Ana səhifə Mobil versiya
21 Sentyabr 2019

“Film çəkmək üçün 22 gün İraq çöllərində qaldım, çadırlarda yatdım”

Kamal Yaşar: “Əgər istənilən iş peşəkar səviyyədə sevgi və zəhmətlə görülərsə, o iş uğur qazanar”

Rejissor, aktyor və ssenari müəllifi olaraq üç sahəni özündə birləşdirir. Amma deyir ki, buna baxmayaraq özünü daha çox rejissorluğa yaxın hiss edir:

“Əvvəllər düşünürdüm ki, rejissor ən yaxşı filmi özü yazdığı ssenari əsasında çəkə bilər. Amma zamanla fikrim dəyişdi. Rejissor başqa, ssenarist başqa olsa daha yaxşıdır. Rejissor başqa ssenaristin mətnini götürüb daha yaxşı film çəkə bilər. Çünki rejissor öz yazdığı mətnə film çəkirsə, artıq onu yaza-yaza təsvirə gedir və artıq demək istədiyini də ssenarinin üstündə çəkir.

Yəni çəkmək istədiyini ora yazır. Amma başqa müəllifin mətninə müraciət edəndə artıq orda iki fikir sözün yaxşı mənasında biri-biri ilə toqquşur və daha uğurlu nəticə alınır”. Qeyd edim ki, müsahibimiz bir çox bədii və sənədli filmlərin rejissorudur. Hazırda isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Dan yeri” filminin çəkilişlərini yekunlaşdırmaq üzrədir.

Ucnoqta.az-ın qonağı rejissor, aktyor və ssenari müəllifi Kamal Yaşardır.

- Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə yeni bir film çəkmisiniz. Bu filmin PR və reklamı, eyni zamanda beynəlxalq təşkilatlarda iştirakı üçün hansı işləri görürsünüz?
- Bəli, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasının bazasında film çəkmişəm. Bu film artıq hazırlanıb. Əgər film festival standartlarına uyğun çəkilibsə təbii ki, oluna biləcəyi ən böyük PR və reklam, ən böyük hədəf festivaldır.  Bu filmin PR və reklam məsələsi ilə “Azərbaycanfilm” kinostudiyasının beynəlxalq şöbəsi məşğul olur. Beynəlxalq şöbə hansı filmin festivalda uğur qazanmaq ehtimalı varsa, o filmlərin PR və reklamı ilə məşğul olur. Onu da deyim ki, bizdə belə filmlər çox azdır. Birinci müraciət etdiyimiz festival İsveçrədə, daha sonrakılar isə Kanada və dünyanın bir çox ölkələrindədir.

- Rejissorluqda uğur qazanmağınızın əsas səbəbi nə oldu?
- Uğur əslində bir az şərti sözdür. Düşünürəm ki, hələ də yoldayam, prosesdəyəm və inkişaf etməkdəyəm. Öz seçilən tərəflərimi, üstünlüklərimi də bilirəm. Uğurun səbəbi peşəyə olan sevgi və zəhmətdir. Bundan o tərəfə bir şey yoxdur.

- Rejissoru olduğunuz “Dan yeli” filmi insanlar tərəfindən çox böyük maraqla qarşılandı. Bunu gözləyirdinizmi?
- Bəli, filmin treyleri yayılandan sonra insanlar arasında maraq doğurdu. Çünki filmin treylerindən belə onun müəyyən atmosferə sahib olduğu, özünəməxsus bir havası olduğu hiss olunurdu. Bu da təsadüfi deyil, çünki həmin filmin üzərində həqiqətən xeyli ciddi iş görüldü. Mənə təklif olunan ssenarinin üzərində nə qədər dəyişikliklər etdim. Təkcə iki ay davamlı olaraq hər gün ssenarinin üzərində işləmişəm. Və bundan sonra təbii olaraq çəkiliş üçün uyğun olan çəkiliş öncəsi hazırlıqlar, çəkiliş prosesi və s. işlər var. Əgər istənilən iş peşəkar səviyyədə sevgi və zəhmətlə görülərsə, o işin uğur qazanmamaq ehtimalı yoxdur. Bunu hə hansı bir gözlənti üçün etmirdim. Bir sənətçi olaraq üzərimə düşən öhdəliyim nədir? Filmi çəkmək, istehsal etmək, bir müəllif işi görmək. Mən də öz işimi görürəm. Gözləntim yox idi, amma təbii ki nəticənin belə olması da məni sevindirir. Çox xoş bir haldır ki, insanların marağı var. İnsanlar yeni, maraqlı, fərqli bir şey görəndə onu həqiqətən sevir və maraq göstərirlər.

