Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı və onların ziyanlı informasiyalardan qorunması

12:58 - 15 İyul 2019 - KİVDF

Dilaşd Musa: “Uşaqların mənəvi inkişafı üçün onları vətənpərvər ruhda böyütmək, onlara vətənpərvərlik hisslərini aşılamaq lazımdır”
Cavid İmamoğlu: “Uşaqların və onların hüquqlarının qorunması Azərbaycan dövlətinin ən ümdə və ali məqsədlərindən biridir” 


Hər bir dövlətin gələcəyini uşaqlar və gənclər müəyyən edir. Buna görə də onların düzgün tərbiyə olunması, fiziki və mənəvi cəhətdən düzgün inkişaf etməsi, cəmiyyətdə bir şəxsiyyət kimi formalaşması vacib amillərdən biridir.  Bu səbəbdən onların tərbiyyəsi çox önəmlidir.

“Dəcəl balam” Ailə və Uşaq İnkişaf Məkrəzinin direktoru Dilşad Musa deyir ki, uşaqları ziyanlı informasiyalardan qorumaq və onların sağlam ruhda böyüməsi və inkişaf etməsi üçün məktəb və bağçalar öz üzərinə düşən vəzifəni müəyyən qədər yerinə yetirirlər: “İstər dövlət, istərsə də özəl bağça və məktəblərə gedən uşaqlar dərsə gedən zaman telefon və planşetdən uzaq dururlar. Dərs müddətində uşaq dərsə cavab versə də, verməsə də ən azından bu cür ziyanlı informasiyalardan uzaq durmuş olur.

Yaxud məktəb və bağçalarda əl işlərindən nəsə hazırlayırlar, şeir, rəqs öyrənirlər, idman edirlər. Bu da onlarda mənəvi keyfiyyətlərin formalaşmasına və sağlam böyümələrinə yardımçı olur. Uşaq evin tərbiyəsini bağçaya da, məktəbə də daşıyır. Həmçinin məktəbdə, bağçada və ətrafda öyrəndiklərini də evə gətirir. Uşaqların mənəvi inkişafı üçün onları vətənpərvər ruhda böyütmək, onlara vətənpərvərlik hisslərini aşılamaq lazımdır.

Əgər biz bunu uşaqlarımıza kiçik yaşlarından öyrədəriksə, onlar gələcəkdə millətinə, xalqına, vətəninə layiqli şəxsiyyət kimi formalaşacaqdır. Bildiyimiz kimi, bütün məktəb və bağçalarda idman saatları olur. İdman etmək nəinki uşaqların, hətta böyüklərin də sağlamlığı üçün ən vacib amillərdən biridir.

Ziyanlı informasiyalar uşaqların mənəvi və fiziki inkişafına çox böyük təsir göstərir. Əgər uşaq ziyanlı informasiyalar eşidirsə, bu o deməkdir ki, onun beyni özündən asılı olmayaraq ancaq ziyanlı tərəfə işləyir. Ona görə də həm valideynlər, həm də məktəb və bağçalar bu istiqamətdə vacib işlər görməlidir. Uşaqlarımız vətənpərvər ruhda şeirlər, kitablar oxumalıdır. Bunu həm valideynlər, həm də müəllimlər uşaqlara aşılamalıdırlar”.

D.Musa qeyd edir ki, uşaqları ziyanlı informasiyalardan qorumaq üçün ilk növbədə onları internetdən və telefondan uzaq tutmaq lazımdır. Düzdür, bəzi valideynlər işlədiklərinə görə, uşaqları ilə əlaqə saxlamaq üçün onlara telefon vermək məcburiyyətində qalırlar. Amma uşağın bahalı telefon işlətməsi elə də vacib deyil. Sadəcə əlaqə saxlamaq üçün zəng gedib-gələn telefon olsa yetərlidir:

