloqun sözlərinə görə, adətən valideynlərin daha çox çətinlik çəkdiyi yaş dövrü 1 yaş yarımdan 3 yaş yarıma qədər olan dövrdür: “Bu yaş dövrü öz növbəsində 2 yaş dövrü və 3 yaş dövrü krizi adlanır. Sakit, sözə baxan uşaq anidən sözə baxmamağa başlayır, hər yeri dağıdır, qırır, enerjisi aşıb daşır. Bu zaman yanlış fikirlər və metodlar tətbiq etməyə başlayır valideynlər. Valideynlər əslində bir çox mövzuya uşağın gözüylə baxa bilsələr, problemlərin həlli yolunu daha rahatlıqla tapa bilərlər. Qucaqda gəzən uşaq, yeriməyi öyrənir, fikrini ifadə etmək üçün ancaq ağlaya bilən uşaq artıq nə istədiyini valideynlərinə bildirə bilir. Bu böyük dəyişim istər istəməz onlarda “mən” fikrini formalaşdırır; “Mən bacarıram, mən edə bilərəm, mən böyüyürəm”. Bu yaş dövrünü uğurlu tamamlaya bilməsi üçün uşağa müəyyən tapşırıqlar verməkdən çəkinməyin. Sizin ona tapşıracağınız çox kiçik bir iş onun üçün böyük bir uğurun başlanğıcı olacaqdır”.

“Uşaqlar öz uşaqlığını vaxtında yaşaya bilməzsə hər zaman daxili əksiklik hiss edə bilərlər”

G.Hacızadə nəzərə çatdırır ki, məktəbə qədərki yaş dövrü sayılan 4-6 yaş aralığındakı uşaqlara yalnız akademik informasiyalar ötürməyə çalışmaq, onları həvəsdən sala bilər: “Təbii ki, bu yaş dövründədirsə məktəbəqədər hazırlığa gedir və ya baxçada bu istiqamətdə məlumatlar verilir. Ev şəraitində də, tapşırıqlardan əlavə informasiyaların yüklənilməyə çalışması uşaqlarda öyrənməyə qarşı istəksizlik yarada bilər. Hətta ailəsi tərəfindən hər şey öyrədilmiş uşaqlar bəzən məktəbə başladıqlarında o qədər həvəssiz yanaşırlar ki, davamlı olaraq uğursuz nəticə əldə edirlər. Bəzi valideynlərin ən böyük səhvi uşağı oyuncaqlarından ayıraraq, yalnız və yalnız dərs öyrənməyə yönəltməyə çalışmasıdır. Unutmaq olmaz ki, uşaqlar öz uşaqlığını vaxtında yaşaya bilməzsə hər zaman daxili əksiklik hiss edə bilərlər. Oyuncaqlardan ayrılmağın vaxtını icazə verin özləri təyin etsinlər”.

“Uşağa ailəsi tərəfindən çox sevildiyini hiss etdirmək lazımdır”

Psixoloqun sözlərinə görə, digər kritik dövrlərdən biri də 6-11 yaş dövrüdür ki, bu illər ərzində uşaq öz cinsinin və qarşı cinsin obrazını öyrənir: “Oğlan uşaqlarında ananı ataya qısqanmaq, qız uşaqlarında da atanı anaya qısqanma halları müşahidə oluna bilər. Hətta əksinə qız uşaqları anayla çox vaxt keçirməyi istəyə, oğlanlar da atalarıyla çox vaxt keçirmək istəyə bilərlər. Vacib olan uşağa düzgün infomasiyanı təbliğ etməkdir. Heç bir cinsi uşağın yanında aşağılamaq və ya üstünləşdirmək olmaz. Atanın və ya ananın obrazını götürmək istəyən uşağa qətiyyən acıqlanmaq, təhqir etmək düzgün deyildir. Bu zaman sadəcə uşağın ailə daxilində hansı obraza sahib olduğunu bildirmək və ona ailəsi tərəfindən çox sevildiyini hiss etdirmək lazımdır”.

