“Kənddə hamı məni “Xalq artisti” kimi tanıyırdı”

11:11 - 2 İyul 2019 - Mədəniyyət

Azad Şükürov: “Çəkəcəyim əziyyətləri gözümün qabağına gətirib bu sənətə gəlmişdim”

Uzun müddət teatrlarda çalışıb, hazırda isə heç bir teatrda işləmir. Deyir ki, münasib bir rol təklif edən olsa imtina etməz. Çünki o, bu sənətə sevərək gəlib. Bu günə kimi kifayət qədər sanballı rolları olub. Filmlərə çəkilir, bədii qiraətlə məşğuldur. Bu il fevral ayının 11-də 60 yaşım tamam  oldu. Bununla bağlı “Mənim sənət yollarım” adlı kitabı da işıq üzü gördü. 2002-ci ildə ulu öndər Heydər Əliyev müsahibimizə “Əməkdar artist” fəxri adını verib. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri, dossentdir. Deyir ki, tələbələrini çox sevir, onlarla çox rahat münasibət qurur. Yeri gələndə qüsurlarını deyir, bacardığı qədər onlara qayğı göstərməyə çalışır, işə düzəlmələrinə köməklik göstərir.

“Üç nöqtə” qəzetinin qonağı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri, dossent, Əməkdar artist Azad Şükürovdur.

“İlanı öldürüb, dərisini bütöv çıxarıb kəmərimizə taxardıq”

1959-cu il fevral ayının 11-də Ağdam rayonunun bağlı-bağatlı Muğanlı kəndində dünyaya gəlib. Ailələri çox böyük olub. Deyir ki: “10 uşaq olmuşuq - 5 bacı, 5 qardaş. Evin ən kiçik uşağı mən idim. Dərslərimi orta məktəbdə çox yaxşı oxumuşam. Yaxşı  oxumaya bilməzdim, çünki atam da, anam da müəllim idi. Kifayət qədər enerjili uşaq olmuşam. Düzdür, nadinc uşaq olmasam da, o qədər sakit də olmamışam.

Bütün kənd uşaqları kimi futbol oynamışam, at çapmışam, ot biçmişəm, çaydan balıq da tutmuşam. Dərslərimdən vaxt edəndə valideynlərimə də kömək edirdim. Səhər tezdən yuxudan dururduq, mal otarmağa gedirdik, sonra gəlib dərsə hazırlaşırdıq. Hətta ilanı öldürüb dərisini bütöv çıxarırdıq. Sonra bu dərini qurudub  kəmərimizə taxıb bununla fəxr edərdik ki, qızıl ilan dərisini kəmərimə keçirmişəm. Ən yaxşı günlərimiz yay aylarında olurdu.

Çünki bu vaxtı uzaqda olan bacı-qardaşlarım hamısı kəndə gəlirdi. Evdə adam əlindən tərpənmək olmurdu. Gecə yarısına qədər oturub söhbət edirdik, çox maraqlı olurdu. Atam kəndi, kənd təsərrüfatını çox sevirdi. Yaxşı ağaclar əkirdi, bağ-bostan becərirdi”.

“Universitetə gələndə bəziləri kimi hind kinolarına baxıb bəyaz arzularla gəlməmişdim”

A.Şükürov deyir ki, kəndləri bir qədər şəhər həyatına yaxın olub: “Vaxtlı-vaxtında Ağdam Teatrının tamaşalarına gedirdik. O vaxtı Ağdam Teatrında baş rejissor Heydər Şəmsizadə idi, sonra Rafiq Atakişiyev oldu. Uzun müddət Məmməd Əmirov oranın direktoru olub.

Çox maraqlı tamaşaları var idi, kəndə qastrola gəlirdilər. Bundan başqa televiziyada da tamaşaları izləyirdik. Yəni Bakı teatrlarında oynanılan tamaşalar haqqında yetərincə məlumatımız var idi. Mən universitetə gələndə bəziləri kimi hind kinolarına baxıb bəyaz arzularla gəlməmişəm. Düzdür, onların sevgisi ürəyimdə olub. Amma mən aktyorluğa gələndə çəkəcəyim əziyyətləri gözümün qabağına alıb gəlmişdim”.