“Təbii ki bütün ailələrdə kompüter var, uşaqları bunlardan tamamilə uzaq tutmaq mümkün deyil. Amma uşaqlara əvvəlcədən nəyə baxmağı və nəyə baxmamağı  başa salmalıdırlar. Kompüterin tarixçə hissəsinə valideyn xüsusi nəzarət etməlidir ki, uşağın nələrə baxdığını bilsin. Valideynlər çalışmalıdır ki, uşaqların sevimli məşğuliyyəti olsun, yaxud övladlarını hər hansı bir maraqlı kursa, idmana göndərsinlər. Uşaqların hobbilərini bilmək və buna uyğun onları yönəltmək lazımdır. Əgər yay ayıdırsa, uşaqların belə isti havalarda yay düşərgələrinə getməyi onların həm sağlamlığı, həm də mənəvi inkişafı üçün əhəmiyyətlidir.

Düzdür, buna hamının imkanı çatmasa da, yay düşərgələrinə uşaqların getməsi lazımdır. Qeyd edim ki, uşağın təhsilinə, onun inkişafına qoyulan sərmayə heç vaxt itmir. O uşağın inkişafı üzərində mütləq geri qayıdır. Çünki uşağın təhsilinə, inkişafına nə qədər sərmayə qoyularsa, bu onun gələcəkdə xeyirli vətəndaş, bir şəxsiyyət kimi formalaşmasına gətirib çıxaracaq. Əgər valideynlər bunu edə bilmirlərsə, ən azından övladlarına rayona güvəndikləri nənə-babasının yanına göndərə bilər.

Çünki rayonun havası təmiz olur, bu uşaqların sağlam böyüməsi üçün əlverişlidir. Həmçinin rayonlarda, kənd yerlərində bağ-bağça böyük olur deyə uşaqlar daha çox hərəkətdə olur, qaçır, oynayır. Eyni zamanda rayon yerlərində internet əksər hallarda olmur, olanda da limitli olur deyə bundan bol-bol istifadə etmək olmur”.

Direktor bildirir ki, uşaqların televiziyaya baxması da ən böyük problemlərdən biridir. Çünki onların baxdıqları veriliş, yaxud filmlər birbaşa onlaraın mənəviyyatına təsir göstərir: “Ümumiyyətə, uşaqların yaşlarına uyğun olmayan proqrama baxması qətiyyən yolverilməzdir. Əgər valideyn övladının yanında oturub belə verilişə baxırsa, uşaq da onunla bərabər baxacaq. Ona görə də valideynlər bu məsələdə bir az diqqətli olmalıdırlar.

Çünki uşağın yaşına uyğun olmayan hər hansı proqrama baxması onun beynində mənfi izlər buraxa bilər. Ona görə də istər-istəməz bəzən uşaqlarda mənfi keyfiyyətlər, xüsusiyyətlər yaranır. Biz özümüzü necə tərbiyə etsək, uşaq da elə tərbiyə olunacaq. Ona görə də uşaqları bu informasiyalardan qorumaq üçün onları boş qoymaq olmaz. Uşağın günlük bölgüsü olmalı, kitab oxumalı, idman etməli, bir sözlə sağlam ruhda böyüməlidir.

Çünki kitab oxumaq uşağın mənəvi inkişafında çox böyük rola malikdir. Həmçinin də idman etməsi onun fiziki inkişafı və sağlamlığı üçün vacibdir. Valideynlər övladlarına vaxt ayırmalı, onlarla zaman keçirməlidir. Mən həm öz şəxsi həyatımda, həm də mərkəzimizdə uşaqlara günlük bölgü edirik. Əgər uşaqların heç bir məşğuliyyəti yoxdursa, müəllim sinifdə olmayan kimi qışqırmağa, yaxud dalaşmağa başlayacaqlar. Əgər uşaqların məşğuliyyəti varsa, nəinki dalaşmağa, heç danışmağa belə vaxtları olmayacaq və sevimli məşğuliyyətinə başı qarışacaq”.