“Yeniyetməlik yaş dövrü bəzən valideyn-uşaq münasibətlərinin pozulduğu dövr olur”

Psixoloq deyir ki, 11-18 yaş dövrü bildiyimiz kimi yeniyetməlik dövrü hesab olunur. Bu yaş dövründə uşaq artıq öz cinsini təyin etmiş və həyatdakı rolu axtarışına çıxmış olur: “Yaxşı olar ki, 11 yaşa qədərki dövrdə valideynlər uşaqlarını musiqi, rəsm və ya idman kimi hansısa sahəyə yönləndirsin. Bu zaman yeniyetməlik dövrünü yaşayan uşaq özünü təsdiq mövzusunda çox çətinlik çəkməmiş olur. Yeniyetməlik yaş dövrü bəzən valideyn-uşaq münasibətlərinin pozulduğu dövr olur. Bu problemi yaşamamaq üçün, valideyn uşağın dediyi fikirlərə qatı və aqressiv cavablar verməməlidir. O yalnış fikir bildirsə belə, -“Ola bilər ki sən haqlısan, sənin yanaşman doğru ola bilər. Mən isə ... bu formada düşünürəm. Səncə mənim fikrim necədir?” formasında dialoq qurmağa çalışın. İstənilən halda yalnış fikrə qapılmış yeniyetməyə qışqıraraq, cəzalandıraraq bu fikirdən uzaqlaşdıra bilməzsiniz. Ən azından hansısa səhvi edərkən, sonrasında bunu sizə etiraf edə biləcək qədər onu yaxına buraxın. Siz doğru olanı bilirsiniz, icazə verin o da öyrənsin”.

“Uşaqlar üçün ən gözəl tərbiyə, valideynləri ilə keçirəcəyi səmərəli bir zaman dilimidir”

Psixoloqun sözlərinə görə, yaşından asılı olmayaraq, uşaqlara hər gün ən az 1 saat vaxt ayırmaq lazımdır: “Onlarla söhbət edin, oyun oynayın. Uşaqlar üçün ən gözəl tərbiyə, valideynləri ilə keçirəcəyi səmərəli bir zaman dilimidir”.

Psixoloq son olaraq qeyd etdi ki, əgər övladınıza hansısa müsbət davranışı öyrətmək istəyirsinizsə, onu heç vaxt kiminləsə, xüsusilə də öz bacı-qardaşı ilə qətiyyən müqayisə etməyin. Bu təsəvvür edə bilməyəcəyiniz qədər çox fəsadlar törədə bilər. Uşaqlarınıza nəyi isə öyrətmək istəyirsinizsə, həmin davranışı özünüz öz həyatınıza tətbiq edin. Əks halda siz telefon və ya kompyuterlə məşğul olarkən, kitab oxumasını tələb etdiyiniz övladınızın heç vaxt kitaba həvəsi olmayacaqdır”.

Tərbiyələndirmək üçün atanı uşağın gözündə əzrailə çevirən analar

“Narınc” uşaq psixologiya mərkəzinin baş məsləhətçisi və baş psixoloqu Aydan Nəzərova uşaqlarla düzgün davranmaq üçün Bihevioral Koqnitiv Terapiya (cəza-mükafat) növündən istifadə etməyi məsləhət görür:  “Uşaqları eyni anda nə yaxşı hərəkətlərinə görə mükafatlandırmalı, nə də pis hərəkətlərinə görə cəzalandırmalıyıq. Valideynlər uşaqların həm cəzasını, həm də mükafatını verməyi bacarmalıdırlar. Uşağa qorxu gəlməklə, döyməklə, etik qaydalara uyğun olmayan hər hansı bir ifadələr səsləndirməklə cəza vermək, tərbiyələndirmək olmaz. Uşaq bir səhv hərəkət edəndə ana deyir ki, axşam atan evə gələndə deyəcəyəm səni döysün, öldürsün. Atanı uşağın gözündə əzrailə çevirmək olmaz”.

“Davranış pozuntusu olan uşaqları döymək çıxış yolu deyil”

A.Nəzərova deyir ki, uşaqlar bizim gələcəyimizdir, onları düzgün psixologiyada böyütməliyik: “Onların davranışlarında təbii ki, qüsurları ola bilər. Mütəxəssislərin öhdəsinə düşən də, o qüsurları aradan qaldırmaqdır. Səs tonunu qaldıraraq, şiddət göstərərək yox. Ona görə də bizim əsas işimiz valideynləri düzgün istiqamətləndirməkdir. Valideynlər gərək səbrli olsunlar, uşaqları ilə düzgün şəkildə rəftar etsinlər. Nizam-intizam qaydalarını onlara öyrədəcəyik ki, bu tip davranış pozuntusu olan uşaqları döymək çıxış yolu deyil”.