“Dişim şişdiyinə görə, birinci il universitetə daxil ola bilmədim”

Kənddə dram dərnəyinə, Ağdam Teatrına gedən müsahibimizi necə deyərlər, kənd camaatı “xalq artisti” bilirmiş. Buna görə də birinci dəfə universitetə sənədlərini verəndə elə bilib ki, onu asanlıqla qəbul edəcəklər: “Rayonda dram dərnəyinə gedirdim, orda özümü çox yaxşı göstərirdim. Elə bilirdim ki, hər şey yüksək səviyyədədir. Kənddən şəhərə gəldim, imtahana bir-iki gün qalmış tərslikdən dişim şişdi.

Görünür, şəhər həyatı mənə ilk gündən özünü göstərdi. İmtahana gəldim, o vaxtı heç kimi tanımırdım. Gördüm iki nəfər kişi oturub, biri kökdür, digəri ondan bir az arıq idi, yanlarında da başqa müəllimlər vardı. Kök adam mənə dedi ki, “Qadam, deyəsən ordunda qoz var”. Mən isə heç nə deyə bilmədim, kənddən təzə gəlmişdim, utancaq idim. Dedi ki, “Onda get, qozu çıxardanda gələrsən”.

Sonra bildim ki, bu sözləri deyən həmin kök kişi rəhmətlik Adil İsgəndərov, yanındakı isə Rza Təhmasib imiş. Rza Təhmasiblə birlikdə Adil İsgəndərovun kursunu yığırdılar. Həmin kurs yığıldı, ora Şuşa Teatrının direktoru Yadigar Muradov, Firəngiz Mütəllibova, Zemfira Nərimanova, Bəsti Cəfərov, İlham Əsgərov daxil oldu. Amma mən onlarla birlikdə kursa girə bilmədim. Dişim şişdiyinə görə, birinci il universitetə daxil ola bilmədim. Əslində etiraf edim ki, tam hazır da deyildim. Bundan sonra kəndə qayıtmağa utandım, kənddə hamı məni “xalq artisti” kimi tanıyırdı (gülür)”.

“Qadam, deyəsən ordundan qozu çıxartmısan”

Müsahibimiz bütün bu proseslərə baxmayaraq ruhdan düşməyib. Tikintidə işə girib, Xalq Teatrına getməyə başlayıb. Deyir ki, ekskavator-maşinistin köməkçisi işləyirmiş,  yaxşı da maaş alırmış: “Artıq Milli Teatra gedib gəlirdim,  aktyorların demək olar ki,hamısını tanıyırdım, televiziyaya da ayaq açmışdım. Artıq Adil İsgəndərovun, Rza Təhmasibin kim olduğunu bilirdim. 1977-ci ilin yayında ikinci dəfə imtahana gəldim.

Bu dəfə yenə də Adil İsgəndərovla Rza Təhmasib idi. Amma bu dəfə Rza Təhmasibə kurs yığırdılar. İçəri girdim. Mənim də boy-buxunum yaxşı idi, Adil müəllim belə şeylərə fikir verirdi. Baxdı mənə dedi ki, “Qadam, deyəsən ordundan qozu çıxartmısan”. Adil müəllimin məni tanımağı ləzzət elədi, mənə qol-qanad verdi. Qabiliyyət imtahanında da hər şey məqbuldur, nə edirsən et, təki qiymət al. Mən də fikirləşdim ki, bu kişiyə bir az şirinlik edim. Dedim, Adil müəllim, əgər siz bu dəfə də mənə “2” verib imtahandan kəssəniz, bu mənə bir o qədər də təsir etməz, əsas odur ki, mən sizin yadınızda qalmışam.

