Ali Məhkəmə 5 nəfərin ölümündə ittiham olunan sürücü ilə bağlı qərar verdi

19:05 - 21 Avqust 2019 - Xəbər

Ali Məhkəmədə 5 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən qəzanı törədən Eldar Aslanovun barəsində məhkəmə qərarından prokuror tərəfindən verilən kassasiya protestinə baxılıb.

Vəkil Əli Hüseynovun Oxu.Az-a verdiyi xəbərə görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, protest təmin edilməyib və E.Aslanovun barəsində çıxarılan bəraət qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.
İttiham aktına əsasən, 2016-cı il sentyabrın 10-da Lənkəran rayonunun Boladi kənd sakini Bəxtiyar Quliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil rayonun Parakənd qəsəbə sakini E.Aslanovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.

Yol-nəqliyyat hadisəsi zamanı "VAZ-2106" markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Boladi kənd sakini Bəxtiyar Quliyev, sürücünün həyat yoldaşı Əzizə Quliyeva, Boladi kənd sakinləri Bahar Bağırova və Nazilə Seyfullayeva dünyasını dəyişiblər.

"Mercedes"in sürücüsü E.Aslanov, eləcə də Elman Ağazadə, Akif Nuriyev, Murad Cəfərli, Elvin Mirzəzadə və rayonun Boladi kənd sakini Reyhan Mahmudova Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Yaralılardan biri - R.Mahmudova həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

İstintaq araşdırması zamanı yol-nəqliyyat hadisəsinin törədilməsində sürücü E.Aslanov təqsirli bilinərək həbs edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Aslanov 8 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi isə onun apellyasiya şikayətini təmin edib və bəraət hökmü çıxarıb. Məhkəmə E.Aslanovun barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan dövlət ittihamçısı kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Xəbər xətti