“Bütün uşaqlara eyni qayda ilə yanaşmaq olmaz”

Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, çətin tərbiyə olunan uşaqlarla qədim zamanlarda başqa cür, indiki dövrdə isə tam başqa cür davranıblar. Amma cəmiyyətin xarakteri dəyişdikcə çətin tərbiyə olunan uşaqlarla davranmağın metodları da dəyişməlidir: “Uşaqları dövrün tələblərinə uyğun şəkildə tərbiyə etmək lazımdır. Hər şeydən əvvəl davranışa təsir edən amillərin nələr olduğunu düşünmək lazımdır. Sosiologiya elmində geniş şəkildə əsaslandırılır ki, davranışa təsir edən 3 güclü amil var. O amillərdən birincisi mühit, ikincisi insanların aldığı informasiya, üçüncüsü isə insanların üstünlük verdiyi dəyərlərdir. Bu istiqamətdən yola çıxmaq və metodları dəqiqləşdirmək olar. Çətin tərbiyə olunan uşaqların psixologiyasına diqqət yetirmək lazımdır. Hər bir insanda emosionallıq, energetik bir durum var. Hər bir insanın bioloji varlıq olaraq xüsusiyyətləri fərqlidir. Bu xüsusiyyətləri təhlil etmədən müəyyən etmək çətin məsələdir. Bütün uşaqlara eyni qayda ilə yanaşmaq olmaz”. 

“Çətin tərbiyə olunan uşaqlar “pis” uşaqlar deyil”

Çətin tərbiyə olunan uşaqlarla düzgün davranış qaydalarından danışan sosioloqun sözlərinə görə, bunun həll yolları müxtəlifdir: “Uşaqla oturub söhbət etməklə, gəzintiyə çıxmaqla, müzakirə etməklə aydınlaşdırmaq olar. Mənim öz təcrübəmdə də belə olub. Qohumlarımın, dostlarımda çətin tərbiyə olunan uşaqlar var idi. Onları götürüb gəzintiyə çıxardım, söhbət apardım, xüsusiyyətlərini öyrəndim. Çətin tərbiyə olunan uşaqlar “pis” uşaqlar deyil. Onların əksəriyyətinin qabiliyyətləri var və istedadlıdırlar. Bəzən o uşaqların istedadlarını lazımi şəkildə aça bilmədiyimiz üçün, onlar da enerjilərini bu cür nümayiş etdirirlər.

Əgər biz onlarda bu potensialı üzə çıxarsaq çətin tərbiyə olunan uşağın böyük bir qəhrəman, alim olduğunu görərik. Hər zaman işin yaxşı tərəfini fikirləşmək lazımdır. Bu istiqamətdə də ona hansı informasiyanın necə təsir etdiyini yoxlamaq lazımdır. Onun daha çox nəyə marağı olduğunu müəyyən etməliyik. Kitab oxumağa, söhbətə qulaq asmağa, musiqi dinləməyə və s. marağı ola bilər. Yaxud elə uşaq var ki, müzakirəyə meyllidir. Təcrübəli adam, psixoloq onunla söhbəti elə qura bilər ki, həm uşağın potensialı üzə çıxa bilər, həm də düzgün tərbiyə olunar. Ona görə də fərqli situasiyalarda fərqli üsullar var”. 

“Uşağa mənəvi dəyərlər aşılamaq lazımdır” 

Sosioloqun fikrincə, indiki cəmiyyət get-gedə elə mürəkkəbləşir ki, uşağa olmaz demək belə mümkün deyil: “Gərək valideyn çalışıb uşağını buna inandırsın. Əgər uşağın problemi onun mühitindədirsə onu inandıraraq mühitini dəyişmək olar. Əgər uşaq bütün günü məhlədədirsə, ona “Artıq yoldaşlarınla oynamayacaqsan” -  kimi ifadələr səsləndirmək düzgün deyil.  Mühitini dəyişməyin də yolları var. Uşağı qabiliyyətinə uyğun bir yerə aparmaq (yaradıcılıq studiyası və s.) olar. Özünə həmfikir olan uşaqlarla daha yaxın olsun. Uşağa mənəvi dəyərləri daha çox aşılamağa çalışmalıyıq. Yəni o insan mənəviyyatla bağlı məsələlərdə daha çox təmasda olsun və bu dəyərlər onun həyatında daha çox rol oynasın”. 

“Çətin tərbiyə olunan uşaq yoxdur, düzgün tərbiyə olunmayan uşaqlar var”

Uşaqların həyatında mühüm rol oynayan məsələlərdən birinin sabaha inamın olduğunu vurğulayan Ə.Qəşəmoğlu deyir ki, valideynlər uşaqlarını gələcəklə bağlı planlar qurmalarına, böyük adam olmalarını düşündürəcək məqsədləri qarşılarına qoymağa şərait yaratsınlar. Bu istiqamətdə uşağa fikirlər aşılamaq, böyük şəxsiyyətlər haqqında danışmaq olar. Yaxud mənəviyyatla bağlı yaxşı söhbətlər etmək olar. Ümumiyyətlə, çətin tərbiyə olunan uşaq yoxdur, düzgün tərbiyə olunmayan uşaqlar var. Biz ona görə çətin tərbiyə olunan uşaqlar deyirik ki, özümüz o metodları bilmirik. Biz metodları yaxşı bilməyəndə çətinlik çəkirik. o Uşaqlarla onların dili ilə danışmağa çalışmaq və onların potensialını lazımi istiqamətə yönəltmək lazımdır”.