D.Musa bildirir ki, bəzən analarımız da bu işdə məsuliyyətsiz davranırlar. Belə ki, bəzi xanımlarımız işsiz olduqları və məşğuliyyətləri olmadıqları üçün oturub uşaqlarının yanında qeybət edirlər: “Uşaqların yanında bunu etmək qəti şəkildə qadağandır. Çünki bu, uşaqlarda mənfi keyfiyyətlərin formalaşmasına gətirib çıxarır. Buna valideynlərimiz xüsusilə diqqət etməli, onların mənəviyyatına mənfi təsir göstərən şeylərdən uzaq tutmalıdırlar. Bunun da qarşısını almaq üçün dediyim kimi, ilk növbədə uşaqlara faydalı məşğuliyyət tapmaq lazımdır. Ümumiyyətlə, bəzi valideynlər var ki, övladına qarşı yetərincə diqqətlidir, bəziləri isə ümumiyyətlə diqqət göstərmir. Bəzi valideynlər  isə övladlarına düşkünlüklə düzgün tərbiyəni səhv salırlar”.

D.Musa deyir ki, hazırda yay tətili olduğu üçün uşaqlarla hər həftə sonu, yaxud həftə içi tədbirlər təşkil edirlər. Onların mənəvi və fiziki cəhətdən inkişaf etməsi, sağlam ruhda böyümələri üçün əllərindən gələni edirlər: “Uşaqlara master-klaslar keçirik. Bu master-klaslarda onlara qolbağı, yaxud boyunbağı və s. hazırlamaq qaydasının öyrədirik. Yəni uşağa sakit dur deməkdənsə, ona hər hansı bir iş veririk və bununla da uşağın başı qarışır. Uşaq həm nəsə öyrənir, həm evə gedəndə qolunda qolbaqla gedir, həm də ən əsası inkişaf edir”.

Sosioloq Cavid İmamoğlu deyir ki, BMT-nin Uşaq Hüquqları Konvensiyasını qəbul etmiş bütün ölkələr uşaqları zərərli informasiyalardan qorumağa məsuldurlar: “Bu Avropa təcrübəsində çox geniş istifadə olunur. Orda uşaqlar yaş həddinə uyğun olmayan informasiyalarla əhatələnməyiblər. Onların psixologiyasına, sosial və mənəvi inkişafına zərər vura biləcək informasiyalardan sığortalanıblar.

Məktəbdə, ailədə, cəmiyyətdə, televiziya və digər internet vasitələrində bütün məsul orqanlar bu qanuna riayət edirlər. Uşağın sağlamlığının nə qədər əhəmiyyətli olması, ona dəyən ziyanın gələcəkdə nə qədər fəsadlar verə biləcəyini insanlar özləri dərk etməlidir. Yəni, təkcə qanunla yox, insanların özlərində uşaqlar üçün milli-mənəvi dəyərlərimizə zidd olan məqamların, aqressiyanın aşılanmasına, əxlaqdan kənar hər hansısa bir səhnələrin göstərilməsinə qarşı təşəbbüs olmalıdır”.

Sosioloqun sözlərinə görə, uşaqların və onların hüquqlarının qorunması Azərbaycan dövlətinin ən ümdə və ali məqsədlərindən biridir: “İstər beynəlxalq, istərsə də yerli qanunvericilik, o cümlədən Uşaq Hüquqları haqqında Azərbaycan Respublikasının qanunu uşaq hüquqlarının qorunmasını vacib bilir. Uşaqların inkişaflarına ziyan vura biləcək bütün informasiyalardan qorunmaq hüququ var. Onları ayrı-ayrı xeyriyyə tədbirlərinə alət etmək, onları yazıq durumda göstərmək, onların razılığı olmadan onlar haqqında olan informasiyanı ictimailəşdirmək və s. beynəlxalq və yerli uşaq hüquqları haqqında qanunlarla uyğun gəlmir. Digər tərəfdən isə televiziya ekranlarında gedən informasiya və verilişlərdə yaş kateqoriyası qoyulmaması da uşaqları təhlükəli vəziyyətlərə sala bilər. Bəzi vaxtlar efirdə gedən serial və verilişlərdəki yaş kateqoriyasının yazılmaması və göstərilən kontetin uşaq tərəfindən izlənilməsi sonrada uşaq üçün təhlükəli anların yaşanmasına səbəb ola bilər”.

Könül Oruc

Xəbər xətti