Belə deyəndə, məşhur 37-ci otağın səhnəsini göstərib dedi ki, “Qadam, gopa basma, çıx səhnəyə”. Yəni demək istədi ki, belə söhbətlər mənə keçmir, qabiliyyətini göstər. Mən də keçən ilki kimi kənddən gələn utancaq Azad deyildim, çox yaxşı hazırlaşmışdım. Bütün qabiliyyətimi göstərdim, şeir dedim, təmsil söylədim, mahnı oxudum, rəqs elədim. Bir sözlə səhnədə oyun çıxarıram. O vaxtı ən yüksək olan qiyməti verdilər, bir “4” və iki “5” qiyməti. Bu o demək idi ki, sən universitetə girəcəksən, o biri imtahanlardan da kömək edəcəklər. Nəhayət mən universitetə daxil oldum”.

“Mama, sən kənara dur, qoy atam bizə dadlı yemək bişirsin”

Tələbəlik illərindən, Rza müəllimdən çox böyük maraqla bəhs edən əməkdar artist deyir ki, Rza müəllim böyük şəxsiyyət, böyük pedaqoq idi. Rza müəllimi geniş oxucu, tamaşaçı kütləsi  “Mehman” filmindəki Qaloş obrazı ilə yadda saxlayıb: “Biz onunla təxminən üçüncü kursun ortalarına qədər birlikdə işlədik, sonra rəhmətə getdi. Bundan çox stress keçirdik, çox pis olduq. Çünki o bizimlə ata-oğul kimi rəftar edirdi, dərdimizə qalırdı.

Sonra kursu Əliabbas müəllim axıra çatdırdı. Tələbəlik illərində yataqxanada qalırdım. Öz işlərimi görməyi bacarırdım. Paltarlarımı yuyurdum, ev işlərini görürdüm, çox dadlı yeməklər bişirirdim. Bir qadın irəli dursun, mənim kimi piti bişirsin görüm, inanmıram. Hətta uşaqlarım balaca vaxtlarında bazar günü evdə olanda zarafatla həyat yoldaşıma deyirdilər ki, mama sən kənara dur, qoy atam bizə dadlı yemək bişirsin.

Bütün tələbəlik boyu işləmişəm. Çünki imkansızlıq idi, tələbə təqaüdü ilə dolanmaq olmurdu. Amma heç vaxt dərsə hazırlıqsız getməmişəm. Zəif hazırlaşsam belə hər zaman dərslərimə hazır getmişəm. Universiteti fərqlənmə diplomu ilə bitirmişəm. Hazırda həmin universitetdə müəllim işləyirəm”.

“Saxlayanda gördüm ki, maşın komandirindir”

A.Şükürov universiteti bitirəndən sonra təyinatı Lənkəran Dövlət Teatrına yazılıb. Lakin burda bir gün belə işləyə macal tapmamış əsgərliyə aparıblar: “Əsgərlik illərim Odessada keçib. Orda olanlar bilirlər, Odessanın “Privoz” deyilən mərkəzi var, hərbi hissəmiz orda idi. Bütün mədəni tədbirlərə kömək edirdim, rejissorluq edirdim, tədbirlər hazırlayırdım. Mənə Odessanın Teatrlarına gedib baxmağa icazə verirdilər. Odessanın Opera Teatrı çox məşhur idi.

Deyilənə görə, hətta Hitler o vaxtı Odessaya hücum edəndə tapşırıq verib ki, o teatrı dağıtmayın. O dərəcədə gözəl bir teatrdır. Teatr tamaşaçılardan qat-qat artıq turistlərdən pul qazanır. Çünki Odessaya gələn bütün turistlər bilet alıb həmin teatra gəzintiyə gedirlər. Hərbi hissəmizin müxtəlif kilometrlərlə məsafədə yerləşən bölmələri var idi. Tez-tez ora gedib aylarla qalırdıq. Bir dəfə məni orda rabitə işinə baxmağa göndərmişdilər.

Eyni zamanda gündə bir dəfə gedib yaxındakı qəsəbədən  poçtu gətirirdim. İstər-istəməz qəsəbə camaatı ilə münasibətim yaranırdı. Qəşəng qızlarla demirəm ha (Gülür). Özümə çox yaxşı bir əsgərlik forması düzəltmişdim, xlora salıb çıxartmışdım, rəngi ağappaq olmuşdu. Çox maraqlı bir paltar alınmışdı. Axşamlar bu paltarı geyinib meşənin içi ilə həmin qəsəbəyə rəqs etməyə gedirdim.