“Ərlə arvad arasında gərginlik olanda uşaqlar da gərgin olur”

Ə.Qəşəmoğlu sonda onu da qeyd etdi ki, bəzən uşaqlar anadan doğulanda nevroz doğulur: “Ümumiyyətlə, valideynlər çalışmalıdır ki, övladları dünyaya nevrozla gəlməsin. Uşaq nevrozla o zaman doğulur ki, hələ ana bətnində olan zaman ailədə gərginliklər yaşanır, dava olur, yaxud iş yerində problem olur. Ona görə də uşaq ana bətnində olan zaman diqqətli olmaq lazımdır. Ananı əsəbiləşdirmək olmaz. Ana lazımi qidalarla bəslənməli, gərginlikdən uzaq həyat yaşamalı, təbiətlə təmasda olmalı və təmiz hava qəbul etməlidir. Belə olan halda uşaq nevroz olmayacaq. Müşahidə etmişəm ki, əgər ər arvad biri-birilərini çox sevirlərsə, aralarında mehribanlıq varsa, uşaqları çox sakit olur. Amma ərlə arvad arasında gərginlik olanda uşaqlar da gərgin olur”. 

“Bu cür uşaqların sosial həyatı olmur, insanlardan uzaqlaşırlar”

Jurnalist-sosioloq Lalə Mehralı bildirdi ki, bu, hər valideynə görə fərqli məna daşıyan bir vəziyyətdir: “Kimisi sözlə, kimisi cəza ilə tərbiyə edə bilər. Hətta bir az da irəli gedib zorakılıqla tərbiyə edən valideynlər də təəssüf ki, aramızda var. Elə əvvəldən görmüşük ki, döyülən, zorakılıq tətbiq edilən uşaq heç bir halda nümunəvi olmur. Bəzən valideynlər deyir ki, məni döyüblər pis olmuşam bəyəm? Mən də uşağımı döyəcəm. Yəni o uşağını döyməyə meylliliklə əslində özünün zamanında düzgün tərbiyə almadığını sübut edir. Zamanında ona şiddət tətbiq ediblər, zorakılıqla üz-üzə olub. O da bunun yaxşı tərbiyə metodu olduğu qənaətindədir. Uşaq zorakılığa, şiddətə məruz qaldıqca, təhqir edildikcə cəmiyyətdən tədric olunur. Biz bunun dəfələrlə şahidi olmuşuq. Uşaq bir növ özünə qapanır. Bu cür uşaqların sosial həyatı olmur, insanlardan uzaqlaşır. Azadlıqdan çox məhbus həyatı yaşamış olur. Çünki atdığı hər addımı valideyn tərəfindən narazılıqla qarşılanır. O artıq adət edib ki, bu addımı atsa valideyni tərəfindən döyüləcək”.

“Döyülən uşaqlar sabah eyni səhvi yenə təkrarlayacaq”

L.Mehralı deyir ki, əgər uşaqlarımız səhv etməsə, doğrunun nə olduğunu bilməzlər: “Özümüz bu yaşımızda səhv edə-edə doğrunu tapmağa çalışırıq. Bu gün etdiyimiz hərəkətin sabah əslində yanlış olduğunu fərqinə varırıq. Çünki sabah bugünkündən daha adil, daha mükəmməl düşünmək imkanımız olur. Hər gün insan üçün böyük əhəmiyyət kəsb edir. Hər an, hər saat öz qərarlarını daha yaxşı müzakirə etmək iqtidarında olur. Dünən verdiyi qərarı bu gün müzakirə  edəndə, düşünəndə, ölçüb biçəndə əslində qərar verəndə tələsdiyini görür. Bu gün daha dərindən düşünəndə fərqinə varır. Uşaqlar da elədir. Bu gün səhv edəcək, yanlış addım atacaq. Amma onu sözlə başa salmaq, tərbiyələndirmək lazımdır ki, sabah o addımı atmasın. Əgər uşağı döyürüksə, gizlin o etdiyi səhvi bir daha təkrarlayacaq.

Könül Oruc

Xəbər xətti