Azərbaycanlı tələbə müəlliminin adını özünə təxəllüs götürdü

10:00 - 3 İyul 2019 - Xəbər

BDU, RTV kafedrasının magistrantı Rövşən Ramin maraqlı addım atıb. 

O müəllimi Ramin Rzayevin adını özünə təxəllüs olaraq götürüb. Eyni zamanda müəlliminə yazı həsr edib. Həmin məqaləni təqdim edirik:

Əlini çiynimə qoyub ayağa qalxaraq: "Hər zaman yanındayam”, - söylədi. Bu mənim 4 illik universitet həyatımda ondan eşitmək istədiyim, arzusunda olduğum bir cümlə idi. Ona görə yox ki, bütün varlığımla müəllimimə söykənib əziyyətlərimi ona yükləyim. Ondan ötrü ki, "R.Ramin” adı çəkiləndə "o müəllimin tələbəsi olub, onun adını daşıyır” kimi fikirlər səsləndirilsin.

Bəlkə də mən incəsənətin həssaslıqlarını üzərimə hopdurmuşam deyə, bu kimi fikirlər mənə doğma gəlir. Bəlkə də müəllimi ilə öyünən, hər vəchlə yanlarında olmaqlarından qürur duyan sənət nümayəndələrindən keçib bu duyğular mənə. Bütün bunları deyə bilmərəm, amma bir şeyi bilirəm ki, onun tələbəsi olmaqla mən jurnalistikada ən yaxşı və ən yaxşı olmasa da yaxşı jurnalistlərdən olacam. Çünki, o, Ramin Rzayevdir. Tələbələrinin yanında olan, onlarla dostluq münasibətlərini inkişaf etdirən, onları həyata, jurnalistikaya hərtərəfli hazırlayan bir müəllim.

Yaxşı günlərinə "uğurlar” yağdıran, çətin günlərinə dayaq olan bir şəxsiyyət. Necə ki, mənim duyğulu anımda yanımda olmağı bacardı. Kənardan baxan üçün son dərəcə sadə və hətta çox sadə görünə bilən bu dediklərim mənim üçün ən şərəfli və önəmli bir məqamlardır. Bir müəllimin tələbəsi olacaq şəxsə adını verməsi, onun "Rövşən Ramin” imzası ilə cəmiyyət qarşısında öz öhdəliklərini yerinə yetirməsi üçün imkanlar yaratması kimi məqamlar təkcə bəs edir ki, Ramin müəllimə minnətdar olum.

Məni tanıyanlar gözəl bilir ki, heç bir halda və heç bir zaman keçmişimi unutmuram. Nə də keçmişini unudanları sevmirəm. Üzərində əziyyəti olan, müəllim kimi bir müqəddəs insanın əziyyətini unudanları demirəm hələ. O kəslər mənim həyatda qəbullana bilmədiyim insanlar olub həmişə və əminəm ki, bu hər zaman da belə qalacaq. Necə ki, Ramin müəllimə 4 il boyunca başqa bir fakültədə oxumağıma baxmayaraq nə zaman yanaşmışamsa, məni səmimi, hətta deyərdim ki, öz tələbəsi kimi qarşılayıb və mənə doğru yol göstərib.

Bütün bunlara qarşılıq mən də onun adını götürüb adımın yanında yaşatmağı özümə borc bildim. Bilməyim bir kənara qalsın, bundan qürur duydum. Bir az öncə vurğuladığım kimi: "Çünki, o, Ramin Rzayevdir. Tutduğu vəzifəsindən, daşıdığı öhdəliklərindən asılı olmayaraq daha çox insani münasibətlərini sərgiləyən bir müəllim”.

Ramin Rzayev şəxsiyyətini açmaq, onu təhlil etmək üçün mənə bir məqalə belə azlıq edər. Yazdığım və yazacağım cümlələr onun varlığının yanında o qədər bəsit görünür ki, qorxuram, bu onu tanıyanları qane etməz. Özünü qane edəcək, çünki, o, ünvanına deyilən tərifləri sevməyən, etdiklərini, sanki, onun borcudur kimi qəbul edən bir insandır. Elə bütün bunlardan doğur, bütün bunlardan qaynaqlanır, mənim onu idealla varlıq arasında çözüb durmağım, ideal varlıq saymağım.

Sonda bir şeyi xüsusi vurğulamaq istəyirəm, əgər hansısa insan bir gün ideal həqiqət axtarıcısı olub həyatda bunun uğrunda irəliləmək istəsə, şübhəsiz ki, Ramin Rzayevə yaxınşlaşsın. O zaman daxili dünyası insanlıqla dolu olan bu şəxsin nümunəsində özünə yol tapa biləcək...

Xəbər xətti