Bir dəfə rəqs çox gec qurtardı. Gecə saat 2-də meşənin içindəki yolun kənarı ilə hərbi hissəyə gəlirəm. Gördüm ki, uzaqdan hərbi hissəyə tərəf maşın gəlir. Düşündüm ki, əşi gecə vaxtı yəqin kimsə kəndin adamlarından olar, minim hissəmizə tez gedim çatım. Amma adətən belə məqamlarda maşın gələndə meşənin içinə girirdik ki, görünməyək. Maşına əl elədim, saxladı. Qaranlıq olduğu üçün əvvəl görmədim, saxlayanda gördüm ki, komandirin maşınıdır. Pəncərədən başını çıxartdı ki, serjant, gəl otur. Özü arxada əyləşmişdi, mənə qabaqda yer göstərdi. Mən də ədəb-ərkanla oturdum, olan-olub, keçən-keçib.

Hərbi hissəyə çatdıq, heç nə demədi. Mən də heç nə olmamış kimi sakitcə yerimə girib yatdım. Səhər tezdən yuxudan durduq, hamı sıraya düzülüb. Komandir dedi ki, get formanı gətir. Formanı gətirəndən sonra dedi ki, vanna ilə salyarka gətir, bu paltarı yandır. O paltarımı yana-yana yandırdım. Dedi ki, “Yoldaşlar, mən Naxçıvanda hərbi xidmətdə olmuşam. Ona görə də az-çox azərbaycanlıların xasiyyətinə bələdəm. Bilirəm ki, onlar cin görəndə lənət duası oxuyurlar. Mən də bu gecə cinə rast gəlmişəm”. Paltarım ağ olduğu üçün  mənə cin deyirdi. Təbii ki üç günlük cəza aldım”.

“İkimizində valideynləri həyatda olmadıqları üçün toyumuzu özümüz etdik”

Müsahibimiz əsgərlikdən qayıtdıqdan sonra Lənkəran Teatrına gəlib və neçə illər burda fəaliyyət göstərib: “Burda insanlarla çox mehriban, səmimi münasibət yarandı. İndinin özündə də Lənkəranda elə qapılar var ki, ürəklə aça bilirəm. Orda çox yaxşı yaradıcı mühit var idi, böyük-kiçik münasibətləri vardı. Ümumiyyətlə, o zonanın adət-ənənələri məndə çox dərin iz buraxdı. Dinə xüsusi münasibətləri vardı.

1984-cü ilə qədər burda çalışdım. Sonra mənə Bakıda universitetdən müəllimlik təklifi gəldi. Bura gəldim. Bakıya gələndən sonra artıq bilirdim ki, ailə qurmaq lazımdır. Çünki 28 yaşım var idi. Amma aktyor məvacibi ilə ailə qurmaq çətin idi. Mən zəhməti sevən adam idim, müəyyən məclislərə gedirdim, qazanırdım. Bir dəfə Buzovna qəsəbəsində olan qrup yoldaşımgilə getmişdim, həyat yoldaşımla orda tanış olduq. O, tələbə yoldaşımlaorta məktəbdə sinif yoldaşı olmuşdu. Sonra gördük ki, biz ailə qura bilərik. Ailə həyatı qurduğum qadının anası da Lənkəranda çox məşhur olan Mirsalayevlər nəslindən idi. 

İkimizin də valideynləri həyatda olmadıqları üçün hər işimizi özümüz etdik. Kənddə toy etdik, bu gün iki övladımız var, bir qız, bir oğlan.  Qızım ailəlidir, iki uşağı var, hazırda ADA Universitetində işləyir. Oğlum isə İT sahəsindədir, hazırda Polşada Amerika şirkəti olanda “Cisco”da işləyir. İndiyoldaşımla ikimiz tək yaşayırıq. Həyatdır də… Arada gedib nəvələrimizlə oynayırıq”.

Könül Oruc 

 


Xəbər xətti