- Bu gün Azərbaycan kinematoqrafiyası hansı səviyyədədir?  
- Bu gün Azərbaycan kinosu yaxşı işlərə doğru niyyətlənməkdədir. Yəni niyyət var ki, yaxşı işlər görülsün. Ümidimiz yeni nəsil rejissorlara və sənətçilərədir. Fikrimcə, bunların sayəsində artıq yeni nəfəslər gələcək və artıq nələrinsə dəyişmək ehtimalı olacaq. O ki qaldı struktur məsələlərinə, artıq Kinostudiyalar və Mədəniyyət Nazirliyinin də tövsiyəsi ilə Konsepsiya hazırlayırlar. Yəqin ki, bu konsepsiya Azərbaycan kinosunun inkişafına xidmət edəcək. Problemlər yetərincədir və bir çox problemlər var. Problem də varsa, deməli kino problemli səviyyədədir. Problemli səviyyədən də çıxış üçün ümid edirik ki, bu yeni konsepsiya nələrisə vəd edəcək, yeni bir şeylər olacaq.

- Bu gün ölkəmizin kino sahəsində nələrin dəyişməsinə ehtiyac var?
- O şeylərin dəyişməsinə ehtiyac var ki, davamlı olaraq yerində dayanıb. Dayanan şeylər də dəyişən zaman yaxşı olacaq. Ona görə ki, artıq hərəkətə başlayacaqlar. Və hərəkət varsa, orda nəticə var deməkdir. Peşəkarlıq səviyyəsi çox ciddi problemdir. İnsanlar durduqları vəziyyətlə kifayətlənirlər, yenilik etməyə can atmırlar. Bu, çox böyük bir problemdir. Digər bir ciddi problem isə Mədəniyyət və İncəsənət Universitetində səs rejissorluğu və işıqla bağlı fakültələrin olmamasıdır. Bunlar teatrlarda da, kinolarda da sıx istifadə olunan şeylərdir. Amma bizdə bununla bağlı tədris yoxdur. Bu şeylər dəyişilməlidir, peşəkarlar yetişməlidir. Qrafika işlərinə bizim kinoda xüsusilə ehtiyac var. Çünki bu işləri hansısa xarici ölkələrdə gördürürük. Yəni adamlar peşəkarlığa doğru getməli, bir az sevgilərini, bir az da zəhmətlərini çoxaltmalıdırlar.

- Artıq belə bir fikir formalaşıb ki, rejissorların öz aktyorları olur və davamlı olaraq onlarla çalışır. Bəs sizdə necə?
- Bu əslində normal haldır. Rejissorla aktyor ünsiyyət qururlar, onların arasında müəyyən normal münasibət formalaşır. Niyə də olmasın? Ortada Rasim Ocaqov, Fəxrəddin Manafov nümunəsi var. Həmçinin belə nümunələr dünyada da var. Məndə hazırda elə bir şey yoxdur. Sənədli, bədii filmlərim var və bunların hamısında müxtəlif aktyorlar çəkiliblər. Amma ola bilər ki, növbəti çəkəcəyim filmi işlədiyim aktyorlarla çəkim. Əgər bu aktyorla normal anlaşa bilmişəmsə, onunla işləyə bilərəm. Bu, problem deyil.

- Rejissor, ssenari müəllifi, eyni zamanda da aktyor olaraq  üç sahəni özünüzdə birləşdirirsiniz. Ən çox hansı sizə daha yaxındır?
- Rejissorluq mənə daha yaxındır. Çünki bu peşənin təhsilini almışam. Peşəkar olaraq özümü rejissor klassifikasiyasına aid edirəm. Mən rejissoram. Bəli, ssenari müəllifi kimi də yazıram, aktyor kimi də fəaliyyət göstərirəm. Ssenariyə müdaxiləm olur və olmalıdır da. Amma özümü ssenarist kimi formalaşdırmaq istəmirəm. Bəzən məcburiyyətdən bunu edirəm, yaxud hansısa ssenari müəllifi kimi işlər də görürəm. Amma özümü daha çox rejissorluğa yaxın hiss edirəm. Əvvəllər düşünürdüm ki, rejissor ən yaxşı özü yazdığı ssenari əsasında film çəkə bilər. Amma zamanla fikrim dəyişdi. Rejissor başqa, ssenarist başqa olsa daha yaxşıdır. Çünki rejissor başqa ssenaristin mətnini götürüb daha yaxşı film çəkə bilər. Çünki rejissor öz yazdığı mətnə film çəkirsə, artıq onu yaza-yaza təsvirə gedir və artıq demək istədiyini də ssenarinin üstündə çəkir. Yəni çəkmək istədiyini ora yazır. Amma başqa müəllifin mətninə müraciət edəndə artıq orda iki fikir sözün yaxşı mənasında biri-biri ilə toqquşur və daha uğurlu nəticə alınır.

- Filmlərinizin çəkilişi və maddi tərəfləri haqqında danışardınız bir qədər...
- Dövlət sifarişi ilə olan filmlərə vəsaiti dövlət ayırır. O vəsait uyğun formada maliyyə meneceri, prodüser tərəfindən bölünür. Hamı işə cəlb olunur və pulunu alır. Amma digər tərəf isə sponsor cəlb etməklə çəkilən filmlərdir. Bu kommersiya layihələridir, onun özünü şəxsi maraqları olur. Biri də var müəllif filmləri, bunu dırnaqlarınla qazıyaraq öz zəhmətinlə edirsən. Məsələn, mən lap təzə vaxtlarda özüm film çəkərkən maliyyə problemi olduğu üçün tanışlarımdan biri rəssam, biri aktyor, digəri operator və s. kimi heç bir təmənna güdmədən gəlib mənə kömək ediblər. Eynilə də mən onlara kömək etmişəm. Bu işləri sevgi ilə görmüşük. Maliyyə çətinliyi olanda, pul olmayanda bu yolla həll etmişik. Belə filmlərdə texniki baxımdan ciddi problemlər olur. Amma biz o halda rahat oluruq ki, dövlət yaxud sponsor tərəfindən vəsait ödənilsin və işimizi görək.

- Yerli filmlərimizi bəyənirsinizmi?
- Bir neçə filmlər var ki, onları çəkən rejissorlar perspektiv üçün nələrsə vəd edirlər. Barmaqla sayılacaq qədər filmlər var ki, bəyənirəm. Bu sənətə sevgi göstərmək lazımdır, həm tamaşaçı olaraq, həm də rejissor yoldaşlarımıza sevgi göstərmək baxımından.

- Peşəkar bir rejissorun çəkdiyi filmin uğur qazanması üçün ən vacib şərtlər hansılardır?
- Ən vacib şərt filmdə peşəkar rejissorun olmasıdır. Çünki peşəkarlıq varsa, deməli göstərici var. Bunun içində sənətkarlıq da varsa, deməli yuxarı səviyyədir, ordan gözlənti var. Çünki peşəkarlıq sənətkarlığın altındadır. Sənətkarlıq daha yuxarı səviyyədir. Bunun içində ruh, mənəviyyat, sevgi var. Film peşəkar şəkildə çəkilə bilər, amma orda mənəviyyat yoxdursa, faydasız ola bilər.

- Rejissor olaraq özünüzün bəyəndiyiniz ən uğurlu işiniz hansı olub?
- Özümün bəyəndiyim filmim sonuncu dəfə Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkdiyim filmim oldu. Çünki orda əlim-qolum yığılmadı, əlimi atdığım şeylərin hamısını yerində tapa bildim, məhrumiyyətlərim az oldu. Ona görə də nəticə daha da yaxşı oldu. Əslində gördüyüm işlərin ən kiçiyindən böyüyünə qədər hamısını sevgi ilə görmüşəm. Mənim üçün maraqlı xatirələri olan işlərim var. 2017-ci ildə gedib İraqda 30 milyon insanın arasında reportaj sənədli film çəkmişdik. Operatorumla birlikdə  o filmi çəkmək üçün 22 gün çöllərdə qaldıq, çadırlarda yatdıq. Bu, mənim üçün daha yuxarı təcrübə olmuşdu. O film mənim üçün daha doğma idi. Sonuncu çəkdiyim “Dan yeri” filmini bir çox göstəricilərinə görə yuxarı hesab edirəm.

- Rejissor olaraq bu gün aktyor və aktrisalarımızın təhsilini necə qiymətləndirirsiniz?
- Təəssüf edirəm ki, bu gün aktyor və aktrisalarımızın təhsili çox aşağı səviyyədədir. Biz bunu real olaraq hiss edirik. İstər mütaliə mədəniyyəti baxımından, istərsə də digər baxımlardan bu özünü göstərir. Əvvəllər düşünürdüm ki, bizim aktyor və aktrisa baxımından problemimiz yoxdur. Amma bir dəfə material üçün aktyor və aktrisa lazım idi. Elə bir vəziyyət gəlib çatdı ki, o yaş həddində olan aktrisanı tapdım. Amma həmin adamların heç birinin üzündə ifadə yoxdur, yaxud danışıqlarından o enerjini ala bilmirsən. Bu həm aktrisalarımıza, həm də aktyorlarımıza aiddir. Düzdür, istisnalar var, amma çox azdır.

- Qarşıda hansı işləriniz gözlənilir?
- Hazırda sizinlə çəkiliş prosesindən danışıram, Gəncə-Şəmkir ərazisində sənədli film üzərində dayanmadan işləyirik. Ümid edirəm ki, gələcəkdə nə vaxtsa həm özümüzü, həm də dünyanı təəccübləndirə biləcəyik. O işlərin, o tip layihələrin mənim əlimdən çıxacağına inanıram. O işlərə doğru gedirik. Allahın izni ilə hamısını həyata keçirəcəyik.

Könül Oruc

Tarix
24 İyun 2019 [20:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-24 20:36:43
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin